Страницы

22.03.2013

Nadanlara nəsihət- Quran həm ölülər,həm də dirilər üçündür

Mahir Şəkərov

Qurani-Kərim  bütün  insanlığı  hidayət  etmək  üçün  göndərilmiş, səmavi  bir  kitabdır. Lakin, bu  ilahi hidayətdən üz  döndərib, zəlaləti  satın  alanlar  da  az  deyil. Haqqı  danıb, Allahın  dinini  məhv  etməyə çalışan, Nəmrud  və  Fironlardan  ibrət  götürməyənlərə  Allah  “Əbabil”  quşlarının  vasitəsi  ilə  rəzil  edici  bir  əzab  göndərir. Çox  təəssüf  olsun  ki, bu rüsvayedici  əzablardan  dərs  götürməyənlər  də tapılır. Nəticədə  Əbu  Ləhəb və Əbu Cəhl  kimi, zahirdə  müxtəlif , amma  batində  eyni  olan  şeytanlar zuhur  edir. 
İslamı  məhv  etmək  üçün  çalışanlar  bu  missiyalarını  müxtəlif  cür  həyata  keçirirlər. Bəziləri  öz  məkrli niyyətlərini  açıq-aşkar  izhar  edib, dilə  gətirdiyi  halda, bəziləri  isə  İslam  libasına  bürünərək, bunu İslam, müsəlman adıyla  həyata  keçirtmək  niyyətindədirlər.
Onlar  elə  bilirlər  ki, İslamı  öz  batil əməlləri  ilə  aradan  apara  biləcəklər. Quranın  bəyanı  ilə  desək: “Allahın  nurunu  öz  ağızları  ilə söndürmək (Peyğəmbərin  dəvətini, onun dinini və kitabını təkzib və iftira  ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin  xoşuna  gəlməsə  də  Allah  Öz  nurunu  tamamlayacaqdır.” (Saff   
Bu  cür  fikrə  düşənlərdən  biri  də, saytlarda “QURAN  DİRİLƏR  ÜÇÜNDÜR...” başlığı  ilə  yazı  dərc elətdirən, özünü  əhli  sünnə  kimi  qələm  verən, lakin, əhli-sünnə  əqidəsindən  çox-çox  uzaq  olan  bir şəxsdir. Sözü  uzatmadan  onun  yazdıqlarını  oxuyub  bir- bir  tənqid  və  təhlil  edək. 
Qeyd: Müəllifin  yazısını  sizə  olduğu  kimi  təqdim  edirik. Xatırladım  ki, müəllifin  yazısında  bir  sıra qrammatik, o  cümlədən  hərf  səhvləri  var.Biz  o  səhvlərə  düzəliş  etmədən  olduğu  kimi  təqdim edirik. 
Müəllif  öz  yazısına  belə  başlayır; 
“Enməmişdir  Bu  Quran, bunu  haqqıyla  bilin. 
  Nə  məzarlıqda  oxunmaq, nə  də  fal  baxmaq  üçün"
Məhmət  Akif
Cavab: Müəllif   yazısına  Mehmet  Akifin  şeri  ilə  başlayır  və  şeirdəki  “Nə  məzarlıqda  oxunmaq” ifadəsini  oxucunun  diqqətinə  çatdırmaq  istəyir. Görəsən niyə? 
Bu  şeir, Mehmet  Akifin  Quranla  bağlı  yazdığı  şeirindən  bir  misradır. Bu  misradakı  “Nə  məzarlıqda oxunmaq”  ifadəsini  müxtəlif  cür  izah  etmək  mümkündür. Görəsən  müəllif  niyə  bu  ifadədən  ancaq bunu  başa  düşür  ki, “Quranı  məzarlıqda  oxumaq  olmaz.”  Bu  şeiri  hər  kəs  istədiyi  şəkildə  yoza bilər. Düşünən, ağıllı, və İslamdan  xəbəri  olanlar  çox  yaxşı  bilir  ki, bu  şeirdəki  “Nə  məzarlıqda oxunmaq”  ifadəsinin, Quranı  məzarlıqda  oxunub-oxunmaması  ilə  heç  bir  əlaqəsi  yoxdur. Lakin, insanları  aldatmaq  istəyən  bu  müəllif  şeridən  sui-istifadə  edərək, öz  çirkin  niyyətini  ortaya  qoyur.Bu  cür  yanaşma  batil  və  məntiqsizdir. Lap  fərz  edək  ki, Mehmet  Akif  siz  düşündüyünüz  kimi düşünür  və  şeiri  də  o  məqsədlə  yazmışdır. Nə  olsun  ki? Məgər  Mehmet  Akif  İslam  alimidir? Lap olsun  İslam  alimi...   Məgər  onun  yazdığı  şeir, İslam  peyğəmbərinin (s) sözündən  daha  üstündür? Bu nə  məntiqsiz  addımdır. Siz  “Quran  dirilər  üçündür”  fikrini (zi)  bu  iki misralıq  şeir  ilə  subuta  yetirmək istəyirisiniz?!  Sizin  bu  halınız  çox  gülüncdür. Sizin  məsəliniz, dəryada  boğulan  zaman  hər  yerdən  əli üzülən, nəhayət  əlini  saman  çöpünə  atan  kəs  kimidir. Siz  bunun fərqindəsinizmi? Əgər  siz  dini  bir araşdırma  aparmaq  fikrinə  düşmüsünüzsə, onda  zəhmət  çəkin  dediklərinizi  Quranla  və  hədislə subuta  yetirin. Hansısa  şairin  şeiri  ilə  yox. Sizin  bu  addımınız  acizliyinizin  əlamətidir.
Müəllif  daha  sonra  yazır: “Allah  buyurdu: "(Ey Muhəmməd!") sənə  endirdiyimiz  bu  kitab  mübarəkdir; ayələrini düşünənlər, ağıllı  olanlar  da  öyüd  alsınlar" (Sad, 29)
Səhabələr  Quranın  hökmlərini  yerinə  yetirmək, qadağalarını  tərk  etmək  üçün  bir- birləri  ilə yarışdılar  və  beləcə  də  dünya  və  axirətin  xoşbəxt  insanları  oldular. 
Müəllifə  cavab: Bəli,  Allah  Quranda  dəfələrlə  insanları  düşünməyə  dəvət  edir  ki, buna  nümunə  kimi  bir  ayə  də  qeyd  etmisiniz.  Siz  deyirsiniz  ki;  “Səhabələr  Quranın  hökmlərini  yerinə  yetirmək, qadağalarını  tərk  etmək  üçün  bir - birləri  ilə  yarışdılar  və  beləcə  də  dünya  və  axirətin  xoşbəxt insanları  oldular.”  Ay  müəllif, siz  də  qadağalardan  çəkinməklə, ilahi  hökmləri  yerinə  yetirməklə xoşbətlərdən  olun. Məgər  bu  məsələdə sizə  mane  olan  var?
