Страницы

12.11.2012

Araz Əlizadə: “Azərbaycanın “demokratiya” adlı uşağını saldırdılar”

Tanınmış politoloq Araz Əlizadə ilə müsahibə

- 1990-cı illərdə Azərbaycan bir iqtisadi-siyasi formasiyadan – sosializmdən, nəyəsə keçid yoluna qədəm qoydu, daha doğrusu, itələndi. Qarabağ əldən getdi, torpaqlar itirildi, iqtisadiyyat çökdü, insanların həyat səviyyəsi kəskin aşağı düşdü, inflyasiya, xaricdən təzyiqlər...  O ildə nəyə keçid başlandı, biz indi haradayıq?
- Azərbaycan indi yenicə ayaq açıb gəzən uşaq kimidir. 1990-cı illərin əvvəllərində Azərbaycan demokraiyaya hamilə idi, lakin Azərbaycan Xalq Cəbhəsinin qaragüruhçuları həmin demokratiya adlı uşağı zorla saldırdılar. Dövlət çevrilişi edib hakimiyyətə gələn “bəylər” dövlət idarəçiliyinin nə olduğunu bilmirdilər. Qısa müddət ərzində onlar ölkədə hərc-mərclik yaratdılar və Azərbaycanı vətəndaş müharibəsi qarşısında qoydular.

AXC hakimiyyətə gələndə biz sosial-demokratlar demişdik ki, onların idarəçiliyi bir ildən artıq çəkməyəcək. Biz səhv etdik – onlar bir il bir ay hakimiyyətdə qaldılar. Və elə bir şərait yaratdılar ki, hətta Azərbaycan dövçiliyi özü məhvin astasına gəldi. Uzun bəy, gödək bəy və digər “bəy”ciklər hərəsi bir quldur dəstəsi yaradıb özbaşınalıq edirdilər. O vaxt bütün xalq arasında belə fikir formalaşmışdı ki, Azərbaycanı bu bədbəxtçilikdən yalnız Heydər Əliyev xilas edə bilər. Və ən çətin anda xalq Heydər Əliyevi hakimiyyətə çağırdı.
Həmin dövrdə növbədənkənar seçkilər məsələsi parlamentdə müzakirə ediləndə mən partiyamızın bu seçkilərdə iştirak etməyəcəyini demişdim, çünki Azərbaycana “dəmir əl”lə dəmir intizam yarada biləcək şəxs lazım idi və xalq həmin şəxsi Heydər Əliyevin simasında görürdü. Və qeyd etmişdim: gəlsin, bacarırsa etsin. Gəldi də, etdi də.
Lakin qısa müddət ərzində Azərbaycanı nəinki çiçəklənən dövlətə çevirmək, heç sovet dövründəki səviyyəni də bərpa etmək mümkün deyildi. Buna illər lazım idi. Məhz buna görə mən deyirəm ki, Azərbaycan bu gün yeni ayaq açan uşağa bənzəyir. Bununla belə, bu uşaq ötən illər ərzində çox şeyi öyrənə bilib.

- Yəqin, bu bənzətmə Azərbaycanın bugünkü siyasi həyatına da aid olunur. Müasir Azərbaycanda ən qocaman siyası təşkilat – Azərbaycan Sosial Demokrat partiyasında hazırda vəziyyət necədir?
- Partiyanın 2012-ci il iyunun 30-da keçirilən XII qurultayından sonra bizdə bəzi islahatlar aparılır. Qurultayda geniş müzakirə edilən məsələrdən biri də məhz elə bu idi ki, bacarıqlı və savadlı insanların hamısının birpartiyalı sistemə xas olan tərzdə bir partiyada toplaşması mümkün deyil. Ümumiyyətlə isə, gözəl mütəxəssis olan, lakin heç bir partiyanın üzvü olmaq istəməyən insanlar var və onların sayı kifayət qədər çoxdur. Bizim belə mütəxəssislərə çox böyük ehtiyacımız var. Qurultay mənə belə insanları partiyaya müşavir qismində cəlb etmək səlahiyyətini verib. Və bu prose hazırda gedir. Adları açıqlamayacağam, çünki bunun üçün bu insanlardan razılıq almamışam, lakin ASDP bu insanlardan yararlanır, onların savadından və təcrübəsindən istifadə edir. Düşünürəm ki, bu, bizim 2013-cü il prezident seçkilərinə mükəmməl proqramla getməyimizə yaxşı şərait yaradacaq.

