Diqqətinizə Dinarə
Cəlilovanın Azərbaycan-İran münasibətlərinə həsr edilmiş və “Kafkazskaya
politika” saytında dərc edilmiş araşdırmasını təqdim edirik. Ortaq tarix və
məzhəbə rəğmən Bakı və Tehran arasında münasibətlər gərgindir. Bunun səbəbi
nədir?
Ortaq
tarix və gərgin münasibətlər
İranın öz nüvə proqramını inkişaf etdirməsi ilə qərblə münasibətləri
gərginləşir, 2013-cü ildə isə bu gərginlik öz pik nöqtəsinə çata bilər. Problemin diplomatik yolla həll edilməsi ehtimalı
günü-gündən azalır, İrana qarşı hərbi müdaxilə ehtimalı isə əksinə artır.
Bu müdaxilənin
Avropa, Amerika və Yaxın Şərq üçün fəsadları müzakirə predmeti olaraq
qalmaqdadır. Bununla yanaşı müdaxilənin Cənubi Qafqaz regionuna, xüsusilə də
İran və Rusiya ilə həmsərhəd olan ölkələrə göstərə biləcək təsir haqqında demək
olar ki danışılmır. Hərçənd ki, İrana qarşı müharibə Qafqazda dayandırılmış bir
neçə münaqişəni yenidən alovlandıra bilər.
Vaşınqton
universitetinin Yaxın Şərq üzrə eksperti Aleks Vatanka deyir: “İrana qarşı
hücum baş verəcəyi təqdirdə münaqişənin mərkəzində ilk növbədə Azərbaycan
olacaq.
Çünki bu ölkə İranla olan ortaq tarix və mədəniyyətə rəğmən, onun bir nömrəli düşməni İsraillə ortaq maraqlara malikdir. Və bir çox məsələdə məhz İsrailin maraqlarına uyğun hərəkət edir.”
Çünki bu ölkə İranla olan ortaq tarix və mədəniyyətə rəğmən, onun bir nömrəli düşməni İsraillə ortaq maraqlara malikdir. Və bir çox məsələdə məhz İsrailin maraqlarına uyğun hərəkət edir.”
Azərbaycanın İranla
münasibətləri sürətlə və təxmin edilməz bir tərzdə inkişaf edir. Bir tərəfdən
bu iki dövlət çoxlu ortaq nöqtə ilə bir-birinə bağlıdır. Onlar ortaq tarixə
malikdirlər: 1813-ci il rus işğalından öncə həm Azərbaycan, həm də İran vahid
dövlətin tərkibində olmuşdular. Əksər azərbaycanlılar eynilə farslar kimi şiə
məzhəbinə mənsubdurlar. İran ərazisində 15 milyon azərbaycanlı yaşayır. Və
nəhayət iki ölkə bir-biri ilə sıx iqtisadi əlaqələrə malikdir.
Lakin siyasi cəhətdən
onların münasibətləri əksər vaxt son dərəcə gərgin olur. Son vaxtlar bunun əsas
səbəbi Bakının İsraillə hərbi sahədə əməkdaşlığı və İslam Cümhuriyyətinə qarşı
təxribatçı addımlarıdır.
Bakı və
İsrail silahı
Azərbaycanın İsraillə hərbi əməkdaşlığı, 2004-cü ildən Bakıya
Türkiyədə istehsal edilmiş İsrail silahlarının daşınması ilə başlayıb.
2008-ci ildə
“Soltam” şirkəti Azərbaycan ordusuna “minaatan” və silah-sursatın çatdırılması
hüququna yiyələnmişdir.
Hərbi təyinatlı
elektronika və avadanlıqların istehsalı ilə məşğul olan “Tadiran
Communications” şirkəti rabitə qurğularının, “Israel Military Industries” (IMI)
şirkəti isə uzun məsafəli raketlərin və naviqasiya sistemlərinin çatdırılmasına
başlayıblar. Bu neçə yüz milyonluq bir razılaşma idi.
2011-ci ilin
baharında Azərbaycan Müdafiə Nazirliyinin və İsrailin “Aeronautics Defense
Systems” şirkətinin ortaq müəssisəsi olan “Azad Systems” şirkəti “Aerostar” və
“Orbiter” İsrail pilotsuz təyyarələrinin istehsalına başlayıb. Bundan əvvəl də
Azərbaycan bir neçə bu cür cihazı İsraildən alıb.