Müəllifin  yazısının  davamını  oxuyaq: “Daha  sonra  gələn  nəsillərdən  bəziləri (daha  doğrusu  çoxu) Quranın  həyat  prinsiplərini  tərk  edib, sadəcə  qəbirstanlıqda  və  hüzn  günlərində  oxuyaraq  ona  bir "ölü kitabı"  nəzəri  ilə  baxmağa  başlayınca  zillətə  düşdülər. Başqa  sözlə  desək  Allahın  bu  sözünə muxatab  oldular: "Peyğəmbər, Ey  Rəbbim! doğrusu  ümmətim  bu  Quranı  tərk  etmişdir, dedi" (Furqan, 30)”
Müəllifə  cavab: Quranın  prinsiplərini  tərk  etmək  başqa, onu  qəbiristanlıq  və  hüzn  günlərində oxumaq  başqa...  Siz  bu  ikisini  bir- birindən  ayırd  edə  bilmirsinizsə , niyə  əlinizə  qələm  alıb  bu yazını  yazmısınız? Quranın  hökmlərinə  əməl  etməmək  və  qəbristanlıqda  Quran  oxumaq, hər  ikisi eyni  şeydir?!  Bunu  hansı  məntiqdən  cıxış  edib  deyirsiniz?!  Qurana  “ölü kitabı” nəzəri  ilə  baxanlar, nadan  və  cahillərdir. Heç  bir  ağıllı  müsəlman  Qurana  “ölü kitabı” nəzəri ilə  baxmır. Amma  siz yazınızda  bu  ifadəni  işlətməklə, həmin  nadan  və  cahillərlə  eyni  fikirdə  olduğunuzu  bir  daha təsdiqlədiniz. Siz  bunun fərqindəsinizmi?!  Zillətə  düçar  olanlar  da, məhz  elə  o  nadan  və  cahillərdir.
Yazdığınız  Quran  ayəsinə  gəldikdə  isə, o  ayə  sizing  fikriniz  üçün  dəlil  və  subut  sayıla  bilməz. Əksinə, bu  ayə  sizing  öz  əleyhinizə  dəlil  və  höccətdir. Siz  bu  ayəni  deməklə, oxucuya  çatdırmaq istəyirsiniz  ki, qəbiristanlıqda  və  ölü  üçün  Quran  oxumaq  olmaz?!  Siz  bu  qənaətə  necə  gəldiniz?! Əgər  desəniz  ki,  ayədəki  “Ümmətim  bu  Quranı  tərk  etmişdir”  ifadəsini  nəzərdə  tutursunuz, onda siz  yenə  də  səhvə  yol  verəcəksiniz. Bu  hədisə  diqqət  edin. 
“Allah  Rəsulu (s) qəbiristanlıqda  bir  qəbirin  yanında  dayanan  bir  ərəbi  gördü  və  ondan  soruşdu: Sən  nə  edirsən? 
Ərəb  dedi: Bu  mərhumun  ruhuna  Quran  oxuyuram. 
Allah  Rəsulu (s) buyurdu: Həqiqətən  sənin və  ölənin bu  işdən  çox  savabı olacaq. Bu  ən  gözəl hədiyyələrdəndir. (Hədisin  mənbələri: Səhihi Muslim c.1, səh. 61, Səhihi  Muslim c .2, səh. 360, Tirmizi c.5, səh 301, Tirmizi c.8, səh 306, Nəsai c.6, səh 117, Nəsai c.8, səh 117, Əhməd  bin Hənbəl –Müsnəd c.1, səh 95, Əl- Qunduzi əl-Hənəfi - “Yənaibul-Məvəddət səh 55 və 180, və s.)
Ay  müəllif, Allah  Rəsulu (s) qəbristanlıqda  ölü  üçün  Quran  oxuyan  şəxsi  nə  üçün, bu  əməlindən çəkindirmədi?! Əksinə  onu  bu işə  daha  da  həvəsləndirərək  buyurdu: “Həqiqətən  sənin  və  ölənin  bu işdən  çox  savabı  olacaq.Bu  ən  gözəl  hədiyyələrdəndir.”
Allah  Rəsulu (s) dünyasını  dəyişənlər üçün  Quran  oxumağı  qadağan  etmədiyi  halda, sizə  kim  ixtiyar verib  ki, bu  işi  qadağan edəsiniz?! Hətta, utanmadan  Quran  ayəsindən  də  sui-istifadə   edərək, insanları  aldadırsınız. Uca  Allah  bu cür  şəxslər  barədə  buyurur:  “Allah  barədə  yalan uyduranlardan və  onun  ayələrini, yalan  hesab  edənlərdən  daha  zalım  kim  ola  bilər?!” (Əraf 37)
Digər  ayədə  isə  bu  cür şəxslərin  acı  aqibəti  haqqında  belə  buyurur: “(Ya peyğəmbər!) Qiyamət günü Allaha  qarşı  yalan  uydurub  söyləyənlərin  üzlərini  qapqara  görərsən. Məgər  təkəbbür  göstərənlər üçün  Cəhənnəmdə  yer  yoxdur?! (Əlbəttə  vardır!)” (Zumər 60)
O  gün  hər  ümmətdən, ayələrimizi  təkzib  edənləri, dəstə-dəstə  yığarıq. Sonra  onlar (cəm şəkildə) məhşərə  sürüklənəcəklər. (Nəml 83)
Allahın  ayələrini  öz  istəklərinə  görə  izah edib, insanları  aldadanlara, Allah  qiyamət  günü  belə  xitab edəcək: “Onlar (haqq-hesab yerinə) gəlib  çatdıqda (Allah) buyurar: Ayələrimizi  başa  düşmədiyiniz  halda, onları  yalanmı  hesab edirdiniz?!  Siz nə edirdiniz?!  Yaxud  siz (dünyada) nə edirdiniz?! (O nə iş idi ki, görürdünüz?!)” (Nəml 84)
Ay  müəllif, hədisdən  də  gördüyünüz  kimi  Hz  peyğəmbər (s) sizdən  və  sizin  kimi  düşünənlərdən fərqli  olaraq, Quranın  qəbristanlıqda  və  ölü  üçün  oxunmasının  əleyhinə  deyil. Bəs  buna  sözünüz nədir?!  Sizin  fikrinizcə  peyğəmbər (s) dünyasını  dəyişənlər  üçün  Quran  oxumağa  izn  verirsə, deməli o  da  Quranın  prinsiplərini, tərk  edərək  Qurana “ölü kitabı” nəzəri  ilə  baxır?!   Və  ya  qeyd  etdiyiniz kimi, peyğəmbər (s) bu  işi  görməklə  “zillətə”  düşüb?!  Onda  belə  çıxır  ki, dəlil  olaraq  gətirdiyiniz  bu ayə; “Peyğəmbər, Ey Rəbbim! doğrusu  ümmətim  bu  Quranı  tərk  etmişdir, dedi” (Furqan, 30)” Hz peyğəmbərə (s) də şamil olunur? Əgər  desəniz  ki, xeyr, onda  siz  yuxarıda  qeyd  etdiyiniz  dəlili  inkar etmiş  olacaqsınız. Yox  əgər, bəli  cavabını  versəniz, onda  siz  Peyğəmbəri (s) Quranın  prinsiplərini  tərk etməkdə, Quranı “ölü kitabı” adlandırmaqda və ən əsası isə peyğəmbəri (s) zillətə düşməkdə ittiham etmiş olacaqsınız ki, biz bu cür azğınlıqdan Allaha pənah aparırıq. Sizə məsləhətim budur ki, ya susun , ya da  etdiyiniz  səhvi  etiraf  edin. Bilmədiyiniz  mövzu  barəsində  də, birdə  heç  vaxt  danışmayın. Çünki atdığınız  bu  elmsiz (savadsız) addımlar  sizi  həm bu dünyada, həm  də  axirətdə  rüsvay  edəcəkdir.
