Страницы

02.12.2012

"Çeşmədən seçmələr"dən seçdiklərim

Çeşmə” qəzetinin ilk sayının dünyada “Gülüş günü” kimi qəbul edilən 1 apreldə çapdan çıxması mətbu orqanın satirik mahiyyəti ilə bağlı idi. Qəzet əvvəlcə qeyri-leqal şəkildə çap olunub. 1992-ci ildə qeydiyyatdan keçib və leqal şəkildə fəaliyyət göstərib. 1993-cü ildən sonra isə yenidən qeyri-leqal şəkildə nəşrini davam etdirib. 1995-cü ildə mətbu orqanın redaktoru, yayılmasında və satışında kömək edən şəxslər həbs olunublar. Bununla da qəzetin fəaliyyəti birdəfəlik dayandırıldı.
“Çeşmə”ni öz dəst-xətti və üslubuna görə “Molla Nəsrəddin” jurnalının davamçısı saymaq olar. Ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərin neqativ cəhətləri satirik və yumoristik yazıların, şerlərin, karikatura və şarjların əsas hədəfi olub. Qəzetdə daha çox siyasi xarakterli lətifələrə üstünlük verilib. Burada həm iqtidar, həm də müxalifət təmsilçiləri eyni dərəcədə tənqid hədəfinə çevrilib. Qarabağ məsələsi, müxtəlif hakimiyyətlərin bu problemi siyasi alver predmetinə çevirmək cəhdləri “Çeşmə”nin əsas satira hədəflərindən olub.
Qəzetin redaktoru Ayaz Əhmədov olub. Qəzetin şüarı: “Dama-dama göl olar, yağa-yağa sel”. (Wikipedia)

1993-cü ildə bu qəzetin müxtəlif saylarındankı maraqlı yazılardan, lətifələrdən ibarət “Çeşmədən seçmələr” kitabı çıxır. Mən sizə bu kitabdan seçdiyim daha gülməli hissələri silsilə yazılarımla təqdim edirik.

Yazarlar: Ekstremist Nəsrəddin, o biri Molla, bu biri Dələduz, Cırt-qoz, Lui Danqaz, Bala Dərviş, Burunsoxan, Ağızbüzən.

 Redaksiya heyəti: Super redaktor – Əmi, Baş redaktor – Dələduz, Əsas redaktor – Ümid, Vacib redaktor – Molla, Başlıca redaktor – Ekstremist, Zəruri redaktor – Cırt-qoz, Məsul redaktor – Kkeycibi, Rəssam – Aykin.
Redkollegiya – C. Məmmədquluzadə, Ə. Haqverdiyev, M.Ə.Sabir, A.Avarçenko, C.Vaşinqton, Ş.De.Qoll.
Tirajı – 7 limon

1. Timsahlar uçurlarmı?

 - Bəy, timsahlar uçurlarmı?
- Ağlın çaşıb, nədir, timsahlar da uçarlarmı?..
- Bəs, axı Böyük Bəy deyir – uçurlar?
- Bilirsən… Uçurlar ey, amma, lap belə… alçaqdan.

2. Lətifə

Ayaz Mütəllibovun saçını düzəldən dəllək tez-tez burnunun ucunda öz-özünə “tətil, “mitinq” sözlərini təkrar edirdi. Mütəllibov ehtiyatla başını qaldırıb soruşur:
- Usta, olmaya sən də onlardansan?
Usta:
- Allah eləməsin, Ayaz müəllim, sadəcə olaraq bu sözləri eşidəndə sizin tükləriniz biz-biz durur, mənə də işləmək rahat olur.

3. Məhkəmədə

Sabiq dövlət xadimi, indi isə idman xadimi Fuad Musayevi iqtisadi fırıldaqlar üstündə mühakimə edirlər. Məhkəmədə vəkil söz alıb müdafiə nitqi deyir:
- Fuad müəllimi dövlət pullarını mənimsəməkdə günahlandırmaq bu adamı yaxından tanımamaqdan irəli gəlir. O, həddən artıq mədəni, istiqanlı və təvazökardır. Ömründə dövlət malı tərəfə baxmaz, onun insanlarla davranma bacarığını isə nümunə kimi cavan nəslə tədris etmək lazımdır, çox alicənab, həddən ziyadə mehriban və rəhmdil olan…
Bu vaxt Fuad Musayev müttəhmlər kürsüsündən qalxıb vəkili göstərərək qışqırır:
 - Mən bu heyvərə oğlu heyvərəyə bir ətək pul vemişəm ki, məni müdafiə eləsin, bu heyvan isə yarım saatdır ki, məndən danışmaq əvəzinə başqasından danışır.