Azərbaycan həmçinin
İsraildən aldığı yüksək texnologiyaların əsasında öz hərbi sənayesini yaratmaq
niyyətində olduğunu gizlətmir. İsrailin “Elta Systems Ltd” şirkəti Azərbaycanla
peyk sistemlərinin yaradılması sahəsində əməkdaşlıq edəcək. Bu şirkət
tərəfindən istehsal edilən təbii şəraitdən asılı olmayaraq Yer kürəsindən
yüksək keyfiyyətli şəkilləri əldə etmək imkanını verən “TecSAR” peyki Bakı üçün
xüsusi maraq kəsb edir.
Və nəhayət keçən il
iki ölkə arasında 1,6 milyard dollarlıq anlaşma imzalanıb. Bu müqaviləyə əsasən
“Israel Aerospace Industries” şirkəti Azərbaycana müasir silahlar və hərbi
texnologiyalar, o cümlədən pilotsuz təyyarələr və raket sistemləri çatdıracaq.
İsrailin
Azərbaycandakı səfiri bu günlərdə deyib: “2013-cü ildə iki ölkə münasibətləri
sürətli addımlarla güclənəcək.”
“Today’s Zaman”
qəzetinin köşə yazarı Amanda Paul qeyd edir: “Azərbaycanın İsraillə əlaqələri
hərbi sahə ilə kifayətlənmir, həmçinin iqtisadi və ticari əməkdaşlığı və
diplomatik dəstəyi də əhatə edir. Onların arasında ticarət dövriyyəsi artıq 4
milyard dollara çatıb. Bu da Azərbaycanı müsəlman ölkələr arasında İsrailin bir
nömrəli tərəfdaşına çevirir. İsrail öz növbəsində Azərbaycan neftinin alınması
üzrə ikinci yerdə qərarlaşır. Aşkelon-Eylat trans-İsrail qaz kəməri Azərbaycan
neftinin nüfuzu artan Asiya bazarlarına çıxarılması üçün ən önəmli tranzit
yoldur. Bundan başqa İsrail öz qaz sektorunu inkişaf etdirir və bu sahədə
Azərbaycanla əməkdaşlıq etmək marağındadır.”
Aleks Vatanka isə
yazır: “İran öz qonşusunun özünün ən qatı düşməni ilə sıx əməkdaşlığından
narahatdır. İran rəhbərliyinin fikirinə görə, Azərbaycan İsrailin pilotsuz
təyyarələrini və peyklərini İran haqqında kəşfiyyat məlumatları toplamaq üçün
istifadə edə bilər.”
Barışıq
addımları və təxribatlar
Ekspert əlavə edir: “Onsuzda gərgin olan münasibətləri daha da
gərginləşdirmək istəməyən İran öz şimal qonşusu ilə yaxınlaşmağa çalışır. Məsələn, Mahmud Əhmədinejad
Azərbaycana oktyabr səfəri zamanı öz ölkəsinin Azərbaycanla münasibətlərini
“qardaşca və çox isti” kimi xarakterizə edərək, iki ölkənin ortaq milli və
mədəni irsə malik olmasını vurğulayıb. Əhmədinejadın açıqlaması tarixi
ortaqlığa yox, qarşılıqlı şübhə və rəqabətə əsaslanan iki ölkə arasında
münasibətlərin hazırkı durumunu əks etdirməsə də, Tehranın Bakı ilə dost
münasibətlər qurmaq istəyində olduğunu göstərir.
Fevralın 5-də İran
İslam Cümhuriyyətinin Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib:
“Azərbaycan İranla dini bağlılığa malikdir, ona görə onunla münasibətlərin
inkişaf etdirilməsi İran üçün ümdə məsələdir.” Pakayin Mahmud Əhmədinejadın
adından İlham Əliyevi İrana səfər etməyə dəvət edib. Səfir həmçinin vurğulayıb
ki, iki ölkə tərəfindən yaradılmış ortaq ticari-iqtisadi komissiyanın
toplantısında iştirak etmək üçün yaxın zamanlarda İranın xarici işlər naziri
Əli Əkbər Salehinin Azərbaycana səfəri gözlənilir.
