Страницы

23.10.2012

OTEL OTAĞI

Anar

Oqtay Əfəndiyeva. "Ağlayın aşinasız, səssiz can verənlərə/ Otel odalarında, otel odalarında…" Fazil Nəcib Qısakürək

Bakı Ali Məktəblərindən birinin müəllimi, filologiya elmləri namizədi Kərim Əsgəroğlu qəflətən ayıldısa da, hələ mürgünün bütün varlığını sıxıb-sıxcalayan məngənəsindən silkinib çıxa bilməmişdi və kip bağlanmış kipriklərini cəhdlə bir-birindən qoparıb gözlərini açanda qarşıdakı iki hündür kreslonun arasında uzun, qumral qadın saçlarını, qadının çiyninə əyilmiş doqquz-on yaşlı oğlanın başını gördü. Onların qarşısında da bir neçə cərgə cüt kürsülər, kürsülərin arasından ya kənarından qadın və kişi saçları, gicgahları, yanaqları, qulaqları, lap qabaqda, sükanın arxasında sürücünün daz peysəri, sürücünün qabağında iri, əynəmli şüşədən isə avtobusun təkərləri altında axıb gedən geniş, hamar yol görünürdü.

- Bey efendi nə tercih ediyorsunuz, çaymı, kahvemi?
Kərim başını sağa çevirib bu səsin sahibinə – xidməti paltar geymiş mavi kostyumlu, ağ bluzlu gənc qıza – avtobus stüardessasına baxdı. Sual Kərimə yox, onun kürsü qonşusuna, «Sabah» qəzetini oxuyan dama-dama pencəkli, eynəkli kişiyə verilmişdi.
- Lütfən çay.
Stüardessa Kərimin oyandığını görüb ona da müraciət etdi:
- Çaymı, kahvemi?
Kərim:
- Kahve – dedi və əlavə etdi: - Orta.
O, artıq bilirdi ki, Türkiyədə qəhvə sifariş verəndə hökmən çox şəkərlimi, az şəkərlimi, ya ortamı olduğunu da müəyyənləşdirmək lazımdır.
Stüardessa:
- Tamam – dedi və fincanlara çay və qəhvə süzərək hər iki sərnişinin qarşısındakı taxma kiçik masaların üstünə qoydu.
Kərim hələ tam ayılmamışdı. Bədəninin vərdiş etmədiyi bu yarımoturaq-yarımuzanıq yatmanın fiziki narahatlığı canından çıxmasa da, onun məkansızlıq və zamansızlıq xumarından ayrılmaq istəmirdi. Handan-hana harada olduğunu dərk etməyə başladı. Sanki dərk etdiyini də bir daha təstiqləmək üçün stüardessaya:
—Xanım əfəndi, — deyə müraciət etdi. Hər suala, hər xahişə məlahətli bir təbəssümlə qarşılıq verən bu «gəlbərili» qızla danışmağın özü Kərimə xoş idi -  İstanbula çoxmu qalıb?
-Dörd bujuq saat – dedi qız və gülümsündü.
Kərim gözlərini ovuşdurdu, axır ki, bataqlıq kimi onu içinə çəkən mürgünün cəngindən qurtuldu, qəhvəsindən bir qurtum alıb irəli, sürücünün daz peysərinin sağından və solundan axan yola baxmağa başladı.
Dan sökülürdü. May gününün səhər erkənliyi ətrafı qızılı-çəhrayı rəngə boyamaqdaydı. Amma qarşıdan gələn avtobuslar, minik, yük maşınları hələ qabaq işıqlarını söndürməmişdilər. Kərimin yadına düşdü ki, çox illər bundan qabaq Azərbaycan yollarında belə səhər üzü söndürülməmiş faralarla şütüyən maşınlar ona gecəni yuxusun keçirmiş adamları xatırlamışdı. «Səhəri diri gözlə açdım» ifadəsi yadına düşdü. «Hər halda bu ifadə mənə aid deyil» - deyə öz içində gülümsündü – elə mışıl-mışıl yatmışdım ki… Görəsən, xoruldamamışam ki… biabır olardıq… oğrun-oğrun qonşusuna baxdı. Qaliba heç bir qonşusunun umurunda deyildi. «Bir həftədir burdayam, artıq mən də Türkiyə türkcəsində düşünürəm. Umurunda deyildi, yəni vecinə deyildi».
Doğrudan da, eynəkli qonşusu «Sabah»ın idman səhifəsinə elə qapılmışdı ki, çayını belə içmirdi.
Kərim qəhvəsini içib fincanı üzündən təbəssüm silinməyən stüardessaya uzatdı, stüardessa isə ona kiçik zərf verdi. Kərim zərfi cırdı, odekolon hopdurulmuş yaş kağız salfeti çıxardı, ağzını, üzünü sildi və burnunun çalan qoxuyla ürəyinin sancması eyni anda oldu. Son iki-üç ildə ürəyinin vaxtaşırı qəfil sancmalarına artıq adət eləmişdi, amma bu odekolon qoxusu onda qəribə bir hiss oyatdı: sanki çox-çox uzaqlarda qalmış bir xatirə ani işıq kimi yaddaşında yandı söndü və bu qığılcım o qədər qısa oldu ki, hafizəsində hansı mənzərənin canlandığını tuta bilmədi. Köksünü yüngülvari masaj eləməyə başladı, elə bil hələ də sancan ürəyini tumarlayırdı və guya bu  tumardan, bu sığaldan ağrı azala bilərdi. Bu da azacıq mexaniki bir vərdiş olmuşdu: Kərim bilirdi ki, pencəyinin döş cibində saxladığı dərmanlardan bir həb atmasa, ürəyi toxdamayacaq. Amma  həb atmağa ehtiyac qalmadı, çünki ürəyi qəfil sancdığı kimi, qəfil də sakitləşdi, eşidilməz, aramlı, sakit döyüntüləri ilə həmişəki var-gəlini davam etdirdi. Yüngülvari nigaranlıq hissi Kərimi sakit buraxırdı və bunun səbəbi odekolonlu salfetdən burnunu çalan qoxu idi. Daha düzü, bu qoxunun oyatdığı, fəqət Kərimin aydınlaşdırıb xatırlaya bilmədiyi anımlar.
Kürsü qonşusu axır ki, «Sabah»ı oxuyub qurtardı, qəzeti büküb çantasına qoydu və üzünü Kərimə tutub:
-İstambulda oturuyormusunuz? – deyə xəbər aldı.
Kərim:
-Xeyir, - dedi – Türkiyədə müsafirəm. Azərbaycandanam, Bakıda oluram.
-Oylemi?
1993-cü ilin may ayında Ankarada keçirdiyi bu dörd gün ərzində belə söhbətlərin hansı məcrada davam edəcəyini Kərim artıq yaxşı bilirdi: «Azərbaycanın durumu şimdi nasıl? Azerbaycan olaylarına çox üzüldüm. Laçını, Şuşanı nasıl verdiniz, neden direnmediniz? Şu Karabak sorumunun bir çözümü yokmu?» və sairə bu səpgidə soruları gözləyirdi. Çoxuna cavabı olmadığı üçün bütün izahlardan, dəlillərdən, bəraətlərdən bıkıb-usandığı, bezdiyi üçün və bu sualların qarşısını almaq məqsədilə özü danışmağa başladı:
-Ankaraya bir elmi konqreyə qatılmaq üçün gəldim. Məruzəm, yəni konfransım vardı. İndi də bir günlük İstanbula gedirəm. Yarın Ankaraya, ordan da Bakıya dönəcəm, - sözlərinə ara verib istəmədiyi sorularla qarşılaşmamaqdan ötrü özü sual verdi:
-Siz İstanbulda olursunuz?
-Evet. Ankaraya tatilə getmişdim. Kız kardeşim orda oturuyor.
-Nerede çalışırsınız? – deyə yeni bir sual verdi və  qəribədir ki, qonşusu ağzını açmamış sanki artıq cavabı duymuşdu: qonşusunun dama-dama pencəyinin dirsəkləri, ancaq dirsəkləri, bir də yaxalığı mixəyi meşinlə yamanmışdı - bu sayaq pencəkləri Kərim  elə düşünürdü – yalnız məmurlar geyinir – müsahiblər, notariuslar, iş gününün çoxunu masa arxasında keçirən və masa ilə təmasdan dirsəkləri süzülən, çirklənən adamlar. Zənnində yanılmayıbmış.
Qonşusu:
-Noter məmuruyum, - dedi – əməkli1 olmağıma bir yıl kaldı.
Kərim daha hansı sualı verəcəyini düşünərkən notarial məmuru?
-Efendim, bir şeylər söylemek zorundayım, — dedi — kusura bakmayın. Azeri kardeşlərimiz nasıl olur da kentlerini ermənilərə burakıyorlar. Laçını, Şuşayı. Beni dedelerim de Kafkazlardan geldi, Ahıskadan. Bu olaylar çok üzür beni. Nasıl olur da Bosnada halk son damla qanına kadar savaşıyor, torpaqlarını savunuyor.2 Yahud bizim Güney Doğuda türk gencleri canlarından keçir. Ben kürtleri desteklemem, bölücüdürlər, dışarıdan türk düşmanları kışkırtıyor3 onları, ama hər halda, onlar da savaşıyor, kanm döküyorlar inacları yolunda, yanlış inanc olsa belə ölümə gediyorlar. Azerilər isə savaşmadan, kan dökmeden kentlerini, kasabalarını düşmana burakıyorlar. Bu utanc doğurucu, yüz kızardıcı bir olay deyilmidir, efendim?
İlahi, neçənci dəfə eyni mövzunu izah etmək, çözələmək lazım gəlir.
-Bakıya gəldinizmi heç?
-Hayır, nə yazıq ki gələmədim.
-Bir gəlin, Şəhidlər xiyabanına aparım sizi. «O vaxt utancı bu sözləriniz üçün Siz duyarsınız» - demək istədi, amma heç tanış olmadığı bu adama ilk söhbətdəcə kobudluq etmək istəmədi, odur ki, ifadəsini yumşaltdı «Orda torpaq uğrunda şəhid olanların yüzlərcə mezarını gördükdə azeri qardaşlarınız üçün utanc duymazsınız».
Məmurun kürən pırpız qaşlarını, göy gözlərini, yanağındakı iri tüklü xalı sanki ilk dəfə gördü və nədənsə qonşusunu fikrindən daşındırmaq üçün daha ətraflı dəlillər gətirməyə başladı. Uzun-uzadı danışmağa başladı: bu davanın tək bir Qarabağ davası, hətta Ermənistan-Azərbaycan arasında müharibə olmadığından, böyük dövlətlərin gizli əli, açıq maraqlarından danışdı. Savaş döyüş meydlanlarındlan başqa çox uzaq məkanlarda cərəyan edir – dedi – böyük dövlətlərin paytaxtlarında, uluslarası şirkətlərin, mötəbər bankların, silah, neft, narkotik alverçilərin maraqlarının toqquşduqları yerlərdə. Dünya mass-mediyasında, Moskvanın, Vaşinqtonun, Parisin hökumət kabinetlərində, hakimiyyət dəhlizlərində, erməni lobbisinin nüfuzundan, pulundan, sərvətindən, əlaqələrindən, din amilindən — bir sözlə, bütün bu günlərdə dönə-dönə danışdıqlarını bir daha – neçənci dəfə idi – danışdı.
-Mənim qənəatimə görə, hətta Türkiyə kimi dost və qardaş ölkədə erməni lobbisi  Azəri lobbisindən güclüdür, – dedi.
Qonşusu səbirlə dinləyirdi. Kərim sözünü bitirəndə:
-Ola bilir, - dedi. Kuşkusuz1 haqlısınız. Amma bana görə, hər halda Azərbaycanda koltuq2 savaşı da bu olaylara bir nedendir.
Avtobus şosedən sağa burulub üstündə iri mavi neon hərflərlə «Varan» yazılmış dayanacağa yan aldı. Kərim  bilirdi ki, şəhərlər arasında gedib-gələn avtobus şirkətlərinin «Varan»ın, «Kamil Koçun», «Ulusoy»un yollarda öz duraqları – dayanacaqları var və Ankara-İstanbul yolunda avtobus yalnız bir dəfə dayanır, deməli, məsafənin yarısını qət ediblər.
Stüardessa:
-Lütfen, ine biliyorsunuz, - dedi – Bucuq saatdan sonra İstanbula hereket edeceyiz.
Avtolbusdan enən Kərim sübh ala-toranlığının ayazında azacıq üşüyən kimi oldu, şirin-şirin gərnəşdi və yol boyu kürsüdə üyüşmüş bədəninin, keyləşmiş ayaqlarının yavaş-yavaş canlandığını hiss etdi – damarlarındakı qan cərəyanı daha  iti dövr etməyə başlayırdı.
-Sabah namazı kılmak istemirdiniz? – pırpız qaşlı qonşusuydu – şurada küçük bir came var – yolçular için.
Kərim:
-Təşəkkür edirəm, - dedi.
Məmur çiyinlərini çəkdi və avtobus sərnişinlərindən bir neçə kişiylə bərabər kiçik yol məscidinə tərəf addımladı. Hamısı müasir sivil paltarlı və qalstuklu kişilər idi. Və Kərim düşündü ki, əski sovet adamının o özü də müasir, müstəqil Azərbaycanın vətəndaşı olsa belə, şübhəsiz əski sovet adamıydı-qəribə psixologiyası var. Keçib getmiş sovet dövründə Kərim və Kərim kimi düşünən bütöv bir nəsil «kommunizm», «proletar beynəlmiləlçiliyi», «imperializm» kimi sözləri, təirləri ancaq ironiyayla, rişxəndlə, daxilən gülə-gülə, ələ sala-sala dillərinə gətirərdilər, yəni bu istilahların haçansa bir reallığı ifadə etdiklərinə inana bilmirdilər, onları sırf təbliğat leksikası kimi qavrayırdılar. İndi budur, bu ölkədə sidq ürəklə səhər namazına gedən bu ziyalıların inamını da ciddi qəbul edə bilmirdi: yəni bəlkə də doğrudan da etiqadları var, amma sübhün bu çağında yarım saatlıq bir dayanacaqda dini ritualın icra edilməsi – Kərimə bir növ üzəgörəlik, zahiri görüntü, nümayiş təsiri bağışlayırdı.
«Bədbəxt sovet insanı – öz-özünü qınadı – heç nəyə inam qalmayıb, nə sosializmə, nə dinə, nə allaha, nə şeytana… Amma axı milyonlarla insan ya ona, ya buna inanır. Ya da başqa bir şeyə- hər halda nəyəsə, ya kiməsə inanır».
«Mən də allah inanıram, - deyə özü-özünə cavab verdi. – Amma inam intim, şəxsi bir hissdir, gizli, pünhan qalacaq bir duyğudur, onu belə zahiri rituallarla nümayiş etdirməyə nə hacət var? Nə verir bu? O böyük, əlçatmaz varlığın - «yücə tanrının» - belə zahiri göstərmələrə ehtiyacı varmı?».
Anasının sözləri yadına düşdü: «ürəyinizi allahla düz eləyin». Doğrudan da belədir. Əgər ürəyin allahla düzdürsə, allah adamısansa, namazın, orucun, duanın Allahın gözündə güman ki, bir elə əhəmiyyəti yoxdur. Türklər demiş önəmli deyil. Məscidə, namaz qılmağa getməməsindən peşmançılıq çəkmirdi. Heç gedə də bilməzdi; Namaz qılmağı bacarmırdı – bu da vardı. «Bu da sovet həyət tərzinin, tərbiyəsinin bir əlamətidir – nə deyirsən de»
—Karsdanmısınız, efendim?
Qulağının dibində eşitdiyi bu sualı avtobusun sürücüsü vermişdi. Yoğun rezin borularla avtobusun qabaq şüşəsini sulayır, yuyurdu.
—Xeyr. Azəri türküyəm. Bakıdanam.
Sürücü əlindəki şlanqı kənara atdı.
—Hoş bulduq. Azeri kardeş, - dedi – Azerbaycan bizim canımız. Söyləyə bilermisiniz neredə Azeri ordusuna könüllü yazılmaq olur? Ben də, iki kardeşim də Azerbaycana gedib şu erməni heriflərin dersini vermək isteriz.
Sürücünün açıq ala gözlərində, baxışlarında bir saflıq, səmimilik vardı, amma bu həftə ərzində müxtəlif  variantlarda eşitdiyi bu sözlər Kərimə tənə kimi göründü və başını bulayıb   cavab vermədi, birmərtəbəli, şüşə divarın dayanacaq binasına tərəf getdi. Əl-üzünü yumaq üçün tualetə girdi. Divarların döşəməsi ağ kafellə süslənmiş tualet, gur su gələn nikel borulu əl-üz yuyanlar tər-təmiz idi. Yeməkxana, dükan da eləcə səliqəli, sahmanlıydı, silib-süpürülmüşdü, hər yan par-par parıldayırdı.
Kərim bu başdan o başa gəzdiyi Azərbaycanın yol kənarındakı yeməkxanalarını xatırladı. Marşrutlu avtobusların çöllübiyabanda, yel vurub yengələr oynayan artırmalar yanında dayandıqları dəqiqələri, üz-gözünü tük basmış, qara ləkəli şalvarının ətəklərini kirli corablarının içinə qalife sayağı salmış, bağları açıq çəkmələri alınandan bəri silinməmiş avtobus sürücüsünün xırıltılı səsi gəldi qulaqlarına: on beş dağğa. Kim geciksə, özündən küssün, gözləyib eləyən döyülük.
Divarlarının suvağı tökülmüş yeməkxana, sınıq-salxaq masalarının üstündə rəngləri çoxdan solmuş çiriş klyonkalar – dirsəyini qoysan dirsəyin yapışacaq çapma tutqun istəkanlar, çatdaq boşqablar, əyiş-üyüş alüminium çəngəl-qaşıq, açıq qəndqabıların içindəki şəkərlərə qonmuş iri yaşılımtıl çibinlər (çibinlərin əsas qoşunu ç öldə, manqalın yanında, qan-qırmızı ləkəli taxtanın üstündə dəhrəylə çapılan, doğranan çiy ətə qonmuşdu). Diş batmayan əti cəhənglərdə çeynənən kababların ağızdan çıxarılıb elə buradaca, yeməkxana yanında, yulğunların içinə atılan sümükləri və bu sümüklərə cuman, onları eşələyən ac, yava yeməkxana itləri. Azacıq məsafədə aralı taxtalarla ancaq üç tərəfi tutulmuş ayaqyolu, ayaqyolunun adamın burnunu əlli addımlıqdan çalan üfunəti…
Burdan gündə minlərcə minik maşını ötüb keçir, burda dayanırlar, sərnişinləri rahatlanır, qəlyanıltı edirlər – niyə bəs bir dənə də milçək yoxdur, ac itlər yoxdur, hər tərəf güzgü kimi par-par parıldayır. Bizim də haçansa belə rahat, kürsüləri pərqu döşək kimi yumşaq, resorları adamı beşik kimi yırğalayan avtobuslarımız, belə hamar yollarımız, yol boyunca belə tər-təmiz, səliqəli yeməkxanalarımız olacaqmı?
Kərim piştaxtaya yanaşdı, şüşə vitrinlərin ardında çeşid-çeşid, görünüşündən, səliqəsindən ləzzəti bilinən yeməklər, məzələr, meyvələr, şirələr, sular, iştah gətirən, pambıq kimi yumşaq çörəklər düzülmüşdü. Məruzəsiyçün 500 min lirə vermişdilər. Bu pula avtobusa bilet almışdı. İstanbulda bir gün yaşamalı, sonra Ankaraya qayıtmalıydı. 10-15 min lirəni səhər yeməyinə xərcləyə bilərdi.
Sədyarın fikri necə də dəyişdi birdən-birə. Daha doğrusu birdən-birə yox. Səbəbi aydındı. Sədy ar iki nəfərdən – Kərimdən və Sədyarın özündən ibarət nümayəndə heyətinin rəhbəri sayılırdı və əvvəl heç cür istəmirdi ki, Kərim İstanbula getsin. Sonra isə az qala təkid etdi: mütləq getməlisən.
«Qəziyyə məlum!» Sədyarı xatırlayarkən Kərim ayağının narahatlığını da hiss elədi. Çəkmələri sıxırdı. Ayağını sıxan bu nisbətən təzə çəkmələr Sədyarın çəkmələri idi. Sədyar iki (ya bəlkə daha da artıq – Kərim bilmirdi) cüt çəkməylə çıxmışdı səfərə və elə birinci gün Kərimin köhnə ayaqqabılarına baxıb:
—Ə, yekə kişisən, bu nə çəkmələrdir belə, - dedi. – Al mənimkiləri gey.
Kərim əvvəl nəm-nüm elədi, amma təzə ayaqqabı almağa imkanı yoxdu, öz çəkmələri isə doğrudan da çox nimdaş idi, hay-hayı gedib, vay-vayı qalmışdı, bu şəkildə adam içinə, məclisə çıxmaq ayıbdı. Sədyar:
