Страницы

09.12.2012

"O" VƏ "O BİRİ"

ORXAN FİKRƏTOĞLU

 Anasının on uşağı var idi. "O" on birinci idi. Anası onu doğmaq istəməmişdi. "O" özü doğulmuşdu. Anası yatağa uzanıb, böyük bacısını qarnının üstünə çıxartmışdı, isti su qoyub içinə oturmuşdu, həb atmışdı, daş qaldırmışdı, neynəmişdi, nağayırmışdı. "O" ölməmişdi ki, ölməmişdi. Düz doqquz ayın tamamında doğulub dünyaya gəlmişdi. Bu hirsli, kinli quru uşaq əvvəlcə anasının döşünü götürməmışdi, sonra dilini udub oturmuşdu. Nə yemişdi, nə ağlamışdı, nə dinmişdi, nə də danışmışdı. Eləcə oturub kinli gözləri ilə dünyanı süzmüşdü. "O" qəribə uşaq idi.
Gündüzlər yatardı, gecələr gözləri işara- işara tavana baxardı. Gördüyü güzgüləri sındırardı. Işığı sevməzdi. Anası "O" dan qorxardı. Atası isə elə hey dili əsə- əsə: - Allah, sən özün saxla - deyərdi, - sən özün saxla, bu uşaq başyeyəndi, öldür bunu!
 Atası onu sevmirdi. O da atasını. Atasının ürəyinə gələn başına gəldi. Yuxudaca öldü. Atasının qırxı günü böyük bacısının boğazından bir qətrə qan gəldi. O qan bacısının göz yaşlarıyla birgə döşəmədən silinəndə, bacısının özü də bu dünyadan silindi. "O" bu ölümlərə nə ağladı, nə də dindi, eləcə oturub, hirslə, nifrətlə tavana baxdı. Bu baxışla, on uşağın hamısı bir¬bir adlarını dünyada qoyub çıxıb o biri dünyaya getdilər. "O" tək anası ilə qaldı. Günlərin bir günü "O" anasının yataq otağına girdi. Anası yatırdı... "O" sakit- sakit anasının qarnı üstünə çıxdı. Anası gözlərini açıb "O"nu gördü:
 - Nədi, - dedi anası, - nədi sənə qurban? - "O" dinməyib anasının qarnını təpikləməyə başladı. Anası gözlərini yumub susdu. Bir azdan anasının ölü gözləri açıq idi. Və o açıq ölü gözlərdə sevgi qarışıq təəccüb var idi. "O" anasını öldürüb dünyaya düşdü. Dünyaya hələ belə "O" düşməmişdi. Meşələri kəsdirdi, bulaqları basdırdı, adamları öldürdü, dinmədi. Quşları öldürdü, qırışığı açılmadı. Suları öldürdü, gözləri yaşarmışdı. Dünyanın belinə bir at saldı- dalı kotanlı, şumladı, bellədi, dümdüz elədi. Dinmədi ki, dinmədi. Hamını qorxutdu. Hamı ondan qorxdu. Elə qorxa- qorxa da camaat onu böyük elədi, oldu böyük. Torpağa tum atdı, dar ağacı bitdi. Adamların boynuna kəndir doladı. Kəndir hazır, ağac hazır, günah hamıda. " O " da yiyə, sahib. Asdı, kəsdi, onu öldürdü, bunu öldürdü, bir də hamını öldürüb tək qalıb. Təkcə qalıb. Durmadı, axırda dünya-nın boğazını kəndirlədi, sabunadı, mumyaladı, qoydu bir qırağa. Beləcə- beləcə günlərin sayı ağardı, günlər yarpaq olub saralıb töküldü. Günlərin içindəcə dünyanın içi çirkləndi, göz-ləri tutuldu, oldu lal- kar, kor, oldu, qurban. Ozü gəldi "O"nun ayağına ki, məni öldür. "O" dünyanı öldürmədi. "O" tək darı-xardı. Göydən alma düşməliydi, düşmədi. "O" "biri" düşdü. Düşən kimi ağ bulludan dünyaya bir dam cə su düşdü. Su düşən yerdə qırmızıca gül bitdi. Bu qırmızıca gül bitənə qədər "O BIRI" böyüdü. "O BIRI"heç nə demədi, heç nə yemədi, eləcə güldü. Güldü- güllər açdı, güldü- torpaq çiçəkləndi, güldü-adamlar doğuldu, güldü- dünya dirçəldi, ayıldı. "O BIRI" dim-dik durdu. Dünya "O BIRI"nin başına fırlanmağa başladı. Bir gün "O BIRI" eşitdi ki, "O" var. dünyanın yüyəni də əlində.
 "O BIRI"nin anası yox idi ağlasın, atası yox idi danlasın, bacısı, qardaşı yox idi durub baxsın. Tək idi, daş kimi, dağ kimi. Tək idi söz kimi, tək idi yaxşılıq, düzlük kimi. Allahdan xeyir-dua istədi, aldı! Altdan geyindi- üstdən fəllandı, üstədən geyindi altdan qıfıllandı, gülə- gülə getdi. Dünyanı "O"dan ala.
 "O" taxtda oturmuşdu. Dedilər "O BIRI" gəlib! "O" ayağa qalxdı:- buraxın dedi! "O BIRI" içəri keçdi. "O BIRI"nin işıqlı gözləri, gözəl yaraşıqlı üzü "O"nun çoxdan donmuş ürəyinə bir istilik saldı. - Kimsən? - soruşdu "O" - Nəçisən? Nəsən? - soruşdu bu qıfıllanmış "O BIRI"ndən. "- Sənə söz deməyə gəlmişəm" - dedi "O BIRI!" "O" bu işıqlı, həmişəgülən, qor-xu bilməyən adama baxa- baxa hiss eləyirdi ki, içindəki ağrı, kin əriyir, gözləri gördüyü şeyləri beyni də, içi də görür. - Nə söz? - bağırdı "O" - Sən heç özünü görmüsən? - soruşdu "O BIRI". "O" dinmədi. "O BIRI" keçib "O"nun qarşısında durdu. "O" "O BIRI"nə baxdı. "O BIRI" "O"na. Baxdılar, baxdılar, durdular, durdular, haçandan- haçana "O" : - mən də varam, - dedi! "O BIRI" "- Sən də!" - təsdiqlədi. "O", "O BIRI"nin əlindən tutub ən uca dağa çıxartdı. Onlar ən uca dağa durub günəşə baxdılar. O gecə günəş batmadı. "O" dili əsə-əsə:- "Mənim ürəyim ağrıyır", - dedi, - min ildi ağrıyır ürəyim! Hələ doğulmamışdan, a namın qarnında bacım təpikləyib əzmişdi ürəyimi! Ağrımı deməyə bir kimsəm yox idi, nə yaxşı gəldin! - "O BIRI" dinmirdi, gülürdü. "O" və "O BIRI" doyunca günəşə baxdılar. Gecənin lap içində "O" "O BIRI"nə de-di ki - Günəş gözəlmiş, heç görməmişdim! "O BIRI" dinmədi. Çünki "O BIRI" üçün pis heç nə yox idi, hətta "O" da... "O BIRI" üçün pis deyildi.

Комментариев нет:

Отправить комментарий