Страницы

09.03.2013

Əfşar Süleymani: “Qarabağda döyüşən iranlılar arasında ölən və yaralananlar olub”

İran Quruluşunun Məsləhətçi Şurasının katibi Möhsün Rzayinin son bəyanatı Azərbaycanda maraqla qarşılanıb. Belə ki, Rzayi  Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı vəzifəsini tutub. SEPAH-ın sabiq komandanı Dağlıq Qarabağ münaqişəsindən danışaraq deyib ki, Azərbaycan ordusunun ixtiyarına hərbi təchizatlar və sursat verilib.
“Hətta, Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”- o, qeyd edib.
SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib.
Möhsün Rzayi onu da qeyd edib ki, Qarabağ İslam torpağıdır və sülhsevər yollarla Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilməlidir.

Xatırladaq ki, İran tərəfinin Dağlıq Qarabağ münaqişəsində neqativ rol oynadığı, birmənalı şəkildə Ermənistanın maraqlarının müdafiə etdiyi haqqında təkzibolunmaz fikirlər səslənir. Qeyd olunur ki, məhz İranın Azərbaycan və Ermənistan arasında vasitəçi rolunda  çıxış etdiyi zaman Şuşa şəhəri işğal edilib.
Belə neqativ rol oynayan dövlət necə Azərbaycana silah və sursat ötürə, Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunmasına yardım edə və bu məqsədlə öz əsgərlərini Azərbaycana göndərə bilər?
İranın Azərbaycandakı səfirliyinin II katibi və müvəqqəti işlər vəkili olaraq bu proseslərdə iştirak edən sabiq səfir Əfşar Süleymani Möhsün Rzayinin dediklərinin həqiqət olduğunu bəyan edib: “İranın Azərbaycana birinci hərbi yardımı mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi zaman olub. SEPAH-ın generalları fərqli istiqamətlərdə cəbhə bölgələrində olublar. Bundan sonra yardımlar başlayıb. İkinci hərbi yardım mərhum Heydər Əliyev hakimiyyətə dəvət olunduqdan və prezident səlahiyyətlərinin icrasına başlayandan sonra başlayıb. Bu proses mərhum Heydər Əliyevin prezident seçilməsindən sonra da olub. Bu əməkdaşlıq və yardımlar təxminən 1997-ci ilin əvvəllərinə qədər davam etdirilib”.
İranın Azərbaycandakı sabiq səfiri əlavə edib ki, həmin müddətdə Azərbaycana silah-sursatla yanaşı, hərbi məsləhətlər də verilib, eləcə də, Azərbaycanın gənc əsgərləri üçün təlim keçiblər: “Bundan başqa, mərhum Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu müddətdə SEPAH hərbçiləri Sədərək rayonu yaxınlığında döyüş bölgəsində olublar. Bu səfərdə şəxsən mənim özüm də  İran Xarici İşlər Nazirliyinin rəsmisi olaraq iştirak etmişəm. Bəzi İran vətəndaşları könüllü olaraq müharibədə iştirak ediblər. Bəziləri şəhid olublar, bəziləri isə yaralanıblar. Bu insanların konkret sayı haqqında məndə informasiya yoxdur”.
Səfir iki ölkə arasında məxfi əməkdaşlıq haqqında söhbətini davam etdirərək bildirib ki, şəxsən onun Azərbaycanda səfir olduğu müddətdə iki ölkə arasında hərbi əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılıb: “Bu müddətdə İranın müdafiə naziri iki dəfə Azərbaycana, Azərbaycan müdafiə naziri isə bir dəfə Tehrana səfər edib. Bu səfərdə ilk dəfə olaraq hərbi-texniki əməkdaşlıq sahəsində saziş imzalandı. Sonra isə bu sənəd əsasında müqavilə imzalandı. Bundan başqa, prezident İlham Əliyev İrana səfəri zamanı hərbi-sənaye sərgisində oldu. Bir müddətdən sonra isə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında sərəncam verildi. Bundan az sonra isə Azərbaycanın müdafiə sənayesi naziri İrana rəsmi səfər etdi və bu zaman əməkdaşlıq haqqında müqavilə imzalandı. Beləcə yeni əməkdaşlıq istiqamətləri açıldı”.
Sonda Əfşar Süleymani əlavə edib ki, İran-Azərbaycan münasibətlərinin ən yaxşı dövrü Rəfsəncani və Məhəmməd Xatəminin prezident olduğu dövrə, bu zaman onun Azərbaycanda müvəqqəti işlər vəkili və səfir olduğu vaxta təsadüf edib: “Mən bunu ona görə vurğulayıram ki, yeni nəsil bunları bilməlidir”.
Xatırladaq ki, müharibə illərində Müdafiə Nazirliyində işləyən polkovnik-leytenant Üzeyir Cəfərov, habelə Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri İranın dövlət səviyyəsində Azərbaycana hərbi yardımlar etmədiyini bildiriblər.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий