Страницы

22.12.2012

Talışlar (I Hissə)

Filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbli “Talış dilinin fonetikası” Bakı, “Nurlan” 2009 səh.17-39.

Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan dilində onlara “talış” deyirlər. Rus dilindəki ədəbiyyatda onların adı gah “талыши”, gah da “талышинцы” yazılır; ikinci ad səhvdir. Antropologiya baxımından talışlar böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Talışlar irandilli xalqdır. Ana dilləri talış dilidir. Talış dili Hind-Avropa dilləri ailəsinin İran qrupunun şimal-qərb yarımqrupuna daxildir. Bu dil fars, tat, kürd, tacik, osetin, puştu, dəri, beluc və s. dillərinə daha yaxındır. Talış dili slavyan (rus, belorus, Ukraina, çex, polyak və s.), baltik (Litva, latış), german (alman, ingilis, isveç və s.) dilləri ilə uzaq qohumdur. Talışlar Azərbaycan Respublikasının cənub-qərbində talış zonasında (Astara, Yardımlı, Lerik, Lənkəran və Masallı rayonlarında), habelə Biləsuvar və Cəlilabad rayonlarında, Abşeron yarımadasında (Bakı, Sumqayıt şəhərlərində), İranda (Gilanda və onunla qonşu İran Azərbaycanında) yaşayırlar.
Talışların (istər Azərbaycanda, istərsə İranda yaşayan) sayı haqqında əlimizdə dəqiq məlumat yoxdur. Sovet İttifaqında əhalinin 1926-cı il siyahıya alınmasına görə, Azərbaycanda (şimali) 77 323 nəfər talış yaşamışdır. (Кафказский этнографический сборник, IV, Москва, 1969, səh. 13) Azərbaycan əhalisindən 80 624 nəfər talış dilini öz ana dili hesab etmişdir. 1931-ci il aprel ayının 5-dək olan məlumata görə, Azərbaycanda 89 398 nəfər talış yaşamışdır. Əksəriyyəti talış olan Lənkəran şəhərinin əhalisi (5 aprel 1931-ci il məlumatına görə, Lənkəranda 11 688 nəfər yaşamışdır) buraya daxil deyildir. Göründüyü kimi, rəsmi məlumata görə, hələ 1931-ci ilin əvvəli üçün indiki Azərbaycan Respublikasının ərazisində 100 mindən çox talış yaşamışdır.
1931-ci il məlumatından sonra əhalini siyahıyaalmada talışların sayı haqqında statistik məlumat yoxdur. Lakin bəzi mənbələrdə SSRİ-də 89 min (М.И.Исаев. Сто тридцать равноправых. Москва. 1970, səh. 61), İranda 84 min (Язык народов СССР, I, Москва, 1966, səh. 302) talışın yaşadığı göstərilir. 1978-ci ilin təxmini məlumatına görə, İranda 90 min talışın yaşadığı göstərilir (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441). Lakin dağlıq və dağətəyi yerlərdə yaşayan və əhalisini talışların tərkib hissəsi olan (onlar əsasən maldarlıqla məşğul olur) qolışlar həmin məlumatda talış xalqının tərkibinə daxil edilmir. Elə həmin mənbədə İranda 30 min talış yaşadığı göstərilir (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441). Qəribə burasıdır ki, 1956-cı il məlumatına görə, İranda 80 minə yaxın talışın yaşadığı qeyd edilir (Современный Иран, Москва, 1975, səh. 38). 1950-ci ildən 1978-ci ilədək İranın əhalisi iki dəfədən çox (112 faiz) artdığı (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441) halda talışların sayının həmin dövr ərzində cəmi 25 faiz (10 min) artması ağlabatan deyildir. SSRİ-də 1989-cu ildə aparılan əhalinin siyahıyaalmada Sovet İttifaqında 21 914 nəfər, o cümlədən Azərbaycan Respublikasında 21 200 nəfər talış yaşadığı göstərilir. Əlbəttə, Azərbaycan Respublikasında yaşayan talışların sayı haqqındakı rəsmi statistik məlumat aşkar şəkildə saxtalaşdırılmışdır. 