—Sabah məruzən var, al bunları gey – demişdi – Bakıda qaytararsan və Kərimin «ziyalı vasvasılığına» birdəfəlik son qoymaq üçün dostunun köhnə ayaqqabılarını – Kərim duş qəbul edərkən – otelin 12-ci mərtəbəsindən həyətə vızıldatmışdı. Kərim bilmədi hirslənsin, küsüb-incisin ya təşəkkür  eləsin, razılıq etsin, hər nəysə axır geydi bu çəkmələri – yarım ölçü kiçik idi ayaqlarına, yavaş-yavaş açılırdı, rahatlanırdı, amma indi yenə sıxmağa başlamışdı – yəqin avtobusda ayaqları hərəkətsizlikdən bir az şişmişdi.
Türkiyədə  bu günlər sevdiyi yemək böyrək idi – kiçik xəmir lüləsi içində ət, həm də ucuz. Bir böyrək, bir stəkan ayran, çörək götürüb padnosa qoydu, kassaya yanaşdı, on iki min lirə verib masanın ardına keçdi. Yaman acıbmış, böyrəyi ləzzətlə yedi, stəkanı qaldırıb ayrandan bir qurtum aldı və dərhal ürəyinin eynən bayaqkı kimi sancdığını hiss elədi. Qəfilcən yaddaşının ən dərin dərinliklərindən qalxan anımlar – dad, qoxu, xəyali mənzərələrin anımları qarmaq kimi bir-birinə ilişdi və xatirələr balıq dolu tor təkin dartılıb üzə çıxdı… Ayran dadı… Bu eynən əlli il bundan qabaq uşaqlıqda Laçının İstisuyunda içdiyi ayranın dadı idi. Ayran dadı süzmə dadını da yada saldı. İstisuda gecə muxuruların çölündə yan çubuğuyla kədə çubuğunun (sevindi ki, kədə çubuğunun belə adlanmasını da yaddan çıxarmayıb) arasında ip çəkilmişdi, ipdən paltarlar, bir də balaca ağ torba asılmışdı. Torbadan dümağ su damırdı. Səhər torbadan çıxarıb süzmə yeyirdilər və o uşaq illərinin süzməsi bugünkü ayranın təmində idi. Damağında qalmış dadla bərabər burun yaddaşına ömrün o uzaq tayında qalmış qoxular – kəkotunun, kömürlü samovarın, çırtaçırtla yanan arçan odunun qoxuları da qayıtdı və başa düşdü ki, bayaqkı adekolonlu salfet də qəribə, dolayı bir yolla – gen kölgəli cökə ağacının ətrini qaytarıbmış ona. Dad yaddaşıyla, qoxu yaddaşıyla bərabər uşaqlıq çağının ayrı-ayrı səhnələri, mənzərələri, sifətləri də bir-bir xəyalında canlanırdı.
Müharibə təzə qurtarmışdı, atası tərxis olunmuşdu, amma hələ Ukraynadan qayıdıb gəlməmişdi. Anası yayda balaca Kərimin doğulduğu şəhərə – Şuşaya, xalası Səmayəgilə gətirmişdi.Kərimin lap körpə yaşlarından böyrək xəstəliyi vardı və anasına onu Laçının İstisuyuna aparmağı məsləhət elədilər.
 At arabasıyla getdilər – Səmayənən əri Mürsəl (arabanı o sürürdü) anası, bir də balaca Kərim. Arabanın içini yorğan-döşəkli mafraşla doldurmuşdular və Kərimin ağrıları şiddətlənəndə başının altına yastıq qoyub uzandırırdılar. Ağrı keçən kimi başını qaldırır, dolama yollardan ətrafa boylanırdı.
Ətraf su səltənətiydi – bir-birindən şirin bulaqlar, bir-birindən soyuq, buz kimi dupduru bulaqlar. Mürsəl dayı ilə mərc kəsmişdi, amma Ayğır bulağında əlini yarım dəqiqədən artıq suyun içində saxlaya bilmədi – barmaqları donurdu, hərçənd ki, avqust ayı idi, quyruq doğmamışdı hələ. Yamaclardan saçaq-saçaq şəlalələr sallanırdı, qurumuş suların ağ şırımları görünürdü, torpağın təkindən fəvvarələr fışqırıb qalxırdı. Dağ dolaylarından dolama-dolama burulan torpaq araba yolundan aşağı baxanda dərənin dibindən Sabux çayı görünürdü. Ətrafdakı meşələrin boyaları çökmüşdü çaya – zümrüd rəngindəydi. Sabux çayı ləpələriylə pıçıldaşa-pıçıldaşa axırdı və Mürsəl dayı deyirdi ki, Sabux elə bil tələsir ki, sözünü, sirrini Həkəri çayına çatdırsın.
İstisuda üç yerdə su püskürüb yerdən çıxırdı, amma bu su yoldakı bulaqların suyu kimi soyuq, sərin deyildi, istiydi, hərarətiylə, tərkibiylə şəfalı idi və bu su mütləq balaca Kərimi sağaldacaqdı. Mürsəl kişi? – İstəyirsən mərc çəkək - dedi. Mərc çəkməyi yaman xoşlayırdı. – Anayın saatına bax, düz əqrəb əqrəbin üstünə gələndə o ortadakı quyudan su fontan vuracaq. Doğrudan da, su saatda bir dəfə üç-beş dəqiqəlik püskürür, sonra yenə yatırdı. Mürsəl kişi təbiətin dilini bilirdi. Bulud gələndə və anasıgil muxuruda gizlənmək istəyəndə Mürsəl : - Asi olmayın, - deyirdi – yağış yağmayacaq, qısır buluddur.
«Asi» niyə deyirdi görəsən? Axı «asi» sözünün ayrı mənası vardı – Kərim sonralar bildi.Amma Mürsəl dayının sözləri də indiki kimi kimi yadındadır: - «Asi olmayın», yəni narahat olmayın, muxuruya girməyin, qısır buluddur, yağmayacaq.
Mürsəl dayı, o eyvandakı dirəyin yuxarısından niyə qırmızı lent bağlamısan? – Qırmızı bağlamışam, ağrın alım,  ki qaranquş orda yuva qurmasın. Dirəyə qırmızı bağlayanda qaranquş yuva bağlamaz.
Mürsəl dayının irsiyyət nəzəriyyəsi də çox maraqlı idi – Flankəs topal idi, odur ki, keçisinin balası da ağsaq oldu, - deyirdi.
Səmayə xala da hansı otun, çiçəyin nəyə dərman olduğunu bilirdi, itburnuyla müalicə edirdi balaca Kərimi, əzgil zoğunu qaynadıb qarın ağrısını kəsirdi.
Xatirələr oyandıqca zirənin dadı düşdü Kərimin yadına, bir az xaşxaş dadırdı. Bir də Səmayə xalanın qızartdığı zoğal soğançasının, asdığı qırxbuğum plovunun dadı düşdü damağına. Bu plov da bir azca anasının bişirdiyi əvəlik çilovunun dadını xatırladırdı, amma əvəlik çilovunun düyüsü tünd boz olurdu, qırbuğum plovunun düyülərisə ağappaq, dipdiri, bircə-bircə idi.
Mürsəl dayı balaca Kərimi yamanca aparıb gəzdirərdi.
«Görürsən, bu lilpərdir, həmişə təmiz su qırağında bitər, görürsən, nə iri yarpaqları var, bu da şehdərəndir, yayın ən isti günündə  də ləçəyində şeh qalır. Bu sarı ləçəkli zanbaqdır, bu sarı çiçəkli qantəpərdir, bu keçiqulağıdır, bu da quzuqulağı, bu çobanyastığı, bu oymadərən, bu dəliboy, bu pərpətöyün, bu cincilimdir, dəmirov otu – dərmandır, bunu Səmayə xalan yaxşı bilir, bu doydabanıdır, dəvədabanı da deyərlər, bunlar heç - pıtırğandır, dağdağandır. Bax, bunu qopart, al, dişlərini sil, məxmər kimi tiftikli gümüşü ləçəyi qoparıb Kərimə uzadırdı - sil dişlərini, qorxma. Bax, bu qaratikandır, ləçəklərindan arılar bal yığır. Bu arıların balı da şirin olur. Eşidirsən, kəkliklərdir, görürsən, necə qaqqıldaşırlar. Ehtiyatlı ol, gicitkan ayaqlarını dalamasın.Bu, əbrişimdir, bu qovaq, bu qarağac, bu da vələs – bizim tərəflərdə ulas deyirlər. Palıdın kökləri, rişələri on-on beş il torpağın dibinə gedir, sonra boy atır, beş yüz il, min il, ondan da artıq yaşayır».
«Ağacların sultanı - cökədir  - həm kölgəsi meydan, həm altından yaxşı su çıxar, həm də bayaq dedim, arı ondan yaxşı şirə çəkir. Jökənin suyundan, kölgəsindən olmaz».
Bir də ətrindən, Mürsəl dayı, Allah sənə rəhmət eləsin. Jökənin ətri, Mürsəl dayı, əlli il sonra burda, Ankara-İstanbul şosesinin ortasında gəlib haqladı məni, yaddaşıma bir yığın xatirə qaladı. Neçə ildir rəhmətə getmisən, Mürsəl  dayı, Səmayə xala da səndən sonra çox qalmadı, bir bileydiniz nələr oldu, nələr gəldi başımıza.
Sonralar yaşlı vaxtlarında da Kərim bir neçə dəfə Laçın tərəflərə getdi, Sarıbaba dağlarına, Qırxqız yaylaqlarına, Qaragölə qalxdı: indi buraların yer adları sanki kimsə qulağına bircə-bircə  pıçıldayırmış kimi yaddaşında səslənirdi: Yağlı bulaq, Qızılqaya, Keçili dağı, Pəri çınqılı, Ayğır qayası, Şiş qaya, Daşlı yurd, Kotan qayası, Eyvazlı dağı, Novlu bulaq.
İndi bütün bu yerlər ermənilərin əlində idi.
Saatına baxdı. Avtobusun yola çıxmasına on dəqiqə qalırdı. Akvarium - yeməkxanadan çölə çıxdı, gəzinməyə başladı. Hava lap işıqlaşmışdı. Namaz qılanlar yeməkxananın masaları ətrafında oturmuşdular.
Kərim yeməkxanadan sağa tərəf getdi, dayanacaqla məscid arasındakı boş yerə addımladı. Aşağıya baxdı, sıx ağaclıqların arasından dərənin dibi, ordan axan çay görünüb itirdi. Görünüb itirdi, çünki dərənin lap dibindən bura şosse yolu salınmış dikdirə tərəf didim-didim dümağ duman qalxırdı. Duman bəzi  yerlərdə kip döşənmişdi dərəyə – keçə kimi, xalı kimi. Bəzi yerdə topa-topaydı, ağır-ağır uçurdu, bəzi yerdəysə tüstü kimi burula-burula qalxırdı. Çox yerdə didim-didimdir. Elə bil nəhəng bir yun çubuğuyla çırpmışdılar onu və didiklərin arasından sıx ormanlıq, ağaclar qərib-qərib, yetim-yetim boylanırdı.
Kərim əlini yaxındakı ağacın budağına, yarpaqlarına çəkdi, nəmdilər, amma səhərin şehi deyildi bu, çən düşmüşdü, dumandandı.
Ankara-İstanbul yolunda «Varan» avtobuslarının dayanacağı deyildi bura, Şuşaydı. Aşağıda üstünü duman almış dərənin di bində axan, səsi bura çatmayan çay da Daşaltı çayı idi. Dərənin hər iki yamacında bitən orman da Topxana meşəsi idi və o, Kərim də Jıdır düzündə Məlik Şahnəzər kahasının ağzında dayanıb sağa – Kirs dağının zirvəsinə baxırdı. Sola – Ərimgəldi səmtinə baxırdı və daha uzaqlara, Bağrıqan dağına baxırdı – etimoloq  dostlarından biri bu dağın əsl adının Bağrıqan deyil, Buğra xan olduğunu iddia edirdi.
Bu topa-topa, didik-didik duman da Şuşanın dumanıydı və bu duman olmasaydı o tayda, sivri yamacda İbrahim xanın sığnağını da görəcəkdi. Bu duman çəkiləndən sonra Qırx pilləkəni də tapacaqdı və pillə-pillə dərənin dibinə düşüb Daşaltının köpüklü suyundan içəcəkdi. İsa bulağının da suyundan içəcəkdi, İsa bulağından ykxarı Süleyman bulağı da vardı və İsa bulağının dadı başqa idi – Süleyman bulağınınkı başqa. Turşsu da vardı, Şirlan da. Şuşa bulaqlarını bir-bir xatırlamağa başladı: adlarını da, dadlarını da: Saxsı bulaq, Yastı bulaq, Çarıx bulaq, Səkili bulaq.
Qəhər onu boğurdu. Vertolyotda – Anar vertolyota dikuçar deməyi təklif edir – həlak olmuş jurnalist Alının misrasını xatırladı:
—Dəli bir ağlamaq keçir içimdən.
Alını şəxsən tanımırdı, televizorda görmüşdü. O vertolyotda – dik uçarda (hm!) həlak olanlardan tək bir Vəlini şəxsən tanıyırdı. Arxivlərdə eyni vaxtda çox işləmişdilər. Nərimanovun sənədləriylə məşğul olurdu Vəli. Nəcib insan idi. Allah rəhmət eləsin. Anam demiş allah adamı idi. Anası barədə düşündü. Beş il bundan qabaq rəhmətə getdi. Bir yandan allah üzünə baxdı. Şuşanın dərdinə dözə bilməzdi.
Şuşada gəlmişdi dünyaya. Bura folklor ekspedisiyasına gələn Əsgərlə – Kərimin atasıyla tanış olmuşdu. Toylarını da Şuşada, İsa bulağında çalmışdılar. Xan, Zülfü oxuyurmuş toylarında. Babamın, nənəmin məzarları da Şuşadadır. Mürsəl dayının da. Səmayə xalanın da.
Şuşa  qarış-qarış, qoxu-qoxu, səs-səs Kərimin içində canlandıqca elə bil Kirs dağından əsən sərin meh də saçlarını, üzünü oxşayır, üsulluca tumarlayır, ciyərlərinə saf hava doldururdu, elə bil çobanaldadan yağışın, iri, lopa-lopa damlaları isladırdı onu və elə bil kəkotulu, qantəpərli məxməri çayın, moruq mürəbbəsinin dadanı duyurdu damağında, elə bil burnunu yazda çiçəkləmiş iydə ağacının, cökənin, yarpızın qoxuları çalırdı və qulaqlarına Xan qızı bağından Qədirin «Mənsuriyyəsi» gəlirdi. Bu an Şuşanı beş duyumunun beşiylə də hiss edirdi.
Səmayə xalanın bir oğlu, iki qızı qalmışdı: Adil, Zərifə və Lətifə. Zərifə Bakıda yaşayırdı. Lətifəylə Adil Xocalıda, Kərimin anasının yasına gəlmişdilər, amma hüzrdən sonra get-gəlləri kəsildi, bir-birini itirib-axtarmadılar.
Düz bir il bundan qabaq – günü də dəqiq yadındaydı – 92-ci il may ayının iyirmisində Bakıda Kərimgilin Musabəyov qəsəbəsindəki mənzillərinin qapısı döyüldü. Astanada tanımadığı bir qadın dayanmışdı. Arıq, solğun, boğulub qaralmış sifətində insan təsəvvürünə sığmayacaq dərdlərin, iztirabların izləri vardı.
—Tanımadın, Kərim? – dedi – Lətifəyəm də. Mürsəl kişinin qızı.
Xocalı müsibətini eşidən Kərim Zərifəyə zəng elədi, qonşuları dedi ki, Zərifə iflic olub, dili tutulub, Xocalıdakılardan isə heç bir xəbər yoxdur. Yəqin hamısı tələf olublar. Lətifə sağ imiş.
Kərim Lətifəni içəri çağırdı, oturtdu. Soruşdu:
—Zərifə necədir?
—İndi babatdır. – Yavaş-yavaş, höcələyə-höcələyə danışırdı.
Kərim bilmədi soruşsun, soruşmasın, sonra qərara gəlib:
—Adil, - demək istədi.
Lətifənin sifəti donub qalmışdı, elə bil heç bir hiss-həyəcan ifadə etməyən səslə:
—Adili ermənilər vurdu, dedi Adili də, Kamalı da – sonra əlavə etdi – uşaqların atasını deyirəm. Uşaqlar deyəndə, bircə qızımız vardı, onu da öldürdülər. Üç yaşında idi…
Sonsuz, üzücü sükut çökdü. Kərim Lətifəyə baxıb düşünürdü. İztiraba heykəl qoyulsa  — bu qadının heykəlini yapmaq lazımdır. Daha doğrusu Lətifənin özü canlı heykəl idi — tələf olmuş ailənin qaxaca, ağaca, daşa dönmüş dərd heykəli. Yenə də skait, heç nə ifadə etməyən səslə danışmağa başladı.
—Ermənilər dörd gün vaxt verdilər ki, hamı Xocalıdan çıxıb getsin. Aldatdılar bizi. İki-üç saatdan sonra atışma başladı. Özümüzkülər də aldatdı bizi. Arvadlar söz qoyduq ki, mina tarlasına gedək, özümüz partlayaq, tanklarımız üçün yol açaq. Qoymadılar. Aldatdılar bizi. Kamal dedi ki, sən qonşu Bilqeyis arvadla çıx kənddən. Biz burda qalacayıq. Axıracan vuruşacayıq. Razı olmadım. Balacanı—Səmayəni, qızımı deyirəm—Bilqeyis arvada tapşırdım, özüm qaldım. Əvvəlcə Adili vurdular, sonra Kamalı…Eşitdim ki, meşədə Bilqeyis arvadı da vurublar, amma uşağa güllə dəyməyib. Düşdüm meşələrə, iki gün gecə-gündüz axtardım Səmayəni, axır tapdım meyidini. Güllə dəyməmişdi. Donub ölmüşdü. Qarın içində iməkləyib, iməkləyib tifil, sonra donub ölüb. Balaca əlləri eyzən tikan içində idi. Tikanların hamısını bircə-bircə çıxartdım, qəbir qazıb basdırdım balamı.
—Sayın yolçular, atobusa binmeyinizi rica ediyoruz.
Kərim kürsüsünə oturan kimi papağını gözünün üstünə çəkdi. Guya ki, yatıb. Heç kəslə danışmaq istəmirdi. Amma İstanbula qədər gözlərinin çimirini almadı.
Avtobus İstanbulun ilk duracağında dayananda qonşusu onun qolunu çəkdi.
—Bey efendim şuradamı iniyorsunuz?
—Bura Taksimmi?
—Hayır əfəndim, Taksim çox ileridə. Burası…
başqa bir yerin adını dedi. Kərim yaxşı eşitmədi. Hər halda bildi ki, Taksim deyil. Taksimdə enməli idi. Notarial məmuru vizit kartını Kərimə uzatdı.
—İstanbula yolunuz düşürse müsafirim olarsınız, pek məmnun oluram,— dedi.
Kərim: «İstanbuldayam da elə — deyə düşündü — doğrudan da qonağın olmağımdan məmnunsansa elə indi əsl məqam deyil bəyəm? Yox, quru nəzakət xatirinə deyirsənsə, yenə canın sağ olsun».
Məmur avtobusun yuxarı taxçasından «Diplomat» çamadanını götürərək:
—Söylədiyim laflardan üzülmeyin, rica ediyorum, — dedi — Kusura bakmayın.
Kərim başıyla təsdiq elədi ki, üzülmür.
— Siz, Azeri kardeşlərimiz hiç darıxmayın — məmur əl çəkmirdi.—Yardımınıza gelib sizi ermenilerden kurtaracayız.
Kərim:
—Pəki,—dedi—siz bizi ermənilərdən qurtarın, biz də sizin yardımınıza gəlib sizi PKK -dan qurtararıq.
Məmur dinmədi. Başının hərəkətiylə vidalaşıb avtobusdan endi. Avtobus yola düzəldi, körpüdən keçib Asiyadan Avropaya çıxdı, adlman konsulluğunun qarşısında «Varan»ların İstanbul duracağın¬da dayandı.
Stüardessa:
— İyi günlər, — dedi— gülə-gülə.
Kərim çantasını çiyninə salaraq:
—Allaha ismarladıq, —dedi və avtobusdan çıxdı.
***
Ömrü boyu xəyallarında yaşatdığı, həsrətində olduğu, uzun illər yalnız radio dalğalarından və əlinə ara-sıra keçən kitablardan, jurnallardan, qəzetlərdən tanıdığı bu ölkəyə Kərimin ilk gəlişi idi. Türkiyənin yolunu son illər su yoluna döndərən, həftə səkkiz mən doqquz bura gəlib-gedən həmkarlarından xahiş etmişdi, ona İstanbulun iri xəritəsini gətirmişdilər. Xəritəni çarpayısının başından asmışdı və səhər gözlərini açarkən ilk gördüyü mənzərə İstanbulun Mərmərə dəniziylə, Bosfor boğazıyla, Xaliçlə parçalanmış bölgələri idi və bu bölgələrini, İstanbulun başqa yerlərinin adlarını şer misraları kimi təkrar edirdi: Fənərbahçə, Qaragöy, Qadıgöy, Üsküdar, Bəyoğlu, Qızıltorpaq, Acıbadem, Nişantaş, Bəkiştaş, Kafataş, Şişli, Maçka, Moda, Fateh, Laləli, Ağsaray, Bayazid — xəyalən bu küçələri «addımlayır», Qalata körpüsüylə Sirkiçidən Qaragöyə «keçir», orda vapura «minib» Boğaziçiylə Qız qülləsinin, Heydər paşa vağzalının yanından «üzdükcə» Yəhya Kamalın misralarını pıçıldayırdı:

