Страницы

05.12.2012

Metamorfoza

Xalid Şürük (Bağırov)

Mən onu ilk dəfə görəndə, o mənə oxşayırdı. Enli alnının altında – oynaq gözləri hər şeyə şübhəylə baxırdı. Düzü, onun nədən şübhələndiyini bilmirdim. Əgər o da mənim kimi hissələrinə əsir adam idisə, yəqin ki, onun üçün də aldanmamaq ölüm-dirim mübarizəsi idi. Bu mübarizənin ağrılarını içimdə yaşatmaq mənə görə nə qədər doğma olmuşdusa, onun hisslərinin də onun üçün daima doğmalıq anlamı kəsb etməsini tam səmimiliklə istəyirdim. Lakin buna rəğmən həm özümün ona oxşamasını, həm də onun mənə oxşamasını istəmirdim. Hətta onun mənə hər dəfə verdiyi «mənə inanırsan?» sualına «sən mənə necə?» sualıyla cavablandırmaqdan özümü zorla saxlayırdım. Ümumiyyətlə isə onu bu sualına nə vaxtsa, necəsə cavab verdiyimi belə xatırlamıram. Əslində onun bu sualı məndən çox özünə ünvanlanmışdı. Mən bunu bilirdim. Özü də «mənə inanırmı görən?» və yaxud da «ona inanımmı?» kimi suallarla birbaşa yox, məhz ona cavab kimi verəcəyim «sən mənə necə?» sualıyla özünə ünvanlanmışdı.
Bu sualıma cavab olaraq o susacaqdı, çünki özünə lazım olan cavabı mənim sualı necə verməyimlə alacaq və beləcə biləcəkdi ki, mənə inanmaq olar, ya yox. Mənə gəldikdə isə onun hər dəfə verdiyi sualdan bilirdim ki, ona inanmaq olar, təki onun sənə inandığına əmin olasan. Onunsa mənə inanıb-inanmağını heç cür aydınlaşdıra bilmirdim. Bir də axı mənim ona inandığımı o da aydınlaşdırmağa çalışırdı. Bəlkə verdiyi sual da sadəcə elə bir məqsəd daşıyırdı – mənim ona inandığımı aydınlaşdırmaq. O zaman bunu özüm üçün heç cür açıqlaya bilməmişdim, necə ki, o mənim o sual qarşısında susmağımı anlaya bilmirdi. Bir-birimizdən baş aça bilməməklə özümüzü çətin vəziyyətə salmışdıq. Mən onun kimi sual verməkdən yayınırdım, sanki, düşdüyümüz oxşar vəziyyəti qismən də olsa aradan qaldırmaq istəyirdim.
Biz onda hər şeyi sual üstündə deyil, sadəcə «sənə inanıram» kimi nidasız-filansız cümlə üstündə qursaydıq, bəlkə də bir yerdə ola bilərdik…
Lakin mən onunla ikinci dəfə rastlaşanda, o artıq mənə oxşamırdı. Əslində heç mən özüm də özümə oxşamırdım. O vaxt artıq ilk hekayəmi çap elətdirmiş və kibernetika ilə əylənməyə başlamışdım. (Kibernetika qadın kimi bir şeydir. Qadının səni hara aparıb çıxara biləcəyini bilmədiyin kimi, hansı məsələdən nə cür cavab alacağını ağlına belə gətirə bilməzsən). O isə artıq ərə də getmişdi. Öz təbirincə desək, o adama inanıb getmişdi. Əri də ona inanırdı. Bütün bunları mənə danışdıqdan sonra, o, nədənsə susmuşdu. Bu nədənsənin bir hazırlıq olduğunu mən çox keçməmişdi ki, anlamışdım. O bir azca susub mənə «bilsən, sənə necə inanıram» demişdi. Mən onda bunu nəinki bilirdim hətta dəhşətli dərəcədə hiss edirdim və qorxurdum bundan. Mən hətta onu da bilirdim ki, o mənə bu inandığından da çox inanmaq istəyirdi. Məsələ orasındaydı ki, mən ona inanmırdım. O vaxt mən ümumiyyətlə heç nəyə inanmırdım. Bəlkə elə buna görə idi ki, hekayə yazmağa başlamışdım. Hekayələrimlə əslində mənə verilə biləcək suallara cavablar hazırlayırdım. Nədənsə, əvvəlki tək məndən, ona inandığımı soruşmaq onun ağlına gəlmirdi. O vaxt mənim də onun suallarına cavab verməyə nəinki həvəsim vardı, hətta onun mənə sual verməsi heysiyyatıma toxunardı. Qəribə idi, yox bəlkə də mənim üçün lap dəhşət idi, düzü nə bilim, bəlkə elə hər ikisi idi ki, o- mənim onun duymasını