Страницы

14.11.2012

Düz xətt boyunca yaşayanlar

Əli Şirin Şükürlü

yaxınlığından keçərkən
bəzən
adama oxşadıb diksinirəm.

üzünün donuq ifadəsindən,
soyuq baxışlarından
tanıyaram onları.

görən
beyni olsa
nə düşünər,
nə keçər ürəyindən
qəlbi döyünsə;

təzim eləyər həvəslə
mağazaya gəlib-gedənlərə,

ya baxıb pəncərədən gülümsəyər
küçədən keçənlərin üzünə.

yoxsa bezib
gözlərini daima eyni nöqtəyə zilləməkdən
baxışları uzanan düz xətt boyunca
çırpar özünü pəncərə şüşəsinə, -
əyilər düz xətt.

sərilər küçəyə. aparar özüylə
bir parça pəncərə şüşəsini – üzərində
soyuq baxışlarının izi.

partlamış ürəyi qucağında,
üzündə qan-qarışıq təbəssüm
zilləyər gözünü laqeyd baxışlara,
təəccüb dolu gözlərə.

düz xətt boyunca yaşayar manekenlər

real həyatın
gerçək üzü - manekenlər.

xəyallar
özgə dünyanın gerçək hadisəsi,
eynən yuxu kimi. yuxularsa
çin olmur bu dünyada həmişə.

təəssüf, çox təəssüf,
real həyatın o biri –
astar üzü görünmür.

düz xətt boyunca yaşayan manekenlər –
adama oxşadıb diksinirəm

Комментариев нет:

Отправить комментарий