Dün kahkaheler yükseliyorkən evinizden
Bendim keçən ey sevgili sandalla denizden.

Xəyalən Qadıgöy iskələsində gəmidən enirdi. O iskələyə Nazim Hikmət dəniz dalğası olub çarpıb çırpılmaq istəyirdi — vapura minərkən Memetlə anası, xəyalən Nazimin cevizi bitən Gülxanə parkını, Qapalı çarşını dolaşır, Sahaflarda kitabçıların rəflərində eşələnir. İstiqlal caddəsiylə addımlayır. Çiçək pasajında qəhvə içir, Taksimə çıxır, ordan sivri, dar küçələrlə sahilə enir, Dolmabaxça sarayının yanına gəlir, Atilla İlhanın «Sislər bulvarı» adlandırdığı bir tərəfi sal qala divarları, bir tərəfi ağaclı qaldırımlar, evlər olan xiyabanla Beşiktaşa tərəf gedirdi və Orxan Vəli kimi «sərin-sərin kapalı Çarşını, cıvıl-cıvıl Mahmutpaşanı, güvərçin dolu avluları, doklardan gələn çəkic səslərini, bahar ruzgarında tər qoxulurı dinləyirdi» — «İstanbulu dinləyirdi gözləri qapalı».
İndi avtobusdan enib xəyalında deyil, gerçəklikdə Taksim meydanına tərəf yuxarı addamladıqca, Atatürk Kültür Mərkəzinin yanına çıxınca ona elə gəlirdi ki, buraları dəfə-dəfə görüb, gəzib. Bəlkə ona görəydi ki, İstanbulu sanki atasının gözləriylə görürdü. Atası əlbəttə Atatürk Kültür Mərkəzini görə bilməzdi. Bu çağdaş şüşə-beton qutu atasının ölümündən çox illər sonra tikilmişdi. Atası 56-cı ildə rəhmətə getmişdi. Amma Taksim meydanının mərkəzində Atatürk abidəsini atasının söhbətlərindən tanıdı. Atası danışırdı ki, İstanbulda azərilər bir-biriylə görüşməyi vədələşəndə görüş yerini məhz burda, heykəlin yanında təyin edərdilər.
Atası iyirminci illərdə Türkiyədə oxumuşdu, İstanbulda Köprülünün, Zəki Vəlidi Toqanın, Jəfəroğlunun tələbəsi olmuşdu. Çinaraltında Əhməd Haşımın, Orxan Seyfinin, Faruq Nafizin söhbətlərini dinləmişdi.
Kərim atasından çox şey əxz etmişdi, amma əxz etdiklərinin üçü ən vacibi idi – əsgi əlifbanı öyrətmişdi  Kərimə, «Kitabi Dədə Qorqud»u  sevdirmişdi, bir də təklikdə, oğrun-oğrun, xısın-xısın, yan-yörəsinə baxa-baxa (guya ki, Çadrovıdakı balaca otaqlarının hər tərəfində gizlədilimiş mikrofonlara boylanırdı). Türkiyə şairlərinin şerlərini oxuyaraq, ara-sıra İstanbulun ayrı-ayrı yerlərindən danışaraq onu Türkiyəyə heyran etmişdi.
Hərçənd Kərimin türkoloq olmasını istəmirdi. «Sovet İttifaqında türkologiya həmişə ÇK-nın, QPU-nun, NKVD-nin nəzarəti altında olan bir sahədir. Həmişə də belə qalacaq» - deyirdi.
Bəzən Kərimə elə gəlirdi, atasının haçansa Qanlıcada yediyi yoğurtun dadını belə duyur damağında. Axşamlar Əsgər Kərimə anasının mixəyi reqlan paltosunun biçimini xatırladan T-6 radio cihazıyla Türkiyəni tutar, son xəbərlərə, bəzən də bitib-tükənməyən uzun havalara qulaq asardı. Bəzən bu uzun havaları lağa da qoyardı. «Mən Türkiyəyə gələndə radioyla bir uzun hava eşitdim, iki il İstanbulda təhsil aldım, geri dönəndə hələ də o havanı oxuyub qurtarmamışdılar».
Kərim diqqət eləmişdi ki, atası Türkiyəyə qulaq asıb radionu keçirəndə həmişə dalğanı dəyişir, əqrəbi Bakının ya Moskvanın üstünə qoyur. Evlərinə qohum-qonşu gələrdi, ümumən gəlib-gedən çox olardı və 37-ci ildə tutulub sürgün edilmiş atası hər kəsdən şübhələnər, evə gələn hər adamın çuğul, yonca olacağını düşünərdi. «Yonca» da yalnız onların ailəsində, atasıyla anasının dilində işlənən söz idi. «Flankəs deyəsən yoncadır», «hə, yoncaya oxşayır». Kərim çox sonralar bildi ki, yonca hər yerdə bitən bitki olduğu üçün hər söhbətdə qulaqlarını şəkləyib peyda olan NKVD xəbərçilərini ata-anası öz aralarında yonca adlandırırmış.
Əsgərin ikicə il İstanbulda oxumağı yetər imiş ki, ona «pantürkist» damğası vursunlar, hələ yaxşı qurtarmışdı, gül¬lələn¬məmişdi. 37-ci ildə Tomska sürgün edilmişdi. Ərəbcəni, farscanı, ruscanı, ingiliscəni və hətta latıncanı mükəmməl bilən Əsgər hansı xoş təsadüfün ya kiminsə gizli xeyirxahlığının ucundan Tomskda müəllimlik edə bilmişdi. Ən məzəlisi o idi ki, bu «pantürkist» və «panislamist» orda marksizm-leninizmin əsaslarından dərs verib.
Dava başlayanda könüllü getmişdi cəza batalyonuna. Müharibədəaldığı orden, medalların sayəsində 46-cı ildə Bakıya, ailəsinin yanına qayıda bildi. Elə o vaxtlar idi – Kərimin doqquz-on yaşı olardı – bir dəfə Əsgər T-6 radiosuyla Türkiyəyə qulaq asandan sonra nədənsə unutmuş, əqrəbi Moskvanın, ya Bakının üstünə keçirməmişdi. Bunu Kərim etdi: durdu, əqrəbi Bakının üstünə çəkdi. Əsgər bir müddət matdım-matdım oğlunun üzünə baxdı, sonra alnından öpdü: - mənim ağıllı balam - dedi. Ona qədər bircə dəfə oğlunu öpmüşdü: davadan qayıdanda. Kərimə elə gəlir ki, məhz o gündən sonra atayla oğul arasında bir  məhrəmlik yarandı, elə bil ilk dəfə ata oğlunun artıq böyüdüyünü, çox şeyi dərk etdiyini anlamışdı. Bəlkə də elə o vaxtlardan Kərimə türk şairlərinin şerlərini oxumağa başlamışdı. Amma o vaxt kimin ağlına gələ bilərdi ki, günlərin bir günü Kərim heç bir «yonca» filan tərəfindən pusulmadan, güdülmədən İstanbul küçələrini belədən-belə hadırlayacaq.
Əsgəri ikinci dəfə əllinci illərin əvvəlində tutdular. İki gün əvvəl elmi şurada «Kitabi Dədə Qorqud» ifşa olunarkən Çopur Jabbar Əsgəri yaş yuyub quru sərmişdi. Çopur Jabbarın uzun, sivri burnu vardı və b urnunun altında otuzuncu illərin raykom-ispalkom dəbiylə bir barmaq bığ qoymuşdu – elə bil burnunun ucundan üst dodaqlarına tərəf bir gilə qara ç ernil dammışdı.
Elmi şurada Çopur Jabbar:
—Yaxanı kənara çəkə bilməyəcəksən, Əsgər – deyirdi – Dədə Qorqudu Azərbaycanda ən çox təbliğ edənlərdən biri sən Əsgər deyildinmi? Kişiliyin, cəsarətin olsun, dur günahlarını boynuna al özün de görək bu dastanın bizə nə dəxli var axı? Bizim dədə-babalarımız bəyəm at əti yeyiblər, qımız içiblər? Sənsən bu sərsəm fikirləri Türkiyədən bura gətirən, orda görünür dərsini yaxşı veriblər. Məqaləndə üç dəfə Kilisli Rifətin adını çəkmisən, yeddi dəfə, özüm saymışam, Köprülünün qarşısında diz çökmüsən, səkkiz dəfə Orxan Şaiqə təzim etmisən.
Əsgər:
—Mən ancaq o alimlərə isnad vermişəm, - demişdi, amma özünü saxlaya bilməyib əlavə etmişdi: - get hara xəbər verirsən ver.
Bir bu sözün qurbanı oldu, bir bu söz yıxdı evini. Bəlkə bu cümləni deməsəydi, ancaq işdən qovacaq, elmi fəaliyyətini yasaq edəcəkdilər. Çopur Jabbarın «stukaç» olması hamıya məlum idi. Amma ilə dəfəydi ki, Əsgər bunu açıq demişdi. Çopur Jabbar:
—Mən fəxr edirəm bununla, - dedi – fəxr edirəm ki, sənin kimi xalq düşmənlərinin həmişə masqasını yırtıb  ifşa etmişəm, ifşa edirəm və ifşa edəcəm.
Həmin gecə atası və anası ev kitabxanalarından bir sıra kitabları, o cümlədən rus türkoloqlarından Bartoldun, Qordlevskinin əsərlərini yandırdılar. O yanıq kağız iyi də uzun zaman Kərimin burnundan getmədi və bundan sonra həmişə yanıq kağız iyi o səksəkəli gecəni xatırladırdı. Hələ gənclik illərində İstanbuldan qayıdarkən Əsgər Aşiyandan, Tofiq Fikrətin məzarından bir ovuc torpaq gətirmişdi və onu anasının canamazının içində saxlayırdı. Bu gecə nədənsə o torpağın da bir əşyayi-dəlil olacağından xoflandı, amma onu çölə atmağa da ürəyi gəlmədi, canamazı açıb mənzillərindəki fikus ağacının dibçəyinə səpələdi.
Əsgəri iki gecə sonra apardılar, iki il sonra isə qayıtdı. Stalin ölmüş, Mircəfər Bağırov tutulmuş Dədə Qorqud «Reablitasiya almışdı». Dünya yavaş-yavaş dəyişirdi. Əsgər Sibirdə saqqal saxlamışdı, orda sinqa xəstələyinə tutulmuşdu, dişləri tökülmüşdü.
Küçədə Əsgərlə rastlaşıb irişə-irişə üstünə gələn Çopur Jabbarın isə üzünə tüpürmüşdü…
Çopur Jabbar. Taleyin qəribə naxışları var ilahi, bu həmin o Çopur Jabbardır ki… Kərim fikrinin yüyənini çəkdi. «Boşla, bəsdir sən allah – deyə öz-özünü danladı – heç hənanın yeridir? Taksimdən Boğaza tərəf enarkən bu maqnoliyaların ətri hopmuş mayıs günündə heç Çopur Jabbarın idbar sifətini yada salmağın yeridir:»
Atası dəyişib tamam başqa adam olmuşdu. Birinci sürgündən, davadan nə qədər nikbin qayıtmışdısa, indi bir o qədər bədbin, yorğun, bezgindi, həmişə fikirli, dalğın, qayğılı… Elə bil əli işdən də soyumuşdu. Daha gecələr yaşıl lampasının işığında saatlarla masa arxasında oturmağa, köhnə kitabların içində eşələnməyə, böyüdücü şüşəsini götürüb solğun əlyazmalarını ələk-vələk eləməyə nə heyi, nə həvəsi qalmışdı. Heç Türkiyə radiosuna da daha qulaq asmırdı. Yalnız bir dəfə, tək bircə dəfə söhbət  İstanbuldan düşəndə Kərimə: - İnşallah bir gün olar, - dedi – sənin də yolun düşər oralara. Bayılacaqsan bu ölkədə. Məst edəcək səni. Elə biləcəksən yuxudasan…
O gün gəldi. İstanbuldaydı və doğrudan da elə bil məst olmuşdu. Yuxu görürdü elə bil…
***
İnönü stadionunun yanından keçib Boğaz sahilinə çıxdı. Saata baxdı. On bir idi. Universitetə ikidə gedəcəkdi. Ankaradan telefon edib Behicə xanımla belə danışmışdılar. Üstündə «Hürriyət» qəzetinin adı olan skamyaların birində üzü Boğaza əyləşdi. Boğaz  içində üzərində «Türk dəniz yolları» yazılmış çox böyük, ağappaq bir gəmi dayanmışdı. İkimərtəbəli vaporlar Asiyadan Avropaya, Avropadan Asiyaya sərnişinlər daşıyırdı. Motorlu kiçik qayıqlar Boğaz boyu pıqqıldaya-pıqqıldaya oradan bura, buradan ora şütüyürdü. Sahildə, lap məhəccərin üstündə torlarını dənizə atmış balıqçılar oturmuşdu. Qonşu skamyada uzun saçları çiyninə qədər sallanmış, saçlarını arxadan lentlə bağlamış gənc oğlanla saçını qısa vurdurmuş gənc qız – hər ikisi mavi cins kostyumlarda idi – qol-boyun olub bir-birinə sarmaşmışdılar. Oğlan fitlə bir melodiya çalırdı. Melodiya Kərimə tanış gəldi və yada salıb təəccüblə dərk etdi ki, Bethovenin 9-cu simfoniyasının finalıdır. Fitlə simfoniya çalındığını bəlkə də ömründə ilk dəfə eşidirdi.
Atasından tarixə, ədəbiyyata maraq keçmişdisə Kərimə, anasından musiqini sevmək, klasik Avropa musiqisinə və muğamlarımıza bələdlik qalmışdı. Anası peşəkar musiqiçi deyildi, həkimdi, amma əsl şuşalı kimi məlahətli səsi vardı, yaxşı da piano çalırdı. Kərim xatırlayırdı, lap körpə yaşlarında – bəlkə dörd, ya beş yaşındaydı – anasının çalğısını çox xoşlardı. Nədənsə Şopenin «Matəm marşını» daha çox sevirdi. Hərdən anasına yaxınlaşar, üzünü üzünə qoyar: «ana – deyirdi – mənə ölü marşını çal». Səssiz-səmirsiz dinlərdi. Anası: «vallah, deyəsən bu uşaq musiqiçi olacaq» deyərdi. Olmadı.
Musiqidən qorxurdu. Bəlkə ən çox qorxduğu şeylərdən biri musiqi idi. Həm dəlicəsinə sevirdi musiqini, həm də dəlicəsinə qorxurdu ondan. Çoxlu valları, kasetləri vardı. İşləyəndə, oxuyanda belə fon kimi musiqi çaldırardı – dünyanın ən həzin, ən kövrək, ən nəcib musiqisini – Albinyoninin «Adajiosu», Vivaldi, Bax, Motsart, Prokofyev… Bir də öz musiqimiz – Hacıbabanın muğamları, Rübabənin ifasında Üzeyir bəyin «Leyli Məcnun»u, xalq mahnıları – Bülbül, Rəşid, Akif. Bir də Fidan – Gülçöhrənin ariyası». Dinləməkdən doymurdu. Qorxmurdu da. Bütün bunları ilk dəfə haçan, nə zaman eşitdiyini çoxdan unutmuşdu, amma dinlədikcə hansı emosiyaların, hiss-həyəcanların oyanacağını dəqiq bilirdi – bu sabit emosiyalar idi, sabit musiqi idi, yaddaşında məhrəm olmuş musiqi idi. Rəfdən götürüb çaldıracağı hər hansı tanış musiqidən heç bir nigarançılığı yox idi. Vay o gündən ki, təsadüfən radioda çoxdan unutduğu bir musiqi parçası qəfildən rastına çıxaydı…
Bəlkə tək bir qoxulardan başqa heç bir şeyin – musiqi kimi oyatmağa qabil olmadığı anımlar, xatirələr, ötüb getmiş günlər, saatlar, sifətlər saniyə içində yaddaşını limhəlim doldururdu və Kərim bilmirdi ki, xatirələrin bu üzücü dəvətindən hara qaçıb canını qurtarsın. Birdən gah atası, anası gah sevdiyi insanlar, itirdiyi dostlar gəlib dururdu gözlərinin qarşısında, bir söz, bir hərəkət, bir təbəssüm təəssüf ifadəsi…
Divarları əhənglə ağardılmış dümağ bir ev oyanırdı yaddaşında. Molokan kəndi, ilıq ya səhəri, sübh tezdən içdiyi buğlanan süd, gecə itlərin hürüşməsi, göydən salxım-salxım sallanmış iri ulduzlar, ayaqlarına yapışmış pış-pışalar – onları gündüzlər bir-birinə atardılar, iynəcikləriylə paltarlarına ilişib qalardı…
Tamillayla Kür boyu getmələri – necə də gənc idilər, ilahi, təzə evlənmişdilər, elə bu da toy səyahəti kimi bir şeydi. Tələbə yoldaşları Sədyar, daha doğrusu onun qardaşı təşkil eləmişdi bu səfəri. Neftçalada yaşayırdı Sədyarın qardaşı, adı nə idi, allah, yadıma sala bilmirəm. «Gəlin sizi qayıqla Kürdə gəzdirim» - demişdi toy günlərində. Ərinməyib getmişdilər, lap sütül cavanlar idi, dünya nə veclərinə. Sədyarın qardaşı onları yaxşı qarşılamış, sonra da qayığına mindirib Kür səfərinə çıxarmışdı. Səlyan körpüsündən sonra Kür qıvrım-qıvrım axırdı.
Kinolenti kimi gözlərinin qarşısından keçib gedir: sahildə on dörd-on beş yaşlı yeniyetmə at çapır, atın belinə yəhərsiz minib, atın dalınca it qaçır. Kürün qırağında balaqları çirməli, ayaqları yalın arvadlar paltar yuyur, yaxalayırdılar, çayda uşaqlar çimir, qışqıra-qışqıra bir-birilərini suya basırdılar. Kürün sahilərində həyat qaynayırdı, çayın özündə isə elə bil ki, Kərimgilin mindikləri burnu kəsik, dibi yastı, təkavarlı qolazdan başqa heç ins-cins yox idi – nə başqa bir qayıq, nə gəmi, nə sal, nə bərə. Üç gün üç gecə çay boyu getdilər, sahil kəndlərində gecələyirdilər, sübh ala-qaranlıqda yenə yola çıxırdılar. Bir kənddə – kəndin də adı yadından çıxıb – Sədyargilin qohumlarıgildə gecələdilər. Sədyargilin qohumları barama saxlayırdı. Baramaya xüsusi otaq ayırmışdılar, bu otağın xüsusi istisi, işıq rejimi olmalıydı. «Barama qurdu dörd dəfə yatıb durmalıdır – deyirdi Sədyargilin qohumu – axırıncı yuxusundan sonra lap böyük iştahla yarpaq yeyir»
Yarpaq dolması. Kərim ömründə birinci dəfə Sədyargilin qohumugildə yedi o balıqdan bişirilmiş yarpaq doilmasını, belə bişirmə üsülunu da ilk dəfə görürdü: balığın tikələrini yarpağa büküb oda tuturdular, yarpaqlar yanmağa başlayanda demək bişib hazır olub. Bu qoxudan başqa bir iy də gəldi burnuna. Qurumuş baldırğan tumları əziləndə belə tünd iy verirdi. Kür suyunun dadı da yadındaydı – çayın suyunu daşdan süzüb içirdilər.
Sədyarın qardaşı, qarabuğdayı, gözlərindən cin çıxan oğlan – ilahi nə idi onun adı, lap dilimin ucundadır – sahildə Tamillanı xatadan qurtardı. Meşədə gəzirdilər. Tamilla kirpi görüb ona yanaşmaq, tutmaq istəyirdi. Sədyarın qardaşı tələsik onun qolundan tutub kənara çəkdi: Bu oxlu kirpidir, - dedi – bu bapbalaca, dıqqılı kirpi sən bilən kirpilərdən döyül. Oxunu elə uzağa atır ki, maşının dəmirini, şüşəsini deşir. Adama dəysə yaralaya bilər, özü də zəhərlidir oxları.
Sədyarın qardaşı, hə Sadıx idi adı, yadıma düşdü, deyirdi ki, bu kirpinin oxları «şarikovı ruçka» kimidir . O vaxtlar «şarikovı ruçkalar» təzə dəbə düşmüşdü. Sadıxla sədyarın ataları vaxtilə Kürdə gəmi kapitanı olub. Sədyarla Sadıxın uşaqlığı da Kürü bu başdan o başa üzən iri çarxlı gəmilərdə keçib – gəmilərin adları da yadında qalmışdı Kərimin - «Çapayev», «Abxaziya». Hətta o da yadındaydı ki, bu gəmilər Sadıxın dediyinə görə çayın axarıyla saatda iyirmi beş, əks istiqamətdə isə saatda iyirmi kilometr sürətlə üzürlər. Bu rəqəmlər niyə belə ilişib qalmışdı Kərimin yaddaşında? Bəlkə də yanılırdı, gəminin sürəti ayrı idi. Amma Kərim mərc çəkə bilərdi ki, bu rəqəmlər dəqiq qalıb yadında. Nədən insan hafizəsi tamamilə gərəksiz şeyləri yaddaşda qoruyub saxlayır, çox vaciblərini isə unudur. Yaddaş hansı qəribə, sehrli sirrləri açılmaz qanunlara tabelir? Sadıx danışırdı ki, vaxtilə böyük yük gəmiləri belə Həştərxandan Səlyana gəlir, Kürə girib Sabirabada, Mollakəndə, Zərdaba, Yevlaxa qədər üzərmiş. Gəmilər gecələr sahilə yaxın üzərdilər, meşələrdən qabanların səsini eşidərdik. Ağdamda Qaxay meşələri çox gözəl idi, amma Kür sahillərinin ən gözəl yeri Saday bəyin meşələri idi. Mingəçevir tikilənə qədər Kür bəzən o qədər qalxırdı ki, Ağcabədiyə qədər qayıqla meşənin içindən keçib gedərdik. Çayın içində də ağaclar basdırardılar, gecələr onlar mayak yerinəydi».
İkinci gün Kürlə Arazın qovuşduğu yerə gəlib çıxdılar. Bu yeri görmək Kərimlə Tamillanın arzusu idi. Hələ nişanlıykən əhd eləmişdilər ki, mütləq gedib görməlidirlər. Elə bu Kür səfəri – onların toy səfəri də bu söhbətdən başladı və Sədyar «bu mənim boynuma» - dedi, təəssüf ki, özü gedə bilmədi, aspiranturaya hazırlaşırdı, amma qardaşı Sadıxa ismarış göndərdi və Sadıx böyük qardaşının bir sözünə müntəzir idi. Kərimgilə o qədər hörmət elədi ki, bu xəcalətdən ömürləri boyu çıxa bilməyəcəklərini düşündülər. İndi isə az qala Sadıxın adını belə unutmuşdu. «Abxaziya», «Çapayev» gəmilərinin adları, hətta hərəkət sürətləri yadındaydı, amma Sadıxın adını nə çətinliklə xatırladı. Görəsən Sadıx yenə Kürdə üzürmü, avar çəkir, balıq tuturmu? Hər halda indi əllini ötmüş olar. Gərək bir Sədyardan xəbər alam…
Çayqovuşan qəribə yer idi – Kürlə Araz bir-birinə qovuşsalar da xeyli vaxt bir-birindən ayrı axırdı – rəngləri başqa-başqaydı, hətta adama elə gəlirdi ki, ayrı sürətlərlə axırlar. Gah Araz güc gəlir Kürü itələyir, gah Kür qabarıb Arazı basdalayırdı.
«Bir kərəm, yadımdadır, Araza da, Kürə də güclü sel gəlmişdi. Çayqovuşanda bir koma var, bax odu ey görürsüz – Sadıq sahil burnundakı bozumtul evi göstərir – su oranı tamam alıb basmışdı, otağın içinəcən dolmuşdu. Sonra ki, su çəkildi, O vaxt lap balaca uşaq idik, gəlib girdik komanın içinə, otaqdan xeyli ölü balıq yığdıq, hərəmiz evə bir zənbil balıq gətirdik. Hardan düşmüşdü bütün bunlar Kərimin yadına bu gün burda. İstanbul səhərində, Boğaz sahilində? Onun anımları çox vaxt musiqidən doğurdu, amma indi Bethovenin fitlə çalınan 9-cu simfoniyası hardan yadına salmışdı o uzaq gəncliklərinin  Kür səfərini – toy səfərini. O gün, o qayıqda, ya da barama saxlanan otaqda bəyəm Bethoven səslənirdi? Yox, doğrudan da anımların, xatirələrin yada salmaq sirrini, yaddaşa qayıtma məntiqini izah etmək mümkün deyil. Əhməd Haşimin misralarını xatırladı:
«Bizə bir zövqü-təxəttür qaldı
bu sönən, kölgələnən dünyadə…»
Bəlkə Kərimə də bu dünyada qalan xatirələrin zövqü idi ancaq?
…ya bəlkə o gün Kürdə yosun iyi gəlirdi, bax beləcə ilıq meh əsirdi – narın qoxuları gətirən belə bir meh, keçmişimizi bizə qaytaran bir əsim meh, bir əsim qoxu…
***
On üçüncü əsrə aid rus salnaməsində bəhs olunan bir epizod yadına düşdü. İki türk xanı – iki qardaşla bağlı idi bu epizod – Ətrak xanla və Sırçan xanla. Monomax onların üstünə hüum edir, Sırçan Don çöllərinə çəkilir, Ətrak isə Qafqaz dağlarına pənah gətirir, orda hökmdar olur. Ay keçir, il keçir, Monomax ölür və Sırçan xan vətənlərinə dönür, qardaşına xəbər göndərir ki, o da qayıtsın. Qardaşı bu çağırışa məhəl qymur, artıq yeni vətəndə məskən salıb, dövləti, şirkəti, şanı-şöhrəti. Onda Sırçan xan – nə qədər incə bir psixoloq imiş – belə bir fəndə əl atır – musiqiçilərini göndərir qardaşının hüzuruna, «öz havalarımızı çalın Ətraka, kövrələcək, nüssəyə dözə bilməyəcək, qayıdıb gələcək» - deyir. Ancaq Sırçan xan insan qəlbinin, insan yaddaşının daha da dərin qatlarını duyan bir psixoloq imiş. O hətta musiqinin belə oyada bilməyəcəyi hisslərin nədən oyanacağından da agah imiş. Yalnız onların vətənində çöllərdə bitən yovşandan bir çəngə göndərir qardaşına. Bilir ki, bu qoxunun oyadacağı nisgil, qəribsəmə duyğusu hər şeyə üstün gələcək. Maykovun bu salnamədən qdalanmış şeri də var.

Zoвet k сebe пevцa Сıрчan
И k bratu шlet eгo с nakazom:
«On tam boгaт, on царь тex сtran,
Вladka nado всem Kaвkazom.
Сkaжi emу, чtob bрoсil всe, 
Чto уmer врaг, чto сpali цepi.
Чtob шel в naсledie свoe,
В bloqoуxaющие сtepi!
Emу ты pesen нaşix сpoй, - 
Koqda ж нa песнь не отзовется,
Свяжи в пuçok emшan сteпнoй
И daй emу – и on вernetся».