istəmədiyim şeyləri hiss edirdi, mən isə onun mənim duymamı istədiklərini, məhz bu dəhşətli olan qəribəlik idi, məni qorxudan. Bəzən düşünürəm ki, «qəribə» sözü biz insanların özümüz özümüzə heyranlıqla baxmaq istəyindən başqa bir şey deyil, və yaxud da başqasını heyran etmək cəhdinə oxşar bir şey. Ancaq bütün hallarda qəribəliyi duymaq məğlubiyyətdir. Ola bilsin ki, onda o belə düşünmürdü, ona görə hər şey adi idi, bəlkə elə mən özüm də. Bəlkə mən həm də onun üçün belə adiləşməkdən qorxurdum. Axı mən bunu heç zaman istəməmişdim, ona görə yox olmaq, baş götürüb qaçmaq istəyirdim. Amma hər dəfə bunu etmək istəyəndə yanımda peyda olub gözlərini yazıq-yazıq mənə zilləyir və «bilsən, sənə necə inanıram» deyirdi. Bununla da mənə sanki heç nə bilmədiyimi göstərmək istəyirdi. Amma yox, bir şeyi yəqin bilirdim yazıq olmaqdan ötəri heç nə lazım olmadığı kimi, yazıq görünməkdən ötəri çox şeyi bilmək gərəkdir. Onun çox şeyi bilməsi təkcə elə ondan bəlli idi ki, o nə istədiyini bilirdi. Mən isə nəinki bunu, deyəsən doğurdan da heç nəyi bilmirdim.
Hər gecə onun ürəyində, yaxud da dodaqları ilə, gözləri ilə necə güldüyünü xatırlayıb xısın-xısın ağlayırdım. Ağladıqca bir şeydə mən əmin olurdum qaçıb canını qurtarmalıyam. Ağlayıb qurtardıqca mən yəqin bilirdim ki, nəyin bahasına olursa olsun bu belə də olacaq. Bu elə belə də oldu…
Mən onunla üçüncü dəfə rastlaşanda o ərini atmışdı çoxdan, mən isə yazmağı. İlk anda düşündüm ki, yəqin yenə də bir-birimizə oxşamağa başlamışıq. Lakin çox keçmədi ki, yanıldığımı anladım; o nəinki tək mənə, o hamıya oxşayırdı.
Metro vaqonunda arxası mənə tərəf durduğundan üzünü görmədiyim, üzünü görməkdən ötəri hər şeydən keçməyə hazır olduğum, lakin adamların vaqondakı basırığından ona sarı bir addım da ata bilmədiyim və elə beləcə üzünü göstərmədən vaqondan düşüb gedən qadına oxşayırdı. Cinsi oyanışımda əvəzsiz rol oynamış, dərsi boyu dediklərini yazmaqdansa, onun əsas iştirakçı olduğu qudsal səhnəciklər quraşdırıb yazdığım, onunla bağlı xatirələrini nakam məhəbbət hesab etdiyim ədəbiyyat müəlliməmə də ilk dəfə Bakıya üz tutarkən yol boyu elə qatardaca, məni qarət etmiş, o cümlədən oğlanlığımı əlimdən almış və ədəbiyyat müəlliməmlə bağlı xatirələrimə sahib çıxmış bələdçi qadına da nəsə bir oxşarlığı var idi. Lap elə dünən gecə yanında olarkən mənə donuq sifəti və şirin ruscası ilə öz «menyu»sunu təklif eləyən, birdən «menyu»sunun «minet s priqlotom» olan hissəsinə çatanda, dodaqlarının qıraqları büzülərək ortaya doğru yığmalanan, həmin an bədəninin sezilən ürpəşməsindən anlaşılan- ehtirassızlığı, gözlərində qoruyub saxladığı ehtirasla ört basdır etməyə çalışan, bununla öz menyusunun bu hissəsinə vərdiş etmədiyini biruzə verən və mənim də hər şeyin acığına onun «menyu»sundan, az qala, bu üsulu seçəcəyim fahişəyə oxşayırdı. Hələ bütün başqa qadınlara da, hələ üstəlik kişilərə də.
Ərindən niyə ayrıldığım soruşdum. «Oğraşın biri idi» deyə cavab verdi, sonra nədənsə ona təəccüblə baxdığımı görüb tezcə «İnanmırsan? Heç inanma» deyə əlavə etdi.Bu yəqin ki, hamının hamıya olan münasibəti idi. Bəlkə də mən hamı deyildim, hamıya da oxşamırdım, amma hamıdan biri idim. O isə yəqin ki, hamı idi. Mən bütün bunlar barədə düşünəndə, onun siqaretini tustulədə-tüstülədə nə barədə düşündüyünü bilmirdim. Orası yəqindi ki, o bu söhbətimiz barədə nəinki düşünür, bəlkə artıq söhbətimizin nədən getdiyini də unutmuşdu. O zaman o çox şeyi xatırlamırdı. Baxmayaraq bir yerdə keçirdiyimiz günlər haqqında ağız dolusu danışırdı.