Müəllif  sonra  yazır: “Şübhəsiz  Allah  Quranı, onu  anlayıb  həyatlarına  tətbiq  etmək  üçün dirilərə göndərdi. Quran  ölülər  üçün  göndərilmiş  bir  kitab  deyildir.”
Müəllifə  cavab: Müəllif  yazısının  bu  yerində, özü  də  fərqində olmadan , mövzunu  tam  başqa  bir istiqamətə  yönləndirir.Başqa  sözlə  desək, yeni  bir mövzu açır. Məsələ  aydın  olsun  deyə  bu hissəni sizə  cümləbə-cümlə, yazıb  izah edərik. Müəllifin   yazdığı   bu  iki  cümləyə  diqqət  edin.
1-ci cümlə: “Şübhəsiz  Allah  Quranı, onu  anlayıb  həyatlarına  tətbiq  etmək  üçün  dirilərə  göndərdi.”
Müəllif  bu  cümlədə  diri  deyəndə, yeyən, gəzən, gülən, danışan  şəxsləri nəzərdə tutur.
2-ci  cümlə: “Quran  ölülər üçün  göndərilmiş  bir  kitab  deyildir.”
Müəllif   bu cümləsində, “ölü” deyəndə, dünyasını  dəyişənləri  nəzərdə tutur.
Müəllifə  ümumi  bir  cavab: Müəllifin  bu  iki  cümləsi, əslində  onun  İslama  olan  baxışının  düzgün olmadığını  bir  daha  nümayiş  etdirir. Çox  qəribədir  ki, müəllif  “ölü”  deyəndə  dünyasını  dəyişənləri, diri  deyəndə  isə, bunun  əksini (ölü olmayanları- sağları) nəzərdə  tutur. Müəllifin  bu  nəzərləri  İslamla tam  ziddir. Çünki, Quranın  məntiqində  ölü  və  diri  tam  ayrı-ayrı  mənalarda  işlənmişdir. Ay müəllif! Quran  ölü  deyəndə, əsasən  qəlbi  ölmüş (küfr əhli) şəxsləri  nəzərdə  tutur.Və  Quran  diri  deyəndə qəlbi  dirilmiş (iman əhli) şəxsləri  nəzərdə  tutur. Bu  barədə  Quranda  kifayət  qədər  ayə  var. Nümunə üçün  birini  qeyd  edirəm. “Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş  və  sonra  Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə  insanlar  arasında  yol  getdiyi (yaşadığı) bir  nur  verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq)  zülmətlər(in)də  olan  və  ondan  çıxmayacaq  şəxs  kimidir?!...” (Ənam 122)
Ay   müəllif!  Quran  hətta  bəzi  yerlərdə  ölüləri  diri  adlandırır. Uca  Allah  buyurur: “Allah  yolunda öldürülənləri  əsla  ölü  zənn  etmə, əksinə, diridirlər  və  onlara  Rəbbi  yanında  ruzi  verilir.” (Ali-İmran 169)
Ölü  və  diri  kimdir? – sualına  ən  gözəl  cavabı  elə  Quran  özü  verir  elə  deyilmi?!
Ay  müəllif, siz  qeyd edirsiniz ki; “Şübhəsiz  Allah  Quranı, onu  anlayıb  həyatlarına  tətbiq  etmək   üçün dirilərə  göndərdi.” 
Bəli, o dirilərə  ki, onların  qəlbi  Allah  nuru  ilə  hidayət  tapmış, və  onlar  bu  hidayətin  sayəsində, xəlq olunmalarının  əsl  mahiyyətini  anlayıb, Qurana  əməl  edirlər. Quranı  bir  həyat  kitabı  halına  gətirərək, oxuyub  əməl  edirlər. Yoxsa  ki, həyatını  Quran  üzrə  yaşamayan, dinindən, Quranından  xəbərsiz  olaraq  yaşayan  bir  şəxs, İslamın  nəzərində  ölü  kimidir. Uca  Allah  bu  həqiqəti  belə  bəyan edir: “Və (iman əhli olan beyin və qəlb)  dirilər(i)  ilə  də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i)  eyni deyillər! (Fatir 21)
Deməli, Quranın  məntiqində  ölü  və  diri  olmağın  meyarı, həyat  və  ölüm  yox, İMAN və KÜFR  olaraq təyin  edilir.
Müəllif  yazısına  davam  edərək yazır: “Ölülərin  artıq  əməlləri  kəsilmişdir  və  onlar  Quranı  nə  oxuya bilər, nə  də  onunla  əməl  edə  bilərlər.”
Müəllifə  cavab: Çox  qəribədir  ki, bu  cümlənizdən  bir  qədər  sonra, insana  öldükdən  sonra  yetişən savablardan  bəhs  edən  hədis  qeyd  etmisiniz.  Siz  o  hədislə  bu  dediklərinizi  inkar  edirsiniz. Yəni insan  öldükdən  sonra  ona  heç  bir  savab  yetişmir. Sizin  öz  ifadənizlə  qeyd  etsək; “Ölülərin  artıq əməlləri  kəsilmişdir ...”  Sizin  qeyd  etdiyiniz  hədis  sizin  fikrinizin  tam  ziddinədir. Çox  maraqlıdır  ki, özünüz  deyib, özünüz  də  yalan  danışdığınızı  təsdiq  edirsiniz.  İndi  biz  sizin  hansı  sözünüzə  inanaq?! Belə  bir  halda  ki, fikirləriniz  müxtəlif  və  bir –birinə  ziddir...
Siz  daha  sonra  qeyd  edirsiniz ki;  “və  onlar  Quranı  nə  oxuya  bilər, nə  də  onunla  əməl  edə  bilərlər.”
Ay  müəllif, sizə kim  deyib  ki, ölülər  Quran oxuyur? Siz  Azərbaycan  dilini  bilmirsiniz? Bəlkə  əlifba  dərsi  keçim?!!!  Ay  müəllif, ölülər  Quran  oxumur, əksinə  ölüyə  Quran oxunur. Bunu  bir- birindən ayıra  bilmirsiniz? Məlum  məsələdir  ki, dünyasını  dəyişənlər  nə  Quran  oxuya  bilər, nə  də  Qurana əməl  edə  bilərlər. Bu  size  niyə  belə  təəccübləndirb? Elə  bildiniz  yeni  kəşf  etmisiniz?  Xeyr! Bunu bütün  dünya  bilir. Amma  siz  hələ  də  bunu  anlaya  bilmirsiniz. Niyə?
Müəllif  daha  sonra  yazır: “Övladlarından  başqasının  oxuduğu  Quranın  savabı  isə onlara  çatmaz.” 
Müəllifə  cavab: Müəllif  bu cümləsi  ilə  bir  daha  subut  edir  ki, o yalançıdır. Diqqət  edin!!! Müəllif yuxarıda  sözünə  başlayarkən, Quranın  ölü  üçün  oxunmasını, Quranın  prinsiplərini  tərk  etmək və zillətə  düşmək  kimi  qələmə  verir. Amma  bu  cümləsində  deyir;  “Övladlarından  başqasının  oxuduğu Quranın  savabı  isə  onlara  çatmaz.” 