Sırçan xan yanılmayıbmış, nə israrlı dəvətlər, nə doğma musiqisinin sədaları Ətrakın ürəyini yumşalda bilməmişdi… Elçilər nəhayət yovşan topasını xana uzadanda saray əhli mat-məttəl qalır. Zəhmiylə hamını lərzəyə salan qüdrətli hökmdar yovşanı əlinə alıb öpür, ağlayır və əyanlarına «əlvida – deyir – daha sizin hökmdarınız deyiləm. Vətənimə qayıdıram».
Salnamədə, Maykovun şerində də gətirilən sözləri – Ətrak xanın sözlərini Kərim xəyalən həmişə bir bayatının misralarıyla tərcümə edərdi: «Qürbətdə xan olunca, vətənində dilən gəz».
Yosun iyi, yovşan iyi… Ətrak xan, Sırçan xan, İstanbul, Boğaziçi, Kürlə Arazın qovuşağı… Anımlar zəncirinin bir sonu – axırı varmı?
Bizə bir zövqü-təxəttür qaldı
Bu sönən, kölgələnən dünyadə…
Kərim qarşı sahilə baxır və Aya Sofiyanın günbəzini, məscid minarələrinin siluetlərini tanıyırdı. Bu – Sultan Əhməd camesidir, o biri tərəfdəki Süleymaniyyə? Ya əksinə?
Minarələrin sayı altı idi. Deməli düzdü, Sultan Əhməd – budur. Hardasa oxumuşdu: Sultan memara sifariş verəndə minarələrin «altın» yəni qızıl olmasını istəmişdi. Memar «altını» «altı» deyə başa düşmüş və altı minarə ucaltmışdı. Müqəddəs Məkkədəki məscidin isə dörd minarəsi vardı. sultan özünün, ya qulağı ağır eşidən memarın günahını yumaq üçün Məkkə məscidində də əlavə iki minarə tikdirmişdi...
Musiqidən qorxurdu. Ətrak xandan fərqli olaraq musiqi Kərimi daha çox kövrəldirdi. Srağagün Ankarada az qala biabır olacaqdı.
Erolla Bakıda tanış olmuşdu. «Dədə Qorqud» simpoziumuna gələnlər arasında Erolla və Doğan bəylə daha çox məhrəmləşmişdi. Elə Behicə xanımla da o vaxt tanış olmuşdu.
Erol ayı kimi idi. İri qaməti, gen, bir azacıq maili kürəyi vardı. Sanki bu an qabağa yıxılacaq kimi durumu, yayxana-yayxana yeriyəndə ayaqlarının pəncələrini sola-sağa basması eynən ayının hərəkətlərini, plastikasını andırırdı. Uzun saçları bığına, saqqalına qarışmışdı, üstəlik həmişə tüklü xəz pencək, uzun tiftikli yun cempr geyinərdi, elə bil heç yatanda da əynindən çıxarmırdı bu geyimi, elə bil geyim dəri kimi əndamına çəkilmişdi. Deyirlər ayı bir az mülayim heyvandır, hətta insanı silahsız görəndə ona dəymir, pəncəsiylə öz gözlərini örtür guya ki, görmür. Erolun da belə bir jesti vardı — birdən iri əlləriylə (adamın lap «pəncələriylə» deməsi gəlir gözlərini tutardı, görmək istəmədiyini görməzdi, Özünü görməməzliyə vurardı. Halbuki hər şeyi görürdü, heç nə iti, azacıq qıyıq, özü demiş «qıpçaq gözlərindən» yayınmırdı. Danışmağı da bənzərsiz idi, sanki sözləri ağzında isti tikə kimi soyudur, sonra könülsüz-könülsüz tələffüz edirdi. Amma bu «saqqallı ayının» çox incə, yuxa qəlbi vardı. Tez riqqətlənərdi, kök şişman adamların çoxusu kimi sentimental idi, ciddi dərin bilikli tarixçi olmaqla bərabər, şair kimi duyğusaldı, soryuq mühakimələrdən daha çox hisslərlə yaşayırdı. Kərim kimi o da musiqini sevirdi və Bakı simpoziumunda tanış olduqları günlərdə elmi maraqlar qədər onları musiqiyə aludəçilik də yaxınlaşdırmışdı. Bizim müğənnilərdən Floranın səsini çox bəyənmişdi və Ankaraya konfransa gələrkən Kərim hədiyyə kimi Erola Floranın mahnılarını radioda kasetə yazdırıb gətirmişdi.
Srağagün Erolgildə qonaq idi. Erol kaseti alan kimi qurdu. Kərim Bakıda mahnıları yazdırdıqdan sonra özü dinləməmişdi. Mahnıların hamısı ona tanış idi. Birdən hələ o vaxtacan eşitmədiyi mahnının ilk xalları səslənəndə kaseti götürüb üstündəki yazını oxudu. Javanşir Quliyevin «Şuşa» mahnısı idi səsələnən və Flora xanım yanıqlı səslə Şuşa qarşısındı günahımızdan, hamımızın günahından oxuyarkən Kərim doluxsundu, az qala hıçqıracaqdı. Yaxşı ki, bu an Erol otaqda yoxdu, qəhvə gətirmək üçün mətbəxə keçmişdi. Kərim dərhal özünü ələ aldı. Bircə bu çatmırdı ki, Erol onun ağlamağını görsün. Sabir demişkən: Ağladıqca kişi qeyrətsiz olur.
Nə ağlayırsan burda, Ankarada, böyük, güclü dövlətin arxayın şəhərində, yumşaq kürsülərlə, səsləri hopduran qalın xalılarla döşənmiş otaqda, alaqaranlıq torşerin işığında, bahalı Amerikan siqaretlərini bir-birinə calaya-calaya... Qeyrətin var gedəydin Şuşanın uğrunda döyüşməyə. Özünün-özünə verdiyi bu sual-ittihamlara nə cavab vermək olardı? Yaşının əlli səkkizi haqlaması, diabeti, radikuliti, yüksək qan təzyiqi. Gözü də zəifləmişdi — andıra qalmış diabetin fəsadları... Universitetdə təhsil illərində hərbi təlim saatlarından başqa heç vaxt əlinə silah almamışdı, heç ov tüfəngi də götürməmişdi. Bunlar hamısı belə, amma, amma, amma...
«Döyüşə bilmirdin ölməyə gedəydin Şuşaya». Haçansa vəsiyyət eləmişdi — öləndə məni Şuşada basdırın — demişdi — nənəmin, babamın yanında. Gedəydin, öləydin, basdıraydılar...
Kim basdıracaqdı?  Şuşa, onun Şuşası, babasının, nənəsinin, anasının Şuşası düşmən əlindəydi. Ermənilər buraxardılar onu Şuşaya? Ölməyə də buraxmazdılar heç. Ölür getsin ayrı yerdə ölsün...
Ayrı yerdə ölməyə də cəsarəti çatmamışdı. Ürəyi də xiffətdən partlamamışdı. Bura, Ankaraya gəlmişdi, konqresə. Əslində, konqres də bəhanə idi, bura işə düzəlməyə gəlmişdi. Böyük amallar, mühüm milli vəzifələri yerinə yetirmək də deyildi məqsədi. Sadəcə işləyib para qazanmaq istəyirdi — qızına cehiz almaq üçün. Vəssalam. Bir dəst mebel — taxta-tuxta. Həqiqət bu idi. Bu həqiqəti çeşidli yalanlarla, təmtəraqlı sözlərlə bəzəmək istəmirdi. Hər halda öz gözlərində, öz-özüylə təkbətək, başbaşa söhbətlərində. Başqalarına isə izah etmək belə istəmirdi. Kimə nəyi izah etmək olar ki? Kimə izah edə bilərdi ki, otuz il ali məktəb müəllimi ola-ola bir həsirdir, bir Məmməd Nəsir. Kimə başa salmalıydı ki, gözünün ağı-qarası aman-zaman bircə qızı var, qızı bir il bundan qabaq nişanlanıb, nişanlısı yaxşı, tərbiyəli oğlandı, amma yoğun yerdəndi, atası yeni qurulmuş şirkətlərdən birinin rəhbərlərindəndir (ya sahibkarlarındandır — bunlardan Kərim baş çıxara bilmirdi), anasının da forsu adamı yıxır. Bu nigaha o qədər könülləri yox idi, yəqin özlərinə bab olan qudalar umurdular, ürəklərindən ayrı səviyyəli qohumluq keçirmiş. Amma oğlan iki ayağını bir başmağa dirəmişdi və axır valideynləri də balalarının ürəyini qırmadılar. Tamilla deyirdi ki, «biz də qızımıza heç olmasa ən elementar cehiz verməliyik ki, heç vaxt başına qaxınc eləməsinlər». Bütün bunları ürəyində qubar eləyən qızına Tamilla: «Heç fikir eləmə  — demişdi — dünya dağılsa da el adətiylə bütün cehizini verəcəyik». Tamillanın sözü sözdü, sözünün üstündə duracaq, amma bu sözü gerçəkləşdirmək Kərimin boynuna düşürdü.
İlk dəfə Bakıda, simpoziumda bu fikir gəldi başına. Daha doğrusu Behicə xanım saldı bu fikri Kərimin başına. Erol da, Doğan bəy də, Behecə xanım da Kərimin məruzəsini çox bəyənmişdilər. Behicə xanım: — Kerim bey, İstanbulda bizim Universitetde Azeri edebiyyatından ders vermek istermidiniz — dedei.
Teklif o qədər gözlənilməz oldu ki, Kərim karıxdı, bir cavab verə bilmədi. Simpoziumdan sonra Sədyar, Kərim, müəllimlərdən bir neçə başqası da vardı. — Türkiyəli qonqaları nahara dəvət elədilər. Sədyarın 8-ci mikrarayonda «Ailə» restoranında tanışı vardı, telefon elədi, sifariş verdi, ora getdilər, Behicə xanım Kərimin yanında oturmuşdu, məclisdə yeganə xanım idi. Hamı dönə-dönə onun sağlığına içir, təmtəraqlı, mübaliğəli sözlər deyirdi. Behicə xanım lap kövrəlmişdi, «heyatımın en mutlu anlarını yaşadım bu akşam» — deyirdi. Bir qədər içmişdi, xumarlanmışdı və Kərəmə şəxsi həyatının incə mətləblərindən danışırdı: Behicə xanımın zil qara saçları, məsum və bir az yazıq, bir az utancaq, çəkingən təbəssümü vardı. Alınmış qaşları dodaqlarıyla eyni biçimdə, eyni naziklikdə idi — sanki qaşlarının çəhrayıya boyanmış, alt-alta düzülmüş təkrarı idi. Dodaqlarını büzməsi də, qaşlarını çatması da eyni emosional ovqatını ifadə edirdi. Ərə getməmişdi. Səbəbini təbii ki, açıqlamadı. Trafik qəzada həlak olmuş ablasının — böyük bacısının qızını saxlayırdı. Qəza zamanı beş yaşında olan qızcığaz sağ qalsa da, beyin zədəsi almışdı. İndi on beş yaşındaydı, ancaq bir neçə kəlmə tələffüz edə bilirdi və fikrini böyük çətinliklə çatdırırdı. Üstəlik qoca, gözləri işıqdan düşmüş anası da Behicə baxdı.
Behicə həyatının bir qəribə səhifəsini də açmışdı Kərimə: Həftənin altı günü Universitetdə dərs deyirdi, həm də ədəbiyyat fakültəsinin böyük başqanı — dekanı idi. Hər həftə cüma ertəsi — şənbə günü dərslərini bitirdikdən sonra gecə qatarıyla Ankaraya gedər,  bazar günü axşam yenə də gecə qatarıyla İstanbula qayıdardı. Ankarada elə bir işi, görməli adamları ya görmədiyi yerlər yox idi. Bu səfərin bütün kefi, ləzzəti — yol idi. Gecə qatarında ayrıca kupe, nəfis yol xidməti, vaqon yatağının adamı nənni kimi yırğalayan ahəngi — «həyatımın tək bir lüksü bu» — Behicə xanım, yəni ki, tək bir ləzzəti, keyfi.
Kərim tərəfindən heç bir təşəbbüs göstərilmədisə də Behicə xanım təklifini bir də təkrar etdi:
—Gelin İstanbula, muhakkak bizim Universiteye. Behicə xanım yüngülcə məst olsa da lazım olan sənədlər barəsində Kərimə məlumat verdi: bir diləkcə —yəni ərizə, «özgecmiş» — yəni tərcümeyi-halı, fotolar, diplomların surətləri.
Gecə Tamillayla məsləhətləşdi «heç ağlıva ayrı fikir gətirmə də... Bunun daha oyan-buyanı yoxdur... Bu bir şansdır, baxtımıza çıxıb, mütləq getməlisən».
Lazım olan sənədləri topladı, İstanbula gedən həmkarlardan biriylə Behicə xanıma göndərdi. Həmkarı qayıdarkən «verdim sənədlərini Behicə xanıma, intizarla yolunu gözləyir» — dedi.
Kərim bir dəfə İstanbula, Behicə xanıma telefon etdi, danışa bilmədi. Bir ay sonra baş tutmamış bu danışığın belə böyük hesabı gəldi ki, daha ikinci dəfə zəng etməkdən vaz keçdi. Üç ay bundan qabaq isə belə bir fürsət düşdü: eşitdi ki, Ankarada konfrans olacaq, dekanları  Sədyardan xahiş elədi onu da aparsınlar. Sədyar əvvəl bir az nam-nüm elədi, başqasına söz verdiyini bəhanə gətirdi. Amma Kərim də ömründə bəlkə ilk dəfə üzünə saldı, israr elədi: «İt-qurd gedir, mən indiyəcən sərhəddən kənara çıxmamışam. O vaxtlar atama görə qoymurdular. Yeri gəlmişkən onu da deyim, bəlkə bunu heç deməli deyildim, amma məcburam, atam Türkiyə məhəbbətinə görə neçə il sürgün çəkib. Elə mən özüm də bu sarıdan az kötək yeməmişəm. Olmaz axı ki, Türkiyənin cəzasını biri çəksin, səfasını başqası».
Sədyar güldü:
—«Qud bay, ay, oyu» deyirsən?
—Yaxşı, hər şeyi zarafata salma. Jiddi danışıram səninlə.
—Mısmırığını sallama, bir şey fikirləşərik.
Bir ay bundan qabaq Sədyar:
—Qədrimi bilməzsən, — dedi və zərfi Kərimə uzatdı — Bu da sənin dəvətin.
Kərim düşünürdü ki, təki bir Ankaraya düşüm, konfransda məruzə edim, onda hər şey düzələcək. Məruzəsinin böyük maraq doğuracağına zərrəcən şübhəsi yoxdu. Qəti bilirdi ki, məruzədən sonra onu müxtəlif Universitetlərə dəvət edəcəklər, amma o verdiyi sözə xilaf çıxmayacaq, mütləq Behicə xanımın işlədiyi  Universitetə gedəcəkdi.
Məruzəsini on il bundan qabaq etdiyi kəşf üstündə qurmuşdu, Mərəzidə Diri baba türbəsinin yanında yol çəkərkən qayanı partlatmışdılar və qayanın altından çıxan daş arxeoloqların diqqətini çəkmişdi. Qəbir daşı deyildi, çox iri idi — müxtəlif yerlərdə tapılmış Oğuz qəbirlərindən də iki-üç dəfə iri idi  — üç-dörd metr hündürlüyündə, üstündə anlaşılmaz işarələr vardı. Kərim bu daşı görən kimi elə bil ürəyinə damdı ki, burda nə isə bir sirr var və bu sirri məhz o, Kərim açmalıdır. Daş yaxşı işlənmiş, hamarlanmışdı, geoloqların rəyini, kimyəvi, spektral təhlilər də təsdiq etdi — daşın ən azı iki min yaşı vardı. Yəni daş insan əliylə azı 2000 il bundan əvvəl işlənmişdi.
Kərimi cəlb edən daşın üstündəki işarələr idi.  Görünür daşın bütün sahəsi sıx işarələrlə dolu imiş, amma indi hamısı pozulub yox olmuşdu, yalnız yuxarı tərəfində pərakəndə halda səpələnmiş iyirmi-iyirmi beş işarə qalmışdı. Kərim kağız üzərində işarələrin surətini çıxartdı və sonsuz heyrət, sevinc və həyacan içində dərk elədi ki, bu işarələr Orxan kitabələrinin həriflərinə uyğun gəlir. Deməli yazı qədim türk dilində idi. Arada həriflər pozulmuş, itib getmişdi, amma «ay... oy... an... kut... itik... a...r» həriflərini aydınlaşdırdı. İki sözü isə tam oxumaq olurdu «ulu» və «ata». Gecə-gündüz bu həriflər haqqında düşünür, onların hansı  sözlərin qəlpələri, qalıqları olduğunu müəyyənləşdirmək üçün müxtəlif fərziyyələr qurur və fərziyyələr əsasında tam bir cümlə, bir ifadə, bir fikir yaratmaq istəyirdi. Nə gecəsi vardı, nə gündüzü, günün on səkkiz saatını bu barədə fikirləşir, yatanda yuxusuna da girirdi bu həriflər. Dönə-dönə Orxan-Yenisey yazılarını ələk-vələk edirdi, qədim türk dili lüğətlərinə baxırdı, başqa mənbələri, qaynaqları araşdırırdı və bir gecə elə bil yuxuda vəhy gəldi Kərimə. Hövlnak oynadı, masaüstü çırağının yandırdı... ürəyi az qala atdanıb köksündən çıxacaqdı. Üstündə daşın surəti olan planşeti çıxardı və sanki öz əliylə yazıbmış kimi çatışmayan hərifləri yerinə qoydu: «Bayat boyundan ulu qorkut ata bitiçki aydır» (yaxud ayıtdı).
Heç bir şəkk-şübhə ola bilməzdi. Daşın üstündə məhz bu cümlə yazılmışdı «Kitabi Dədə Qorqud»dan daha qabaqlar «Bitkiçi (yəni kitabçı, kitab yazan) ulu xan Ata» adlı bir əsərin mövcud olduğunu mənbələr xəbər verirdi. «Kitabi Dədəm Qorqud»un qaynaqları məhz bu kitabda idi və indi Orxan yazılarını xatırladan bu daşdakı yazı Türkologiyada inqilab olacaq bir əsərdən xəbər verirdi. Bu kəşf idi — Tomsenin1 tapıntısından sonra türkolojidə ən böyük kəşf.
Orxan yazılarından on min kilometrlərlə aralı bir yerdə, burda Azərbaycanda həmin əlifbanın nümunəsi, həm də Dədə Qorqudla bağlı danılmaz sənədi tapılmışdı. Bu hər şeyi həll edir və neçə-neçə alimin illər boyu ürəklərində bir güman kimi yaşatdıqları ehtimalı həqiqət kimi təsdiq edirdi. Ən azı iki min il bundan qabaq bu torpaqlarda türk dilində danışan insanlar yaşayıb, bayat qəbiləsi — Qorqudun, Füzulinin əşirəti varmış, həm də bu boyun öz yazısı mövcud imiş və yazılı abidələrini də soraq kimi qoyub gediblərmiş — neçə əsrlər qayanın altında qalıb gizlənmiş soraq, ismarış, təsdiq, sənəd... Sevincinin fərəhini, içini dolduran duyğuları ifadə etməyə Kərim o gecə söz tapmırdı. Axı bu yazılar Orxan kitabələrindən də  azı beş-altı əsr qədim idi. Bəlkə bu əlifbanı da elə buralardan, Qafqazdan aparmışdılar o uzaq yurdlarına. Qədim türklərin hərəkət axını bəlkə Şərqdən Qərbə deyil (indiyəcən belə qəbul olunub), Qərbdən Şərqə olub. Təbii ki, o gecə gözünə yuxu getmədi. Elə gecəykən inandığı, bu kəşfin mənasını anlaya biləcək və buna sevincək bir-iki adama telefon etmək istədi. Özünü güclə saxladı. «Gecənin bu çağında... yaxşı deyil...».
Səhər açılar-açılmaz üç-dörd adama zəng elədi, muştuluq istədi. Mirəli Seyidov çox sevindi, o biri ikisi xəbəri sakit qarşıladı, dördüncü isə hətta şübhələrini gizləmədi... «Hələ çox araşdırmalar aparmaq lazımdır» — dedi. Sədyarın: «Ay... oy... qud bay...» zarafatları, Kərimə sataşmaları da o vaxtdan başladı.
Kərim əlavə materiallar toplamağa çalışdı. Bildi ki, elə o həndəvərdə Şamaxının Xınıslı kəndində qədim daş bütlər tapılıb, amma arxeoloqlar bu hekayələri bir otağa yığıb qapısını qıfıllayıblar, açarı da ciblərinə qoyublar, heç kəsə göstərmirlər; Gələcək dissertasiyalarını bədnəzərdən gizlətmək üçün. Kərim bir yol tapdı, açarı cibində gəzdirən arxeoloqun qılığına girdi. Şamaxıda, Akademiyanın evindəki sirli qapını açdırıb bir dəfə, tək bircə dəfə o heykəlləri görə bildi və hətta köhnə «Zenit»iylə ikisinin şəklini də çəkdi. Onunçün artıq heç bir şübhəyə yer qalmadı. İki min il yaşlı bu daş büt-heykəllər də fikrini təsdiq edirdi — onlar Tuvada tapılmış və bütün elm aləminə çoxdan məlum olan qədim Türk heykəllərinin, bütlərinin, balbalların ekiz qardaşı idi — tipaj, üslub, ölçülər — eyni idi.
Məqaləsini «Sovetskaya türkologiya» jurnalında çap etdirdi. Elə bir əks-səda doğurmadı. Yalnız partiya iclasında Çopur Jabbar — partkomları idi — ağzı köpüklənə-köpüklənə alovlu çıxış elədi. Çopur Jabbar kürsüyə qalxanda hərə bir bəhanə ilə birinci sıradan arxa sıralara keçirdi — tüpürüklərin üzərinə sıçrayacağından qorxurdular.
Çopur Jabbar:
—İndi də təzə pantürkistlər peyda olub — deyirdi — Kərəm Əsgər oğlu. Təzə deyəndə çox da təzə deyil, elə nəsillikcə pantürkistdirlər, — atası Əsgərə çaxır atırdı, üzünə tüpürdüyünü unutmamışdı. — Balam bəsdi bu bədbəxt xalqa dədə-baba axtardınız, bəsdi bu yazıq milləti türkün quyruğuna bağladınız. İndi də bu dəb düşüb. Hər yerindən duran dilletant hər yerdə türklərin izini axtarır. Jəsarətiniz olsun, birdəfəlik elmi həqiqəti qəbul edin — X-XI əsrlərə qədər burda türklər olmayıb. Midiyalılar olub, alban tayfaları olub, müxtəlif qəbilələr olub — Azərbaycan xalqının əcdadı da onlardır. Yoxsa biri bir daşın üstündəki ilan-qurbağanı istədiyi kimi yozur, biri nə bilim varsaqdan, sarsaqdan yapışır... Bəsdir bu xalqın taleyilə oynadınız.
Deyib, deyib doydu. Başını əydi Kərimə elə gəldi ki, Çopur Jabbar uzun burnuyla dediklərinin sonuna bir nida işarəsi qoydu — nöqtəsi də bığı.
1984-cü ilin sentyabrında idi Çopur Jabbarın bu tarixi çıxışı. 1988-ci ilin sentyabrında isə... Eh, yenə xatirələr baş alıb gedir, yenə Çopur Jabbar... Adam tapdın haqqında düşünməyə. O vaxt az qala Kərimi partiyadan çıxaracaqdılar. Sədyar qoymadı, qanadı altına aldı. Amma zarafata salıb Kərimi də məzəmmət elədi.
—Sənin də başına iş qəhətdi? Nə yapışmısan bu «qud bay»dan.
—Sən nəyə qud bay deyirsən?
—«Qud bay» ingiliscə «sağ ol» deməkdir. Sənin daşındakı yazını «Qud bay» kimi də oxumaq olar axı. Bəlkə bizim əcdadlarımız ingiliscə danışırmış, hə?
