Страницы

06.03.2013

ERMƏNİ KİLSƏSİNDƏ TAMAŞA

Aytən Nəsibbəyli

“Miladi tarixinin min səkkiz yüz doxsan üçüncü- dördüncü illərində teatr həvəskarları, bəndə də onların içində, teatr oynayırdıq. O vədə teatr nümayişləri üçün tək bir yerdə kiçik bir səhnə var idi, ermənilərin kilsə məktəbinin binasında idi” .
Bu tamaşa tamamilə kasıb məktəb uşaqları xeyrinə, üstəlik müftə idi. Onun müftə olmasından xəbər tutan Naxçıvanın şəhər və məhəllə məktəblərinin cəmi uşaqları teatra gəlib doluşmuş və binanın “iki yüz, üç yüz nəfərlik zalı onları ancaq yerləşdirə bilmişdi”. Və o vədə tamaşa şəhərdə böyük əks-səda doğurmuş, narahatçılığa  səbəb olmuşdu. Bəs kim idi bu narahatçılığı keçirən?
Əlbəttə, namazı və ibadətilə məşğul  olan mollalar. Buna səbəb isə:
”.... Ləzzətli komediya uşaqlara o qədər xoş gəldi ki,  nümayiş qurtarandan sonra  bunlar teatr həyətinə və sonra küçəyə çıxa-çıxa bir ucdan virdi-zəban eləyib çığırışdılar:
-Molla Həmid, körüyü bas!”
Paha! Kim idi bu Molla Həmid? Sanırsan lap qiyamət qopmuşdu.
Nəhayət,  Molla Həmidin bir teatr nağılı olduğu anlaşılır. Ancaq bu qəzəblənmiş mollaları bir zərrə olsun sakitləşdirməyə yetmir. Cəm olub naçalnikin yanına şikayətə gedirlər: bu cür tamaşaların qadağasını və onları təşkil edənlərin  cəzalandırılmasını iltimas edirlər. Və əgər bu baş versəydi, cəzalandırılanlar içərisində ən başda Mirzə Cəlil olacaqdı. Çün “Hekayəti Molla İbrahimxəlil” komediyasını səhnəyə hazırlayan, rejissorluğunu və baş rollardan birini (Molla İbrahimxəlil kimyagər) üstlənən məhz O idi.
Onda aktyorluq qabiliyyətini ilk dəfə olaraq Çernyayevski kəşf etmişdi-Qori müəllimlər seminariyasında oxuyarkən. (Teatra maraq onda seminariyanın son kurslarında oxuyanda yaranmışdı). Müəllim istedadina, bacarığına güvəndiyi tələbəsinə əksər tamaşaların ssenarilərini belə yazmağı həvalə edirdi. Istedadlı Cəlil isə hətta öz cəsarəti ilə fərqlənib bu kiçik tamaşalarda qadın rollarını oynamaqdan  belə çəkinmirdi. Umumən isə Cəlil seminariyada oxuyarkən əksər mədəni tədbirlərdə iştirak edərdi. Hətta bir dəfə bu tədbirlərdən birindən gec gəldiyi üçün yoldaşları ilə birgə  kiçik bir töhmət də almışdı.
 Mirzə Cəlil aktyor kimi  Naxçıvanda da öz işini davam etdirir. Hələ seminariyanı bitirməmiş yay aylarında Naxçıvanda olarkən teatr tamaşalarında iştirak edən Mirzə Cəlilin rejissor və baş rol ifaçısı kimi  ilk tamaşası isə elə “Hekayəti Molla İbrahimxəlil kimyagər” olur. Hadisə isə vaqe olur 1887-ci il sentyabr ayının 2-də. Bir qrup teatr həvəskarının iştirakı ilə. O həvəskar qrup isə Eynəli bəy Sultanov, Sadıq Qulubəyov, Əliməmməd Xəlilov, Rəhim Xəlilov, Məhəmməd və Hüseyn Xəlilovlar, Əhməd Hüseynov, Ağa Tahirov, Əsgər Şeyxov, Fərəcullah Şeyxov, Sultanağa Əhməd Sultanov, Məmmədtağı bəy Səfərəlibəyov və təkrarən desək, Mirzə Cəlildən ibarət idi.
İkinci belə tamaşanı isə həvəskarlar 1889- ci ildə Novruz bayramı münasibətilə səhnəyə qoyurlar. Bu səfər “Hekayəti dərviş Məstəli şah və Müsyo Jordan” komediyası tamaşaya hazırlanır və Mirzə Cəlil Müsyo Jordan rolunda səhnəyə çıxır. Ardınca “Hekayəti vəziri-xani Lənkəran” komediyası hazırlanır  və Vəzir rolu Ona etibar edilir.
Mirzə Cəlil onu əhatə edən ziyalılar ilə  (Onlar Məmməd Bağır Sidqi, Eynəli bəy Sultanov, Qurbanəli bəy Şərifov, Məmmədqulubəy, Şahbazağa və Əsədağa Kəngərlilər, Baxşəliağa Şahtaxtlı, Fərəcullah və Nəsrullah Şeyxovlar, Mirzə Əli, Mirzə Sadıq, Mirzə Rəhim və eləcə də  qardaşı Ələkbər Məmmədquluzadə (!) idi). Axundzadədən başqa Ə.Haqverdiyevin “Dağılan tifaq”, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, E.Sultanovun “Tatarka” və s. əsərləri səhnəyə qoymuşdu.
Naxçıvanda, eləcə də İrəvanda səhnəyə qoyulan əsərlərin demək olar ki, hamısında Mirzə Cəlil rejissor  və aktyor kimi iştirak edirdi. Aktyor kimi isə əksər hallarda isə baş rollarda. Bəzən isə hətta suflyor kimliyi ilə tamaşaların hazırlanmasında iştirak edirdi. Ümumiyyətlə, tamaşa heyətinin, teatr truppasının, səhnə dekorasiyasının hazırlanması-bütün bunlar onun zəhmətinin bəhrəsi idi. Tamaşanın göstərilməsi üçün binanın yoxluğu isə işin çətin tərəflərindən idi və bu çətinliyi aradan götürmək də Mirzə Cəlilin öhdəsində olurdu. Nəticədə isə  onun səyi ilə tamaşalar əksər hallarda şəhər upravasının deputatı Hacı Nəcəf Zeynalovun evində, Qori müəllimlər seminariyasının məzunu Əliməmməd Xəlilovun evinin “böyük zalında”,  “kiçik bir səhnəsi” olan erməni kilsə məktəbinin binasında keçirilirdi. Söz yox, ermənilərin nəfinə bir müəyyən kirayə haqqı vermə müqabilində. (Bu tamaşa müftə olsa belə).
Bütün ömrü  lüt-üryan vətən qardaşlarına sözdən teatrdan gülüşdən libas biçməklə keçdi Mirzə Cəlilin. Qələmin müqəddəs vəzifəsi onun öz taleyi demək idi. Daha neçə nəsil onun qələminin mürəkkəbi ilə böyüyəcək.

Комментариев нет:

Отправить комментарий