Deməli  övladın  oxuduğu, Quranın  savabı  valideynə  çatdığı  halda, başqa  birisi  bu  işi  görsə, savab çatmır? Ay  müəllif, Allah  Rəsulu (s) sizin  bu sözünüzün  əksinə  olaraq  buyurur: “Hər  kim  qəbristana girib  Yasin  oxuyarsa  və  savabını  ölülərə  bağışlayarsa  o  gün  Allah  onların (ölülərin) əzabını yüngülləşdirər, özünə də  bu qəbristandakı  ölülərin  sayı  qədər  savab  verilir. Hər  kim  qəbristana  girib İxlas   sürəsini  11  dəfə  oxuyub  savabını  ölülərə  bağışlayarsa  oradakı  ölülər  qədər  ona  savab  verilir.”  (Əbu Davud, Əhməd, İbni Hibban, Daha  ətraflı  bax:  "Şərh  Səhihi  Muslim",  c 3, səh 202 )
Ay  müəllif!  Allah  Rəsulu (s) Quran  oxuyanın  kimliyindən  asılı  olmayaraq  hər  kəs  oxusa, savab  çatar buyurur. Bəs  siz  nə  deyirsiniz? 
Müəllif  yazısının  davamında  yazır: “Hələ  günümüzdə  çox  yayğın  olan  qəbirstanlıqda  pulla  Yasin oxutmağın  savabı  ölülərimizə  nəinki  çatmayacaq, hətta  onu  oxuyanlar  və  oxutduranlar  üçün  bir vəbalı (bəlası) da toxunacaqdır. Allah  Bəqərə  surəsində  bizə "Mənim  ayələrimi  ucuz  qiymətə satmayın  və  yalnız  Məndən  qorxun." (2/41) deyir. Allahın  ayəsini  ucuz qiymətə  satmağın  növlərindən  biri  də  onu  ölülərə  oxumaqdır.”
Müəllifə  cavab: Ay  müəllif, siz  yenə  də mövzu içində, mövzu açdınız. Quranı  ölüyə  və  ya qəbiristanlıqda  oxumaq  ayrı, Quranı  pulla  oxumaq ayrı. Niyə  siz  hər dəfə  eyni  səhvləri  təkrar edirsiniz?! 
Gəlin  belə  bir  sual  qoyaq  və  müzakirəyə  başlayaq. Sual: Quranı  pulla  oxumaq  və ya oxutdurmaq olarmı?
Cavab: Əvvəla  bunu  bilmək  lazımdır ki,  insanın  dünyasını dəyişənlər üçün Quran oxuması və ya oxutdurması  ixtiyari  bir  işdir. Dünyasını  dəyişənlərə  Quran oxuyaraq  savabını  onlara  hədiyyə  etmək savab  və  bəyənilən  bir  əməldir  ki, biz  bunları  əziz  peyğəmbərimizin (s) tövsiyələrinə  uyğun  olaraq həyata  keçiririk. Bu  barədə  hədislər  mövcuddur ki, buna  toxunarıq. İndi keçək Quranın  pulla  oxunub oxunmaması  məsələsinə. Əgər bir şəxs, şəriətdə deyildiyi  kimi, atası  vəfat  edən  zaman, onun cənazəsinə  özü  qüsl  verməyib, bu  işi  başqasına  tapşırırsa, onun  kəfənlənməsi, qəbirinin  qazılması, onun  ruhuna  Quran  oxumaq  və  bu  kimi  bütün  işlərin öhdəsindən  gələ  bilmirsə  və  bu  deyilən  işləri  başqasına  həvalə  edirsə, deməli  onun  haqqını  da  verməlidir. Kimsə  bir  işi bacarmırsa, və başqasına  o  işi gördürürsə, onun  haqqını  verməməlidir? Ay  müəllif  bu  da  şəriətdə yazılıb?
Əvvəla, heç  kimi  məcbur  edən yoxdur ki, kiməsə  pul  verib Quran oxutdursun. Heç  Allah  da  bunu bizdən  tələb  etmir. Hər kəs  könüllü  şəkildə bu işi  görür. Kimsə  də  Quran  oxuya  bilmirsə  və  bunu bacaran  bir  şəxsə  həvalə  edirsə  onun  haqqını  da  verməlidir.Bu  İslam  dininin  əsas prinsiplərindəndir. Hədisi-Qudsidə  buyurulur: “Allah  buyurur ki: Üç  qrup  insan  vardır  ki, Qiyamət günü  Mən  onların  qənimiyəm. Mən, kimə  qənim kəsilərsəm, onu həlak edərəm. O üç  qrup  insan bunlardır:
1. Mənə  söz  verib, sonra  vədindən dönən, ,
2. Azad  bir insanı (kölə kimi) sataraq  pulunu yeyən 3. Bir nəfərə iş gördürüb, ondan istifadə etdikdən sonra  pulunu verməyən kimsələrdir.” (Sünəni-İbn Macə, Babur-Ruhun, 2143.) 
Ay  müəllif, Allah  özü  buyurur ki, bir insane  iş  gördürsəniz  onun  haqqını  verin. Bəs  siz  nə  deyirsiniz?! 
Deməli, bir  kəs  bacarmadığı  bir  işi  başqasına  gördürürsə onun  haqqını  da  verməlidir. Bu  bütün işlərdə  belədir. Quranı  pulla  oxumaq  da  bu  qəbildəndir. Yox  əgər  kimsə  pul  vermək  istəmirsə zəhmət  çəkib  öz  işini  özü  görsün.Yoxsa  kimdənsə  tələb  etməsin ki, atama  müftə  Quran oxu.Bu  həm  İslama, həm  də  ağıl  və məntiqə  ziddir.
Müəllif  qeyd  edir ki; “...qəbirstanlıqda  pulla  Yasin  oxutmağın  savabı  ölülərimizə  nəinki  çatmayacaq, hətta  onu  oxuyanlar  və  oxutduranlar  üçün  bir  vəbalı (bəlası) da  toxunacaqdır.”
Ay  müəllif!  Deməli  Yasin  pulsuz  oxunsa ölüyə çatar? Quranı oxuyanlara və oxutduranlara bu işin nəinki vəbalı (bəlası) toxunacaq, əksinə, bu  işi  gördüklərinə  görə  savab  qazanacaqlar. Necəki, Abdulllah  ibni  Ömər  insanlara  tövsiyə  edirdi  ki, öz  ölənləri  üçün  Quran  oxusunlar. (Beyhəqi 4 c, səh 56)
Əgər  bu  işin  bəlası  var  idisə nə üçün Abdullah  ibni  Ömər  bu  işi  camaata  tövsiyə  edirdi?
Siz  qeyd  edirsiniz ki; “Allah  Bəqərə  sürəsində  bizə "Mənim  ayələrimi  ucuz  qiymətə  satmayın  və yalnız  Məndən qorxun." (2/41) deyir. Allahın  ayəsini  ucuz  qiymətə  satmağın  növlərindən  biri  də  onu ölülərə  oxumaqdır.”
Sizin  dəlil  kimi  gətiridiyiniz  ayə  yenə  də  sizin  fikriniz   üçün  dəlil  və  subut  sayıla  bilməz.