1989-cu il əhalini siyahıyaalmaya görə, Astara rayonunda 69 min, Yardımlı rayonunda 40 min, Lerik rayonunda 54 min, Lənkəran rayonunda 164 min, Masallı rayonunda 144 min, Biləsuvar rayonunda 61 min, Cəlilabad rayonunda 133 min əhali yaşayır. Rəsmi məlumata görə, Astara rayonunda əhalinin 86,4 faizi, Lənkəran rayonunda 86,3 faizi, Lerik rayonunda 82,4 faizi, Masallı rayonunda 55 faizi talışdır. Elə təkcə bu dörd rayonda (Astara, Lerik, Lənkəran, Masallı) ən azı 327,5 min talış yaşayır. Biləsuvar, Yardımlı və Cəlilabad rayonlarında da kompakt halda xeyli talış yaşayır. Beləliklə, Azərbaycan respublikasında 700 min talış yaşadığını söyləməyə əsas vardır. Bəzi mənbələrə görə, İranda da, 1 200 min talış vardır. Ümumiyyətlə, dünyada 2 milyon talış yaşayır. Mən Gilan (gilək) dilini (məlumata görə, 1978-ci ildə İranda 2 milyon gilək yaşayırdı (С.И.Брук. Население мира, Москва, 1981, səh. 441)) müstəqil dil saymasam və onu talış dilinin bir dialekti hesab etsəm də, gilan dilində danışanların sayını buraya daxil etmirəm. Talışların yaşadığı ərazinin şimal sərhədini Viləş çayı təşkil edir, lakin xüsusən Sovet hakimiyyəti illərində azərbaycanlılar bu çaydan cənuba da məskunlaşmışlar. Öz növbəsində çayın şimal tərəfində də talış kəndləri salınmışdır; xüsusən, 1949-50-ci illərdə talışlar kütləvi surətdə İranla sərhəd zonasından köçürülməsi nəticəsində Biləsuvar və Cəlilabad rayonlarında xeyli talış kəndi salınmışdır. Şərqdən Xəzər dənizi talış ərazisinin təbii sərhədini təşkil edir. Talışların yayılmasının qərb sərhədi Talış dağlarından keçir, lakin qeyd etmək lazımdır ki, Talış dağlarının İranla sərhəd olan ən uca silsiləsində talışlar yaşamır; bu ərazidə azərbaycanlılar yaşayır. Cənubda talışların məskənləri Astara çayını aşır; dövlət sərhədinin o biri tərəfində də talışlar kompakt şəkildə yaşayır. İranda da talışlar, əsasən, Xəzər dənizi sahili boyu ovalıqda yaşayırlar; ovalıqda talış əhalisi Körpü – çalaya qədər uzanır və elmi ədəbiyyatda müstəqil dil hesab edilən gilan dilinə qovuşur. İran ərazisində də Xəzər dənizi boyu dağların yamaclarında talışlar yaşayır.
İranın keçmiş ərazi-inzibati bölgüsünə görə, talışlar Xəmsəyi-Təvaliş (beş talış) adlanan beş rayonda əhalinin böyük əksəriyyətini təşkil edir: Kərgəkrüd, Əsalem, Talış-Dolab, Şandərmin və Masal. Bütün bu rayonlar böyük Gilan əyalətinə daxildir. Astara rayonunda (İran Astarası) da talışlar yaşayır, amma bu rayon Ərdəbil əyalətinin (ostanının) tərkibindədir. Talış dilinin cənub sərhədi Xəzər sahili boyu, az qala, Ənzəli şəhərinə qədər çatır (Körpü-çala Ənzəlidən bir mənzil məsafədədir), talışların dağətəyi sərhədi isə cənuba o qədər də uzanmır, Xəzərboyu ovalığını qərbdən əhatə edən dağlarda talışlar nisbətən azdır. Burada əsas kəndlər Tülərü və Pek kəndləridir. Talışlar Xalxal dairəsində də yaşayırlar, onlar xalxallılar adlanır. İranda – Lerik rayonundan Ərdəbilə doğru yaylaqda da talışların yaşadığı Ambaran, Küləş, Cəyad, Dəlidaş, Kültəpə, Doxültəpə, Piləçay, Sarıxanlı kəndləri yerləşir. Talışlarla azərbaycanlıların qarışıq yaşadığı Sarıxanlı kəndini çıxsaq, bu kəndlərin hamısında təkcə talışlar yaşayır. Piləçay rayon mərkəzidir və bu kənddə bir neçə min ev vardır.
Azərbaycan respublikasında, o cümlədən Talış zonasında yaşayan talışların böyük əksəriyyəti islam dininin şiə təriqətinə tapınır. Lənkəran rayonunun cənubunda, Astara rayonunun şimalında, bəzi kəndlərin əhalisi sünni təriqətinə tapınır. Bu kəndlər içərisində ən mühümü Astara rayonunun Təngərüd kəndinin talış şivəsi ümumtalış dilindən (əlbəttə, talış dilinin yazısı və ədəbiyyatı olmadığı üçün bu dilin ədəbi formasından – talış ədəbi dilindən danışmaq olmaz; buna görə də ümumtalış dili dedikdə mən Lənkəran şivəsini nəzərdə tuturam) müəyyən qədər fərqlənir; bu fərq özünü təkcə leksika sahəsində yox, həm də qrammatika sahəsində göstərir. İranda yaşayan talışların da böyük əksəriyyəti şiədir. Sünni əhali, əsasən, Ərdəbil rayonunun Ambaran, Əmincan, Cəyid, Mizran, Minavar və Küləş kəndlərində yaşayır. Piləçayda şiələrlə sünnilər qarışıq yaşayır. Həmin şəhəri regionunda kənd əhalisi sünni, Nəmin şəhərinin əhalisi isə şiədir.
