Страницы

21.12.2012

Demokratiya yolumuzu kəsdi

Arzu Abdulla

Dünən 2 saylı Klinik Psixiatriya Xəstəxanasına gedirdim. Bilirsiniz ki, bu xəstəxana Süleyman Rüstəm 40 ünvanında yerləşir. Başıma gələnləri nağıl eləsəm gərək deyəm ki, küçə ilə az getdim, üz getdim, dərə-təpə düz getdim, gəlib bir divə rast gəldim. Gördüm div yolu kəsib. Səbəbini soruşdum, dedi kefim belə istəyir. Varmı bu cahanda mən gövdədə, mən böyüklükdə ikinci div?
Vəssalam. Yəqin siz bilirsiniz ki, Süleyman Rüstəm şair olub, maraqlı şeirlər yazıb. O da digər sovet şairləri kimi sovet ideologiyasını təbliğ edib? Kosmosa, 10 illik planı beş ildə yerinə yetirən kolxozçuya və fəhləyə, bir toyuqdan gündə iki yumurta, bir inəkdən ildə iki bala alan zəhmətkeş kəndliyə o ki var şeir yazıb, söz qoşub. Amma onun kosmosa uçan ilk canlıya-Laykaya yazdığı şeiri unutmaz bu bəşər heç zaman. Kosmosa ilk uçan canlı Laykaya üzünü tutan şair yazırdı:


Layka qardaşımız edir göydə ham-ham
Bizdə baxıb alırıq ilham.

Xalqımız bu möhtəşəm şairin bu zəhmətini dəyərincə qiymətləndirib. Bu gün Süleyman Rüstəmin adı şəhərin ən böyük və mərkəzi küçələrindən birinə verilib. S.Rüstəm Təbriz haqqında da şeirlər yazırdı. O, Təbrizi Bakının qardaşı adlandırırdı. Dünyanın lap o başındakı zəncinin dərdinə yanan şairlərimiz hər zaman belə kövrək, belə hüznlü olublar. Onlar hətta ölmüş boz sərçəyə qəlblərində qüssə duyublar. Amma nədənsə onlar qulaqlarının dibində bir inəyin ildə iki bala verməsinə heç zaman etiraz etməyiblər. Bu şairlər, yəni sovet şairləri pambıq yığımı zamanı Muğan kəndlərinin yolunu div kimi kəsən milislərə etiraz etməyib. Yadımdadır, qonşu kənddə bir pambıqçı qadını ilan çalmışdı. Onu təcili maşına mindirib rayon mərkəzindəki xəstəxanaya çatdırmaq istəmişdilər. Lakin yolu kəsən milislər buna imkan verməmişdilər. Onlar sürücüyə və xəstənin adamlarına elə beləcə demişdilər: Sovet adamı bu günün qaynarında ora-bura qaçmalı deyil, pambıq toplamalı, planı doldurmalıdır.
Kürsüyə sinə gərib, dərdini, ahu-zarını söyləyən o zəncinin halına Sovet Azərbaycanında yaşayan bütün məktəblilər yanırdı. Amma maşında, geri qaytarılan və yolda çatlayıb ölən o kəndli qadının halına yanan tapılmırdı. Yeri gəlmişkən, ilanın çaldığı qonşu kənddəki o qadın hamiləydi...
Dünən Süleyman Rüstəm küçəsi 40 ünvanında yerləşən xəstəxanaya getmək üçün yolumu küçənin parka tərəf çıxışındakı palçıqlı yoldan saldım. Çünki Süleyman Rüstəm küçəsində yerləşən ABŞ səfirliyi yolumuzu kəsib. Bəli, Amerika səfirliyi Bakının ən iri yollarından birinin düz ortasına dəmir dirəklər sancıb və yolu kəsib. Bilmirsiniz niyə? Aaa, qəribə adamlarsız. Axı, Amerika dünyada “demokratiya” və “xalqlar dostluğu”nun mərkəzidir. Bəli, dünyaya demokratiya dərsi keçən Amerika Bakıdakı səfirliyini yerləşdirmək üçün adamları qışın soyuğunda evindən çölə tökdü. İndi isə yolun düz ortasına dəmir çəkib, yolu kəsib, sabah da yəqin ki, maşınların və adamların sıxlığını görüb, camaatı güllənin ağzına verəcək ki, bir az sakitlik yaransın.
Buna isə siyasətdə “adam yoxdur, problem də yoxdur” deyirlər. Məsələn, Amerika ordusu İraqı işğal edib, bayram günü günahsız adamların başına raket yağdırandan (Bu ABŞ-ın xarici siyasətidir və demokratiya adlanır), altını-üstünə çevirəndən sonra (buna isə ABŞ xalqlara demokratiya paylayır deyirlər) çəkilib getdi. Amma özü getsə də feli getmədi. Hər gün İraqda növbəti partlayış səsləri və ölənlərin ah-vayını eşidirik. Belə yerdə nənəm deyərdi, rədd uzunqulağındır, fel gəlinin.
Hamısı cəhənnəmə, sözümün canı var e. Çox maraqlıdır, görəsən, müstəqillik, istefa, demokratiya sözlərini özünə şüar seçənlər hansısa bir ölkənin səfirliyinin paytaxtımızın mərkəzi küçələrindən birini kəsməsinə niyə etiraz etmir? Çox maraqlıdır, görəsən, burda oturub, qonşu dövlətin - İranın öz ərazisində olan Urmiyə gölünün qurumasına qışqıran dil pəhləvanları niyə görə yollarının üstünü 7 başlı əjdaha kimi kəsənlərə etiraz etmir? Çünki o dil pəhləvanları əslində qrant pəhləvanlarıdır və bəlli məsələdir ki, bütün dünyada qrant paylayan kimdir. Bax, biz yenə də həmin yerimizdəyik. Biz Sovet Azərbaycanı adından qurtulduq, olduq müstəqil Azərbaycan, amma...
Əzizlərim, Təbriz həsrətindən yanan, Araz dərdindən saralan, Urmiyə gölünün duzlaşmasını canına dərd edib, qəlbi vərəm bağlayan həmvətənlərim, eşidin məni! Siz hələ də sovetlərin kosmosa qaldırdığı Laykaya şeir yazacaq durumdasınız. Siz göylərə uzanmış başınızı bir az aşağı çevirin və indi yollarınızı, dilinizi, ömrünüzü, Allahın bizə verdiyi sərvətimizi kəsənlərə etiraz edin. Əzizlərim, bir az realist olmaq gərəkdir. Buraxın, utopiyanı. 

yaxa.org

Комментариев нет:

Отправить комментарий