O mənə baxmırdı ,gözünü getdikcə küllə dolan külqabıya zilləmişdi.Deyəsən o özü də hamıya oxşadığını anlayırdı .Özüdə bunu külqabı ona göstərirdi .Ona görə də siqaretini söndürəndə bu oxşarlığa dağ basırmış kimi külqabıya sıxıb əzirdi.
Kim olsaydı belə oxşarlıqdan bezərdi .O da «Bezmişəm»- dedi.İlk anda onun bu oxşarlığı nəzərdə tutduğunu düşündüm.«Kimsə mənə inanmaq belə istəmir»-deyə davam etdi, sonra daha nəsə mızıldatdı.Əlbət də, kim ona inanardı axı .O hamıya tanış gəlirdi və hamıya da özünü xatırladırdı. Daha doğursu , hamının göstərmək istədikləri və görünən üzlərini yox, bu üzlərin arxasında gizlənən narahat mövcudluqlarını xatırladırdı. Bu mövcudluqları özgələrindən gizlədilən o qədər həqiqətə bələd idi ki, hamı onları gizlətməyə çalışıb özgələrindən. Hamı bu mövcudluqlarının varlığını o qədər inkar edib ki, artıq özləri də onların varlığına şübhə etməyə başlayıb. İndi də o peyda olmuşdu və hamını həmən o narahat mövcudluqlarının varlığına inandırmaq istəyirdi, hər kəsin öz içinin dərin küncünə qovub rahatladıqları bir yaşantını üzə çıxarmaq istəyirdi.Bəlkə heç bunları istəmirdi də, amma kim həyatlarının gizli məqamları ilə bağlı olan bir məsələdə şübhəli qalmaq istəyərdi.
Mən bir vaxtlar onun heç kimin olmamsını çox istəmişdim. Hətta ona kiminsə əlinin toxuna biləcəyi fikrindən belə ağlımı itirirdim. Bu səbəbdən mən də hamı ilə bərabər ona sahib olmaqdan imtina etməyə hazır idim. Hətta özümə söz vermişdim ki, belə olacaq hallda, mən də heç kimin olmayacaqdım. Sonra bütün arzuların fani olduğunu düşünüb bir dəfəlik əl çəkmişdim bu fikirdən. Və indi budur, mənim nə vaxtsa heç kimə bildirmədiyim arzuma o, sahib çıxmışdı, mənim içim ölü kimi yaşamış obraza elə girmişdi ki, sanki bu obraz ta əzəldən o olub. Amma mən bilirdim bu – mənim olmaq, heç olmasa görünmək istədiyim, özümün qondardığım və öz xoşumla da içimdə diri–diri batırdığım «mən»dir. Ona görə də ona inanmırdım. Bir yandan da onu bu yanlışlıqdan xilas etmək, bu yoldan qaytarmaq istəyirdim. Fəqət , nə xeyri, mən onun arxası ilə qaçdıqca o, daha da uzaqlaşırdı. Getdikcə gözümdən itirdim və mən əvvəl tanıdığım «O»nu itirirdim. Hətta bir dəfə dözməyib «Dayan» deyə bağırdım- «bu -sən deyilsən». O isə cavab olaraq susdu və acı-acı gülümsədi, amma ürəyində yəqin ki, «İnanmırsan? Heç inanma!»-dedi. Əgər ona inana bilsəydim …
Onu sonuncu dəfə görəndə artıq heç kimə oxşamırdı. Həm tanıdığı, həm də tanımadığı bütün adamlardan üz döndərmişdi. İnanmamış və bezmişdi bu dünyanın adam üzlərindən, ona görə də nəyəsə başqa bir şeyə oxşamaq istəmişdi. Bəlkə də bu başqa şey elə onun özü idi. Mən onun özünün necə olduğunu heç zaman görməmişdim, ümumiyyətlə onun özünün mövcud olduğuna inanmırdım, o günə kimi. O gün isə bir şübhə var idi içimdə . Mən heç onu görməyə gələndə də heç nəyə inanmırdım. Hətta səhər çalınan telefonumun zənginə və mənim ora gəlməyimi istəyən səsə də . Bəlkə həmən zəng çalındıqdan sonra durub paltarımı dəyişib ora getməzdim, əgər mənim içimdə də eynən o zəngə oxşar başqa bir zəng çalınıb ora getməyimi istəməsəydi. Mən heç nəyə innmırdım, hətta zəng çalınan anda saatın on birdən beş dəqiqə keçdiyini göstərməsinə