—Bir dəfə cidd ol. Elm ciddilik tələb edir.
—Əksinə sənin elmin ciddi deyil. «Oy»nan, «ay»nan elm yaratmaq olmaz. Həm də nəyinə gərəkdir aparıb bizi türklərə calamaq.
—Bəs səncə biz kimik?
—Qoy oturmuşuq, sən allah, qan çıxmayan yerdən qaşıyıb qan çıxartma. Çopur Jabbar elə bir girəvə axtarır.
Bir neçə aydan sonra Londondan, məşhur türkoloq Jorc Luisdən məktub aldı. «Türkologiya» jurnalında Kərimin məqaləsini oxumuşdu, çox maraqlanmışdı, daşın foto-surətini ona göndərməyi xahiş eləyirdi. «Möhtərəm mister Əsgəroğlu. Fərziyyənizi lazımi elmi aparatla sübut edə biləsəniz — mən isə buna inanıram ki, edəcəksiniz — bu doğrudan da böyük bir kəşf ola bilər, türkologiyada yeni bir dövr açır».
Bundan sonra Kərimə bir az daha ciddi yanaşmağa başladılar, amma sonra hadisələr elə sürətlə getdi, siyasi axınlar hər kəsi elə çuğladı ki, Kərimin kəşfi — ictimai şüurun çoxdan ötüb-keçmiş, heç bir şəkk-şübhə oyatmayan faktı kimi qəbul olundu və unuduldu. O kəşfin mahiyyəti də, Kərimin özü də heç kəsin vecinə deyildi. «Min illərdən bəri türklərin vətəni, Dədə Qorqudların yurdu olan Azərbaycan» — qəzet klişelərinə, qəliblərinə çevrildi. Kərimin axtarışları — guya ki, qəti təsdiq olunmuş aksiomaların lüzumsuz sübutu kimi artıq gərək deyildi. 1988-ci ilin sentyabrında Azadlıq meydanında mitinqdə Çopur Jabbar minlərlə insan qarşısında:
—Bəsdir köklərimizi dandıq, — deyirdi. — Bəsdir türklüyümüzü, həqiqi əcdadlarımızı, soyumuzu, kökümüzü inkar etdik. Kökümüzə qayıtmalıyıq. Azərbaycanlıların türklüyünü şübhə altına alan vətən xainlərinin, milli satqınların ağzını birdəfəlik yummalıyıq. Min illərdən bəri bu yerlər Türk torpaqları, Dədə Qorqud yurdu olub və min illər boyu da türk yurdu, Dədə Qorqud vətəni də olaraq qalacaq.
İztihamın uğultusu, kəsib qurtarmayan alqışları Jabbarın alovlu nitqinə cavab idi. Kərim də bu izdihamın içindəydi və qulaqlarına, gözlərinə inanmırdı. Yuxumu görür?... Bu sözləri deyən həmin o Jabbardır, Çopur Jabbar? «Aman allah, yenə Çopur Jabbar! Meymunu yada salma».
Amma Kərimi ən çox təəccübləndirən, hətta bir az pərişan edən o idi ki, burda Ankarada da məruzəsi böyük reaksiya doğurmadı. Çıxışından sonra yalnız çox qoca bir kişi — bu məşhur qorqudşünas Fəxrəddin bəy idi — çəliyinə dayaqlanaraq Kərimə yanaşdı, təbrik etdi. — ben ömrüm boyu eserlerimde türklərin bu torpaklarda miladdan çox öncə yerleşdiklerini kanıtlamışım — dedi.
Sədyarın məruzəsi qat-qat daha böyük uğur qazandı. Əlifba məsələsindən danışırdı, «X», «Ə» hərflərinin Azərbaycan dilində heç bir əhəmiyyətə malik olmadığını isbat edirdi». «Bu hərflər aynı dil olan Azəri ləhcəsini Türkiyə türkcəsindən ayırır, bu hərflər bizə gərək deyil» — deyirdi. Bu sözlərdən sonra salonda gurultulu alqışlar qopdu.
Ankarada «Stad» otelində Sədyarla bir nömrədə qalırdılar. Kərim Sədyarı uğuruyla təbrik eləyəndən sonra soruşdu:
— Deyirsən dillərimiz arasında heç bir fərq yoxdur?
— Sadyar:
—Əlbəttə, — dedi. — Nə fərqi var ki, səncə?
Kərim:
—İndi aşağıdaydım, — dedi — vestibüldə. Bakıdan turistlər gəlib. Bizim bu oteldə yerləşirlər. Belə bir dialoq eşitdim. İnzibatçı bizim turist qadınlarımızın birinə:
—Sizə iki kişilik oda veriyorum, — deyirdi. Qadın hiddətlə:
—Mənə özgə kişilərlə nöş otaq verirsən, — deyirdi — öz ərimə nə gəlib bəyəm.
İnzibatçı:
—Er nə, kocamı? — deyirdi. Qadın daha artıq qeyzlə:
—Qoca nöş olur, — deyirdi — lap cavan, bığıburma ceyildü.
Sədyar şaqqanaq çəkib güldü.
—Boşla, sən allah, — dedi — Burda belə çıxış eləmək lazımdı, brat. Gördün necə qarşıladılar? Ayrı cür danışarsan bir də çağırmazlar. Amma öz aramızdı, o bardakı qızı gördün. Əntiqə şeydi hə... Hökman tanış olacam onunla. Yaxşı sənin işlərin necə oldu?
—Dedilər YÖK1-ə getmək lazımdır. Bəlkə İstanbula getməli oldum. Məruzənin qonorarını aldım, öyrəndim, o baş-bu başa avtobusa çatır. Üç gün də vaxtımız var.
—İstanbulda nə işin var, qağa? Telefonla zəng elə də..
—Görüm də, bir  YÖK-ə dəyim. Amma getmək istərdim. Axı İstanbulu görməmişəm. Həm ziyarət, həm ticarət.
Sədyarın heç ürəyindən deyildi bu İstanbul səfəri. Necə olsa, nümayədə heyətinin rəhbəri idi. Məsuliyyət daşıyırdı.
YÖK-də dedilər ki, Unversitetdən Kərim haqqında heç bir kağız-zad gəlməyib. Yaxşı olar ki, Kərim özü İstanbula getsin, məsələni orda aydınlaşdırsın. Kərim xahiş elədi ki, Behicə xanımla telefon eləsinlər, öyrənsinlər. Nəzakətli məmur dəftərçəsinə baxıdı, sonra kodla İstanbula yığıb Behecə xanımı istədi. Məlum oldu ki, Behicə xanım yerində deyil, amma sabah ikidə işdə olacaq. Məmur:
—En iyisi kendinizin İstanbula gedib sorunu cözmənizdir, - dedi – Universite dokumanları bizə iletirse hemen ayarlarız.
İstanbul avtubusuna bilet götürüb otelə qayıtdı. Nömrəyə qalxdı. Sədyarla bayaq barda gördükləri qız qarşı-qarşıya oturub konyak içirdilər. Sədyar Kərimi görüb tükünü də tərpətmədi, nədənsə rusca:
—A vot i naş qeroy, - dedi, Kərimə baxdı – poznakomsya, Nataşa, okazıvaetsa, naşa sooteçestvennisa.
—Da ne Nataşa ə, qovorö cu tebe, Nadə menə zovut, Nadecda.
—Eto yeşo xoroşo. Nadecda vseqda xoroşo. Nado nadeyetsa. Budem nadeyetsa. Nadejda xanum naşa sooteçestvennisa, vernee bıvşiy sooteçestvennisa iz bıvşı Sovetski Soyuz. İz Odessa. Tı seyças qrajdanka kakoqo qosudarstva – Rossiya, Ukraina?
—Kərim fikir verdi ki, artıq «sənlə» danışırlar.
—A ə qracdanka mira, - dedi Nadecda – qde xoroşo, tam i rodina.
—Ay sağ ol, - dedi Sədyar.
—Sağ ol – gto spasibo – dedi Nadecda – znaö, u menə priətelğ bıl qruzin.
Sədyar:
—Mı ne qruzinsı, - dedi – mı azerbaydcane.
—Dlə menə vse kavkazüı na odno liüo, çto azerbaydcanüı, çto qruzinı, çto arməşki. Arməşek ə pravda ne löblö.
—Ay molodes, - dedi Sədyar – pravilno  delaeş, davay budem vıpit za tebya, - sonra Kərimə döndü – içəcəksən?
- Yox, bir az işim var. Getməliyəm.
- Hə, onu lap düz eləyirsən, - dedi Sədyar və bic-bic gülümsündü.
- O çem gto vı balakaete? – dedi Nadejda
- O delax, - dedi Sədyar – İstanbula gedəsi olmadın?
- Axşam gedirəm.
Sədyarın gözləri güldü:
- Əla, - dedi – Sağ ol, sənin sağlığına. Budem vıpit za moy druqa. On znaeş kakoy bolşoy uçenı.
—S udovolstviem. A poçemu on uxodit?
—U neqo svidaniya s ministrom. Vernetsa tolko zavtra.
—Jalğ – dedi Nadecda – Uçenıe moə slabostğ. Bolşe vseqo v mucçine ə üenö intellekt.
—Ə toce oçen bolşoy uçennı, - dedi Sədyar – ne veriş, sprosı u neqo, — sonra nədənsə  Kərimə  üzrxahlıq eləməyə başladı: Bratişka, qınama məni – dedi – Beş günlük dünyadı kasıbçılığımızı eləyirik də.
Bratişka sözünü başa düşən Nadecda:
—Vı çto, v samom dele bratğə? – dedi
—Eşe luçşe çem rodnoy brat, - dedi Sədyar
Kərimin daha səbri tükənirdi, lazım olan sənədləri çantasına atıb xudahafizləşdi. Nömrədən çıxdı, liftin düyməsini basıb gözləyirdi ki, Sədyar dalınca gəldi, cibindən bir ovuc dollar çıxarıb Kərimə uzatdı:
—Götür lazımın olar.
Sədyarın bu üzü də vardı. Pulu da vardı, səxavəti də. Varlığa nə darlıq. Amma o qədər köpüyünü güdən varlılar var ki...Bəlkə ona görə əliaçıqlıq edirdi ki, Kərimin heç vəchlə pulu götürməyəcəyini də bilirdi.
—Sağ ol, varımdı.
—Ə, nə töhür yəni varımdı, guya mən bilmirəm. Götür deyirəm sənə ay qud bay...
—Sağ ol vallah, lazım deyil
—Ə, bəsdi ideal qəhrəman, müsbət sovet adamı  oldun. Sovet höküməti də çezdi, onun müsbət adamı da. Bir sən qalmısan, bir də dostun Qiyas Zeynallı. Dünyanı siz düzəldəcəksiniz. Götür deyirəm sənə, bilmirəm bəyəm nəyin var, nəyin yox.
Sədyar bəlkə də istəmədən, qeyri-ixtiyari Kərimin çəkmələrinə, öz ayaqqabılarına baxdı. Kərim qulağının dibinəcən qızardı, yaxşı ki, lift gəlib çıxdı, qapısı açıldı, Kərim cəld içəri dürtüldü və Sədyarın ovcu pul dolu əli uzana qaldı.
***
—Erol qəhvələri gətirəndə «Şuşa» mahnısı hələ bitməmişdi.
—«Şuşa» yeni şarkımı?
Kərim:
—Əvət, yeni, - dedi – lap yeni. Şuşanı itirib üstündə ağlayırıq.
Erol qədəhlərə viski süzdü.
—Buz koyalımmı?
—Qoy
—Soda?
—Xeyr.
Erol:
—Şerefine içmek istiyordum, - dedi – ama biliyormusun neler söyleyeceyem. İçelim Şuşayın şerefine. Şuşayın ermenilerden kurtulması şerefine.
Kerimin yadına düşdü; on-on beş il qabaq Bakıda bir məclisdə idi. Macarıstandan Sədyarın bir qonağı gəlmişdi. Sədyar Kərimin qulağına əyildi:
—İndi bir tost deyəcəyəm, yalnız üçcə kəlmə söz, Tonço (qonağın adı Tonço idi) ağlayacaq. Görəcəksən.
Tonçonun heç ağlıyası görkəmi yox idi, yanındakı qadnlara lətifə danışır, xanımlar da, özü də xımır-xımır gülürdülər.
 Sədyar:
—U menya tost, - dedi –proşu vnimaniya.
Hamı diqqət kəsildi. Tonço da lətifəsinə ara verib natiqə baxırdı. Rusca bilirdi Tonço. Sədyar:
—Vıpyem za Transilvaniyu, - dedi
Hamı mat-mat bir-birinə baxdı. Kərimin gözü Tonçoda idi. İnsan sifətinin birdən-birə belə kəskin dəyişdiyini heç vaxt görməmişdi. Tonçonun əvvəl rəngi qaçdı, ağappaq oldu, üzündəki təbəssümün qalıqları silinib getdi, bir an donub qaldı, sonra yavaş-yavaş durdu, səndirləyə-səndirləyə – xeyli içmişdi – masanın o başından bu başına gəldi, Sədyarın qarşısında diz çökdü, əlini öpdü və hönkürüb ağlamağa başladı.
Neçə il keçmişdi, amma bu səhnə indiki kimi Kərimin gözləri önündəydi. Onu bilirdi ki, Transilvaniya macarların Macarıstandan alınıb Rumıniyanın tərkibinə salınmış torpaqlarıdır, amma Macarların belə ənənəvi tostları olduğunu və bu tostun bu qədər təsir gücünə malik olduğunu bilmirdi.
İndi də bizim də aqibətimizdirmi bu  - deyə düşünürdü Erolgildə – Şuşanın sağlığına tost deyib  ağlamaq?
***
İçdilər, başqa mahnılar dinlədilər, yenə içdilər, danışdılar, dərdləşdilər. Erolun ata-babası Krım tatarlarından imiş. Erol danışırdı ki, bir neçə il bundan qabaq Daşkənddə olarkən orda krımlı əqrəbalarından birini axtarıb tapıb. Krım tatar şairi imiş, 44-cü ildə doqquz yaşındaykən bütün ailələriylə birlikdə Özbəkistana sürüblər. Erola danışırmış ki, ən son vaxtlara qədər şerlərimizdə «dəniz» sözünü işlətməyə senzura icazə vermirdi. Özbəkiztanda dəniz yoxdur. Dənizdən yazırsansa deməli Qara dənizi, Krımı, vətəni xatırlayırsan. Bu isə yasaqmış. «Pezeveng herifler – Erol ayı kimi fısıldayırdı – nasıl da insanlara bu kadar zor etmək olur?».
- Mutlaka git İstanbula. Amma ben sevmem İstanbulu. Babam da sevmezdi, denizleri sevmezdi. Krımı hatırlatırdı ona.
Hatıralardan kaçardı hər zaman. Bana da belgi ondan keçmiş. Ama biliyormusun  bazi istanbullular da Ankarayı hiç sevmez. Yahya Kemalın espirisini1 duydunmu hiç? Ankaraya gelmiş, İstanbula dönerken soruşmuşdur: Ankaranın nesini beyendiniz?  İstambula geri dönmemi – demiş adam.
Erol şaqqanaq çəkib gülür, artıq azacıq keflənib: - İstambulun havası, parası, karısı... – visgidən bir qurtum da alır. – Unutma kardeşim. İstambul bir az Bizansdır...
***
Avey, ayakkabılarınızı temizletmek istermisiniz?
Qarşısında səkkiz-doqquz yaşlı bir uşaq dayanmışdı, qutusunu kəmərlə buynundan asmışdı, fırçası, boyası da əlindəydi.
Kərim:
- Yox, təşəkkür, - dedi, saatına baxdı. İkiyə on beş dəqiqə qalırdı. Vaxt yetişmişdi.
Universitetə  tərəf addımladı.
Universitetin birinci mərtəbəsində geniş foyenin iri pəncərələri Boğaza açılırdı. Pəncərə önündə Samofrakiyalı Nikenin – Zəfər ilahəsinn – başı qopub itmiş heykəli qanadlarını gərmişdi. Foye gənclərlə dolu idi. Oğlanlar və qızlar pilləkənlərin, mühəccərlərin üstündə oturmuş, çöməlmiş, bardaş qurmuşdular. Bəziləri qol-boyun olub ara-sıra öpüşürdü. Heç nə, heç kəsin vecinə deyildi. Demək olar ki, hamısı oğlanlar da, qızlar da siqaret çəkirdi. Bəzən oğlanla qız eyni bir siqareti sümürürdü, növbəylə hərəsi bir qüllab alırdı. Bir dəstə qız da toplanıb kənarda durmuşdu, hamısı uzun paltardaydı, başları örtüklü. Saçlarını, boyun-boğazlarını bürümüşdülər,  ləçəyin haləsində yalnız sifəti qalmışdı  — alın, gözlər, burun, ağız, çənə... Qulaqları belə qapalıydı. Kərim eşitmişdi ki, bəzi dinçi əcnəbi ölkələr başlarını örtən qızlara xüsusi təqaüdlər ayırır, əgər kiməsə hicabi təbliğ etmisənsə o da, təbliğ edən də əlavə məbləğ alır. Hətta dini adlar daşıyan qızlar — Xatçelər — Xədicələr, Fatimalar, Aişələr də yalnız elm adlarına görə pulla təltif olunur. Doğrudan da belə idimi ya şayiə idimi bu — solların buraxdığı şayiə? Bilmirdi, amma oğlanın dizi üstündə oturub siqaret filəyən qıza baxanda «nə elə, nə də belə» deyə düşündü. Dərhal onu da düşündü ki, yenə içindəki əsgi sovet adamının donuq əxlaq qəliblərindən çıxa bilmir. Hər halda bu qalabalığa göz qoyurdu, bəlkə gənclərin arasında onun gələcək öyrənciləri — tələbələri də vardı.  Bakıda uzun illər boyu nəsilbənəsil dərs dediyi tələbələrini xatırladı. Bir vaxtlar yaman fəxr edirdi ki, bəzi keçmiş tələbələri Xalq cəbhəsinin liderləri olub. «Hər halda mənim dərslərimdən də nə isə əxz eləyibmişlər». Praqram dışında tələbələrinə ortaq Türk abidələrindən, Orxan kitabələrindən, Qudatqu Bilikdən, Mahmud Qaşğaridən, Yasəvidən ətraflı danışırdı.
İlk mitinqlərə tez-tez gedərdi. Bir dəfə hətta tribunaya da qalxdı. Mitinqi onun keçmiş tələbələrindən biri aparırdı. Kərimin yaxşı yadındaydı o — ciddi, təmkinli, savadlı oğlan idi. Bir az qaraqabağ idi, adamayovuşmazdı... Doğrudur seminarlara həmişə mükəmməl hazırlaşmış gələrdi, amma dərsdən kənar bir adamla — nə tələbələrlə, nə müəllimlərlə kəlmə kəsməzdi. İndi budur az qala neçə yüz minlik mitinqi aparır, minlərlə par-par parlayan göz ona dikilib. Hər sözünü, hər ifadəsini bircə-bircə dənləyirlər.
O gün tribunada Kərim başqa bir tələbəsinə də rast gəldi. Bu tələbəsini də yaxşı xatırlayırdı. Əl verəndə adamın əlini iki əliylə tutar, itaətlə gözlərinə baxırdı. Nədənsə Kərim adamın əlini ikiəlli sıxanlara həmişə şübhəylə baxmışdı. Zənnində yanılmayıbmış. İsti bir gün idi, bir yandan həyəcan, bir yandan da diabet zəhrimar Kərimin dil-dodağını qurutmuşdu. Tribunanın o biri qırağında «İstisu» şüşələrini gördü, amma adamları yarıb ora keçmək müşkül iş idi, əlini haçansa iki əlli sıxan tələbəsinə: — bala, — dedi, adını unutmuşdu — o sudan mənə bir sətəkan ver.
Kərimə elə gəldi ki, tələbəsi eşitmədi, odur ki, xahişini bir də təkrar etdi.
—Bura su içməyə gəlmisiz? — Kərimin ağzı açıq qaldı, yatsa yuxusuna da girməzdi ki, bu ifrat nəzakətli tələbəsi ona kobud cavab verə bilər. Amma bu da azmış kimi tələbəsi — Burda millətin taleyi həll olunur, — deyə əlavə etdi — bura qeyrət meydanıdır, su dükanı deyil. Mən də su paylayan deyiləm.
Kərimin matı-qutu qurumuşdu. Özünə gələndə yalnız:
—Ay bərəkallah sənin qanacağına, — deyə bildi, amma tələbəsi eşitmədi, artıq arxasını çevirib getmişdi.
İnsan sifətinin dəyişməsini çox görmüşdü Kərim, amma bu sayağını ilk dəfə görürdü. Sonralar bundan betərini də gördü. Sifətlərin yalnız ifadələri yox, sanki cizgiləri də dəyişirdi gözlərinin qabağında. Haçansa ifrat itaətlə baxan gözlərdən kin-küdurət, nifrət yağırdı.
Mitinqi aparan tələbəsi sözü növbəti natiqə verib geriyə çəkildi, Kərimi yalnız indi gördü, ona yanaşdı.
—Xoş gəlmisiniz, — dedi, elə bil Kərim onların evinə qonaq gəlmişdi.
Kərim:
—İslamdan, dinə qayıdışdan danışırsınız, — dedi — bura da Babəkin büstünü qoyursuz. Babək axı İslama qarşı vuruşub. Bu necə uyuşur?
Tələbəsi gülümsündü:
—Siz məsələyə sırf akademik cəhətdən yanaşırsınız, — dedi — Məsələyə isə milli ideologiya baxımından yanaşmaq lazımdır. Biz İslam dininə də arxalanmalıyıq, Babəki də azadlıq simvolu kimi qəbul etməliyik.
—Demək yenə ideologiya?
O gün Əbülfəz də ordaydı, onlara yanaşıb söhbətlərinin axırına qulaq verirdi. Görüşdülər. Əbülfəzlə yaxın olmasa da, onu çoxdan tanıyırdı. Təmizliyinə, əqidə adamı olmasına hörməti vardı. Hərdənbir Əlyazmaları fondunda, Universitetdə, Akademiyada görüşüb hal-əhval tutardılar. Əbülfəz:
—Bu izdiham ki, var burda, — dedi — Bəziləri kütlə deyir, bəziləri xalq, millət deyir, hər halda bu adamlarla danışmağı gərək bacarasan, bəy. Əgər çox yüksək, dərin mətləblərdən danışsan, səni qəbul etməzlər, «o hara, mən hara?  Çox yuxarıdan gedir» — deyərlər. Yox, eynən onların səviyyəsində danışsan, yenə qəbul etməyəcəklər, «bunları elə mən də bilirdim də, elə mən də deyə bilərdim» — deyəcəklər. Gərək bir az yuxarıda olsan, ancaq bir azacıq yuxarıda, onda inandıra biləcəksən, onda inanacaqlar.
Əbülfəz indi prezidentdir. Kərim bilmirdi nə dərəcədə bu dediyi meyarlara riayət edə bilir. Çoxdandı görüşməyiblər.
Bir-iki dəfə də mitinqlərə getdi. Danışmağı təklif etsələr də danışmadı. Gur səslə, illah da gurultulu ibarələrlə, şüarlarla danışmağı bacarmırdı.
Mitinqlərin başlanğıcında və sonunda «Koroğlu»nun uvertürası çalınırdı. Bu qəhrəmanlıq musiqisini çağırış rəmzi kimi seçmələri Kərimin ürəyincə idi, amma Xalq cəbhəsinin bəzi xadimləriylə  danışanda belə qənaətə gəlirdi ki, onların fikrincə bu uvertüranı da özləri yazıb, Üzeyir bəy yox.
Çopur Jabbarın «tarixi» çıxışını eşidəndən sonra isə daha mitinqlərə getmədi. Amma izdihamın uğultusu uzun zaman qulaqlarından çəkilmirdi. Bir dəfə hətta yuxudan hövlnak oyandı, gecə saat dörd, beşin yarısı olardı, uğultu get-gedə artırdı, elə bil nümayişçilər axını yaxınlaşırdı: nə idi bağırdıqları, yenə «istefa», «istefa»mı? Gecənin bu çağında? Handan-hana başa düşdü: heç bir nümayiş, mitinq filan yox idi. Su borularının səsiydi. Neçə gündür su vermirdilər evlərinə, indi deyəsən suyu buraxmışdılar. Amma su kranlara çatmazdan əvvəl borulardan get-gedə artan bir uğultu gedirdi.
