Страницы

12.03.2013

Bu bayramdan o bayrama

Narıngül
                 
     Daha bir nəsnə də var, başımızı qatmağa , günümüzü məşğul etməyə.Yaxşı yaxud  pis mənada, ömrümüzü talamağa.
     Ömrümüz bayram-bayram azalır.  Bayramlara hesablanır. Bu bayramdan o bayrama yol gedirik
      Gedirik qarşılamağa.
      Bayramlar təqvimin dəcəl balalarıdır. Bellərinə lent  bağlamış,  seçilmiş, dəcəl balaları... Adi günlərdən bir az irəlidə, şıltaqcasına  bir-birinin yanına düzülüblər.
     Bayramlar həm də yaş  hesablama üsuludur. Qədimdə belə bir məsəl də vardı. Deyirdilər: “filankəs məndən bir bayram böyükdür”.
      Bayramlar bir az da ümidsizlərin günüdür... Yoxun, məchulluğun  içində  bir gözərtidir, işartıdır.
İrəlini, teal olan dünyanı xəbər verir. Yəni insanı ictimailəşdirir.
     Bayramlar ictimaiyyətin sifarişidir, insanı fərd olmaqdan çıxarır.
     Təqvimdəki bayramlar  hamı üçündür. Fərq qoymaz adamlar arasında. Gördün adi günlərdən fərqlidir, dəyərləndir, qeyd elə, qiymət ver.  Amma “bayram sevincini yaşa” stressi deyilən bir şey də var. Yəni sakit yaşadığın, həyatını planlaşdırdığın yerdə sifariş gəlir: bayramı qarşıla!  Kənardan sənə müdaxilə edilmir, şübhəsiz. Ancaq  beynin siqnalları, səni refleksləşdirir. Bayram gəlir... Hamı qeyd edir, sən də  etməlisən. Bu artıq insanın daxili, azadlığına, harmonal rahatlığına təcavüzdür. Həm də xatırlatmadır : sən bu cəmiyyətin bir orqanısan, qopmağa yerin yoxdur.  Hələ maddi və mənəvi əksiklikləri də var bunun. Büdcəsi bayram  durumunda olmayan insanların əhval ruhiyyəsi  qəfil qonağı gələn ev yiyəsinin əndişələnməsinə çox oxşardır. Diqqət və qayğıdan məhrum insanların aldığı mənəvi travmalara, “özəl gündür” düşüncəsi ilə   xüsusi diqqət uman həssas insanların  yaşadığı  psixoloji gərginliklərə fikir verməmək də olar...
     Psixoloji gərginlik demişkən, bayram günü gərginlikdən çıxmaq da şərtdir. ”Dəliyə hər gün bayramdır” deyərlər. Bu günlük  məsuliyyət hissini azaltmaq, ərköyünləşmək də olar. Təsəvvür elə ki,  ilin müəyyən günləri yer kürəsi dəlilərlə doludur... Dünyanın başı gicəllənir.
     İstəsək də, istəməsək də insanla birlikdə yürüyür, insanın içində  yaşlaşır bayramlar. Bir vaxtlar uşaq idilər. Atılıb düşür, sevinc qoxuyurdular. Sonra gəncləşdilər, romantik oldular, duyğu selinə dönüb ürəkdən –ürəyə keçdilər, fəzalara axdılar. Sonra yaşlaşdılar, müdrikcəsinə yuxarıdan baxmağı öyrəndilər.  Hərə istədiyi kimi   daşıdı, yaşatdı, qocaltdı.
     İnsan oğlu  heç nəyin fərqinə varmadan  ona verilmiş ömrü daşıyır. Daşıyır bu bayramdan – o bayrama....
     Əsla məhkumluk deyil bu... Sadəcə insan ömrüdür.    
     Bayramlarınız  mübarək!

Комментариев нет:

Отправить комментарий