4. Bakı Bulvarında

Günlərin bir günü İngiltərə dövlətinin nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir. Danışıqlardan sonra protokola əsasən “Gülüstan” sarayında yüksək qonaqların şərəfinə ziyafət təşkil edilir. Ziyafətdə “Şirvan” konyakının dozasını artıq eləyən Con Meycor azərbaycanlı həmkarı Rəhim Hüseynova havanın yaman isti olmasından şikayətlənir. Konyakın təsiri Azərbaycanın Baş Nazirinin də kefini yuxarı qaldırdığından o, Meycora Xəzərdə sərinləməyi təklif edir. Hər ikisi Bulvara enib Xəzərə kəllə vururlar. Sudan çıxanda Con Meycoru polis işçisi yaxalayır və bildirir ki, ictimai yerdə insan ləyaqətini alçaldan vəziyyətdə peyda olduğuna görə həbs olunur. Meycor hirslənir:
- Sən bilirsən mən kiməm?! Mən İngiltərənin Baş Naziri Con Meycoram.
Polis işçisi təmkinlə cavab verir:
- Danış, danış, indi o suda çimən alkaş da çıxıb deyəcək ki, mən isə Azərbaycanın Baş Naziriyəm.

5. Nizaminin Şamaxı səfəri

Nizami Süleymanov prezident seçkilərinin nəticələrindən narazı qalıb gəlir Şamaxı rayonuna. Sübhçağı olur. Şəhərin mərkəzində rastına Ayaz Mütəllibovun tərəfdarlarından biri olan lotulardan biri çıxır.
- Əfəndim, mən prezidentliyə namizəd Nizami Süleymanovam, – deyə gəlişinin səbəbini izah etməyə başlayır, – camaatı meydana yığ, mitinq keçirəcəyəm.
Lotu tapançasını çıxardıb havaya atəş açır ki, A. Mütəllibovun vaxtında olduğu kimi camaat mitinqə toplaşsın. Lakin, kimsə evindən bayıra çıxmır. N. Süleymanov hirsli-hirsli əmr edir:
- Birini də at, əfəndim, prezident mən olmalıydım, saxtalaşdırıb Əbülfəzi eləyiblər!
Lotu havaya bir güllə də buraxır. Kim isə pəncərəni açıb yuxulu səslə soruşur:
- A kişi, nə olub?
Lotu hirsli səsini qaldırır:
- “Nə olub”, “Nə olub”, Nizami Süleymanov gəlib, mitinq keçirmək istəyir!
- Nə oldu bəs, birinci gülləyə vura bilmədin?…

6. Milli Şurada casus

Milli Şuranın iclaslarından birində T. Qarayev məsələ qaldırır ki, iclasda gedən mətləblər dərhal Yerevana çatdırılır. Bir-birilərinə isinişmiş deputatlar belə bir yekdil fikrə gəlirlər ki, əvvəla jurnalistləri iclaslardan kənar etməli, ikincisi isə iclas zamanı şura üzvlərinin zaldan çıxması qadağan olunmalıdır.

Əldə olunmuş razılıqlar əsasında Milli Şura öz işinə başlayır. Lakin, bir neçə saat qızğın müzakirələrdən sonra deputat Tofiq Köçərlinin qəflətən qarın ağrısı tutur. Daha dözə bilmədiyini görüb T. Qarayevdən bayıra çıxmağa izn istəyir. Lakin, rədd cavabı alıb yerində əyləşməyə məcbur olur.
Birdən Ali Sovetin xadiməsi əlində vedrə içəri soxulmağa çalışır.
- Ay arvad, hara soxulursan, görmürsən ki, iclas gedir? – deyə deputatlar onun qabağının kəsirlər.
- Ay bala, indicə “Azadlıq” radiosunun erməni redaksiyası xəbər verdi ki, Tofiq müəllimin halı xarabdır…

7. Sessiyada

Ali Sovetin sessiyasının gedişində deputatlardan birini yuxu aparır. Yuxuda görür ki, 20 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan məşuqəsinin qonağıdır. “Kino”nun ən maraqlı yerində qəflətən qapı açılır, qadının əri girir içəri, onun vücudundan yapışıb tullayır pəncərədən aşağı.
Deputat qardaşımız 20-ci mərtəbədən aşağı uçarkən buludların arasından bir huri-məleykə peyda olub deyir:
- Səni xilas edə bilərəm. Ancaq, gərək (Ey oxucu, biədəbliyimizə görə keç günahımızdan!) … hava buraxasan.
Artıq ölümünü gözünün qabağına gətirmiş millət vəkili gücünü toplayıb qarın qazını buraxır atmosferə: PAAART!
Məleykə üzünü turşudur:
- Zəifdir, çox zəifdir. Biraz güclü olsun gərək ki, səni xilas edə bilim.
O, var gücünü toplayıb ikinci dəfə sanballı bir gurultu qopardır. Lakin, onunla yanaşı uçan məleykə bu dəfə də narazılığını bildirir:
- Yenə də zəif çıxdı. Bir dəfə də özünü ələ al, cəhd göstər. Bax ha, yerə düşməyinə cəmi beş mərtəbə qalıb. Həyatın öz əlindədir.
O, üçüncü dəfə qarnına güc verməyə başladı… Və birdən nə eşitsə yaxşıdır:
- Ay yoldaş, ay yoldaş! Ayıb olsun sizə. Sessiyada yuxuladığınız bəs deyil, üstəlik hələ bir…