Bir dəfə də getdi Meydana. Səksən səkkizinci ilin noyabrında. Xəstə yatırdı, şəkəri yenə çox artmışdı. Amma Meydanda bir neçə gəncin aclıq elan etdiyini eşidəndə — aralarında tələbələrindən də vardı — dözə bilmədi, Tamillanın bütün etirazlarına baxmayaraq küçəyə çıxdı. Soraqlaşıb tələbəsi qaldığı çadırı tapdı. Soyuq idi. Çadırın içində manqal qalamışdılar. Tələbəsi keçə artırmanın üstündə uzanmışdı. Sifətini saç-saqqal basmışdı, başına yun papaq qoymuşdu, boğazına isti şərf dolamışdı. Ovurdları bir-birinə yapışmış, bənizi qaçmışdı. Kərim uzun-uzadı onu dilə tutdu ki, aclığa son versin, mübarizənin başqa yolları da var... çox danışdı, müxtəlif dəlillər gətirdi. Tələbəsi dinməz qulaq asırdı, bəlkə danışmağa, mübahisə etməyə heyi qalmamışdı, bəlkə Kərimi layiqli müsahib saymırdı, hər halda susmuşdu. Bircə lap axırda, — Yox — dedi və yorğun, batmış boğuq səslə əlavə etdi — müəllim, siz elə yaşamısınız, biz elə yaşamaq istəmirik.
Kərim başa düşdü ki, heç cür onu razı sala bilməyəcək və vaxtilə Abbas Zamanovun ona danışdığı bir söhbəti xatırladı. Otuzuncu illərdə Abbas Zamanov bir müddət opera teatrının direktoru işləyirmiş — dünyanın belə qəribə işləri də olur. Bir iclasda Mərkəzi Komitənin məsul işçisi Üzeyir bəylə bir az sərt danışıb. Üzeyir bəy dərhal ayağa durub otaqdan çıxıb. Məsul işçi özünü itirib: — Abbas — deyib, — get Üzeyir bəyi qaytar.
Abbas Zamanov Üzeyir bəyi pilləkəndə haqlayıb və xahiş edib ki, geri dönsün. «Bir müddət üzümə baxdı, sonra barmaqlarıyla bığını eşib: — Abbas Zamanov — dedi mənə — sən gözünü açıb dünyanı belə görübsən. Amma biz axı ayrı adamlar da görmüşük»...
Abbas müəllim bilmirəm nə münasibətlə bunu danışmışdı, amma Kərimə elə gəldi ki, bu səhnəni öz gözüylə görüb; daha doğrusu elə bil Üzeyir bəyin gözüylə görüb hər şeyi, Üzeyir bəyin daxili nəzərləri qarşısında, xəyalında bu an canlanan tamam başqa sifətləri görüb — Əli bəy, Əhməd bəy, Mirzə Jəlil, Əbdürrəhim bəy, Javid Əfəndi, Əhməd Javad...
Kərim düşündü ki, yalnız müxtəlif xalqlar ayrı-ayrı dillərdə danışmır, çox vaxt eyni bir xalqın müxtəlif nəsilləri də bir-birinin dilini anlaya bilmir.
ccc
Behicə xanımın otağını soruşdu, göstərdilər. Qapını açıb içəri girdi. Behicə xanım masının arxasında oturmuşdu, durdu, əlini uzatdı, gülümsündü və ilk dəfə olaraq Kərim diqqət elədi ki, Behicə xanımın yalnız ağzı, dodaqları gülür, gözləri gülmür.
—Hoş gəldiniz, — dedi — ne zaman geldiniz?
—Kərim beş gün qabaq Sədyarla bərabər Ankaraya Konqresə gəldiyini söylədi və çantasını açıb hədiyyəsini — kiçik xalçanı Behicə xanıma təqdim etdi.
—Bunu sizə gətirdim, — dedi — Azərbaycandan bir yadigar.
Behicə xanım bir qədər soyuq ədayla:
—Zehmet çekdiniz, Kerim bey — dedi — buna lüzum yokdu. Bir hafta önce Bakuden bana aynan boylə  bir halı getirdilər.
Kərim tutuldu. Nə deyəcəyini bilmirdi. Karıxıb özü də dediklərinin mənasızlığını dərk edərək:
—Əl işidir, — dedi.
Behicə xanım eyni ədayla?
—Halı el işi olur, — dedi və bu əlbəttə belə deyildisə də, Kərimin mübahisə etməyə heç bir həvəsi qalmamışdı.
Behicə xanım xalçanı əliylə uzaqlaşdıraraq:
—Alın bunu lütfen, — dedi — Belki başqa bir tanıdığınıza ikram ediyorsunuz.
Kərim:
—Hədiyyəni qaytarmazlar — dedi; bu kiçik xalçanı təzə ayaqqabı almaq üçün ayırdığı pulun hesabına üstünə əlavə məbləğ qoyaraq aldığını xatırladı.
Artıq ürəyinə dammışdır ki, Bakıdakı məhrəm söhbətləri ruhunda olmayacaq bu görüş. Odur ki, dərhal mətləbə keçdi. YÖK-dəki söhbətindən danışdı və: — buraya sizinlə görüşməyə gəldim, — dedi — dedilər ki, mənim sənədlərimi siz təqdim etməlisiniz.
Behicə xanım:
—Ama biz bu göreve Kazakstanlı bir hocanı davet etdik, — dedi.
—Mənim yeriməmi?
—Yer sizin deyildir ki... Bir yabançı hoca davet etməyə kararlıydıq, düşündük ki, bu kəz Kazakstanlı bir arkadaşı davet edek. Kazaklar da bizim türk kardeşlerimizdir, oyla deyilmi? Türkiyədə kazak edebiyyatını heç tanımazlar.
Kerimin elə bil dili tutulmuşdu. Qarşısında sanki onun Bakıda tanıdığı adam deyildi, tamam başqası idi. Buz kimi soyuq sifət, buz kimi soyuq danışıq tərzi.
...Və həmin anda onu da anladı ki, artıq iş-işdən keçib heç bir şeyi dəyişmək olamaz, hər şey həll olunub.
Necə başa salaydı Behice xanımı ki, neçə aydır bu fikirlə yaşayıb, bütün planlarını, haqq-hesablarını buna əsasən qurub, ailələrinin bütün ümidlərin, bircə qızının gələcək taleyi bu işdən asılıdır. Bunu anlatmaq mümkün idimi, cehiz-filan, taxta-tuxta. Həm də özünü bu qədər alçaldıb bütün bu məsələləri aça bilərdimi? Yalnız:
—Siz özünüz təklif etmişdiniz, — dedi — mən də bütün planlarımı bu təklifə əsasən qurdum.
—Çox üzgünüm. Bu arada bir irtibatımız olmadı. Resmi anlaşmamız filan da yokdu...
Azəri türkcəsində olmayan, amma Türkiyə türkcəsində sıx-sıx işlənən bir söz gəldi ağlına: acımasız. Bu zil qara saçlı, bir-birinə kip kilidlənmiş nazik dodaqlı, gözləri gülməyən qadın nə qədər acımasızdı, bizimcə insafsız, qansızdı. Amma Kərimə qarşı nə qədər acımasız olduğunu özü dərk edirdimi? Bunu ona çatdırmaq üçün nə qədər şeyi anlatmaq gərəkdi — bizim ölkədə Ali məktəb müəlliminin statusundan, real maaşının burdakından nə qədər fərqli olduğundan, haram çörək yemək istəməyən müəllimin, ziyalının sıxıntılarından, onun, Kərimin də artıq məcburiyyət qarşısında qalıb özgəsiyçün pulla dissertasiya yazmasından, daha nə bilim nələrdən söhbət açmaq lazım gəlirdi. Birovuz ayaqqabılarından da söz açaydı gərək, cehizin Azərbaycan mühitində nə qədər əhəmiyyətə malik olduğundan, gəlinin bəlkə bütün gələcək taleyini müəyyənləşdirən amil olmasından uzun bir mühazirə oxumalıydı. Dost-düşməninin Kərimin bu uğursuz təşəbbüsünə münasibətlərini də dilə dilə gətirməliydi — sevinən də olacaqdı, ələ salıb dolayan da, lağa qoyan da, üzündə, ya dalında deyib-gülən də, Tamillaya yanıq verən də... Elə Tamillanın özü nə deyəcəkdi — cəmisi bircə dəfə boğaza yığılıb Kərimə «fərsizin, aciz-avaranın birisən» demişdi, amma demədiyi bütün başqa vaxtlarda da məhz belə düşünmüşdü onun haqqında. Qızının pərtlikdən titrəyən dodaqlarını, doluxsunmuş gözlərini gətirdi xəyalına — bütün bunları necə izah edə bilərdi Behicə xanıma və qururunu qırıb heç izah edərdimi? Bir də bütün bunların axı mətləbə nə dəxli vardı? Heç bir rəsmi təklif, yazlı anlaşma yoxdu ortalıqda. Kefləri belə istəmişdi, ya da püşk Kazakstanlı bir bəxtəvərə düşmüşdü vəssəlam.
Yadına bir rəvayət düşdü. Bir məclisdə xanəndənin oxuması xanın bərk xoşuna gəlir. «Sabah sarayıma gəl, sənə on qızıl bəxşiş verəcəm» — deyir. Səhər xanəndə xanın hüzuruna gəlib vədini yada salanda xan: Yekə kişisən — deyir — dünən sən oxudun mənim xoşuma gəldi, mən də bir sözdü dedim, sənin xoşuna gəldi, day bu gün nə sallana-sallana durub gəlmisən üstümə?
Hələ gör Çopur Jabbar necə onun-bunun yanında Kərimi şəbədəyə qoyub güləcək. Jabbarın nida burnunu xatırlayanda Kərim diksindi: Çopur Jabbar gözlərini düz ona zilləyib baxırdı. Burda, bu otaqda. Hələ içəri girib otağa göz gəzdirəndə Kərimin ötəri baxışlarına tanış bir sifət dəyimişdi. Onda fərqinə varmamışdı. İndi aydın görürdü. Çopur Jabbar idi, kitab rəfində iri fotosundan Kərimə baxırdı. Hələ bir rişxəndlə, istehzayla irişirdi də... Fotonu Behicə xanıma yazmışdı Çopur Jabbar.
—Jabbar — «Jabbar bəy» deməsi lazım idi, amma ona «bəy» deməyə dili gəlmədi — burdaydımı?
—Evet.
—Nə zaman gəlmişdi?
—Şubatdaydı qaliba — Behicə xanımın soyuq baxışlarında bir şübhə çaları da vardı. Kərim üçün hər şey yavaş-yavaş aydınlaşdı, hətta Behicə xanım sualını verməsəydi də məsələ məlum idi.
Behecə:
—Bir soru sora bilirmiyim, Kərim bey? — dedi.
—Buyurun.
—Siz kommunistmisiniz?
—Kommunist idim. Şimdi nə kommunist partiyası var, nə də kommunistlər. Nədən ilgilənirsiniz?
—Hiç.
İstədi deyə ki, şəklini başının üstündən asıb gülməşəkər saydığın Çopur Jabbar da kommunist idi, həm də bizim partkomumuz idi. Həm də o vaxtlar məni pantürkizmdə suçlayaraq partiyadan qovdurmaq, yəni o zamankı meyarlarla məhv etmək, evimi yıxmaq niyyətində idi. Demədi.
İstəyirdi deyə ki, Çopur Jabbar həm də yoncadır, yəni xəfiyyədir, casusdur, əmniyyət ajanıdır. Demədi.
İstədi deyə ki, Çopur Jabbar həm də bütün Azərbaycanda məşhur rüşvətxor kimi tanınır. Demədi.
Atası qoymadı. Elə bil həyatının bu sayaq məqamlarında həmişə atasının səsini eşidirdi qulaqlarında: Unutma ki, sən hansı nəsildənsən, kimin oğlusan, heç bir vaxt alçaq rəqiblərinin səviyyəsinə enmə. Onlarla onların üsullarıyla mübarizə etmə. Etmək istəsən belə heç bunu bacarmazsan da...
ccc
Danışırdılar ki, Çopur Jabbar rüşvəti nədənsə qadın tualetinin yanında alır. Bir dəfə Kərim Sədyarla Universitetdən çıxırdı, qabaqlarını yekə qarın bir kişi kəsdi. Rayon adamına oxşayırdı. Sifətində yazılmışdır ki, kalandır. Yəqin ferma müdiriydi, ya da kolxoz, sovxoz sədri.
—Bağışlayın, — dedi — burda arvad tualeti hardadır?
Sədyar gülümsündü:
—Jabbar müəllim lazımdır? — deyə nəzakətlə soruşdu.
Tərs kimi ya bəlkə yerinə düşmüş kimi bu vaxt Çopur Jabbar pilləkənlə düşürdü.
Sədyar gözünü qırpmadan Jabbarın şax üzünə:
—Jabbar müəllim, — dedi — müştəri gəlib — əvvəlki kimi nəzakətlə gülümsündü — arvad tualetini axtarır.
Jabbar qızarmadı, qızarası üzü yox idi, amma Sədyar bir kəlmə cavab da vermədi. Kərim fikir vermişdi ki, Çopur Jabbar bircə Sədyardan silir.
Deyəsən elə o gündən qadın tualeti məsələsi qurtardı. Ondan belə Çopur Jabbar rüşvəti kibritlə almağa başladı. Hər zaçot, imtahan qabağı siqareti damağına qoyub:
—Ə, uşaqlar, kimdə kibrit var, — deyirdi.
Uşaqlar məsələdən agah idilər. Kibritin içinə əllilikdən, yüzlükdən qoyub Jabbara uzadardılar.
—Qoyun cibinizə müəllim, məndə bir qutu da var — Tələbə «bir qutu da var», sözlərini xüsusi vurğuyla deyirdi, yəni görək imtahanda qiymətimiz necə olacaq, dalısına baxarıq.
Bütün bunları deməliydi Behicə xanıma. Demədi. Ayağa durdu.
—Çox üzüldüm, — dedi — amma...
Nə «amma?»... Özü də bilmirdi.
—Hoşca qalın.
—Gülə-gülə...
Allahın bir üzürxahlığını da eləmədi Behicə xanım.
Kərim qapını örtdü. Hələ də gözləyirdi ki, arxadan onu səsləyəcək, «düşündüm, başqa bir variant da ola bilər» deyəcəkdi, Kərimi qaytarcaqdı və bütün işlər düzələcəkdi.
Amma kimsə səsləmirdi onu və dəhliz boyu pilləkənlərə doğru gedərkən Kərim düşündü ki, bu dünyada ən çox nifrət elədiyi iki insan varsa, biri Çopur Jabbardı, biri də indi Behicə xanım oldu.
—Oho, Kərim bəy — fikirlərindən ayrılıb dayandı — pilləkənin başında ağuşunu geniş açmış Doğan bəy dayanmışdı. Türkiyə qaydasıyla o yanağından, bu yanağından öpdü.
—Ne hoş bir rastlantı, ne zaman geldiniz?
Doğan bəyin sifətində elə bir mehribanlıq, elə xoş ilıq bir təbəssüm vardı ki, Kərim hər şeyi açıb danışdı ona.
—Ah kafer kızı, allah belasını versin, — dedi Doğan bey — Siz nə kadar kommunistsinizse ben də o kadar kommunistim. Hayatım boyu kommunistlere nefret etsem də. Biz uzmanız canım, uzmana kiymet vermek gerekdir —  Doğan bəy deyəsən Kərimdən də çox hiddətlənmişdi — Efendim bəlamız bu — Türkiye boyle Behece hanımların elinde kalmış. Bana kalırsa onu bölüm başqanı deyil də, heç öyrenci de kabul etmezdim. Yırmı yıl öncə küçük bir roman haqqında 90 sehifelik bir tez1 yazmış, şimdi gidisini büyük uzman2 sanıyor. Allah belasını versin. Rektorla konuşun. Rektor çok iyi bir cocukdur. Pek taleranslı bir insan. Sağçı solcu bilmez, uzmana kiymet verer. Sanırım sizi kırmaz. İstersiniz beraber gedelim.
Rektorun qəbul otağına getdilər. İzmirdəymiş.
—Nə zaman dönüyor?
—Yarın sabah. On bucuqda toplantısı var — dedi katibə — 10-da şuraya gəliniz. Sizi muhakkak görüşdürelim.
—Axı mən bu axşam Ankaraya dönmeliyəm.
Doğan bəy:
—Biletinizi idbal edin, — dedi — yarın rektorla görüşüb öyleden sonra dönersiniz Ankaraya. Rektorla muhakkak görüşmelisiniz. Yüze yüz sorununuzu çözer — kanaetindiyim. Nereyə gediyorsunuz? Arabayla burakılım sizi.
Kərim:
—Əgər İstanbulda qalıramsa bir otel bulmalıyam, — dedi və əlavə etdi — ucuz bir otel.
—Təbii. Nə yazık ki, randevum var, getmək zorundayam, beraber yemek yeyerdik.
—Təşəkkür edirəm. Mənə bir otel tövsiyyə edin.
—Gidelim, arabayla Sizi Taksimdə burakalım. Orda da Sıra Selvlər sokakında küçük otellər çokdur. Size müasid ola bilir.
***
Sıra Selvlər küçəsində üç otelə baş çəkdi. Ən ucuz nömrəyə belə pulu çatmırdı. Nəhayət dördüncü bir otelə — «Vardar» otelinə girdi.
—Mənə bir gecəlik oda, — dedi — ucuz olsun.
Qırmızı xidmət pencəyi geymiş inzibatçı:
—Ucuz otaların hepsi verilmiş, — dedi — çok üzgünüm.
Kərim yorğundu, acımışdı, bayıra çıxmaq istəyirdi: burdan çıxıb getməyə taqəti qalmamışdı.
—Üç oteldə oldum, — dedi — burdan getməyim imkansız. Muhakkak bana bir oda bulacaqsınız.
İnzibatçı diqqətlə Kərimə baxdı. Kərim də ona baxırdı — batıq gözləri, gözlərinin altında qara halələr vardı. Yəqin onun da böyrəkləri xəstəydi. İnzibatçı gözünü Kərimə zilləmişdi, hey baxır-baxır, sanki nə isə düşünür, düşünürdü. Nəhayət:
—Bir oda təklif ede bilerim sizə — dedi — amma...
—Nə amma? Bahalı?
—Yok, çok ucuz, en ucuz odamızdı. 50 bin lirə.
—Kabul.
—Ama...
—Nə amma canım? Rahatlıqlarımı yox — tualet, banyo-filan... fark etməz.
—Banyosu yok, ama tualeti var.
—Tamam. Bir gecə banyosuz keçinərəm. Bu sizin əlli min lirəniz. Anahdarı verin.
İnzibatçı yenə nə isə tərəddüd edirdi və Kərim bu tərəddüdün səbəbini heç cür anlaya bilmirdi.
—Belki önce odaya bakmak istediniz?
—İstəməm. Yataq yeri varmı? Yetər mən.
İnzibatçı açarı yavaş-yavaş Kərimə uzatdı və Kərim liftə doğru gedərkən elə bil kürəyiylə inzibatçının onu uzun-uzun süzdüyünü hiss etdi.
Otaq doğrudan da müsibət idi; Pəncərəsiz, ala qaranlıq, dar... Bir çarpayı, iki kətil, bir dolab, vəssalam. Dolabın güzgüsü vardı, amma lopa-lopa sarımtıl ləkələrdən güzgüdə adam heç özünü də tanıya bilməzdi.
Kərim tualetə keçdi, yüngülləşdi, əl-üzünü yudu, dolabı açıb çantasını qoymaq istəyəndə çaşıb qaldı: dolabın içi pal-paltarla doluydu. Plastmas asılqanlardan bir neçə nimdaş kişi kostyumu, tək dəyişik pencəklər, şalvarlar, yaxaları az ya çox kirlənmiş köynəklər, bir neçə zövqsüz, ala-bəzək ucuz qalstuk asılmışdı. Yuxarı taxçada həsir və fetr şlyapalar, iki kepka və bir yun papaq vardı. Aşağıda isə müxtəlif biçimli, müxtəlif ölçülü beş-altı cüt kişi ayaqqabısı düzülmüşdü.
Kərim: — yaxşı deyiblər ki, «ucuz ətin şorbası olmaz» — deyə düşündü. Nömrəni müştəriyə verməmişdən heç yığışdırıb səliqəyə də salmayıblar. Görəsən döşəküzü, balışüzü də işlənmişdi?
Yorğanı qaldırıb baxdı, yox ağ azacıq nəm, rütubətli olsa da, təmizdi. Balışüzü də təzəydi, üstündə yatan olmamışdı. Çarpayının aralarında ayağı kətilə ilişdi, ufuldadı. «Adamın heç qəbri də dar olmasın» — deyə düşündü və bu ifadədən üşünən, eymənən kimi oldu.
Yaman acımışdı. «Çıxaq küçəyə bir yüngülvari nahar eləyək. Deyəsən bu küçədə ucuz yemək yerləri var».
Liftlə birinci mərtəbəyə enərkən inzibatçıya deyəcəkdi ki, otağı təmizləsinlər, səliqəyə salsınlar. Amma inzibatçı yerində yox idi, ümumiyyətlə otelin holunda heç kəs yox idi. İri armud kimi, ağır pərsəngi olan otaq açarı cibinə ağırlıq edirdi, açarı divardakı qarmaqdan, — üstündə nömrəsi yazılmış qarmaqdan — asdı və küçəyə çıxdı.
Dar Sıra Selvlər küçəsinin o üz-bu üz dükanlar, kiçik otellər, bərbərxanalar, barlar və balaca lokantalar idi. Lokantaların qarşısında dairəvi fırlanan qurğunun üstündə ət parçaları manqalın odunda qızardıqca aşpaz uzun iti bıçaqla ətdən nazik laylar kəsirdi, dönər kabab hazırlayırdı. Kərim lokantaların birinə girib dönər kabab, çoban salatası, koka-kola sifariş elədi. Kiçik lokantada cəmi-cümlətanı dörd masa qoyulmuşdu və vur-tut üç-dörd adam vardı. Divarda yeməklərin, içkilərin qiymətləri yazılmışdı — dönər kabab, Adana kababı, qiyməli pide, iskara, böyrək... Siyahının yanında müsür papaqlı, saqqallı, qoca bir kişinin iri fotoşəkli asılmışdı — Kərim onu tanımadı, yəqin XIX əsrin dövlət adamı, yazıçısı, alimi ya din xadimi idi.
Xidmətçi par-par parıldayan metal boşqablarda dönər kabab gətirdi,  yanında uzunsov doğranıb qızardılmış kartof, kahalı, soğanlı, səbzəli çoban salatası, bir stəkan koka-kola — içində buzu, sümürmə çubuğu.
—Afiyət olsun, — dedi.
Kərim şəkli göstərdi:
—Kim bu adam?
—Babamdır (yəni atasıymış). Rahmetli oldu. Bu lokanta da ondan kaldı bana.
Buranın həm sahibi, həm aşpazı, həm qarsonu idi.
Kərim çoban salatasını duzladı, adamın ağzının içində əriyən, pambıq kimi yumşaq, ağappaq çörəkdən bir tikə aldı. Kakteyl çubuğuyla kokanı sümürməyə başladı və ürəyi sancdı. Artıq bilirdi ki, hər ürək sancısı hansısa bir anımla bağlıdır və hansısa uzaq, çox uzaq bir xatirə yaddaşının dərinliklərindən, lap dibindən süzülə-süzülə gəlir, get-gedə durulacaq,  fotoşəkli kimi aşkarlanacaq və durulub aşkarlananda Səkili bulaq canlandı xəyalında. Səkili bulağın yan-yörəsində bitən lilpər və lilpərin içi deşik zoğuyla sümürə-sümürə içdikləri məcun su. Sancılanmış ürəyini sol əliylə yüngülcə masaj elədi və qarson-aşpaz sahibinin indicə qoyduğu həzin musiqini dinləməyə başladı. Özünün çaldığı gitarayla oxumasını müşayiət edən məlahətli qadın səsi — məşhur Amerika folk müğənnisi Joan Baetsin ifa tərzini xatırladırdı, amma oxuyan türk qızı idi, türkcə oxuyurdu. Hərdən gitarasının simlərindən bir çimdik alırdı, tamamilə müşayiətsiz də oxuyurdu. Kərim xatırladı ki, Sabirabadlı tanışı həkim Ağabəyli alətlə müşayiət olunmayan ifaya — «yavan oxuma» deyərdi. Yaxşı təşbehdir. Yavan oxuma — yavan çörək olan kimi.
Yavan çörəkdən bir tikə də qoparıb qoydu ağzına, çox dadlı çörək idi. Dönərdən də daddı. Dönər bir az yağlı idi.
Mahnının sözlərinə diqqət eləməyə başladı, sözlər tanış gəlirdi.