Azərbaycan respublikasında yaşayan talışların dili, tarixi, adət-ənənəsi, məişəti zəif araşdırılmışdır, İranda yaşayan talışlar haqqında isə heç bir tədqiqat işi aparılmamışdır. Buna görə də hətta əminliklə demək olmaz ki, İranda talışlar harada yaşayır, harada hansı məzhəbə qulluq edirlər. İranda statistik siyahıyaalınma, xüsusən azsaylı xalqlar arasında, heç aparılmadığı üçün oradakı talışların sayı haqqında da müəyyən bir söz demək olmaz.
Talış zonasının (xanlığının) Rusiyaya birləşdirilməsinə qədər talışlar İranın tərkibinə daxil idi. Buna görə də dil və din yaxınlığından başqa talış və fars xalqlarını mədəniyyət ümumiliyi də birləşdirirdi. Talışların öz milli ədəbi dilləri olmadığı üçün fars ədəbi dilindən və yazıda ərəb əlifbasından istifadə edirdilər. Rusiyaya birləşdikdən sonra da ruhanilər, mülkədarlar və yuxarı təbəqələr fars dilindən istifadə edirdi. Əhalinin az bir hissəsi, əsasən, ziyalılar Azərbaycan dilini bilirdi, rus dilini bilənlər isə lap az idi – Lənkəran şəhər məktəbini bitirən gənclər rusca danışa və yaza bilirdilər.
İstər Azərbaycan respublikasında, istərsə İran İslam Respublikasında yaşayan talışların ədəbi dili yoxdur; şimalda yaşayan talışlar Azərbaycan dilindən, cənubda yaşayan talışlar isə fars dilindən ədəbi dil kimi, o cümlədən rəsmi dövlət dili kimi istifadə edirlər.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra talışlar da ölkənin mədəni quruculuğuna cəlb edildilər. Kəndlərdə Azərbaycan dilində məktəblər açıldı. Əsrimizin 30-cu illərinə doğru talışların mədəni səviyyəsi xeyli yüksəldi. 30-cu illərdə Talış zonası məktəblərində ibtidai siniflərdə dərslər talış dilində keçirilməyə, Lənkəran şəhərində “Sıə toliş” (“Qızıl talış”) adlı qəzet nəşr edilməyə başlandı, talış dilində bir neçə bədii əsər və dərslik çap edildi, hətta “Kommunist partiyasının manifesti” talış dilinə tərcümə edildi (1933). Lakin otuzuncu illərin ikinci yarısında bütün ölkədə olduğu kimi, Azərbaycanda, o cümlədən Talışda da kütləvi repressiyalar başlandı: xalqın ən yaxşı oğulları, ziyalıları tutulub Qazaxıstan çöllərinə və Sibirə sürgün edildi, talış dilində kitab və qəzet nəşri qadağan edildi, talış dilində dərs keçirilməsi yasaq edildi, hətta talış sözünü işlətməyə belə icazə verilmədi; Talış ovalığının adı dəyişdirilib Lənkəran-Astara ovalığı edildi, Talış zonası isə Lənkəran-Astara zonası adlandırıldı (indi televizorda Lənkəran-Astara bölgəsi deyilir). Bütün talışlar bir qələmin hərəkəti ilə bütün rəsmi sənədlərdə, o cümlədən pasportlarda azərbaycanlaşdırıldılar. 1989-cu ilədək siyahıyaalmada talışlara öz mənliyini göstərmək qadağan edilmişdi. Elə 1989-cu il siyahıyaalmasında da respublikamızın müəyyən dairələri talışların özlərini talış kimi yazdırmasına mane oldu, xalqa təzyiq göstərildi. Məhz bunun nəticəsidir ki, talış xalqının cəmi 21 200 nəfər olması haqqında rəqəm meydana çıxdı.
1990-cı ildə Lənkəran və Astara rayonlarında həftədə qəzetin bir səhifəsi talış dilində çıxır. Elə həmin ilin sentyabrından Talış zonası məktəblərinin I–IV siniflərində həftədə 2 saat talış dilində dərslər tədris edilir.
