Страницы

16.12.2012

Dağlar qoynunda Miki

Ucqar dağ kəndi deyəndə yəqin ki, öncə yadınıza xaraba yollar düşür. Elə düz də düşünürsünüz. Son vaxtlar ölkədə, eləcə də cənub bölgəsində bəzi dağ kəndlərinə gedən yollar təmir olunsa da, onların əksəriyyəti bərbad gündədir. Bir var bu barədə düşünəsən, bir var həmin xarabalığın əziyyətini yaşayasan.
Yolumuz Astara rayonunun Miki kəndinə idi. Xatırladaq ki, 3 il öncə bu rayonun digər ucqar və ekzotik kəndi olan Sıma səfər etmiş və bu səfərdən “Cənnətə gedən cəhənnəm yolları” adlı silsilə yazılar hazırlamışdıq. İndi isə yuxarıda qeyd etdiyimiz kimi səfərimiz Miki kəndinə idi.

Tanrı bu yerlərdən sanki heç nəyi əsirgəməyib. Uca dağlar, sıx meşələr, bulaqlar, dağlar arasında qıvrılan gözəl Miki çayı, bol meyvə bağları, az qala hər bir həyətdə bal arılarının qidalanması üçün yüz cür çiçəklər. Yerli sakinlər isə bu yerin ən qiymətli sərvəti kimi insanları sayır. O insanlar ki, saflıq, təmizlik, qonaqpərvərlik, mərdlik və digər mənəvi keyfiyyətlərini hələ də yüksək səviyyədə qoruyurlar. Bu kəndlərdə narkomana, oğruya rast gəlmək mümkünsüzdür.
Hər an dəyişən təkrarsız mənzərələri seyr edə-edə,
eləcə də hər iki metrdən bir düşdüyüm çala-çuxurların əzabını yaşaya-yaşaya Mikiyə yollanırıq.
Onu da deyim ki, Mikililər qonaqpərvər olsalar da, bu, onlara bir az baha başa gəlir. Çünki adi maşınlarla – “Jüquli”, “Mersedes” və sair yüngül minik avtomobilləri ilə həmin kəndlərə getmək mümkün deyil. Buna görə mikililər qonaqla zəngləşib onları kənddən 7-10 kilometr aralıda, Pensər kəndində qarşılayır, öz “Niva”ları ilə kəndə aparır, eləcə də həmin maşınla da geri qaytarırlar.
Bizim müşayiətçimiz kəndin bələdiyyə sədri, çox işgüzar və səmimi insan olan Saməddin müəllim idi. Yol boyu danışırdı ki, birincidən də birinci qayğıları yoldur. Vaxtaşırı təmir etsələr də, dağdan tökülən yağış suları həmin daşı-qumu yuyub aparır. Buraya asfalt döşəməkdən başqa əlac yoxdur.
Yolda maşına daha bir Miki sakini mindi. Onun dərdi bulaq dərdi idi. Sel suları bulağı doldurub və bütün kənd içməli sudan məhrum olub.
Burada kimi dindirirdin, yolun bərbadlığının onlar üçün yaratdığı problemlərdən danışırdı. Məhz yolsuzluq ucbatından əksər sakinlər dağ kəndlərindən köçüb düzəndə, onların dili ilə desək, aşağı kəndlərdə torpaq alıb, ev tikirlər. Belə getsə, bu ecazkar kəndlərin adamsız qalmaq təhlükəsi var.
Saməddin müəllim deyir ki, Miki çox qədim kənddir. Yaşlı adamların bildirdiyinə görə, vaxtilə bura ticarət yolu olub. Bu kənddən tunellər ataraq İrana və digər yerlərə səfər edər, ticarət qurarmışlar. Sonra zəlzələlər, uçqunlar həmin tunelləri sıradan çıxarıb.
Kəndin digər problemi isə burada vaxtaşırı torpaq sürüşmələrinin olmasıdır. Onlarla ev, tövlə və digər tikililər bu sürüşmələrdə yararsız hala düşüb.
Miki 5 kəndi əhatə edir və hazırda bu kəndlərin hamısında birlikdə 1000 nəfərdən də az insan yaşayır. Kənddə müasir tipli məktəb var. Kənd mağazasının işi isə müşküldür. Yerli sakinlərin mağazaya 6 min manatdan artıq borcu var. Hər iş bu kənddə zülmlə başa gəlir. Hələ rayon mərkəzinə demirəm, Bakı-Astara trasına yaxın kəndə gəlmək üçün hər gün az qala 10 manatlıq yanacaq işlədirlər. Təbii ki, kəndə mikroavtobus gedə bilmir. “Niva” maşınları burada “kişidir”. Məhz bu maşınların köməyi ilə onlar çətin dağ yollarında hərəkət edir.
Lakin mikililərin təsəlli yeri də var. Belə ki, Mikiyə trasdan 10 kilometrlik yoldursa, Mikidən yuxarıda yerləşən kəndlərə ən azı 3-4 dəfə çox 27 kilometr məsafə qət edib getməlisən, onu da gedə bilsən. Burada bəzi insanlar bütün ömrü boyu aşağı kəndləri, rayon mərkəzini görə bilmir. Qış aylarında bu kəndlərin bəzisinə hətta traktorla da gedə bilmirlər.
İşıq dirəkləri də burada bir problemə çevrilib. Saməddin müəllim deyir ki, 7 il öncə bura təzə adı ilə bir transformator vermişdilər. Heç texniki şərt verilməmiş məlum oldu ki, bu transformator xarab imiş. İndi yazmadığımız yer yoxdur, ancaq əlac tapılmır.
Digər Miki sakini isə bildirir ki, transformator cəhənnəm, heç dirəkləri dəyişmirlər. 50 il öncə basdırılan dirəklərdir. Əksəriyyəti təhlükəli vəziyyətdə əyilib. Bir çoxunu isə öz vəsaitimizlə dəyişmişik. Energetika sahəsinə ayrılan milyard manatlar bura gəlib çatmır. Bu yerlərə 2-3 milyon manatlıq sərmayə qoyub normal yol çəkilsə, təkcə turizmdən bir il ərzində həmin pulu çıxartmaq mümkündür. İstər tarixi abidələr, istər mineral sular və unudulmaz mənzərələr turistləri heyran etməyə bəs edər.
Burada sakinlərin əksəriyyəti heyvandarlıqla, bağçılıqla məşğul olur. Mikidə arıçılıqla məşğul olmayan az adam tapılar. Kiçik bir kənddə hər il 10 tondan artıq yüksək keyfiyyətli bal istehsal olunur. Lakin mikililər ölkədə məşhur olan bu balı layiq olduğu qiymətə sata bilmirlər. Kəndin əksər ərazisi dağlıq olduğundan əkinə-biçinə yararsızdır. Hətta qadınları tüfəng atmaqda mahir olsa da, qonaqlara qarşı olduqca mehribandırlar. Kəndin maraqlı toy adətləri də var. Mikidən qız alan oğlanlar toyun yemək-içmək xərcini tamamilə öz boynuna götürməlidir. Gəlinə cehiz kimi verilən yorğan-döşək isə bəzən 10 dəstdən də artıq olur.
Burada daşdan-torpaqdan zülmlə pul çıxardıb həyat sürənlər olsa da, kasıbçılıq ucbatında mal-qara ilə bir evdə yaşayanlar da var.
Mikililər 2013-cü ili çox intizarla gözləyirlər. Onlara vəd ediblər ki, qarşıdakı ildə kənd yoluna asfalt döşənəcək.

Zahir Əmənov                  "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий