Страницы

03.03.2013

Gecikdik-tələsdik

Vəfa Mürsəlqızı

Gəldim, çiçəklərin solan çağında,
Ürəklərin həşəm olan çağında,
Gəldim, mən ömrünə zamansız gəldim,
Gəldim, sevdaların yalan çağında.

Deyəsən bir azca vədəsiz gəldim,
Axı nə biləydim hardasa varsan,
Yanlış bir zamanda çıxıb yoluma,
Gəlib ürəyimdə yuva qurarsan.

Gələk gəlməyəydim gecikəydim mən,
Ya da kı, vaxtından əvvəl gələydim,
Bilsəydim, bilsəydim, demək asandır,
Bilsəydim, axı mən hardan biləydim?


Bilsəydim insantək doğulardımmı?
Bir çiçək olardım, bir quş olardım,
Mən azad olardım küləklər kimi,
Yollarına yağan yağış olardım.

Bilsəydim Tanrıma yalvarardım mən,
Məni yollarında daş eyləyərdi,
Solğun yanağına toxunum deyə,
Məni gözlərində yaş eyləyərdi.

Mən haram yemədim bu vaxta kimi,
Bu eşdən gözümü tox eylə mənim,
Çiçək, böcək, külək yaratmadınsa,
Allah, heç olmazsa yox eylə məni.

Комментариев нет:

Отправить комментарий