8. AXC Məclisində ekspert

AXC Ali Məclisinin sessiyasında çıxış edən AXC fəalı Rəhim Hacıyev iqtidarın ünvanına kəskin tənqidlər yağdırır. Məclisdə iştirak edən prezident səslənən ittihamları əsassız saydığından dözməyib natiqin sözünü kəsir:
- A bəy, elə deyil axı. Bütün bunlar çox mürəkkəbdir. Sizin düşündüyünüzdən də qat-qat mürəkkəb. Kənardan durub tənqid etməklə deyil ki… İşlə yaxından məşğul olandan sonra hər şeyi anlamaq olar. Başınız çıxmır, danışmayın.
R. Hacıyev:
- Əbülfəz bəy, mən hələ ömrümdə yumurtlamamışam, amma, onu deyim ki, qayğanağın dadını hər hansı toyuqdan qat-qat yaxşı bilirəm, – deyə öz növbəsində prezidentə etiraz edir.

9. Telefon

Yaponiyadan qonaq gəlmiş yüksək səviyyəli nümayəndə heyəti prezident aparatına qəbul olunur. Yapon qonaqlar iqamətgahın prezidentinin köməkçisi Gürşad Zərbəliyevə aid olan otağından keçərkən qeyri-iradi olaraq onun Kəlbəcər ilə telefon danışığını müşahidə edirlər. Belə ki, telefon xəttinin bərbad vəziyyətdə olması səbəbindən Gürşad bəy dəstəyə aramsız olaraq: “Alo, Kəlbəcər!” – deyə qışqırırdı. Təəccüblənən yaponlar soruşurlar ki, bu cavan oğlan niyə öz-özünə qışqırır?
“Azərbaycanın Ermənistanla sərhəd yaşayış məntəqəsi Kəlbəcər ilə danışır” deyə prezidentin müşaviri Vəfa Quluzadə izah etməyə çalışır. Yaponlar bu dəfə soruşurlar ki, həmin “Kelbezer”ə qədər olan məsafə nə qədərdir. Deyirlər: “Hava yolu ilə 300 km-dən bir qədər artıq. Yaponiyalı qonaqlar çiyinlərin çəkib deyirlər: “ Yaxındır ki!.. Telefon çəkdirin də”.

10. Dialoq – 2

“Azadlıq” qəzetinin müxbiri Nailə Bağırova növbəti dəfə Azərbaycan Teleradio şirkətinin rəhbəri Məmməd İsmayıldan müsahibə almaq üçün onun qəbul otağına gəlir. Burada sədrin köməkçisinin köhnə dostu Ehtiramla sözləri yenə də düz gəlmir. Qəzet nümayəndəsi “Azadlıq”ın xalq hərəkatındakı istisna roluna işarə edərək özünə də istisna münasibət tələb edir. M. İsmayılın xalq hərəkatındakı rolunu “Azadlıq” qəzetinin gördüyü işlərdən xeyli yuxarı tutan Teleşirkət nümayəndəsi Nailə xanımın tələbinə uyğun hərəkət etmir. Sonuncu qəzəblənib onu “ağılsız adam” adlandırır. Ehtiram təmkinin pozmayaraq soruşur:
- A qadan alım, bax maa axmaq deyirsən, bəs, onda de görüm ağıllı adam necə olur, hay?
- Ağıllı adam? – deyə Nailə xanım gözlərini qıyıb bir qədər düşündükdən sonar cavab verir, – ağıllı adam elə bir şəxsdir ki, öz fikrini başqasına dərhal anlatmağı bacarır. Başa düşdün?
- Yox…

11. Sual-cavab

AXC Naxçıvan şöbəsinin sədri Asəf Quliyevdən soruşurlar:
- Fəlakətlə bədbəxt hadisə arasında fərq varmı?
- Əlbəttə var. Məsələn, əgər Heydər Əliyeviç yıxılıb Araz çayına düşsə bu, bədbəxt hadisədir. Əgər onu oradan çıxararlarsa bu, əsl fəlakətdir.

12. Münaqişə

Məsciddə telefon zəng çalır. Axund dəstəyi qaldırır:
- Allo, molla əmi, rayon DTK-sıdır. Burada bir balaca məclisimiz var, 12 dənə mütəkkə göndərin.
- Qulağının dibini görərsən, mütəkkələri yox! Keçən dəfə verdim, cırıq-cırıq eləyib qaytardınız.
- Belə de! Onda Məkkəyə viza əvəzinə qulağının dibinə baxarsan!
- Əstağfurulla! Viza vermirsən?! Onda nəzir qutularından zırt dolya alarsan!
- Aha! Zırt mənə dolya?! Onda mitinqlər üçün zırt sənə lotular!
- Zırt mənə lotu?! Onda sauna üçün zırt sənə zənənlər!
- Bura bax ey, molla! Belə sözlər üstündə sənin poqonlarını sökərəm!..

Ardı olacaq                     qasimli.wordpress.com

Комментариев нет:

Отправить комментарий