Talışlar bu yerlərin ən qədim sakinləridir. Talışlar tarix səhnəsinə kadusilər adı ilə çıxmışlar. Q.A.Qeybullayev yazır: “Əhəmənilərin XI satraplığında ilk dəfə kaduslar (kadusilər) haqqında Heredot (III, 92) xəbər verir. Sonralar onlar haqqında başqa antik yazıçılar da yazmışlar. Kaduslar müasir talışların əcdadlarıdır və onların yaşadıqları vilayət Atropatena aid idi” (Г.А.Гейбуллаев. К этногенезу азербайджанцев. Баку, 1960, səh.360). Müəllif kadusiləri irandilli qəbilə hesab edir (Yenə orada). Lakin qeyd etmək lazımdır ki, Azərbaycanın bir sıra tarixçi alimləri başqa fikirdədir. Belə alimlərdən İqrar Əliyev yazır: “Nəhayət, onu da yaddan çıxarmaq olmaz ki, antik və elinistlikdən sonrakı dövrdə Midiyada və onunla sərhəd vilayətlərdə qeyri-ari (qeyri-İran) qəbilə və xalqlar da yaşayırdı. Onlar haqqında Polibi, Strabon, Ptolomey, Plini və başqaları danışılır. Bu qəbilə və xalqların sırasına güman ki, .. kadusiləri ...aid etmək olar” (Играр Алийев. История Мидии, Баку, 1960, səh.102-103). Müəllif bir qədər sonra kadusi qəbilələrinin irandilli olmadığı haqqındakı fikirlərini daha aydın, “güman ki” ara sözü olmadan ifadə edir: “Bizi maraqlandıran zonaya şimaldan və şimali-şərqdən kaspilərin, kadusilərin, utilərin, aynianların, anariakların, elümlərin və digər qəbilələrin torpaqları birləşirdi; bu qəbilələrin arasında çətin ki, heç olmasa bir irandilli qəbilə vardır” (Yenə orada, səh. 106). İqrar Əliyev təxminən 30 il sonra yazdığı başqa bir əsərində yenidən bu məsələyə qayıdır, kadusilərdən geniş şəkildə danışır, lakin onların etnik mənsubluğu və dil mənşəyi haqqında bir söz də demir, (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh. 7, 15, 43, 51, 55) halbuki müəllif elə həmin əsərində digər qəbilə və xalqların etnik və dil mənşəyi haqqında müəyyən mühakimələr yürüdür (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh. 15-22). Düzdür, bu əsərin bir yerində – gel qəbilələrindən danışarkən müəllif kadusilərin mənşəyinə toxunur: “Gel etnonimi ilə etimoloji baxımdan Gilan...yer adı əlaqədardır. Şübhəsiz, kadusilərin nəsilləri olan gellər (gilanlılar) İran dillərindən birində danışırlar. Bizə məlum olan bütün kadusi adları İran mənşəlidir... Beləliklə, bizim mənbələrdə məxsusi kadusilər təxminən on əsr müddətində xatırladılır, onlar bu gün də gilanlıların simasında yaşayırlar” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.15-16). Başa düşmək olmur ki, müəllif nə demək istəyir: kadusilər gah irandilli, gah da qeyri irandilli qəbilə kimi təqdim edilir. Bütün bunlara baxmayaraq İ.Əliyev Midiya və Atropatena dövlətlərində yaşayan qəbilə və xalqların mənşəyini təhlil etdikdən sonra yazır: “Beləliklə, Atropatena təmərküzləşən Midiya-Atropatena-azəri xalqı, keçmiş Midiyanın (Böyük Midiya) cənub və qərb vilayətləri ilə əlaqəni itirərək və qəti surətdə xüsusiləşərək, tədricən müstəqil etnik vahidə çevrilir.
...Midiyanın bütün ərazisi üçün vahid Midiya dili yox idi, müxtəlif qəbilə dilləri mövcud idi; bunların üzərində sonralar gələcəkdə Midiya xalqının İran dilinə çevrilmək üçün patensial imkanı olan qəbilə dili üstünlük təşkil edirdi. Lakin bu dil, möhkəmlənməyə macal tapmadan, görünür, müflisliyə uğradı və bu dilin içində əriyib getməmiş yerli qəbilə dilləri və dialektləri sonralar qismən assimilyasiya edildi, qismən də, Midiya etnosunun Atropatendə toplanması nəticəsində, həmin vaxtdan etibarən müstəqil, öz daxili qanunları ilə inkişaf edən atropatenlilərin dilinin yaranmasının başlanğıcı oldu. Atropaten dilinin necə olduğunu biz bilmirik, lakin guman etmək olar ki, onun qalıqları müasir Azərbaycan dilində qorunub saxlanmışdır. Lakin bizim əlimizdə heç bir əsas yoxdur ki, bu qədim Azərbaycan dilini türk dili adlandıraq.
Çox güman ki, bu dil İran dili olmuşdur. Görünür orta əsrlərdə bu qədim Azərbaycan nitqi bütün Azərbaycan ərazisində geniş yayılmış və İran mənşəli olması heç bir şübhə doğurmayan azəri dilində təcəssüm etmişdir. Ola bilər ki, İran Midiya dilinin qalıqları hazırkı zamanda Azərbaycan və İran ərazisində işlədilən talış dili və digər İran dialekt və şivələrində qorunub saxlanmışdır” (Играр Алийев. Истории Мидии, səh. 113-114).
Görkəmli Azərbaycan tarixçisi Ə.S.Sumbatzadə də bu fikirdədir ki, kadusilər qəbiləsi İrandilli olmamışdır: “Atropatenanın şimal-qərbində güclü qeyri irandilli kadusilər qəbiləsi də yaşayırdı; onlar haqqında təxminən bütün antik qaynaqlarda məlumat verilir. Belə ki, məsələn, bizim eradan əvvəl II əsrin məşhur Roma tarixçisi Polibinin “Ümumi tarix”, Tit Livinin (bizim eradan əvvəl I əsr) “Roma tarixi” əsərlərində onlar haqqında qeyd edilir.