-Azərbaycanda hər seçki ərəfəsində ortaya “əsl müxalifət” tezisimi deyək, terminimi deyək,- atılır. Və bu adın altında ənənəvi olaraq bir neçə partiya nəzərdə tutulur...
- Bilirsiniz, hər bir bataqlıq quşu özünü dünyanın ağası hesab edir. Əgər “milli-demokratlar”, mənim fikrimcə isə, milli-oxlokratlar özlərini əsl müxalifət hesab edirlərsə, bu, onların öz işidir. Onlar həmin insanlardırlar ki, 1989-1990-cı illərdə “Qarabağ azadlıq hərəkatı” ətrafında cəmləşən nəhəng qüvvəni 20 Yanvara apardılar, 1992-ci ildə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəldilər, 1993-cü ildə ildə xalqı vətəndaş müharibəsi qarşısında qoydular, 2003-cü ildə də dövlət çevrilişinə cəhd etdilər. Hər dəfə də xalqın başını divara çırpdılar. İstəyirlər özlərini “əsl” müxalifət adlandırsınlar, istəyirlər “ana”, “ata”, “bacı”, “qardaş” müxalifəti adlandırsınlar, bunların qiymətini bir sözlə vermək olar – Mirzə Cəlil demişkən, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan insanlar. Bunların real gücü yoxdur və daim deyirlər ki, “bizə mərkəzdə yer versinlər, biz gücümüzü göstərək”. Onlar mitinqlərinə az sayda adamın gələcəyini bilirlər, amma ümid edirlər ki, mitinqi mərkəzdə keçirsələr, yoldan keçənlərin sayəsində mitinqin izdihamlı keçməsi təəssüratı formalaşacaq. Məndən olsaydı, onlara Azadlıq Meydanında mitinq keçirməyə icazə verərdim – Bibiheybətdə mitinqə yüz adam yığa bilənlər, burada maksimum min nəfər toplaya bilər. Bu insanlar 1988-ci ildən bu yana nə oxuyub biliklərini artırıb, nə inkişaf ediblər və “mübarizənin” yalnız bir yolunu tanıyıblar – mitinq. Və indi artıq insanları mitinqə də toplaya bilmirlər, ona görə ki, xalq ağıllanıb və onun başını bir neçə dəfə divara çırpmış keşiş Qaponlara, şeyx Nəsrullahlara inanmır. Müxalifət nədir? Müxalifət hakimiyyətin güzgüsüdür. O, hakimiyyətin səhvlərini görüb xalqa çatdırmalı, düzgün yolu göstərməli və öz yolunun düzgün olduğuna xalqı inandırmalıdır. Milli radikallar bunu bacarmırlar və əslində onların müxalifətçiliyi Azərbaycanın dostu olmayan ölkələrin, qüvvələrin sifarişlərini yerinə yetirməkdən ibarətdir.
Biz sosial-demokratlar hakimiyyətə qarşı müxalifətdəyik. Lakin biz konstruktiv müxalifətdəyik, biz məhz iqtidarın səhvlərini görür, bunu həm iqtidara, həm xalqa başa salmaq istəyirik. Alınır və ya alınmır – bunu zaman göstərəcək. Biz “rədd olsun” şüarı ilə yaşamırıq, bizim şüarımız “Gəlin xalqı ağ günə çıxaraq”dır.