Geldi keçdi ömrüm benim
Şol yel əsib keçmiş, kibi.
Hala bana şoyle gelir:
Bir göz yumub açmış kibi.

«Yunus İmrə». Əlbəttə Yunus İmrəydi.

İşbu söze hak tanıqdır
 Bu can gövdeye konukdur
Bir an ola çıka gide 
Kafesdən kuş uçmuş kibi.

—Kimdir şarkıçı? — dədə sahib-aşpaz-qarsondan xəbər aldı.
—Yasmin Kumral. Beyendinizmi?
—Çox beyendim.
Yasəmin Kumral. Türk müğənnilərinin çoxunun kaseti vardı Kərimdə. Amma Yasəmən Qumralı heç eşitməmişdi, televiziyada seyr etmişdi, fotosunu da görməmişdi. Bilmirdi cavandı, yaşlıdı, gözəldi, çirkindi, babatdı. Amma bir an Kərimə elə gəldi ki, bu səsin sorağıyla dünyanın sonunacan gedə bilər. Qadının gözəlliyinə, incəliyinə, gülüşünə, saçlarının qoxusuna, qəfil qanrılıb baxmasına, gözlərinin məlahətinə aşiq olduğun kimi, səsinə də vurulmaq, bənd olmaq mümkünmüş demə. Bu səs Kərimi hara çağırsa idi — hər şeyi atıb dalınca  qoşa bilərdi — hər şeyi atıb işini, ailəsini, yaşadığı həyatını, vətənini. Yasəmin Kumral indi başqa bir mahnı oxuyurdu və bu mahnının sözləri də, musiqisi də özünün idi  — belə elan etmişdi. Bu mahnı qovuşmaq haqqında idi.
İki kıta köprülerle İstanbulda kovuşdu,
Amma biz kovuşmadık.
Kərim onu da bilirdi ki, heç bir vaxt bu səsin eşqiylə, sorağıyla heç hara getməyəcək, heç bir vaxt işini, ailəsini, ömrünü ata bilməyəcək və Avropayla Asiya bir az Bizans, bir az İstanbul olan bu əbədi şəhərdə müasir beton-polad zəncirli körpülərlə qovuşmuş¬dularsa da o, Kərim heç vaxt bu səsin sahibinə qovuşa bilməyəcək.
Dönəri yarımçıq qoyub çörəyi axıracan yavan yedi, otuz beş min lirə hesab ödəyib küçəyə çıxdı.
Yasəmin Kumralın melodiyası da Yunis İmrənin kədərli, bədbin həqiqətləri də hələ qulağımda səslənirdi: «Gəldi keçdi ömrüm mənim, şol yel əsib keçmiş kimi...»
Yenə Şuşa, Gövhər Ağa məscidi canlandı gözləri önündə: ani anımla Gövhər Ağanın böyük bacısı Ağabəyim ağanın Yunis İmrə şeriylə eyni kök üstündə köklənmiş ölümsüz beytini xatırlamışdı:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Bütün bunları — ötən ömrünün nisgilini, Ağabəyim ağanı Tehranda, yaxud Çində böyrək kimi saxlandığı şah sarayında Şuşa həsrətini — bu ətrafdakı insanlara, Behicə xanıma, lap elə Doğan bəyə, ayı kimi xoşxasiyyət (ayının xasiyyəti xoşdumu, bilmirdi, amma nədənsə insan ayıya bütün başqa heyvanlardan daha ilıq münasibət bəsləyirdi) Erola, «Varan»ın sürücüsünə, avtobusdakı pırpız qaşlı qonşusuna necə başa salaydı axı? Necə başa salaydı ki, Şuşa yalnız onun, Kərimin xalqı üçün deyil, konkret olaraq Kərimin özü üçün nə idi, nə demək idi, onu itirmək nədir, nə deməkdir? Xan qızı bulağının, Vaqifin, Nəvvabın məzarlarının, Hacıquluların, Mehmandarovların evlərinin, Məmai məscidinin yad tapdağı altında olduğunu düşünürkən təpəsindən tüstü çıxmaq nə deməkdir? Görəsən Türkiyə türkcəsində təpəsindən tüstü çıxmaq varmı? Yoxdursa qarşılığı oxşarı nədir?
Şər qarışırdı, axşam ala-toranlığında reklam işıqları bərq vururdu. Taksimdə ala-bəzək hərifləri bir-birini təqib edərək axıb gedən işıq-qəzet, yenə Qarabağ olaylarından AQİK—ATƏM təşəbbüslərindən, Jümhur Başqanı, Başbakanın açıqlamalarından yazırdı. Kərim isə Bakıda televiziya ekranında gördüyü yeddi yaşlı Şuşalı qızın dediklərini xatırlayır ürəyini kiminsə güclü əli içində xıncım-xıncım sıxıldığını duyurdu.
Şuşada evimiz vardı, atam vardı, həyətimizdə ağac vardı.
Vardı, vardı, vardı... Yoxdur, yoxdur, yoxdur...
Sonra qızcığaz: — hər gecə yuxumda görürəm ki, həyətimizdəki ağacımız çiçək açıb — dedi.
Kərim haçansa oxuduğu qədim bir tarixi rəvayəti xatırladı. Türk xanı çinlilərə əsir düşür. Çin imperatoru ona hər cür hörmət göstərir, adına-sanına layiq şəkildə saxlayır xanı, amma xan heç kəslə dinib-danışmırmış, heç eyni açılmırmış, bircə dəfə də gülümsəməyib.
Bir neçə il bu sayaq sükut içində sürüb ömrünü. Gecə-gündüz gözlərini bir səmtə — doğma yurdu səmtə sarı zilləyib susurmuş. Salnaməçi bu əhvalatı bircə cümləylə tamamlayır: beləcə baxdı, baxdı, bir gün öldü.
Kərimin bu əhvalat — insanın gözə görünməz, səsi eşidilməz içəri dünyasının, hamıdan gizli pünhan dərdlərinin ən parlaq ifadəsi idi. Ruhun sozalması.
Kərimə elə gəlirdi ki, əsir xanın bu ruh yarasını, nisgilini, qəribsəməsini ifadəsi üçün söz tapılmayan və odur ki, haqqında yalnız susula bilən ağrılarını sonacan, dibinəcən duyub hiss edir.
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi,
Nə qəribə şeydi şer — bir misrayla nəsrin bir hekayədə, ya romanda deyə biləcəklərini deyir. Kərim ədəbiyyat adamı idi, ömrü ədəbiyyatla, kitablarla, şer misraları, mətinlər içində keçmişdi və bu Kitabstan dünyası onun üçün gerçək dünya qədər real idi, xatirələrlə, acılarla, sevinclərlə dopdolu idi. Ömrün keçib getməsi haqqında Ağabəyim ağanın misrası, bir göz qırpımında itməsi barədə Yunis İmrənin sözləri yadına başqa mətnləri saldı. Ömrün sonu haqqında dünya ədəbiyyatının ən gözəl hekayələrini — Tolstoyun «İvan İliçin ölümü» hekayəsini, Çexovun «Üzücü əhvalatını», Tomas Mannı «Venitsiyada ölüm»ünü, Buninin «San Fransiskonun cənab»ını, Heminqueyinin «Kilimancaro qarları»nı. Ölüm ərəfəsi, ölümqabağı ovqat, ölümün soyuq nəfəsinin ürəyə əsməsin, ölüm xofunun ürəyə damması, ölüm hənirtisinin ön duyumu və yaşanılmış ya yaşanılmamış, yistəyincə yaşanılmamış, yaşanıla bilməmiş ömrün son götür-qoyu, son haqq-hesabı, son saf-çürüyü... Niyə belə? Niyə belə? Niyə onu etmədim, bunu etdim? Niyə bunu etdim, onu etmədim? Niyə elə yaşadım, belə yaşamadım? Ümumiyyətlə belə yaşamamın mənası nə idi — son sorğu-sual, son peşmançılıq, sonrakı peşmançılığın fayda verməzliyi və yaxud daldan atılan daşın topuğa dəyməsi. Kərim elə insanlar tanıyırdı ki, yaşamırdılar, gün keçirirdilər — kef-damağ mənasında. Və elə insanlar da tanıyırdı ki, onlar da yaşamırdılar, ömürlərini cəza müddəti kimi sürürdülər, sönük, solğun günlərini bir-birinə calayırdılar. Rəsul Rzanın şerini xatırladı:

Deyirlər axşamlar kədər gətirir
Deyirlər can sıxır qaranlıq gecə
Deyirlər... deyirlər... 
Gündüzlər necə?
Gündüzlər səbirsiz gözləyirik ki, 
Bir axşam olsun, bir gəlsin gecə.

Bəli, insanların böyük qismiyçün həyat — yalnız gözləmədir — gözləyirlər ki, axşam düşsün, gecə gəlsin — qərib, cansıxıcı axşam, uzandıqca uzanan zülmət gecə... Səhəri gözləyə-gözləyə səhəri diri gözlə açmaq üçün. Həm də hər açılan səhər onlarçün bir bayram deyil, kainatın ən böyük möcüzəsi deyil — yalnız, yalnız gündüzü, sonra axşamı, sonra gecəni gözləmək üçün növbənin bir mərhələsidir, əbədi bitib tükənməz bir gözləmə növbəsinin.
Bəlkə elə doğrudan da həyat bir cəza müddətidir, çəkib sona yetməlisən. Sonu, — sonluğu, filanı gözləyirik — avtobus, tramvay dayanacaqlarında gözlədikcə gözlədiyimiz, gəlib çıxmaq bilməyən minik kimi gözləyirik. Hara aparacaq bu minik bizi — yeni bir gözləmə məntəqəsinəmi? Doğum evindən məzara doğru gedən bu üzücü yolun hər addımı, hər qarışı, hər anı, hər günü, ili gözləmə, gözləmədir. Zökəmin keçməsini gözəlyən kimi, aylıq maaşı gözləyən kimi, təqaüdü gözləyən kimi sonu, son pərdəni gözləyirlər onlar. Onlar, yəni kimlər? O özü, Kərim də onlardan biri deyilmiydi?
Amma axı ayrı cür yaşayanlar da vardı. Məsələn, tutalım elə Sədyar. Kərim ömrü-boyu heç kəsə paxıllıq eləməmişdi, heç kimin həsədin çəkməmişdi. Sədyara da paxıllığı tutmurdu — nə «Mersedes»inə, nə bulvarın yanındakı Alimlər evində — akademik qaynatasından miras qalmış beş otaqlı — dəbdəbəli mənzilinə, nə Pirşağıdakı villasına, nə ciblərinə sığmayan manatına, rublinə, lirəsinə, dollarına, nə də indi yəqin ki, ağuşuna çəkdiyi Nataşasına — ya adı Nataşa deyildi, Nadejda idi deyəsən? Amma öz armızdı deyəsən Nataşada, Nadejdadan bir balaca sən də kəsirsən... heç də bəd deyildi. Qaracaoğlan demişkən:
Yaylanın qarından ağ bəyaz döşü
Yıxılıb üstündə öləsin gəldi.
Bu «sirli-soraqlı kainatda» Kərim tək bir varlığa paxıllıq edirdi — allaha, Əstəğfurulla. Həmişə belə zənn edirdi ki, həyat allahla insanın müştərək, ortaq əsəridir, amma allah bu əsərin süjetini, ən önəmlisi isə sonluğunu bilir, insan yox. Kərim lap qədim qədim sufilər sayağı insanı allaha tən bilirdi və ikisinin də mövcudluğundan şəkk-şübhə etməsə də, kimin kimi yaratdığından qəti əmin deyildi. Allahmı insanı yaratmışdı, insanmı allahı? Axı insan üçün allah — yalnız onun, insanın təsəvvüründə olan allahdır, başqası ola bilməz və deməli bu allah da onun təsəvvüründə, anlayışında, şüurunda olan varlıqdır və belə olan surətdə təsəvvür, şüur da gerçəklik qədər real anlayışdır. Və hər sönən insan şüuruyla bərabər allah da qeyb olub yenidən yeni, başqa bir şüurda, təsəvvürdə yenidən yaranır.
Amma kimin ilkin, kimin ikinci yaranmasına rəğmən, bir həqiqət də danılmazdı — allah bilirdi. Hər şeyi bilirdi. İnsan bilmirdi. Bəlkə də bu insanın xoşbəxtliyi idi. Füzuli demişkən «Bilməzlik ilə xoş idi halım» və yenə də Füzuli demiş «Hikməti — dünyavü mafiha bilən arif deyil. Arif oldur bilməyə dünyavü — mafiha nədir...»
Allah olmuşları da bilirdi, olanlar da, olacaqları da... İnsan nə olmuşları bilirdi — yalnız özü kimi başqa insanların şəhadətinə, tanıqlığına inanmaq zorundaydı, — nə olanlardan baş açırdı. Olacaqlardan isə büsbütün xəbərsizdi.
Allahın qüdrətinə və müdrikliyinə həsəd aparmırdı Kərim. Hər şeyi bilməsinə paxıllığı tutmurdu. Bütün insanların — Adəmlə Həvvadan ona, Kərimə qədər dosyesi vardı allahda — hər hərəkətinin, hər fikrinin, hətta hərəkətə çevrilə bilməmiş niyyətinin, düşüncəsinin, düşüncə qırğının, ani bir istək qığılcımının — hamısının yerli-yataqlı siyahısı, kataloqu allah-talanın bitməz-tükənməz, sərhədsiz və sonsuz hafizəsində həkk olunmuşdu. Həm də hadisələrin yalnız kökünü, mənbəyini, onlara təkan verən səbəbləri deyil,  onların beş dəqiqə ya beş min il sonrakı nəticələrini, sonluqlarını, bəhrələrini də bilirdi.
...və bizim hər birimiz haqqında da hər birimizin özü-özü haqqında  bildiklərindən qat-qat artıq bilirdi. Ölçüyə gəlməz dərəcədə artıq. Hətta İsa, Musa, Məhəmməd, Budda, Konfutsi, Nizami, Monten, Şekspir, Dostayevski, Marsel Prust, Freyd — hamısı bir yerdə insan haqqında allah bildiklərinin milyonda birini bilmirdi. Çünki allah hər bir insan qəlbinin ən xəfif titrəyişlərini, insan şüurunun ən narın tərpənişlərini, bütün başqa insanların, keçmişin və gələcəyin kontekstində — qarşılaşmasında və qarşıdurmasında, irəli-geri hərəkətində, müqayisə və mübarizədə bilirdi. İnsan bunu bilməzdi. Bəlkə də heç bilməməliydi və bu da allahın bildiyi müdrik sirlərdən biriydi.
Bir saatdan sonra nə olacaq? Bir saatdan sonra Kərim otelinə qayıdacaq. Birdən qayıtmadı, məsələn başına daş düşdü, öldü? Əstəğfürulla! Kiş, kiş. Qulağını çək. Yox, bir saatdan sonra mütləq oteldəki dar otağına qayıdacaq. «Qəbir kimi dar» otağına. Yenə bu məşum təşbeh. Otağını xəyalında canlandırıb eyməndi. Ora nə qədər gec qayıtsa — o qədər yaxşıdır. Ancaq yatmağa.
Yorulmuşdu, amma heç yuxusu gəlmirdi. Bilirdi ki, uzun zaman yata bilməyəcək. İçini dolduran fikirlərdən, ürək sancısından qorxurdu. Burda, küçədə, adamların qələbəliyində, düşüncələri, anımları içini didib-töksə də — onları dağıtmaq, ətrafa səpələmək, qarşılaşdığı insan sifətlərinə paylamaq, maşın səslərini, küçə hay-küyünün qarışığında əritmək olurdu. Dar odanın qaranlığında, sükutunda bütün ağlından keçənlər ürəyinə dolanlar qurd olub içini yeyəcəkdi.
«Otelə yalnız lap yorulub, əldən düşəndən sonra qayıtmaq lazımdı» qərarına gəldi. Amma yarımmürgülü avtobus gecəsindən, bu günün həyacan və sarsıntılarından sonra küçələri hadırlamağa da taqəti, heyi qalmamışdı. Ayaqları batman olmuşdu, güclə yerdən ayırırdı onları. Sədyarın çəkmələrinə alışmış kimi idi. Amma avtobusda ayaqları şişdiyindən indi yamanca sıxırdılar. Ömrü-boyu arzusu İstanbula getmək, gecə-gündüz İstanbulu pay-piyadə, belədən-belə gəzmək, altından vurub-üstündən çıxmaq idi. Və indi bu arzusu həyata keçərkən icrası imkansız olmuşdu. Ayaqlarını sürüyə-sürüyə gəlib sahilə çıxdı və iskələnin üstündə «Üsgüdər» sözünü oxuyanda, yəni gəmilərin o taya, qarşı sahilə, Üsgüdə səmtinə bu iskələdən üzdüyünü biləndə başına yaxşı bir fikir gəldi.
Vapura minib — bilet baha deyil, beş min lirə — Boğaziçi ilə üsgüdərə gedib, qayıdım. Boğaziçinə füsünkar bir axşam çökürdü. «Otur göyərtədə, dənizi, İstanbulun Avropa, Asiya sahillərini seyr elə özünçün. Geri dönəndə də yatmaq vaxtı gəlib çıxar — gedərsən otelə, başını atıb yatarsan» hardasa oxuduğu məzəli ad-familiya düşdü yadına: Atdıyatdı, Batdıqaldıyev.
Beş min lirə verib jiton aldı kontrolun dəliyinə atıb iskənənin gözləmə salonuna getdi. Gəmi artıq iskənəyə yan almışdı. Onu yorğun dəniz kəndirləriylə bağlayarkən göyərtədəki gənclər trapı — taxta sal körpücüyü — gözləmədən hövsələsizliklə sahilə atılırdılar. Sonra daha sinli, təmkinli, ağır sərnişinlər də trapla sahilə endilər, gəmi boşaldı və dünya umurunda olmayan, bəlkə də Kərim kimi yalqızlıq səbəbindən heç yerə tələsməyən son sərnişin aramla sahilə çıxdı, tənbəl-tənbəl addımladı və yalnız o, binanın tinini burulub gözdən itəndən sonra xidmətçi qapıları açdı? Yeni sərnişin axını iki mərtəbəli «Şəhid Akbulut» gəmisinin iç salonlarını və açıq göyərtələrini doldurdu. Kərim ön göyərtədə oturdu. Az sonra vapur fit verib yola çıxdı.
Kərim İstanbulun təkrarsız müsəlman-xristiyan siluetlərinə baxırdı — məscid, minarələrin, qübbələrin, Aya Sofiya, dairəvi Genuya qülləsinin yoğun gövdəsinin axşam işıqlarında bərq vuran Çırağan sarayı, Boğaziçindəki mayaklar, quyular, iri gəmilərin, orta vapurların, kiçik barkasların, matorlu qayıqların işıqları... Düşünürdü ki, insan ömrü nəinki uzaq çağlarından xəbərsizdir; heç bir saat öndəkini də bilmir. Bayaq bir saatdan sonra oteldəki otağında olacağını düşünmüşdü. Demə bir saatdan sonra vapurla Mərmərə dənizinə çıxacaq, başqa bir qitəyə, Asiya torpağına qədəm basacaqdı.
«Bayaq» sözü yadına bir türk bayatısını saldı — Türkiyə türkləri «mani» deyirlər. Yəni «bayaq»da demirlər, «demin» deyirlər, amma bu misralarda «bayaq» sözü ilişib qalıb:

Dünyaya yayaq gəldim
Yatmadım oyaq gəldim.
Ömür deyir: yüz ildir.
Könül der bayaq gəldim.

Könlü nə deyirdi kəlmə; doğrudanmı bayaq gəlmişdi bu dünyaya?  Üa  yüz  il  qabaq?
İki qitəni birləşdirən k¬ö¬rpünün indi yalnız silueti sezilirdi, körpünün üstündə o taydan-bu taya, bu taydan-o taya şütüyən bitib-tükənməz maşın axınının işıqları uzaqdan kiçicik böcəkləri, gecənin qaranlıq fonunda havada uçuşan işıldaquşları andırırdı. İnsan da quş kimi bir şeydi. Bir saat sonrakı aqibətini bilməyən biçarə sabahını, gələn ayını, ömrünün sonuna neçə  il qaldığını hardan bilsin?
Kərim dua etməyi bacarmırdı, amma allaha son vaxtlar yalnız tək bir xahişlə müraciət edirdi: «İlahi səndən uzun ömür istəmirəm, amma bir işarəylə, bir eyhamla bircə onu mənə qandır ki, nə qədərim qalıb — bir il, beş il, ya bəlkə... deməyə də dilim gəlmir... on il... Mən də işimi bilim».
Allah susurdu.
Gəminin reproduktorundan Kərimin çox sevdiyi köhnə bir türk mahnısı sələnirdi.

Burası Muşdur 
Yolu yoxuşdur
Geden gelmiyor,
Aceb ne işdir.
Bura Yemendir
Çölü çemendir
Gedenler gelmez
Aceb nedendir?