Lakin Azərbaycan
İranın barış dialoqu istəyinə İslam Cümhuriyyətini olduqca hiddətləndirən
təxribatçı addımlarla cavab verir. Belə ki, Mahmud Əhmədinejadın
İran-Azərbaycan qardaşlığı haqqında oktyabr çıxışından çox keçməmiş Bakı İranın
xeyirinə casusluq etmək və Azərbaycandakı Amerika və İsrail obyektlərinə
hücumlar hazırlamaq ittihamı ilə 22 Azərbaycan vətəndaşını uzunmüddətli həbs
cəzasına məhkum edib.
Dekabrın 4-də isə
İranın şimal-qərbindən olan azərbaycanlı separatçılara Bakıda konfrans keçirmək
icazəsi verilib. Bu konfransı “beynəlxalq sionizmin məqsədlərinin nail olunması
yolunda daha bir addım” adlandırmış İranı xeyli qəzəbləndirib.
Bu ilin əvvəlində
isə Azərbaycanın xarici işlər naziri keçən il İran alimləri tərəfindən aşkar
edilən və İran ərazisinə aid olan “Sərdar Canqal” neft yatağına iddia irəli
sürüb.
İsrail və
Cənubi Azərbaycan
Bütün bu təxribatçı addımlar vəziyyəti o dərəcəyə qədər gərginləşdirib
ki, KİV-lərdə İsrailin Azərbaycan ərazisindən İrana zərbə endirəcəyinə dair şayiələr yayılmağa
başlayıb. Əlbəttə ki, bu
şayiələr heç nəyə əsaslanmır. Rəsmi Bakı bu məlumatları təkzib edir, üstəlik də
2005-ci ildə Azərbaycan və İran arasında imzalanmış hücum etməmək haqqında
sənədə əsasən Azərbaycan qonşu ölkələri vurmaq üçün heç bir dövlətə öz
ərazisini verməməyə dair öz-üzərinə öhdəlik götürüb.
Amma İsrailə İranla
birbaşa müharibə aparmaq heç lazım deyil də. Niyə? Axı düşməni özgə əlləri ilə
də zəiflətmək olar. Məsəl üçün İranın daxilində azərbaycanlıların separatçı
hərəkatına kömək göstərməklə, Azərbaycan dövlətini həmən separatçılara dəstək
verməyə sövq etməklə və başqa anti-İran addımları ilə.
Cənubi
azərbaycanlılarda istiqlal istəyinin məhz İsraildən qaynaqlandığına dair
müstəqil jurnalist Nik Qreys yazır: “1996-ci ildə İsrailə açıq-aşkar bağlı olan
“Güney Azərbaycanın səsi” radiosu fəaliyyətə başlamışdır. Almaniya
Telekommunikasiyalar Departamentinin məlumatına görə radiostansiya İsrail ərazisindən
yayım aparır. Departamentin əməkdaşı Volfanq Buşelin sözlərinə görə, “Güney
Azərbaycanın səsi”nin siqnalı çox vaxt İsrailin “Kol Radiosu”nun siqnalı ilə
qarışır, bu isə yalnız iki stansiya bir-birinin yaxınlığında olanda baş verə
bilər.”
Bir sözlə yaranmış
beynəlxalq situasiyada Azərbaycan rəhbərliyi çox təhlükəli oyun oynayır.
Azərbaycan və onun xalqının İranla münasibətlərdən hansı qazanc əldə edəcəyi
aydın deyil, İsrailin qazancı isə göz qabağındadır. Onu əsas düşməninin diqqəti
başqa ölkə ilə münaqişəyə yayınar.
“Today’s Zaman”
qəzetinin jurnalisti Amanda Paul belə yekunlaşdırır: “Azərbaycan və İran
arasında müharibənin baş verəcəyi təqdirdə həm bu ölkələrin özləri, həm də
bütünlüklə region üçün faciəyə çevrilə bilər. Bakı onu Tehranla hərbi münaqişəyə
sövq edən İsraillə əməkdaşlıq etməklə özünü elə bir tələyə salır ki, sonradan
ondan çıxmaq mümkün olmayacaq.”
Tərcümə
edən: Asim Məmmədov
Комментариев нет:
Отправить комментарий