Страницы

16.11.2012

Bizi kim öldürür?

Arzu Abdulla

Səhər metro ilə işə gəlirəm. Azyaşlı uşaq qucağında iri bir torba tutub. Torbanın üstündə Avropa İnsan Haqları Konvensiyasının emblemi həkk edilib. Yəqin nənəsi bazardan soğan alanda veriblər. Yoxsa, uşaq nə bilir, konvensiya, insan haqları nədir.
Uşaq göy xırda gözlərini vaqondakı monitora zilləyib. Monitorda iki yerli aktyorun çəkildiyi reklam gedir. Deməli, reklam çarxının mövzusu belədir. Müdir zır-zır ağlayır, dostu içəri girib soruşur ki, niyə ağlayırsan, o da deyir masasının üstü boşdur. Yəni qələm-dəftəri yoxdur. Sonra dostu reklam edilən ticarət şəbəkəsindən dəftərxana malları alıb müdirə gətirir və müdir gah ağlayır, gah gülür.
Niyə ağlamaq? Sual olunur, axı niyə ağlamaq? Məgər hər hansı mağazanı reklam etmək üçün ağlamaqdan başqa vasitə, üsul yoxdur?
Məni ağrıdan odur ki, hələ gözlərində uşaq məsumluğu işaran bu azyaşlı metrodan düşənəcən mənimlə və digər sərnişinlərlə bərabər bu reklam çarxını azı 10 dəfə seyr etdi.
Bazar günü istirahət etmək üçün televizoru açıram. Yerli telekanalları bir-bir gəzirəm. Kanallardan birində Elgiz ərindən ayrılan qadını gileyli olduğu qaynana-qayınatasının yanına aparır. Birbaşa bütün söyüşlər, saçyoldular  verilişdə yayımlanır. O biri kanala çevirirəm. Burada məşhur bir aparıcı xanım, üzünə ciddi ifadə verib: şok, şok, şok, bir azdan görəcəksiz... Bir azdan Azərbaycan tamaşaçısına bu “Şokxanım” sadəcə, ailə problemini təqdim edəcək. Bunu isə təqdim etmək yox, müzakirə etmək gərəkdir. Özü də şoksuz, zadsız.
Yenə kanalı çevirirəm, bu dəfə özünü abırsızlığa (ifadəmə görə üzr istəyirəm) qoyan gonbul bir aparıcı çırtıq vurub oynayır, adamları güldürmək üçün verilişinə çağırdığı aktrisanın saçını yolur. Aktrisa isə səhnədə, canlı yayımda saçının yolunmasını gülüşlə qarşılayır.
Televizoru söndürüb “Kutadqu-bilik” kitabını oxumağa başlayıram. Orta məktəb illərində oxuduğum kitab indi mənə başqa bir əsər kimi görünür. Hər yaşın öz yanaşması var gerçəkdən.
Aradan bir-iki saat keçir. Ağlıma yeni ideya gəlir: dur televizoru aç, gör, aparıcı Elgiz neynir, yenə arvadların başını yoldurub ləzzət alır?
Bu dəfə Elgiz yoxdur, heç “Şokxanım” da yoxdur. Aha, bütün kanallarda “Kriminal” verilişi gedir. Əla. O şoklardan, o saçyoldudan, o gonbulun səhnədə çığırtısından sonra yayımlanan kriminal tamaşaçıya sanki çoxlu alkoqollu içkinin üstündən tiryək təsiri bağışlayır. Artıq tamaşaçı şok dəmindən uyub. İndi onun gözünün önündə bir rəng var-qırmızı. Baltalanmış, bıçaqlanmış adamların qanının rəngi.
Bu tamaşaçının gözünün önündə bir mənzərə var- tikələnmiş adam, saçı yolunan, söyüşlə qapıdan qovulan qadın. Bir də “Şokxanımın” şoka salan vahiməli səsi.
O balaca uşaq vardı ha, bayaq metroda qalan göygöz oğlanı deyirəm. Onun da gözlərində dəftəri olmadığı üçün ağlayan 40-45 yaşlı axmaq kişinin gərginliyi var: Bu əmi niyə bu qədər axmaqdı, hər tərəfdə dəftər var. Bir də, axı dəftər-qələm olmayanda ağlamaq lazımdır ki? Nə bilim?
Azərbaycan telekanallarından axan qan damcılarından, qadınların utanmaz, vay-şivən səslərindən qaçmaq üçün Türkiyə kanalına keçirəm. Aha, eyni problem, ayrı ölkə. Burada “Avrupa, Avrupa” serialı gedir. Kim kimi gəldi yolur, birinin ürəyi gedir, çığırtıdan adamın başı şişir.
Bütün günü evdə oturub, işi -gücü qazan bişirib serial izləmək olan qadınlar bu seriallarda nəyin şahidi olurlar? Xəyanətin. İnsan gördüklərini təkrar edir. Çünki gördüyün şüuruna köçür və orada yaşayır, bir gün özün bilmədən gördüyünü, yaşadığını şüurun sənə təlqin edir.
Son illər Azərbaycanda qətl törətmiş adamlar haqqında daha çox bu cümlə səslənir: “İşsiz idi”. Axı bu işsizlər evinə bir tikə çörək aparmaq üçün dəridən-qabıqdan çıxırlar. Telekanallarda isə harınlamış manıslar itlərini ərə verir, pişiklərini evləndirir.  
Son illər Türkiyə və Azərbaycan qədər vəhşi cinayətlər, görəsən, hansı ölkədə törədilib? Hələ gec deyil, yaxşı-yaxşı düşünmək gərəkdir. “Mənə nə, filankəs öldü, filankəs öldürdü” deyib keçməyin. Bu cəmiyyətdə və ölkədə baş verənlərin hər birimizə dəxili var. Hələ gec deyil, o qurbanlardan və ya qatillərdən biri sən olmamış ayağa qalx, hər gün özün-özünə bu sualı ver-bizi kim öldürür? Mənim isə cavabım çoxdan hazırdır-Bizi Azərbaycan telekanalları öldürür. Bütün günü qanımıza yeritdiyi gərginlik, xaos, dəhşət, şok terapiya ilə.
Hələ gec deyil.

yashilqafqaz@gmail.com                      teleqraf.com

Комментариев нет:

Отправить комментарий