Ay  müəllif, siz  heç  olmazsa  bu  yazını  yazarkən, bu ayənin  təfsirini, onun  nazil  olma  səbəbini oxusaydınız  yəqin özünüz  də  görəcəkdiniz  ki, bu  ayə  tamamilə  başqa  mövzudan   bəhs  edir. Allah  bu  ayədə  yəhudi  alimlərinin  öz  əhdlərinə - Tövratda  peyğəmbərin  gəlişi  ilə  bağlı  qeyd  olunan ayələri camaatdan  gizlədərək, peyğəmbərə  qarşı  çıxmalarından, danışır. Onlar  Allahın  ayələrinə  qarşı  kafir  oldular. Alimlərin  susmasının  və  haqqı  gizlətməsinin  səbəbi, onların maddiyyata  bağlılıqları  idi.  Allah  da  onların  bu  əməllərini  rəmzi  olaraq   “ayələri satmaq”  adlandırır. Amma  görünən  budur  ki, siz   bu  ayənin  əsl  mahiyyətindən  xəbərsizsiniz. Artıq  ikinci  dəfədir  ki,  insanları  aldatmaq  üçün  Quran  ayəsindən  sui- istifadə  edirsiniz. Allahdan  qorxmursunuz?!
Müəllifin  yazısının  davamını  oxuyaq: "İkra!" (Oxu) əmri  ilə  başlayan  Quranı  ölünün  necə  oxuyacağını heç  düşündünüzmü? Öldükdən  sonra "Məni  doğru  yola  yönəlt!" deyə  dua  etməsini  necə? "Mənim həyatım  da, ibadətim də, ölümüm  də  aləmlərin  Rəbbi  olan  Allah  üçündür"  deməsi  isə  mümkün deyil. Bir  ölünün  edə  bilməyəcəyi  əmrlər  və  qadağalar  var  quranda.
Müəllifə  cavab: Ay  müəllif,   "İkra!"   nədir?  Siz  heç  Quran  ayəsini  Azərbaycan  əlifbası  ilə  də  düz  yaza  bilmirsiniz.  "İkra!"  yox,  “İqra”  (Oxu!) olmalıdır   ay  müəllif!!!  İndi   gördünüzmü  sizin  dini savadınız  hansı  dərəcədədir? 
Siz  yenə  də  yuxarıda  cavabını  verdiyim  bir  sözü  burda  da  təkrar  etmisiniz. Dedim  axı, ölü  Quran oxumur, əksinə  ölüyə  Quran  oxunur. Siz  diri  olduğunuz  və  görən  gözlərə  sahib  olduğunuz  halda, İqra  sözünü  İkra  yazırsınız. Belə  olan  halda  qəbirdəki  ölüdən  nə  gözləyirsiniz?  Siz  deyirsiniz ki; "İkra!"  (Oxu)  əmri  ilə başlayan  Quranı  ölünün  necə  oxuyacağını  heç  düşündünüzmü?  Xeyr,  ay müəllif!  Biz  bunu  düşünmədik  və  buna  ehtiyac  da  duymadıq. Çünki  hamı  bilir  ki, qəbirdəki  ölü Quran  oxumur. Amma  siz  hələ  də  bunu  bilmirsiniz. Əgər  ölü  Quran  oxuya  bilmirsə, onda  necə  dua edə  bilər?  Bəs  siz  necə  bunu  düşündünüzmü?
Siz  deyirsiniz  ki; “Bir  ölünün  edə  bilməyəcəyi  əmrlər  və  qadağalar  var  quranda.”
Siz  bunu  bilmirdiniz? Ölünün  edə bilməyəcəyi  əmrlər  var  deyirsiniz. Onda  bu  cümlənizdən  belə  çıxır ki, ölünün  əməl edə  biləcəyi  əmrlər  də  var  Quranda? 
Müəllif  sonra yazır: “Elə  ona  görə  də  "Ölənlərə  siz  eşittirə  bilməzsiniz" (Fatr, 22) deyir.”
Müəllifə  cavab: Yuxarıda  qeyd  etdiyimiz  kimi, Quranın  məntiqində  ölü  və  diri  tam  ayrı-ayrı mənalarda  işlənmişdir. Quran  ölü  deyəndə, əsasən qəlbi ölmüş (küfr əhli) şəxsləri nəzərdə  tutur.Və Quran  diri  deyəndə qəlbi  dirilmiş (iman əhli) şəxsləri  nəzərdə  tutur. Bu  barədə  ayə  də  qeyd etdik.Odur  ki, yenidən  eyni  mövzuya  qayıtmaq  istəmirəm.
Müəllif   sonra  yazır:  Allah  Rəsulu  belə  buyurdu:  "İnsan  öldüyü  zaman  üç   şey  xaric   bütün  əməlləri  kəsilir:
1) Qalıcı  bir  sədəqə (məscid, yol, su, xəstəxana  və s. tikərsə)
2) Başqalarının  istifadə  edəcəyi  bir elm (buraxarsa)
3) Ona  dua  edə  biləcək  salih  bir  övlad (varsa)." ( Müslim) 
Müəllifə  cavab: Müəllifin  yazdığı  bu hədis, insan dünyasını  dəyişdikdən  sonra  ona  yetişəcək  savab əməllər  barəsindədir. Bunu  hədisin  mətnindən  də  aydın  görmək  mümkündür. Bu  isə  müəllifin  yox, bizim  fikrimizi  dəstəkləyən  bir  hədisdir. Çünki, müəllif  iddia  edir  ki, Quran  yalnız  dirilər üçündür. Allah  Rəsulu (s) isə  dəfələrlə buyurub: “Ölülərinizə Yasin oxuyun.” (Müsnəd c 5, səh 26)
Müəllif  qeyd  etdiyi  bu hədisin  mənbəsini  də  yazmayıb. Odur  ki, biz  onun  da  yerinə  zəhmət çəkib hədisin  mənbəsini tapdıq. Sözügedən  hədisin  mənbəsi  budur: (Muslim, Vəsiyyət  babı 3, Əbu Davud Vəsiyyət  babı  14)
Müəllif   yazısının  davamında  yazır: “İbn Kəsir,  "İnsan  üçün  sadəcə  əməyinin  qarşılığı  vardır" (Nəcm, 39) məalındakı  ayənin  təfsirində  belə  deyir: Yəni  heç  kim  başqasının  günahına  yüklənə  bilməyəcəyi kimi, özü  üçün  qazandıqlarından  başqa, başqasının  edəcəyi  savabdan  da  faydalana  bilməz.”
Müəllifə  cavab: Biz  də  öz  növbəmizdə  İbn  Kəsirin  təfsirinə  müraciət  etdik . Bəli, İbn Kəsir həqiqətən də  o  iddianı  edib. Amma  bu  yenə  də müəllifin  sözü  üçün  subut  sayıla  bilməz.Görkəmli  əhli  sünnə alimi  Cəlaləddin  Suyuti  özünün “Şəfaussudur”  kitabında  İbn Kəsirin  bu  iddiasını  rədd  edərək yazır: “Əvvəla: Həmin  hökm  bu  ayə  ilə  nəsx  olunub: “O  kəslər  ki, iman  gətiriblər  onların  imanda  onlara tabe  olan  övladlarını  dа  onlara  qovuşduracağıq. Biz  onların  əməllərindən  heç  bir  şey  əskik  etmərik. Hər  bir  insan  əməlinin  girovundadır” (Tur, ayə 21)
İkincisi: Ayənin  hökmü  İbrahim  və  Musanın (ə) qövmünə  məxsus  olub.
Üçüncüsü: Ayədən  məqsəd  kafirlərdir. Amma  möminlər  öz  əməlləri  ilə  qazandıqlarının  və  onlardan sonra  əncam  verilmiş  əməllərin  savabına  yetişirlər.