Tit Livinin müasiri ilk latın müəllifi Pompey Troqun əsərləri əsasında tərtib edilmiş “Mark Yunian Yustinin ixtisarı” əsərində kadusilərin farslarla müharibəsi haqqında danışılır.
Kadusilərə habelə Kvint Kursi Rufun (bizim eranın I əsri) “Böyük İskəndərin tarixi” əsərində Arbi yaxınlığındakı döyüşdə III Daranın qoşunları sırasında iştirak etmiş xalqlar arasında rast gəlinir.
Dionisi özünün “Məskunlaşmış torpaqların təsviri” adlı əsərində albanlarla yanaşı kadusiləri də “cəngavərlər” adlandırır, onun bu əsərinə sonralar izahat yazmış Yevstafi isə qeyd edir ki, kadusilər qayalıq torpaqda yaşayır, qayalarda gəzən çox gənc adamlardır, kamandan ox atan əla atıcılardır.
Kadusilər haqqında Erotosfenə istinadla Strabonun “Coğrafiya” əsərində də danışılır. Selefk Nikator (bizim eradan əvvəl 311-281-ci illər) dövründə Xəzəryanı vilayətlərin hakimi Patrokla isnad edərək Strabon xəbər verir ki, dağlıq ölkədə sahilin çox hissəsini təxminən beş min stadidə (bir stadi təxminən 192 metrə bərabərdir – Ə.R.) kadusilər tutur.
Tit Livinin bizim eradan əvvəl II əsrin ikinci yarısı – I əsrin əvvəlində yazılmış “Romanın tarixi” əsərində də kadusilər bir neçə dəfə xatırlanır...
...Hətta bizim eranın IV əsrin müəllifi Rufi Fest Aviyon özünün “Yer dairəsinin təsviri” adlı əsərində Xəzər dənizi yaxınlığında yaşayan xalqlar sırasında kadusilərin də adını çəkir. “Burada, - o yazır, – xəzər suları yaxınlığında cəngavər skiflər köç edir, elə buradaca qəzəbli albanlar yaşayır. Orada daşlıq tarlaları qanahəris kadus, cəld mardlar, hirkanlr və tapirlər tutur.
Və, nəhayət, bizim eranın V əsrinin ikinci yarısının coğrafiyaçısı Prissian özünün “Torpağın təsviri” adlı əsərində yazır: “İndi şimal ölkələrindən başlayaraq qərbə meyl edən və Xəzər dənizinin sahillərini əhatə edən, onu öz daxilinə alan qəbilələri sayıram, əvvəldən...xəzərlərin cəsur qəbilələri, sonra qəzəbli Marsın cəngavər oğulları – albanlar...onlardan sonra olduqca sərt ölkədə yaşayan kaduslar; onların yaxınlığında mardlar və sonra hirkan xalqı gəlir” (А.С.Сумбатзаде. Азербайджанцы – этногенез и формирование народа. Баку, 1996, səh.43-44).
Talışların ulu əcdadları kadusilər talışların indi yaşadıqları torpaqların əzəli sakinləridir.
Q.A.Qeybullayevin yazdığına görə, “tarixin atası” Heredot (III, 92) kadusilər haqqında ilk məlumat verən müəllifdir, (Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев, səh. 360) lakin İqrar Əliyev yazır ki, Heredotun əsərində kadusilərin adı çəkilmir və bunu belə izah edir: “Onların Herdot tərəfindən xatırladılmamasını, güman ki, onunla izah etmək olar ki, belə görünür, kadusilər, ola bilər, cənub-qərbi xəzəryanı qəbilələrin ümuni adı olan “kaspilər” adı altında gizlənmişdir. Qeyd etmək zəruridir ki, sonralar da “Kadusilər torpağı” və “Kaspilər torpağı” anlayışları eynimənalı kimi işlənmişdir” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.52).
Kadusilər haqqında bizə gəlib çatan ən qədim məlumat Stabonun “Coğrafiya” kitabında verilir. Kitabın müxtəlif yerlərində müəllif dönə-dönə kadusilərdən danışır: “kadusilər dəniz sahili boyu” (XI, 6, 1) və “dağlıq ölkədə” (XI, 8, 4) yaşayırlar. O, sözünə davam edib yazır: “Dağlıq vilayətin yanında sahilin çox hissəsini kadusilər tutur” (XI, 8, 4). Əsərin başqa bir yerində deyilir ki, “burada dağlı qəbilələr olan kadusilər, amardlar, tapirlər, kirtilər və başqa köçəri və quldurluq edən xalqlar məskundur” (XI, 13, 3). Daha sonra Strabon göstərir ki, “kadusilər midiyalılar və mitianlarla Paraxoafr dağlarının ətəklərində həmsərhəddirlər” (XI, 8, 8). Kadusilər cəngavər xalq olmuşdur. Strabon yazır ki, “kadusilər piyadaların miqdarına görə arianlardan bir az geridə qalırlar; onlar əla cidaatandırlar; dağlıq yerlərdə onlar atlıların yerinə vuruşurlar” (XI, 13, 4). Qədim qaynaqların verdiyi məlumata görə, kadusilər döyüşə 20 min piyada və 4 min süvari qoşun çıxarırmışlar. Bu isə o dövr üçün böyük hərbi qüvvədir.
