Страницы

17.11.2012

Nuriman Zakiroğlu - Zaman Maşınları (hekayə)

Çox darıxırdım. Çətin idi. Sənin üçün hər şey adiləşdiyi bir vəziyyətdə nəyəsə heyrətlənmək çox çətin idi.Küçəyə çıxdım. Hər şey çox sadə idi. Parkda yeni əkilmiş ağacın budağında dünən bir bu gün isə iki yarpaq görünməsi heç kəsin vecinə deyildi. Hər kəsin gözündən qaçmışdı bu hadisə. Ümumiyyətlə onlara heç ağac maraqlı deyildi. Onları maraqlandıran ancaq pul və maaşı ayın sonuna kimi çatdırmaq idi. Marşurutun qara pərdələrini dibinə kimi açdım. Hər şey gözümün önündən sürətlə keçib gedirdi ya da mindiyim marşurut hər şeyin önündən sürətlə keçirdi. Qulaqda H.O.S.T və sanki mən gözlərimlə dinlədiyim mahnılara klip çəkirdim.İnsan daşıyan bu maşınlar mənə lap mənasız filmi xatirlatdı. Həmişə iki saatlıq filmə baxanda xoşuma gəlmirdisə lenti irəli çəkirdim, iki saat olurdu iki dəqiqə ya da heç ümumiyyətlə baxmırdım. Bəlkə də film çox gözəl idi amma mən onu korlayırdım. İnsanlar da maşınları yəqin ona görə ixtira ediblər ki həyatın mənasız hesab etdikləri hissələrini film lenti kimi irəli çəksinlər.
Biz əvvəllər neçə günəsə getdiyimiz yolu indi maşınla neçə saatasa gedirik.Biz günləri saatlara çevirmişik. Zamana qalib gəldiyimizi sanırıq lakin biz indi bir günə getdiyimiz yolu marşurutla bir saata gedirik və bir saat ərzində bir gün qocalırıq. Daha zaman maşınına ehtiyac yoxdu. Çox sürətlə dayanmadan gedirik son dayanacağa çatana kimi. Bəzən yolun kənarında gözəl bir gül bitdiyini görürsən amma ona toxuna bilmirsən çünki sən də hamı kimi gedirsən və lenti ancaq irəli çəkmək mümkündü geri isə qaytarmaq mümkün deyil. Həyatımızın mənalı keçə biləcək anları da iyirmi nəfərlik marşurutun qapıları arxasında itib batır… Mənsə qocalmağa davam edirəm…

Комментариев нет:

Отправить комментарий