- Siz birpartiyalı sistem haqqında məsələyə toxundunuz. Azərbaycanın gələcək siyasi mənzərəsini necə görürsünüz?
-Azərbaycanda yüzdən çox partiya var, əllidən çoxu qeydiyyatdan keçib. Bu, Azərbaycanın siyasi həyatı üçün eybəcərlikdir. Rusiyada olduğu kimi, ölkəmizdə partiyaların qeydə alınması üçün üzvlərin sayını 500 nəfər etsəydilər, yəqin, minlərlə partiyamız olardı... Partiyalar əqidəyə, məfkurəyə görə yaranmalıdırlar. Dünyada iki – liberal və sosialist ideologiyası, yəni sağlar v sollar var. Bəli, mərkəzçi partiyalar da mövcuddur, lakin onlar ideologiyalar əsasında yox, kompromis əsasnda yaranırlar. Və onlar da sağ və sol mərkəzçilərə bölünürlər. Bir də qeyd etmək istəyirəm ki, Azərbaycan Kommunist partiyasının üç yüz mindən çox üzvü var idi, amma partiya ləğv olunanda birinin də cınqırı çıxmadı... Odur ki, partiyanın gücü üzvlərinin sayından yox, ideologiyasından asılıdır.

- Birləşmiş Ştatlarda ikipartiyalı sistemdir – belə bir sistem Azərbaycanda formalaşa bilərmi?
- Xeyr, ikipartiyalı sistem Azərbaycanda formalaşa bilməz, çünki biz gənc dövlətik və hələ ideologiyalar insanların beyninə, qəlbinə yol tapmayıb.

- Dünyada və xüsusilə də Qərbi Avropada baş verən böhran deməyə imkan verirmi ki, liberal demokratiya ideologiyası artıq özünü doğrultmur?
-Ümumiyyətlə, dünyada sağçı və solçu ideologiyaların hakimiyyətdə olması ilə bağlı belə bir tendensiya var ki, xalq – iqtisadi-sosial vəziyyəti ağır olduqda bir müddət sollara üz tutur, sosial təminat problemləri həllini tapandan sonra isə sağlara üstünlük verir. Geniş baxanda, hazırda müasir dünyada sağlar və solların prinsipial fərqi ondan ibarətdir ki, sağlar – əvvəlcə kapital, sonra insan, sollar isə əksinə – əvvəl insan, sonra kapital amilinə üstünlük verir.
Bəzi hallarda ölkəni xilas etmək naminə sollar da kapital amilini önə çəkməyə məcbur olurlar. Məsələn, Yunanıstanda on iki il hakimiyyətdə olmuş sağlardan sonra hakimiyyətə gələn yunan sosialistləri ölkəni müflis olmaqdan xilas etmək üçün, sosial təminatları kəskin azaldaraq, bunun hesabına ölkəni böhrandan çıxarmaq məcburiyyətində qaldılar. Xalq bunu qəbul etmədi və sollar erkən seçkilərə gedib, məğlub oldular. Lakin hakimiyyətə gələn sağlar həmin islahatları daha ağrılı şəkildə həyata keçirməyə başladılar... Yəni elə bir şərait yaranmışdı ki, bu islahatlara getməmək mümkün deyildi. Eyni hadisə İspaniyada da baş verdi. Ümumiyyətlə, bütün dünyada baş verən böhtan sağları önə çəkir və nəticədə yenə də kapital əsas amilə çevrilmiş olur. Və küçələrə çıxıb solların keçirmək istədikləri islahatlara qarşı çıxış edən insanlar daha məzlum vəziyyətə düşmüş olurlar. Ümumiyyətlə, əhali bir şeyi dərk etmir, işləmədən sosial təminatları almaq – dövləti və ökəni var-yoxdan çıxarmaq, gələcək nəsillərə böyük borc mirası qoymaqdır... Bir çox dövlətlər borc hesabına yaşamağa adət ediblər və düşünürlər ki, bu daim belə olmalıdır, amma bunun ağrısını indi də olmasa, gələcək nəsillər çəkəcək. Lakin diqqət yetirin ki, Yunanstanda xalq günahı heç də öz israfçılığında görmür, əvəzində Almaniyaya nifrət meydana çıxır – səbəbi bilirsinizmi, nədir? Niyə Almaniya vaxtilə bizə aşağı faizlə kredit verirdi ki, Yunanıstan da indi belə böyük borc öhdəliyi altına düşürdü...

azvision.az

Комментариев нет:

Отправить комментарий