Страницы

11.11.2012

“Islam faşisti” başında qulaq istəyirsə...

Səadət Cahangir

Hüquq müdafiəçisinin işi bütün hallarda hüquq diliylə danışmaqdı. O, bir siyasi məhbusun, bir oğrunun, bir ömürlük məhkumun müdafiəçisi olsa belə, bu həqiqət dəyişməz. Çünki hər kəsin öz statusuna uyğun hüquqları var. Dünyanın heç bir yerində hüquq müdafiəçisi hansısa məhbusu “qorxulu düşmən” obrazında təqdim etməz. Bu həm hüquqi, həm də etik baxımdan yolverilməzdir. Amma bu günlər bir stenoqramdan məlum oldu ki, bizim hüquq müdafiəçiləri beynəlxalq nümayəndələrlə görüşlərdə daha da irəli gedirlər.
“Siz bilirsiniz onlar kimdir? Onlar Amerikanın bayrağını yandırırlar, Irandan pul alırlar... Biz qorxuruq! Islamçılar Irandan pul alırlar... Islamçılar çox qorxulu qüvvədir... Onların çoxsaylı mitinqləri olur. Bəli, biz özümüz də onlardan bərk qorxuruq...”. Təəssüf ki, bu isterik həyəcanla söylənənlər bizim hüquq müdafiəçilərinin həmin görüşdə səsləndirdiyi ifadələrdir...
Dini inancına görə insanları küncə sıxmaq, “casus” damğasıyla ucdantutma həbsxanalara doldurmaq ən böyük zalımlıqdır. Bu, insanların ən həssas duyğularına toxunmaqla onları daha da aqressivləşdirməkdən və radikallaşdırmaqdan başqa bir şeyə yaramaz. Normal dini azadlıqlar olan ölkədə belə qarmaqarışıqlıq niyə yaşansın ki...
“Sakarya türküsü”nün yazarı Necip Fazil Kısakürəyi yaxşı tanıyırsınız. Zamanında dini inancını açıq dilə gətirdiyinə görə adama olmazın zülm ediblər. Ona 40-60-cı illər arasında açılan davaların yarısı həbs ilə cəzalandırılsaydı, bu tam yüz bir illik həbs müddətinə bərabər olardı.
Şairin 1943-cü ildən çıxarmağa başladığı bir jurnalı vardı - “Böyük Doğu”. O jurnalı dönə-dönə bağlayırdılar. Ilk bağlanma səbəbi şairin jurnalda yazdığı bir hədis üzündən baş vermişdi. Nəşrdə “Allaha itaət etməyənə itaət edilməz” ifadəsi gedincə, o, rejimə itaətsizlik ittihamı ilə bağlanmışdı. Müəyyən müddətdən sonra isə üz qapağındakı qulaq rəsmi və “Başımızda qulaq istəyirik” yazısı ikinci qapadılmaya əsas olmuşdu. Bu, simvolik anlam daşısa da, Inönünün ağır eşitmə qüsuruna eyham səbəbiylə həqarət kimi qəbul edilmişdi. Kimi ona “Islam kommunisti” deyirdi, kimi “Islam faşisti”, kimi də “türklüyə həqarət”də ittiham edirdi. Bu “kommunist”, “faşist”, “antitürk” çağırılan həmin o adamdı - “Sakarya türküsü”nü yazan adam!
Məgər bu mənzərə bizim üçün yaddır ki? Tariximizdə ata-babalarımızın yaşadığı dəhşətli 30-cu illər var. Bu illərin qara səhifələrində “pantürkist”, “xalq düşməni”, “türk casusu” damğasıyla həyatı məhv olan minlərlə insan taleyi var! Onların fiziki məhviylə bitməyən, yaxınlarına, doğmalarına, ailələrinə edilən amansızlıq var! Bir zamanlar Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanıma qoca qonşu qadının verdiyi “qraq narod” adı unudulmayıb hələ!
Indi ən ağır olan o stenoqramdakı bənzər ittihamların hüquq müdafiəçilərinin dilindən səslənməsidir. Orada başqa bir önəmli məqam da var - Hilal Məmmədovun “talış separatçısı” kimi təqdim olunması. Təbii, buna inanmaq istəmirəm. Amma bu lap deyilən kimi olsa belə, qanun ölkədə insanları “separatçı” olacaq dərəcəyə qədər niyə nəzarətsiz buraxsın ki? Axı bizdə nə olmasa da, insanlar üzərində nəzarət çox ciddi işləyir...
Qanun insan azadlıqlarının məhdudlaşdırılması üçün deyil, onların önünün açılması üçündür. Bu ölkənin faciəsi həmin mexanizmin işləməməsindən irəli gəlir. Azadlıqla qanunun harmoniyasını yaratmış xalqlar bənzər problemlərin həll yollarını çoxdan tapıblar...

azadliq.info

Комментариев нет:

Отправить комментарий