Yunan tarixçisi Dionisii Periyeget də kadusilər haqqında məlumat verir, “alban və kadusilər sahilləri” haqqında danışır. Antik tarixçilərdən Rufi Fest Avlen Xəzər dənizi sahillərində yaşayan xalqlar haqqında danışarkən yazır: “Burada Xəzər suları yaxınlığında cəngavər skif, qəddar alban, yırtıcı kadus, sürətli mardlar, hirkanlar və tapirlər dolaşır”.
Azərbaycan tarixinin qədim dövrü üzrə tanınmış mütəxəssis İqrar Əliyev iki əsərində – “Midiya tarixi” və “Atropatenanın tarixi oçerki” adlı əsərlərində antik orta əsrlər, yeni və müasir dövr tarixçilərinin kadusilər haqqında söylədikləri fikirləri təhlil edir. O, “Midiya tarixi” adlı əsərində kadusilər haqqında yazır: “Kadusilər Xəzər dənizinin cənub-qərb sahillərindən başlamış ta Matiyen və erməni torpaqlarınadək olduqca geniş bir ərazidə məskun olan çox yayılmış qəbilə qrupudur. Kadusilərin qonşuları kimi albanlar, iberlər, midiyalılar, matiyenlər, Hirkaniya xatırladılır. Cəngavər dağ qəbilələri olan kadusilər öz müstəqilliklərini nəinki yalnız Midiya monarxiyasi dövrlərində, güman ki, hətta Əhəmənilər dövlətinin mövcud olduğu dövrlərdə də qoruyub saxlaya bilmişdilər, hərçənd Ktesi şahidlik edir ki, onlar Kirə tabe olmuşdular. Bu məlumata heç olmasa ona görə inanmaq olmaz ki, çox sonralar, hətta III Daranın zamanlarında, kadusilər İran şahənşahının təbəələri hesab edilmirdilər. Midiya hakimi Atropatın müttəfiqləri sayılırdılar.
Kadusilər həm də gellər, mümkündür ki, leqlər də adlandırırdılar. Ola bilər ki, göstərilən şərait belə bir məsələnin xeyrinə şahidlik edir ki, bu adlardan hər birinin arxasında eyni bir qəbilənin yaxud qəbilələr qrupunun hansısa müəyyən qrupu gizlənir. Üstəlik güman etmək olar ki, “kadusilər” etnonimi bir neçə qəbilə, o cümlədən gellər və leqlər üçün ümumi addır...
Kadusi etnik ənənələrinin yaşamaq qabiliyyəti haqqında onların orta əsrlər erməni ədəbiyyatında “Katisk” adı altında xatırladılması faktı da şahidlik edir. Beləliklə, kadusilər adı təxminən bütöv minillik boyu yaşamışdır” (Играр Алийев. Истории Мидии, səh.104).
Antik qaynaqlar göstərir ki, İran şahı III Artaksereks (bizim eradan əvvəl 338-ci ildə zəhərlənib ölmüşdür) itaət etmək istəməyən kadusi qəbilələrinə qarşı hərbi yürüş təşkil etmişdi (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.43).
İ.Əliyev “Atropatenanin tarixi oçerki” adlı əsərində kadusilər haqqında daha ətraflı və geniş məlumat verilir. Müəllif əsərinin bir neçə yerində bu qəbilə haqqında danışır: “Kadusilər Atropatenanın ən böyük və güclü qəbilə qruplarından biri idi. Atropat v əAtropatidlər hərbi qüdrətini xeyli dərəcədə onlar yaratdılar. Onlar haqqında ən erkən məlumat Ktesi Knideki və Ksenofontda vardır. Kadusilər Xəzər dənizinin cənub-qərb hissəsindən başlamış ta Matiyen və erməni torpaqlarına qədər olduqca geniş bir ərazidə məskun idilər. Kadusilərin qonşuları kimi antik müəlliflər midiyalıları, matiyenləri, labanları, kardukları, anariakları, kaspiləri, amardları, sakları, tapirləri, hirkanları və başqalarını xatırladırlar. Kadusilər, demək olar ki, şübhəhiz, XI satraplığın xalqlarının tərkibinə daxil idilər. Onlar 20 min peltasi (yüngül silahlanmış piyada qoşun – Ə.R.) və 4 min süvari qoşun çıxarırdılar və Strabonun sözlərinə görə, “əla cida atanlardılar; dağlıq yerlərdə onlar atlıların yerinə vuruşurlar” (XI, 13, 4). Cəngavər dağ qəbilələləri olan kadusilər öz müstəqilliklərini nəinki təkcə Midiya monarxiyası zamanlarında, həm də, görünür, Əhəmənilər dövründə də qoruyub saxlamışdılar, hərçənd Ktesi təsdiq edir ki, onlar Kirə tabe olmuşdular. Buna inanmaq heç olmasa ona görə çətindir ki, çox sonralar, hətta III Daranın dövründə onlar fars şahının təbəələri yox, Midiya satrapı Atropatın müttəfiqləri hesab edilirdilər.