Dördüncüsü: Allah  rəhmət  və  təfəzzül  babından ayrı yollardan da dünyadan  getmiş  insana  savab əta edə bilər. (Daha  ətraflı  bax: Cəlaləddin  Suyuti - Şəfaussudur  bişərhi  halil  movta  vəl  qubur, 402-406)
Ay  müəllif, gördüyünüz  kimi, Cəlaləddin  Suyuti  İbn  Kəsirin  iddiasını  rədd  etdi.Bəs  buna  sözünüz nədir? Buyurun  Cəlaləddin  Suyutinin  bu  dörd  iddiasına  cavab  verin  və  öz  sözünüzü  bu  yolla təsdiqləyin. (Əgər bacarsanız...)
Müəllifin  yazısının  davamını oxuyaq: “İmam Şafi  isə  bu  ayənin  hokum  üçün: "Ölülər üçün oxunub, hədiyə  edilən  Quranın  savabı  onlara  çatmaz, çünki  oxunan  Quran  onların  əməli  və  savabı  deyildir.” 
Müəllifə  cavab: Ay müəllif, sizin  bu  sözünüz  lap  “AĞ YALAN”  oldu. Siz  niyə  öz iddialarınızı  sübutla  qeyd etmirsiniz?!  İmam  Şafei  harda  deyib ki, ölü  üçün  Quran  yoxdur?!  Bunu sizə deyib?!
İmam  Şafei  sizin  bu əsassız  iddianızı  rədd edir. İmam Şafei  öz  fiqh  kitabında  Hz peyğəmbərdən (s) bu hədisi  nəql edir: “Ölülərinizə Yasin oxuyun.” (Büyük  Şafii  İlmihali səh 198, türkçə)
Necə  olur  ki, Şafei  həm  ölü  üçün  Yasin  yoxdur- deyir, digər  tərəfdən  isə, öz  fiqh  kitabında “Ölülərinizə  Yasin  oxuyun”  hədisini  qeyd edir. Niyə  İmam  Şafeinin  adından  yalan  danışırsınız?! İmam  Şafeidən  dəlil  gətirirsiniz  amma  onun  fiqh  kitabından  xəbəriniz  yoxdur. İmam  Şafei  mövzu  ilə  bağlı buyurur: “Qəbrin  başında  Qurandan  ayə  və  sürələr  oxumaq  müstəhəbdir. Quranı  xətm  etmək  daha  gözəldir. (Abdullah  Əş-Şafii- Əl-Mənaqib  kitabı  səh 204, həmçinin bax: Nəvəvi- Riyazus-Salihin səh 293)
Müəllifin  yazısını  oxumağa  davam edək: “Bunun  üçün  Allah  Rəsulu  ölülərə  Quran  oxumağı ümmətinə  tövsiyə  etməmiş, onları  buna təşviq etməmiş, bu barədə heç bir əmr verməmişdir.”
Müəllifə  cavab: Ay müəllif , heç  bu qədər də  insafsızlıq olar? Peyğəmbərin (s) adından  yalan  danışmağa  utanmırsınız?  Yəni  peyğəmbər (s) bu barədə  bir dənə də olsun hədis deməyib? Bəs  yuxarıda  qeyd  etdiyimiz  hədislərə  sözünüz  nədir? Məgər  onları peyğəmbər (s) söyləməyib? O hədisləri  açıq  gözlə  oxuyun və  cavab verin. 
Müəllifin  yazısını  davamını  oxuyaq : “Bu  mənada  bir söz  səhabənin  heç  birindən eşidilməmişdir.İbadətə  aid  əmrlər  dəlillərə  istinad  edir. İbadət  barəsində  fikr  söyləmək, müqaisə etmək, yeni qanunlar qoymaq  mümkün  deyil...”
Müəllifə  cavab: Doğurdan? Ay müəllif, bəs bu hədisə nə deyirsiniz? 
Əbu  Hüreyrə  nəql edir: “Allah  elçisindən soruşdum. Ey  Allahın  elçisi!  Biz  özümüz  Allahın  kitabını oxuyaraq  savab  qazanırıq. Dünyasını  dəyişən  şəxslər  üçün də  Quran  oxuya  bilərikmi?
Allah  elçisi  buyurdu: Bəli, Ölənləriniz  üçün  Yasin  oxuyun.” (Səhihi Müslim c 5, səh 73-78)
Ay   müəllif, bəs  deyirdiniz ki, bu barədə  heç  bir  səhabədən hədis yoxdur. Deməli var, lakin, siz xəbərsizsiniz. Lap  fərz  edək  ki, heç  bir səhabə bu barədə  hədis  nəql etməyib.Bu  nəyi  dəyişdirəcək? Məgər  bir  hökmün  qəbulu üçün səhabənin hədis  gətirməsi  mütləqdir? Əgər  səhabələr  namazla  bağlı heç  bir  hədis  nəql  etməsəydi, İslam  ümməti  namaz  qılmayacaqdı?
Müəllifin   yazısının  davamını  oxuyaq: “ 1) Quranı  ölülərə  oxumaq  fikri  insanlar  arasında  çox  yayğındır. Belə  ki, Quranı  oxumaq  ölümün  əlaməti olaraq  qəbul  edilir. Bir  evdən  tez - tez   Quran səsi eşidilərsə  orda  bir hüzn  və  ya  bir  matəm  olduğu  qənaətinə  varılır.”
Müəllifə  cavab: Ay müəllif, ölülərə Quran  oxumaq  fikrinin  insanlar  arasında  yayğın  olması  sizi  niyə narahat  edir? Bu  ki, peyğəmbərin (s) bizə  olan tövsiyələrindəndir. Quranı  ölünün  əlaməti  sayanlar  elə özləri  də mənəvi cəhətdən ölü olanlardır. Bir  evdən  Quran  səsi  eşidilirsə  siz  niyə  bu  qənaətə gəlirsiniz  ki, orda hüzn və ya matəm var...  Deməli  siz  özünüz  də Qurana  ölü  kitabı  nəzəri ilə baxanlardansınız. Əgər  belə  olmasaydı  siz heç  vaxt  bu  qənatə  gəlməzdiniz. Siz  Quranın  bu ayəsindən  xəbərdar  olsaydınız  bu  sözü  dilinizə  gətirməzdiniz. Uca  Allah  buyurur: “Qurandan bacardığınız  qədər oxuyun!” (Müzzəmmil 20)
Məgər  Allah  Rəsulu (s) buyurmayıb  ki; “Öz  evlərinizi Quran  oxumaqla  nurlandırın.” 