də , yoxsa kiməsə zəng vurub bir daha saatı soruşmazdım; paltarımı geyinərkən köynəyimin düymələrini düz bağladığıma da, yoxsa hər şeyin qaydasında olduğuna əmin olmaqdan ötəri özümü bir neçə dəfə qabağına verməzdim, bəlkə bu bir bəhanə idi – mən özümün kimə oxşamasını görüb anlamaq istəyirdim, amma yox mən düz üç dəfə qayıdıb qapının yaxşı bağlanıb bağlanmadığıını yoxladım. Mən gedib ora çıxandan sonra artıq anladım ki, mənim bütün bü hərəkətlərimin ona zərrəcə dəxli yoxdur. O, yenə də uşaq vaxtlarımızda olduğu kimi oynadığımız yerdə məni topla tək qoyaraq, acıq edib getmişdi. O vaxtlar hikkəmdən ağlaya bilirdim, indi isə bunu da bacarmırdım.Yox, mən yenə də hikkəli idim, yenə onun geri dönməsini nəinki istəyir , bəlkə də öz içimdə kimdənsə, nədənsə tələb edirdim. Lakin o, geri dönməyəcəkdi, mən isə beləcə tək qalacaqdım – əlimdəki topla. Hə, bir də ki, mən ora hardansa , nədənsə top alıb gəlmişdim.Bəlkə də heç anlamadan, evdən gətirmışdım.Onda bunun səbəbi heç ağlıma gəlməmişdi, bəlkə də gül bağlaması bilmişdim. Deyəsən mən içəriyə keçəndə elə əlimdəki topa görə hamı belə təəcüblə baxırdı mənə .Amma mən isə bu dəfə də düz gəldiyimə inanmaq istəmirdim. Ola bilsin kimsə mənim bu hərəkətimi anlayırdı da. Ancaq axmaq adamlara anlamaqla yardım etmək istəyirlər. Axı mən burda kimdən nə istəyə bilərdim. Yoxsa həmişə kiməsə oxşatdığım, amma kimə? – indiyə kimi tapa bilmədiyim onun rəfiqəsindənmi. Ya da ildən-ilə özünə, sonra özünün oxşarına, sonra isə oxşarının oxşarını oxşayan anasındanmı. Otaq boyu göz gəzdirirdim, bilmirdim kimə inanım kimə yox.Anasından və rəfiqəsindən savayı hamı bir-birinə oxşayırdı.Gəl ki, heç kim özünə oxşamırdı , elə bil o getməyi ilə hər şeyin yerini dəyişmişdi . Mən yaxınlaşıb atasına baş sağlığı verdim, o isə gözünü bərəldərək yanındakı , qonşu sandığım kişiyə tərəf işarə elədi. Mən də kor peşiman çəkilib bir kuncə qısılmalı oldum. Elə bu zaman rəfiqəsi yaxınlaşdı mənə, «Bilirsən? -dedi- O, özündən sonra səndən bir şeyi soruşmağımı istəyib.» Mən ona heç nəfəs dərməyə imkan vermədim «bilirəm» dedim, o duruxub təəcüblə mənə baxdı , bəlkə də cavab gözləyirdi. Mən isə bilirdim o suala ya «hə» ya da «yox» cavabı verməliyəm. Hər iki halda onun deyəcəyi sözə hazır idim. Yəqin ki, həmən sözü deməyi də rəfiqəsinə tapşırmışdı, elə ona görə də rəfiqəsindən soraşacağı o şeydən savayı başqa bir söz çatdırmağı tapşırmadığını şoruşdum. Onun dediyi «yox» sözünü eşidən kimi arxayıncasına nəfəs aldım. Bunu rəfiqəsidə duydu. Artıq gedə bilərdim. Təkcə əlimdəki o topdan qurtulmaq qalırdı. Anasına yaxınlaşdım və topu onun otağına qoymaq istədiyimi bildirdim. Anası üzündəki ifadəsini dəyişmədən, sanki mənim sözlərimi eşitməyib kimi dönüb harasa getdi və mən də onun arxınca getməli oldum. O qapılardan birini açdıqdan sonra çəkilib qıraqda elə durdu ki, elə bil mənə içəri keçməyin artıq iş olduğunu anlatmaq istəyirdi. Mən də məcbur qalıb içəri keçmədən , lakin əvvəlcə topu arxayınlıqla içəri diyirlətdim, sonra bir söz demədən qapıya doğru getdim. Qapıdan məni, elə anası ötürdü. Qapını arxamca bağlayanda arvadın sifəti birdən dəyişdi, üzündəki sərt ifadə birdən əriyib yox oldu və o birdən «Oğlum, o, səni evdən ötürərkən sənə bir söz çatdırmağımı istəyib»,-dedi. Mən «ola bilməz!» deyib qışqırdım.

“Alatoran”

Комментариев нет:

Отправить комментарий