Xatırladılan etnonimin əsası, görünür ki, d u ş – t i ş olmuşdur (erməni muəlliflərinin göstərdikləri katış-k forması ilə müqayisə et). Kadusilər (yaxud onların hansısa hissəsi) antik müəlliflər tərəfindən gellər və leqlər adlandırılmışdır. Mümkündür ki, erkən antik dövrdə kadusilər cənub qərbi xəzərsahili qəbilələri, ola bilsin ki, ümumi şəkildə göstərən “kaspilər” adı altında gizlənmişlər. qeyd etmək vacibdir ki, xeyli sonrakı zamanlarda da “Kadusilər torpağı” və “Kaspilər torpağı” – bu iki məfhum eynimənalı işlənmişdir. Bax buna görə belə hesab etmək olar ki, kadusilər XI satraplığa daxil olmuşlar. Ola bilər ki, habelə “kadusilər” etnonimi bir neçə qəbilə, o cümlədən gellər və leqlər ümumi ad olmuşdur (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.15). Kadusi etnoniminin yaşamaq qabiliyyəti haqqında onların erkən orta əsrlər erməni ədəbiyyatında katişk adı altında göstərilməsi faktı da şahidlik edir. Beləliklə, bizim mənbələrdə məxsusi kadusilər təxminən on yüzillik boyu qeyd olunur, onlar bu gün də gilanlıların simasında yaşayır (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.16). Başqa bir yerdə İ.Əliyev yazır: “Lakin biz bilirik ki, Qavqamel döyüşündə (Qavqamel döyüşü bizim eradan əvvəl 331-ci ildə Makedoniyalı İskəndərin qoşunu ilə İran şahı III Daranın qoşunu arasında baş vermişdir – Ə.R.) Atropatın komandanlıq etdiyi midiyalılar kadusilər, albanlar və sekesinlərlə “birləşdirilmişdi”… Və məhz buna görə farslar tərəfindən itaət altına alınmayan kadusilər Qavqamel döyüşündə bütövlükdə Fars dövlətinin yox, midiyalıların müttəfiqi (“birləşdirilmişdilər”) kimi çıxış edirlər. Görünür, albanlar və sakesenlər də Fars imperiyasının tabeliyində olanlar deyil, Midiya satrapının müttəfiqləri idi.
Kadusilər, demək olar ki, şübhəsiz XI satraplıqla əlaqədar olmalıdır, oraya kaspilər, pavsiklər, pantimatlar və dereytlər də daxildir. Onların Heredot tərəfindən qeyd edilməməsini, güman ki, onunla izah etmək olar ki, görünür, kaspilər, ola bilər ki, cənub-qərbi xəzərsahili qəbilələri göstərmək üçün işlədilən ümumi “kaspilər” adı altında gizlənmişlər. Qeyd etmək lazımdır ki, sonralar da “Kadusilər torpağı” və “Kaspilər torpağı” məfhumları eynimənalı kimi işlədilməmişdir”. Görünür, kadusi qəbilələri öz dövrü üçün qüdrətli hərbi qüvvə təşkil etmişdir. Strabon öz dövrü üçün qüdrətli dövlətlərdən olan Atropatendən danışarkən yazır ki, “bu ölkə hərbi qüvvə baxımından kifayət qədər böyükdür, belə ki, o, Apollininin dediyinə görə, (döyüşə) 10000 atlı və 40000 piyada çıxara bilir” (Coğrafiya, XI, 13, 2). Yuxarıda antik mənbələrə əsaslanıb göstərdim ki, kadusi qəbilələri döyüşə 4 min atlı, 20 min piyada çıxara bilirmiş. Məhz buna görədir ki, qüdrətli İran dövlətini darmadağın edib diz çökdürən Makedoniyalı İskəndər kadusi qəbilələrinin yaşadığı torpaqları işğal edə bilməmişdir. Maraqlıdır ki, Makedoniya fatehi Hirkaniyanı tutub və cəngavər dağlı tapur və amard qəbilələrini özünə tabe edib Atropatenin şimalında yaşayan kadusiləri tabe etmək məqsədi ilə Parmenionu Ekbatanda saxladı ki, onlara cənubdan (yəni Atropatendən) hucum etsin. Lakin bu plan həyata keçirilməmiş qaldı. Buna nəmane oldu – biz bilmirik” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.51-52).