Evlərinizi  qəbristanlığa çevirməyin, Quran oxuyun! Quran  oxunan  evə  şeytan girməz. Kim  evində Quran  oxuyarsa, o ev, əhlinə qarşı   genişlənər  və  mələklər  də  orda  hazır olar, şeytanlar  qaçar, xeyir artar. Quran  oxunmayan  evə  gəlincə, o  ev əhlinə  qarşı  daralar, mələklər  oranı  tərk  edər, şeytanlar ora  nüfuz edər, o  evdə  xeyir azalar. (Tirmizi, Fəzailul-Quran 18)
Qiyamət  günündə  Qurani-Kərim  məhşərə  gələrək  Allaha  buyuracaq. İlahi  Quran  oxuyan şəxsləri şərəfinlə  zinətləndir.Ona  şərəf  libası  geyindir. O  şəxsə  o  an  şərəf  libası  geyindiriləcək. Quran  yenə deyəcək: İlahi! Ona  şərəf  tacı  geyindir.O  şəxsə   şərəf  tacı  geyindiriləcək.Quran  yenə  buyuracaq: İlahi! Ondan  razı  ol. Çünki, sənin  razılığından daha  böyük  bir  şey  yoxdur. Və  beləliklə  Quran  onu  oxuyan şəxsi  ən  uca mərtəbəyə  ucaldacaq. (Tirmizi, Fəzailul-Quran 18, Darimi, Fəzailul-Quran 1)
Ay  müəllif, bundan  sonra  evlərdən  Quran  səsi  eşitsəniz, fikrinizə  hüzn  və  matəm  yox, qeyd etdiyim ayə  və  hədislər  düşsün.
Müəllifin  yazısının  davamını  oxuyaq:  “2) Namazı  həyatında  tərk  edən  birinə  öldükdən  sonra  Quranın  heç  bir  faydası  yoxdur. Onlar  üçün  Allahın  əzabla  təhdidi  var: "Vay  o  namaz  qılanların halına  ki, onlar  qıldıqları  namazdan  qafildirlər.’ (Maun, 5)
Quranın  bu  təhdidi  namazı  həyat  məqsədinə  çevirməyənlər  üçündür. Namz  qılsalar  belə, qıldıqları namaz  onları  təmizləmir, dəyişmir, həyatlarını  yönləndirmir. Namazından  qafil  olanı  Allah  belə  bir ayə ilə  təhdid  edirsə,  o  zaman  namaz  qılmayanın  halını  siz  düşünün!”
Müəllifə  cavab: Ay  müəllif, məgər  namaz  qılmayan kafirdir? Bəli, Quran kafirə, münafiqə, müşrikə  fayda  verməz. Çünki,  onlar  həyatda  ikən  Qurana  arxa  çevirmiş  və  onu  qəbul  etməmişlər.Quran ancaq  müsəlman  və  möminlərə  faydalıdır  həm  diri  ikən, həm  ölü  ikən. Bu  Quranın  məntiqidir, bu Quranın  sözüdür. Uca   Allah  buyurur:  “Quranda  möminlər  üçün  şəfa  və  rəhmət  olan  ayələr  nazil edirik. O, kafirlərin   ancaq  ziyanını-günahını  artırar.” (İsra 82)
Bəli, möminlər  həyatda  ikən  Qurana  əməl  etdiyi  kimi, vəfat  etdiklərində  də  bu  ilahi  kəlamın savabından  faydalanırlar. Lakin, kafir, münafiq  və  müşriklər  isə həyatda  ikən  bu  ilahi  kəlamlar  onlara oxunduğu  zaman, onları  qəbul  etmir  və  istehza  edirdilər. Onların  bu  davranışları  onların  dünyada ikən , günahlarını  artırır  və  zəlalətə  aparırdı. Bu  cür  şəxslərə  öldükdən  sonra  da  Quranın  heç  bir faydası  yoxdur.
Yazdığınız  ayənin  mövzu  ilə  əlaqəsi  yoxdur. Ayə  namaz  qılmayanlara  yox, namazı  qılıb  lakin, öz qıldığı  namazından  qafil  olanlara  aiddir. Başqa  sözlə, bu  ayə  elə  namaz  qılanlara  aiddir.Amma  siz ayəni  namaz  qılmayanlara  aid  etmisiniz. Niyə?  Siz  Quranın  ayələri  ilə  istehza  edirsiniz?!
Müəllifin   yazısının  davamını  oxuyaq:  “3) "Ölənlərə  Yasin oxuyun"  hədisinə  gəlincə  İbnu’l-Kattan  onun  ‘muztarib’  hədis  olduğunu,  Darəkutni  də  onun haqqında: ‘İsnadı muztarib, mətni məchul və salih  olmayan  bir hədis’ olduğunu  söyləyir. 
Rəsulullahdan  və  əsabından  meyid  üzərinə  "Yasin",  Fatihə"  və ya  Qurandan  hər  hansısa  bir  ayə oxunduğu sabit deyil. Belə ki, Allahın  Rəsulu  meyid  dəfn edildikdən  sonra  əsabına   belə  deyirdi: "Qardaşınıza  Allahdan  bağışlanma  diləyin.”
Müəllifə  cavab: Müəllif  səhv  etməyə  davam edir. Müəllif iddia edir ki, “Ölənlərə  Yasin  oxuyun” hədisi səhih deyil. Ay  müəllif,  siz yenə  də  səhv edirsiniz. 
“Ölənlərə  Yasin  oxuyun”  hədisinin  mənbələri;
1. Səhihi  Müslim  c 5, səh  73-78
2.Nəvəvi - Riyazus-Salihin səh  293.
3. Səhihi Müslim c 3, səh  202.
4. Səhihi Müslim c 1, səh  61.
5.Tirmizi c 8, səh 306.
6.Nəsai  c 6, səh  117.
7.Qunduzi  Əl-Hənəfi - Yənaibul-Məvəddət səh 55.
8.Tirmizi c 5, səh  306.
9.Əhməd  ibni  Hənbəl c 1, səh  95.
10.Səhihi  Muslim c 2, səh  360.
11.Cəlaləddin  Suyuti – Tarixul-Xuləfa  səh  190.
12. Büyük  Şafii  İlmihali  səh 198, türkçə
13.Şərhul-Səhihi  Muslim c 3, səh  202.
14.Müsnədi  Əhməd c 5, səh  26.
Ay  müəllif,  bəs  deyirdiniz  bu  hədis  səhih  deyil. Amma  gördüyünüz  kimi,  bu  hədis  bir  sıra   səhih mənbələrdə  gəlmişdir. Əgər  hədis  səhih  deyilsə  bəs  niyə  bu  kitablar  onu  öz   kitablarına   daxil  ediblər? Bu  qədər  dəlil  və subutlardan  sonra  deyəcəyiniz  nəsə  var? 
Müəllifin  yazısının  davamını  oxuyaq:   “4) İslam  dəvətçilərindən  biri  belə  deyir: "Ey  Müsəlman! Təəssüflər  olsun  ki, ölümlə  qarşılaşıncaya  qədər  Quranı  həyatında  tərk  etdin, Onunla  əməl  etmədin, o zaman  rahat  ölə  bilməyin  üçün  sənə  Yasin  oxudular. Quran  sənin  dirilmən  üçünmü, yoxsa  ölmən  üçünmü  nazil  oldu?!”
Müəllifə  cavab: Ay müəllif, kimdir  bu  dəvətçi?  Niyə  dəvətçinin  adını  qeyd  etmirsiniz? Siz  Allahın  və peyğəmbərin (s) adından  çəkinmədən  yalan  danışdığınıza  bu  yazıda  dəfələrlə  rastlaşdıq. Sizin  İslam dəvətçisi  dediyiniz  şəxsin  adından  yalan  danışmayacağınız  nə  məlumdur…  Odur  ki,  bu  cür  iddialar etdikdə  dəlil  gətirin. Yoxsa  bu  dediklərinizə  sizdən  başqa  heç  kim  inanmayacaq.