Əsrin əvvəllərində Yəməndə əsgərlik çəkib çox vaxt geri dönməyən mehmetciklərin, onların yolunu gözələyənlərin həsrəti çökmüşdü bu mahnıya.
İki saatdan sonra otağında olacaqdı. Yatacaq, yuxulayacaqdı. Bəlkə yuxusunda heç bir vaxt olmadığı Yəməni görəcəkdi. Ya əvvəllər hər yay getdiyi Şuşanı, Jıdır düzünü, Xarı bülbül gülünü... Sonra səhər açılacaqdı, nə Jıdır düzü qalacaqdı, nə Xarı bülbül... Durub Universitetə gedəcəkdi. Rektorla görüşəcəkdi. Görəsən məsələ necə həll oluacaqdı.
Kərimin istədiyi baş tutacaqdımı? Allah bilir. Ay sağ ol. Bax məsələ də elə bundadı. Məhz elə belədi. ALLAH bilir. ALLAH bilir. Yalnız və yalzız ALLAH. Hər şeyi tək bir o bilir. Rektorla sabahkı görüşdən də agahdı. Rektorun nə deyəcəyini də dəqiq bilir. Məsələnin elə, ya belə həll olunacağından dolayı Kərimin qızının gələcək taleyindən də xəbərdardı əlbəttə... İlahi, sındırma məni, türklər demiş, qırma — deyə Kərim allaha yalvarırdı — elə et ki, istədiyim baş tutsun. Yoxsa mən Bakıya, evimə, aləmin yanına («fərsiz», «aciz», «avara»), iş yerimə, («eşitdin də hərif əli ətəyindən uzun qayıdıb») necə dönəcəm? Javabı məchul olan bu sual beynində nəbz kimi döyünürdü, bu sorğunun cavabını yalnız Allah bilirdi və Kərimin allaha paxıllığı tuturdu. Həm paxıllıq edirdi Allaha — deməli  onun varlığına da yüzə yüz inanırdı, həm mərhəmət umurdu ondan, həm də bir az qorxurdu. Az, lap azacıq qorxurdu, çünki Allahın qarşısında heç bir günahı, heç bir pis əməli üz qaraldan ayıb işi yoxdu, Allah ədalətlidirsə hər şeyi cikinə-bikinə qədər bilirsə, Kərimin tərcümeyi-halını yaxşılıq, pislik anketini əməlli başlı araşdırıb.
Vapur indi Asiya tərəfinə yaxın üzürdü. Kərim sahil boyu sıralanmış bir-birindən yaraşıqlı gözəl evləri, villaları aydın görürdü. İki ya üç mərtəbəli xurmani binaların hərəsi bir rəngdə, bir biçimdə idi, bir-birinə bənzəməyən memarlıq layihələriylə bir-birindən fərqlənən tikinti materialları ilə inşa edilmişdilər. Boğaz içinə çıxan eyvanlarının altında çoxusunun motorlu qayıqları, bəzilərininsə yaxtaları vardı. Yaxtaların ala işıq kayutlarından sulara işıq zolaqları süzülürdü, dənizin üzündə, ayın ziyasında gümüşü düyməciklər sayrışırdı. Kərim bu villaların içəri aləmini də təsəvvür edirdi. — televiziya ekranlarında, rəngbərəng jurnallarda çox görmüşdü belə zəngin dizaynerləri.
Villaların — evlərin içi yumşaq mebellə, xalılarla döşənmişdi, həyətlərində cənnət bağı kimi bağçaları, hovuzları vardı. Uzaqdan komanda aləti — rele ilə açılan qarajlarının içində iki ya üç lüks avtoları vardı, həyətdə ayrıca fin hamamları — saunaları, tennis kortları, zirzəmidə içki ambarları, birinci mərtəbədə bilyard otaqları, meydan boyda qəbul salonları, çeşid-çeşid süstlənmiş güzgülü barları, damda, soryarilərdə özlərini günəşə verən bikinili, nərmə-nazik xanımları dünyanın bütün telestansiyalarını tutmaq üçün nəhəng boşqab — antennaları vardı. Bu villaların sahibləri gündüzlərini göydələn holdinqlərin yüksək mərtəbələrində işgüzar adamlarla ünsiyyətdə, kompüterlərlə, fakslarla, kosmik əlaqəli cib telefonlarıyla, ən uzaq şəhərlərlə bağlanmış ofislərində mənfəətli danışıqlarda keçiridilər, avtomabillərinin içindəcə Nyu-Yorka, Sinqapura, Rio-de Ceneyroya telefon edirdilər. Axşamlarını yaxtalarda, bahalı restoranlarda, zəngin ziyafətlərdə, gecələrini kazinolarda, nayt-barlarda, dekolteli, cəvahiratlı, ətirlənmiş, süslənmiş qadınların əhatəsində, qışlarını ulu dağda, kayaklı1, əyləncələrlə, idmanla, yaylarını Antalya çimərliklərində, dalğıclar, qəvvaslar klublarında keçirir, dənizaltı ova çıxış, su xizəklərində gəzir, qolf oynayır, bilyard oynayır, cıdırlarda oynayır, qumarxanalarda oynayır, dansinqlərdə oynayır, oynayır, oynayırdılar.
İstanbulun, Ankaranın gecəqondularında da insanlar yaşayırdı. Mil, Muğan düzlərini qaçqın çadırlarında da. Nəsil-nəsil sahil parapetləri qoyub bir nimdaş kilimin üstündə dünyaya gəlib ömür sürüb, doğub-törəyib ölənlər də insan idi. Dənizdə qayığın içində yaşayanlar, sübh o başdan gün çırtlayanda gözlərini açıb suya tor atanlar, arvad-uşaqla bütün ömrünü bu balıqçı qayığının içində keçirən, ayla, ulduzla, yatıb duranlar da insandır. Allahın haqq-hesab kitabı nədən belə nataraz bölünmüşdü və onun — Kərimin yeri hara daha yaxın idi? Daha doğrusu hardan daha uzaq idi —  Beş ulduzlu otellərdənmi, gecəqondulardanmı? Ya hər ikisi göydəki ulduzlar qədər uzaq idi ondan?
Məmləkətmi, yıldızlarmı
Gəncliyimmi daha uzaq
Qayınların arasında
Bir pəncərə-sarı-sıcaq.
Bəs onu, Kərimi çağıran sarı, sıcaq pəncərənin istisi, işığı hardan gəlirdi? Bakıdan? İstanbuldan? Şuşadan?
«Yeddi tepeli şeherimde burakdım qönçe gülümü».
Yeddi təpəli şəhərində — İstanbulda itirmişdi gülünü Nazim.
«Nə ölümdən qorxmaq ayı
Nə də düşünmək ölümü»
Kapitalizm cəhənnəmindən canını qurtarıb, kommunizm cənnətinə gəlmiş Nazim də kommunizm cənnətinin göbəyində — Moskvada həsrətdən özü demiş «gəbəriyordu»
Mühacirlik ölümdən betər,
Ah gülüm, ah gülüm
Məmməd Əmin də Kommunizm cəhənnəmindən qurturub kopitalizm cənnətinə qovuşmuşdu və dilində «Azərbaycan», «Azərbaycan» kəlmələriylə can verirdi.
—Çay, çay saleb, simit.
Mərmərədən əsən rüzgar xeyli şiddətlənmişdi, bütün göyərtədəkilər qaçıb içərilərə doluşmuşdular. Göyərtədə Kərim yalqız qalmışdı, boynuna həsir zənbil keçirmiş vapor satıcısının keşidli  təklifləri də ancaq ona aid idi.
—Çay, çay, çay istəyən varmı? Saleb, simit...
Kərim başını buladı:
—Təşəkkür edirəm, istəməm.
Satıcı getdi və göyərtə tamam boşaldı. Əməlli başlı soyuq idi. Kərim üşüyürdü, həm də acımışdı. Elə bil bir saat bundan əvvəl nahar eləməmişdi heç. Nahaq o dönər kababı axıracan yemədi. İndi də satıcının təklifini nahaq rədd etdi: heç olmasa simitlə — bubliklə qurdunu öldürərdi.
Dalğaqıranın üstündə cərgəylə düzülmüş martı quşları da elə bil üşüyürdü, büzüşüb bir-biririnə qısılmışdılar. Bu büzüşmüş quşlar, mayakların, buyların, gəmilərin, uzaq evlərin soyuq, namehriban işıqları, vapurun ləngəri elə bil hansısa bir filmin kadrları idi və Kərim bu filmin iştirakçısı yox, seyrçisi idi, nədən bu filmi seçdiyini əməlli-başlı anlamayan seyrçisi: «Doğrudan da nə itim azıb mənim burda — yorğun-arğın, yarıac, pulsuz, hər şeydən bıkıb usanmış, min bir qayğıdan tıx deyincə doymuş, ahıl bir kişi, nə idi belə təzə bir dolanışığın sevdasına uyub gəlmişdi bura? Niyə hədər keçmiş ömrünün bu son qısa kəsimini də boşuna xərcləmək istəyirdi? Niyə ömür boyu həmişə kiməsə borclu olduğunu düşünə-düşünə yaşadı? Və bu borcdan nə zaman qurulacaqdı? Kimə borcluydu ki? Hamıyamı? Nə vaxtacan özünü aldadacaqdı ki, hələ hər şey qabaqdadır, yaxud heç olmasa irəlidə nə isə, nə isə var?  Heç nə yoxdu qabaqda. Arxada da heç nə olmadığı kimi... puç yaşanmış bir ömrün yükü vardı belində, belini əymişdi... Vəssalam, şüttamam.
...və hətta bu mənasız həyatı belə kinolenti kimi geriyə fırladıb bir də yenidən yaşamaq mümkün deyildi.
Bir fərziyə də var axı. Guya bu həyat bitəndən sonra, onun son daş qapısının — məzarın dalında, başqa, yeni bir həyat başlanır. Amma o həyatda — əgər o varsa — burdakı ömrün yaddaşı qalacaqmı — bu İstanbul axşamının, Mərmərədən əsən bu ruzgarın, «bura Yəməndir» mahnısının, Qara dənizdən Ağ dənizə yollanan bu iri, bəyaz gəminin, Qırx qız yaylağında duman içindən sehrli nağıl kimi, xəyal kimi görünən motal papaqlı çobanların siluetinin, Kür səfərində qayıqlarının burnunda yuva quran, Səlyandan Sabirabadacan onlarla gedən quşun, anasının oxuduğu «Laçın» mahnısının, atasının yalqızlığının, anlanılmamaq dərdinin, Buzovnada, bağda bir budağı qara, bir budağı ağ tut gətirən ağacın xatirələri, Yasəmən Qumralın səsi — yaddaşında ora-bura vurnuxan, bir-birini itələyən anımların, sözlərin, səslərin tünlüyünü qoruyub saxlaya biləcəkmi hafizəsində — O TAYDAKI hafizəsində?  Bu dünyadan o biri dünyaya aparılası yeganə sərvət — yaddaşıydı, yaddaşının dəyərləri idi. Əgər yaşadığın ömür hafizəsindən silinəcəksə, atılacaqsa, unudulub itəcəksə deməli həyatın davam etmir, yenidən yaşamağa başlayırsan, sıfırdan. Bu isə tamam başqa bir şeydi. Yoxluqla başlayıb, yoxluqla bitən bir şey. Bir də təzədən başlamaq bu mənasız süjeti? Dəyərmi? Yaşadıq, gördük...
Uşaqlıqda Kərim haçansa öləcəyinə uzun zaman heç cür inana bilmirdi. «Mən böyüyəndə elə bir dərman tapılacaq ki, insanlar ölməyəcək». Ölümsüzlüyünə ən böyük inam ondan doğurdu ki, düşünürdü: axı necə ola bilər, mən olmayım? Yaşayıram, görürəm, eşidirəm, bir gün bunlar hamısı yox olacaq? Axı bu necə ola bilər? Mən özüm harda olacam bəs?
Bu sadəlövh nikbinliyə bir gün eyni cürə sadə, amma dəhşətli bir fikir son qoydu: Yaxşı, sən dünyaya gəlməmişdən harda idin? Heçlikdə.
Atanla anan təsadüfən rastlaşmasaydılar, bir-birlərini bəyənməsəydilər, aralarında istək oyanmasaydı  — heç olmayacandın da. Ana bətnində yaranıb dünyaya gələnəcən də səninçün heç nə yox idi...¬ Nə adamlar, nə küçələr, nə ağaclar, nə ulduzları salxım-salxım sallanmış bu göy qübbəsi... Eyni cür də olacaq — sən öləndən sonra; səninçün nə göy qalacaq, nə dəniz, nə insanlar. Yalnız boşluq, boşluq, zifiri qaranlıq, yoxluq.
Gəmi sahilə yan aldı. Yoğun dəniz kəndirini sahilə bərkidirdilər.
Nə qədər qalıb görəsən, nə qədər qalıb sona — heçliyə, boşluğa, yoxluğa. Hamlet demişkən: «Sonrası — sükut».
Əşi, nə üzürsən özünü, nə olur-olsun. «Rektorla söhbət alınmasa, saqqızını oğlurlaya bilməsəm, razı sala bilməsəm, qayıdacam geri. Dedi-qodu edəcəklər — beş gün, on gün, bir ay sonra hər şey unudulub gedəcək. Jehiz məsələsinə də birtəhər əncam çəkərik. Bütün insanlar necə ərə gedir, evlənir, hamı mənim kimi ürəyinin yağını yemir ki... canıma cəfa basıb bir pullu kəmsavada yox, on pullu kəmsavada dissertasiyalar yazaram, varımızı-yoxumuzu satarıq — evdə ən qiymətli şey atamdan qalma və özümün yığdığım kitablardır, onları da sataram, daha nəyimə lazım olacaq? Daha nə qalıb ki, axıra?... Sədyardan üç-dörd il müddətinə borc alaram. Bu çıxış yollarının nə ağrı, nə çətini, dözülməzi idi və bəlkə də mümkünsüz idi. Amma bundan betəri də vardı, nə qədər fikrindən qovmaq istəsə də, ehtiyat variant kimi bunu da tutmuşdu zehnində. Fikirlərində, hər yerdən əli üzüləndə qərarlaşdırırdı da: bəd başına Sədyardan xahiş edərəm, hər şeyi açaram ona, yəni onsuz da vəziyyətimdən agahdır. Bəli, xahiş edərəm, məni qəbula salsın və bir dəfə, bircə dəfə şeytanın qıçını sındırıb mən də o arvad tualetinin yanına gedən yekaqarınlardan birinin qulağını kəsərəm, alışqanım olsa da, bir dəfə də mən kibrit istəyərəm.
Hava lap qaranlıq idi. Amma Kərim qaranlıqda da hiss elədi ki, üzü pörtüb, qulaqları yanır. Fikirlərinin xəcaləti idi — üzünü qızardan?
Sədyar əlbəttə onu başa düşəcəkdi. Kərim elə gəlirdi ki, belə söhbət baş tutsa Sədyar hətta sevinəcəkdi. Sədyar kimi adamlar dünyada heç bir insanın sonunacan təmiz, ləkəsiz qalacağına inanmırlar. Geci-tezi var — deyə düşünürlər. Və düşündükləri gec-tez təsdiq olanda sevinirlər. Elə bir öz vicdanları üçün də bir təsəlli tapırlar. «Bəs necə? Mən deyərdim də... Əşi əlbəttə... Axır-əvvəl... Yazıq neyləsin axı... Hə də, əlbəttə, başa düşürəm. Hər şeyi başa düşürəm, amma Kərim daha sən də, sənin Qiyas dostun da özünüzü vicdan mücəssəməsi kimi aparmayın, hamıya pis gözlə baxmayın... Hamımız insanıq, hərənin bir səviyyədə ehtiyacı var, — insan çiy süd əmib... Hələ onu demirəm ki, südün qiyməti də günü-gündən bahalaşır, ha, ha, ha... Qud bay, əzizim, ay, oy, brat».
Bir dəfə, bircə dəfə mən də büdrəsəm, dünya dağılmaz ki... Yəni allah günahımdan keçməz? Axı allah hər şeyi görür. Hər şeyi məndən yaxşı bilir...
— Efendim, inmiyormusunuz? — gəmi xidmətçisi idi.
Vapur çoxdan sahilə yal almışdı, bütün sərnişinlər gəmini tərk etmişdilər, tək bir Kərim qalmışdı.
—Mən geri dönəcəyəm.
—Vapurdan inib yenidən bilet almanız gerekiyor, efendim.
Kərim belə də etdi.
Avropa sahilinə dönüb iskələdən çıxanda otelə qədər getməyə heç taqəti qalmamışdı. Ürəyi də arabir iynə-iynə sancırdı.
Qabaq şüşəsinin üstündə «Taksim» yazılmış nimdaş, sınıq-salxaq dolmuşu  görüb əl qaldırdı, mindi. Ankarada da bir neçə dəfə dolmuşa minmişdi. Bir müşahidəsi burda da təsdiq olunurdu: nədənsə dolmuşa minənlər heç vaxt bir-biriylə danışmırdılar, təmasda olmurdular. Avtobusda, tramvayda sərnişinlər bir-biriylə ünsiyyətdə olur, danışır, zarafatlaşır ya mübahisə edirdilər. Dolmuşlar isə axıracan dolsalar da — qabaqda sürücüdən başqa iki nəfər, üç nəfər ikinci sırada, üç nəfər dal sırada — sərnişinlər yalnız səssizcə yol parasını sürücüyə ötürür, artığını geri alır və susur, susurdular. Lap hüzr yerində ölümün ilk saatlarında olduğu kimi.
Dolmuş «Taksim»də, Atatürk Kültür Mərkəzinin sağ tərəfində dayandı. Kərim otelinə tərəf getdi. Sağ əldəki bağda oleandrlar çiçək açmışdı, ətirləri qazonlarda təzəcə çalınmış otların ətrinə qarışır, adamı məst edirdi. Mayısdan gözəl, ətirli ay varmı? Bu ətirlərin vəd etdiyi səadət, bəxtyarlıq nə qədər yaxın və nə qədər uzaq idi.
Otel bomboşdu. İns-cins yoxdu. İnzibatçı da yerində deyildi, hansı otağın açarını istəyirsən götür get aç. Kərim təbii ki, öz nömrəsinin açarını götürdü. Lift birinci mərtəbədə idi, qapısı da açıqdı. Beşinci mərtəbənin düyməsini basdı... Otağına girəndə nömrənin kəsif, boğuq havası ürəyini bulandırdı. Pəncərəsi də yox idi ki, açsın. Bir müddət qapını açıq qoydu, amma bu otağın havasına təsir etmədi, çünki dəhlizin özünün də havası nəm idi, rütubətli idi, elə bil otağın da, dəhlizin də bütün divarlarını kif basmışdı.
Kərim qapını örtdü, əl-üzünü yudu, soyundu. Otaqda indi bircə kətil vardı, elə bil çox matah şey imiş, ikinci kətili aparmışdılar. Dəqiq yadındaydı ki, bayaq iki kətil vardı. Deməli Kərim olmayanda otağa giriblərmiş. Görəsən dolabdakı pal-paltarı yığışdırıblarmı?
Dolabın qapısını açdı. Bayaqkı paltarlar cabeca yerində idi, nimdaş kostyumlar — boz, sarımtıl, zolaq, zolaq, dama-dama, boynu qərtmək bağlamış, yaxası köhnəlikdən parlayıb işıldayan qara pencəklər, ləkəli plaş, dirsəyi süzülmüş ratin palto, həsir və fetr şlyapalar, qara makasin, kəmərcikli qara çəkmə, bağları açıq mixəyi uzunboğaz çəkmə, hətta sürtülmüş gecə məstləri, üç-dörd köynək — rəngi solmuş kovboy köynəyi, haçansa bəyaz olmuş qısa qollu köynək, ucuz yun pulover, düyməsiz cempr... Bir neçə ala-bəzək və saya qalstuk...
Kərim çəkmələrini, corablarını çıxartdı, əynindəkiləri soyundu, paltarlardan birinin üstünə asmaq məcburiyyətindəydi, özgə şeylərindən bir az iyrənsə, çimçinsə də... Amma birdən gördü ki, arada bir asqılıq boşdu, üstündən heç nə asılmayıb, şalvarını, pencəyini, köynəyini, papağını asdı. Qalstuku yox idi. Qıraqları döşəyinin altına qatlanıb pərçim olmuş yorğanı döşəkdən ayırdı, işığı söndürüb yatağına girdi və dərhal yuxuya getdi.
***
Yuxudan qəfil ayıldı. Ürəyinin ağrısına ayıldı. Həm də bu əvvəlki kimi ani iynə-iynə sancılardan deyildi, elə  bil kimsə onun ürəyini öz ovcunun içinə  alıb bərk-bərk sıxırdı, ağrısı kürəyinə, çiyninə, qollarına-dirsəyinəcən – bütün bədəninə verirdi. Kərim sağ əlini çətinliklə qaldırıb alnına çəkdi – tər basmışdı alnını. Ağrının amansız şiddətindən başqa qəflətən elə köməksizlik, acizlik hissi keçirdi ki, qışqırmaq, imdada çağırmaq istədi, amma dəhşətlə dərk etdi — çağırmağa səsi də qalmayıb. Dərhal daha dəhşətli bir fikir çuğladı beynini – bəlkə infarkt olmuşam, onda dura da bilməyəcəyəm, dursam ürəyim qopub düşəcək. Əlinin altında da nə telefon, nə bir zəng düyməsi. Dikəlib durmağa cəhd göstərdi, ağrı elə tutdu ki, yerindəcə hərəkətsiz qaldı, arxası üstə yatağa sərildi, daha qalxmağa təşəbbüs eləmədi.
Halından necə xəbər tutacaqlar? Olsa-olsa sabah səhər, ya günorta xidmətçi otağı yığışdırmağa gəldi bəlkə. Amma heç buna da güman yox idi — deyəsən heç bu otağı yığışdırmırdılar da... Yığışdırsaydılar bu qədər pal-paltar qalmazdı dalabda...Aman allah, bu nə ağrıdır belə, adamın ağlını aparır başından....
Sabaha bu ağrı keçməsə necə gedəcək rektorun yanına, getməsə işləri necə olacaq? Taxta-tuxtanı nə pula alacaq? Anonim dissertasiyalar yazmaq üçün on nəfər pullu kəmsavadı hardan tapacaq? Yoxsa doğrudan da kibrit istəməli olacaq tələbələrindən? Sən zarafat elə... Heç zarafatın yeridir... Aman ay allah, bu nə ağrıdır belə, əşi cəhənnəm olsun rektor da, taxta-tuxta da, kibrit də, bircə bu ağrı kəsəydi... İlahi adamın ağlı başından çıxır, yəni doğrudan infarkt olmuşam? Bəs necə olacaq, ay allah, sənə qurban olum? Burdan kim aparacaq məni, hara, hansı xəstəxanaya, lap mikroinfarktdırsa, işemiyadısa, azı bir ay hərəkətsiz yatmalıyam. Dərman, həkim... Kim müalicə edəcək məni, kim xidmət edəcək, hansı pula? Sədyar eşitsə gələr görəsən bura? Qayğımı götürər üstünə? Sabah yox o biri gün Sədyar mütləq Bakıya uçmalıdır. Məruzəsi var. Bir yerdə uçmalıydıq... Hər halda özü gələ bilməsə də məni bir adama tapşırar, evdəkiləri də bir bəhanəylə sakitləşdirər. Burda qalmağımın da xərcini çəkər yəqin. Nə yaxşı ki, Sədyarın belə imkanı var, pulu var, hansı yolla qazanıb qazansın, halal xoşu olsun, əliaçıqdır, dostu darda qoyan deyil... Yaxşı ki, tərsliyə, höcətə uyub Sədyarla aranı vurmamışam. Sədyar bunu bilir, odur ki, halaldan-haramdan söz düşəndə zarafata salıb Poladın mahnısını zümzümə edir: sən eləsən, mən belə. Mən eləyəm, sən belə.
Aman allah, lap mahnı yeridir, ürəyim partlayır, sözün hərfi mənasında partlayır, çatlayır, yox, partlamır, çatlamır, sıxılır, sıxılıb yumaq olur, bir əlcə yumaq, elə bil dəmir məngənəyə pərçim olub, elə bil indicə qırılıb düşəcək. Hələ kürəyimin, çiynimin ağrısı... qolum... ay allah...
Axı ola bilməz, ola bilməz ki, başıma bir iş gəlsin, qız yazığın xeyir işi necə olacaq? Nə qədər təxirə salınacaq? Sonrası necə olacaq. Bəlkə heç toyunu görə bilmədim. Şuşanı bir də görə bilməyəcəm. İnfarktla o yüksəkliyə qalxa bilərəm — bir gün ora qalxmaq imkanımız olsa da... Bu nə müsibətdir, başıma gəldi, ay allah. Orda pəncəyimin cibində validol var, nə ağılnan onu yanıma qoymadım, indi necə durub götürüm, bir də bu ağrı heç validolluq ağrıya oxşamır.
Validolun pəncəyin hansı cibində olduğunu yadına salmaq istədi, pəncəyini hara asdığını düşündü, dolabın içini xatırladı, elə bil dolabın üstü ləkə-ləkə güzgü olan qapısının ardından orda asılmış pal-paltarları bir-bir gördü və həmin andaca dəhşətli ağrı içində dəhşətli bir həqiqəti dərk etdi: ÖLÜRDÜ.
Bu otel odasında sona yetirdi əlli səkkiz illik ömür sərgüzəşti. Bir neçə dəqiqə, ən çoxu bir neçə saat qalırdı SONA, təklik, aşinasızlıq, səssizlik içində gələcək SONA. Və qısa müddətdən sonra nə rektorla görüş qalacaqdı, nə Behicə xanımla höcəti...
Bu an Behicə xanıma qarşı heç bir kini-küdurəti yoxdu. Hətta yaman yazığı gəlirdi Behicə xanıma, ağlamağı tuturdu onu düşündükcə — Behicə xanımın yalqızlığını, nakam bacısının şikəst uşağını böyütməsini, həyatının tək bir lüksünü, kefini, ləzzətini — İstanbuldan Ankaraya qatarla gedib-qayıtmasını xatırlayıb qəhərləndi. Lətifə gəlib durmuşdu gözlərinin qabağında — qarlı Xocalı meşəsində ölü körpəsinin əllərindən tikanları bircə-bircə çıxaran ana...
...və bilirdi, qəti bilirdi ki, bütün bunların hamısı bir azdan sonra olmayacaq, yaddaşında qalmayacaq və yaddaşının özü də olmayacaq...
...və başqa qəribə bir vəhy gəlmişdi ona, fəhimlə duymuşdu bu otağın sirrini: bu otağı tərəddüdlə təklif edən, ona, Kərimə zənnən baxıb münasib müştəri olub-olmadığını təyin etməyə çalışan inzibatçının müəmmalı davranışın —  hər şey aydın idi indi ona.
Bu otel odasına Kərim kimi uğursuz insanlar ölmək üçün gəlirdi. Bu odaya ÖLƏSİ, ölümə məhkum olunmuş insanlar özləri də bilmədən öz ayaqlarıyla gəlib çıxırdılar. Tale, qismət gətirirdi onları bura və dolabdakı paltarlar da müxtəlif zamanlarda, müxtəlif aylarda, illərdə bu odada can verən kimsəsizlərin soxaları idi – bu dünyada qoyub getdikləri son izləri...
...və indi onların arasında Kərimin, filologiya elmləri namizədi Kərim Əsgəroğlunun da son izi – boz şalvarı, göy  pencəyi, qəhvəyi köynəyi, qara papağı və qara corabları qalacaqdı. Bir də çəkmələri... çəkmələr heç mənim də deyil, Sədyarındır. Çəkmələr...
Sədyarın çəkmələri haqqında fikir Kərimin bu dünyaya axırıncı fikiri oldu və dözülməz ağrının son həmləsi ürəyini həmişəlik dayandırmaqdan bir neçə an qabaq şüurunu söndürüb əbədi zülmətə qərq elədi.
***
«Məşhur ingilis şərqşünası Jorc Luisin təklifi və təşəbbüsüylə Böyük Britaniya Kral astronomiya cəmiyyəti yeni kəşf edilmiş astroitlərdən birinə türkologiyada mühüm tapıntısına görə mərhum ədəbiyyatşünas Kərim Əsgəroğlunun adını vermişdi. İndi kainatın sonsuz qaranlığında el oğlumuzun, istedadlı Azərbaycan aliminin adını daşıyan Kərim Əsgəroğlu  ulduzu da parlayır». (Qəzetlərdən).

1993-1994              İstanbul, Bakı, Zuğulba — Bəstəkarların Yaradıcılıq Evi.

Комментариев нет:

Отправить комментарий