Antik müəlliflərdən bir sıra hallarda kadusilər, gellər və leqləri eyni etnonim kimi yaxud qonşu qəbilələr kimi təqdim edirlər. Antik müəlliflərin leqlər haqqında dediklərini ümumiləşdirərək İqrar Əliyev yazır: “Leqlər Qafqaz dağlarında gellərlə bir yerdə yaşayırdılar”. “Skif qəbilələri gellər və leqlər, amazonkalar və albanlar arasında yaşayır” (Strabon, XI, 5, I ; Daqha bax: Plutarx, Pomponi Mela, 35; Mousey Xeronski, III, 37, 38 və s.). Lakin Ptolomey kadusiləri leqlər adlandırır (Ptolomey VI, 4, 2) ...Ola bilər ki, leqlər elə həmin gellərin və kadusilərin hansısa hissəsinin adıdır. Ola bilər ki, Strabon, Ptolomey, Plutarx və erkən orta əsrlər erməni müəlliflərinin (xüsusən M.Xoronskinin “leklər” şəklində) qeyd etdikləri leqlər Heredotun matiyenlər və digər qəbilələrlə yanaşı göstərdiyi ligiyalarla eynidir” (Играр Алийев. Очерк истории Атропатены, Баку, 1989, səh.104-105). İ.Əliyevin leqlərin Qafqaz dağlarında gellərlə bir yerdə yaşaması haqqındakı sözləri məni inandırmır, çünki bütün antik qaynaqlar göstərir ki, gellər Xəzər dənizinin cənub-qərbində (Qafqaz dağları Xəzər dənizinin cənub-qərbində yox, qərbindədir), kadusi, tapur, amard qəbilələri ilə qonşuluqda yaşayır. Buna görə də mən belə hesab edirəm ki, leqlər gel və kadusi qəbilələri ilə qohum, yəni irandilli ola bilməzdilər və mənə elə gəlir ki, Q.A.Qeybullayev leqləri qafqazdilli qəbilələrə aid etməkdə haqlıdır (Г.А.Гейбуллайев. К этногенезу азербайджанцев, səh.166-167).
Mən bu fikirdəyəm ki, təkcə kadusilər deyil, habelə gel və hirkan qəbilələri də müasir talışların ulu əcdadlarıdır. Məni bu qənaətə gətirən səbəblər bunlardır: 1. 1. Antik qaynaqlarda, bir tərəfdən, kadusi və gel qəbilələrinin, digər tərəfdən, hirkan qəbilələrinin adları eyni bier mənbədə yanaşı çəkilmir. Ola bilər ki, bir mənbədə kadusi və gel adlandırılan eyni bir qəbilə başqa mənbədə hirkan adlandırılsın. 2. Az qala, bütün antik qaynaqlar kadusi və gelləri eyniləşdirir, eyni bir qəbiləni gah kadusi, gah da gel adlandırır. 3. Yuxarıda göstərdiyim kimi, İ.Əliyev kadusi qəbilələrindən danışarkən göstərir ki, antik qaynaqlarda “kadusiləri qonşuları kimi albanlar, iberlər, midiyalılar, matienlər, Hirkaniya xatırladılır”. Diqqət yetirilsə, kadusilərin qonşularının adları, Hirkaniyadan başqa, hamısı etnonimdir, Hirkaniya isə toponimdir. Deməli, Hirkaniya xalqın adı yox, yerin adını bildirir. Güman ki, antik müəlliflər xalqın və yerin adını qarışdırırlar. Hirkaniyada kadusilər də, gellər də, hirkanlar da yaşaya bilərdi. Yaxud kadusilər və gellər eyni zamanda həm də hirkanlardır. 4. İndi də Lənkəran rayonunda Hirkan meşəsi, Hirkan qoruğu mövcuddur. Bu da qədim hirkan qəbilələrinin burada yaşadığını göstərir.
Beləliklə, mən belə hesab edirəm ki, ya ən qədim mənbələrin kadusiləri və gelləri nisbətən sonrakı dövrlərin hirkanlarıdır, ya da bu üç qəbilə indiki talış torpaqlarının ən qədim məskunları və müasir talışların (habelə giləklərin –gilanların) ulu əcdadlarıdır. Buna görə də burada gellər və hirkanlar haqqında da qısa məlumat verməyi lazım bilirəm.
Antik qaynaqlarda gellərin yaşadığı region haqqında ziddiyyətli məlumatlar vardır. Bəzi antik müəlliflər əsərlərində (Strabon XI, 7, I; Ptolomey VI, 2, 5) göstərilir ki, gellər xəzərboyu vilayətlərdə – Xəzər dənizinin cənub-qərb sahillərində yaşamışlar. Bu yerləri indiki Talış regionu ilə lokallaşdırmaq olar. Digər antik müəlliflər isə (Strabon XI, 5, I; Pomponi Mela, 35) onların Qafqaz dağlarında yaşadıqlarını söyləyirlər. Antik qaynaqların kadusilər və gellərin yaşadıqları yerlər kimi göstərdiyi torpaqları ərəb qaynaqları talış torpaqları kimi qeyd edir (N.V.Vəlixanlı. Арабские географы путешественники X-XII вв. об Азербайджане, Баку, 1974, səh.15).

talish.az

Комментариев нет:

Отправить комментарий