Müəllifin  yazısının  davamını  oxuyaq:  “5) Allahın  Rəsulu  əshabına, qəbiristana  girdikləri  zaman  Fatihə oxumalarını  əmr  etməmişdir. Əksinə bu  duanı etmələrini  tövsiyə etmişdir: “Əssəlamu  aleykum əhləddiyar  minəl  muminin  və  inna  inşaallahu  bikum  lelahigun. Əs’əlullahə  ləna  və  ləkum  əl’afiyə.’ Yəni  ‘Ey möminlər  diyarı, Allahın salamı (rəhməti) üzərinizə  olsun. İnşallah  bizlər  də  sizə  qovuşqcağıq. Bizə  də  sizə də  Allahdan  əfv (əzabdan qurtulmağı) diləyirəm.’
Bu  hədis  ölülər  üçün  necə   dua  edəcəyimizi  bizə  öyrədir. Onlardan  yardım   istəməyi, onları  yardıma çağırmağımızı  və  ya  onlar  üçün  əməl  edə  bilməyəcəkləri  Quranı  oxumağı  deyil.”
Müəllifə  cavab: Müəllif  qaş  düzəltmək  yerinə  vurub  gözü  də  çıxartdı. Diqqət  edin. Müəllif  yazısının əvvəl  hissələrində  Fatir  sürəsinin  22-ci  ayəsinə  istinadən  qeyd  etmişdi  ki, ölülər  bizi  eşitmir. Amma indi  isə  qeyd  edir ki, peyğəmbər (s) qəbiristanlığa  daxil  olarkən  ölüləri  salamlayardı. Əgər  ölü eşitmirsə, peyğəmbər (s) niyə onlara salam verirdi? Siz  yazdığınız  hədisi  yazarkən  yenə  də  səhvə  yol vermisiniz. Siz  belə  yazmısınız: “və  inna  inşaallahu  bikum lelahigun.”
Amma  əslində  belə  olmalı  idi:  və  innə  inşaallahu  bikum  lahiqun.
Siz  iki  səhvə  yol  vermisiniz. 1.Siz  cümləni  inkar  mənasında  yazmısınız. Lelahigun  yox  lahiqun  olmalı idi. Çünki, (لَا ) inkar ədatıdır. Sizin  yazdığınız  cümlənin  mənası  belə  olur. (Ey qəbir əhli) İnşallah  biz  də sizə  qovuşmayacağıq.
Amma   əslində  məna  belə  olmalı I di: (Ey qəbir əhli) İnşallah  biz  də  sizə  qovuşacağıq.
Sizin  qeyd  etdiyiniz  bu  dua  peyğəmbərimizin  qəbiristanlığa  daxil  olarkən  etdiyi  duadır. Amma  siz duanı səhv  yazmaqla  yenə  də  peyğəmbərimizin (s) adından  yalan  danışdınız. Siz  qeyd  etdiyiniz  bu hədisin də mənbəsini göstərməmisiniz. Sizin yerinizə bu zəhməti  də  biz çəkdik. Qeyd  olunan  hədisin mənbəsi  budur: Muslim, Cənaiz 104, İbn Macə 36.
Diqqətli  olun  ay müəllif, heç  kim  ölü  üçün  Quran  oxumaqla  cəhənnəmə  getməz. Buna  əmin  ola bilərsiniz. Amma  siz  bu  yazınıza  görə  Allahdan  tövbə  edib, bağışlanma  diləməsəniz, Cəhənnəmə gedəcəyiniz  açıq-aşkardır. Çünki  siz , Allah  və  Onun  Rəsulunun (s) adından  dəfələrlə  yalan  danışdınız.
“Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!” (Ənam 21)
Müəllifin  yazısının  davamını  oxuyaq: “6) "Ölü  üçün"  oxunan  Yasin  surəsi  70 - ci ayədə "dirilər üçün..." deyilir. Fatihə  surəsində  isə "Biz  yalnız  Sənə  ibadət  edər  və  yardımı  da  Səndən diləyərik. Bizi  doğru  yola  yönəlt!" deyə  dua  etməyimiz  istənilir. Öldükdən  sonra  hansı  ibadətdən  söz  gedə bilər? Və ya  ölü  necə doğru  yola  yönələcək. Bütün  ibadətlər  ölən  günə  qədərdir. Quranın  da  ifadəsi ilə  "ölüm  gəlib  çatıncayadək"  bizdən  salih  əməl  üzrə  olmağımız, sədəqə  verməyimiz, bizə  verilən ruzidən  infaq  etməyimiz  istənilir. 
Allah  Quranı  onunla  əməl  edə  biləcək  vəziyyətdə  olan  dirilərin  oxuması  və  əməl  etmələri  üçün endirdi: "(Quran) diri  olanları  qorxutsun  və  kafirlər  barəsindəki  söz  gerçəkləşsin" (Yasin, 70). Ölüləri xəbərdar  etmək  mümkün  deyil.”
Müəllifə  cavab: Ay  müəllif, sizin  bu  iddianıza  artıq yuxarıda cavab vermişik. Quran  məntiqində  ölü  və diri  deyildikdə  sizin  başa  düşdüyünüz  ölü  və  dirilər  nəzərdə  tutulmur. Quran  insanın  mənəviyyatına, qəlbinə, ruhuna işarə edir . Zəhmət  çəkin  təfsir  oxuyun, yoxsa  tərcümə  oxumaqla  heç nəyə  nail  olmayacaqsınız.
Müəllifin  yazısının  davamını  oxuyaq: “7) Quranın  əsl  məqsədini  unudaraq  onun  missiyasını  dəyişmək  zülmdür. İnsanın  edə  biləcəyi  ən  böyük  yanlışdır. İçində  yazılanları  həyatında  bircə  dəfə açıb  oxuyan, oxuduunu anlayan  heç  kimsə  onu  ölü  üçün  oxumaz. 
Müəllifə  cavab:Ay müəllif, bəs  Allahın  və əziz peyğəmbərinin (s) adından yalan danışmaq zülm deyil? Siz  özünüz  Allahın ayələrinə  zülm etdiyiniz  halda, bizə  nəsihət verirsiniz? Burda  bir məsəl  yadıma düşdü:  “Öz  gözündəki  tiri  görmür  başqasının  gözündə  çöp  axtarır.”
Müəllifin  yazısının  davamını  oxuyaq: Çünki  bütün  əmrlər  ya  dirilər  üçündür,  ya  da  ölü  qəlbləri diriltmək  üçün. 
Müəllifə  cavab: Bəli  əmr  və  hökmlər  siz  dediyiniz kimi, ya dirilər üçündür, ya da, ölü qəlbləri diriltmək üçün. Əgər  söhbət  əməl  etmək, və  ilahi  hökmləri yerinə  yetirməkdən  gedirsə  razıyam. Çünki, məlum məsələdir ki, ölən insan  namaz, oruc  və bu  kimi  ilahi  hökmləri  yerinə  yetirməyə  qadir  deyil. Bunun üçün  məqalə  yazmağa  ehtiyac  yox  idi.
Müəllifin  yazısının  davamını  oxuyaq: “İnsanın yaşaması, yeyib - içməsi, gəzib -dolaşması onun diri olmasına  dəlil  sayılmamalıdır. Çünki  diri  olmaq  düşünmək  deməkdir. Quran  düşünənlər  üçündür. Ağıldan  məhrum  olan  xəstələr Quranla  əməl  etməyə  mükəlləf  tutulmayıblar. Allah  onları  cəzadan azad edəcək. Çünki  düşünə bilmirlər. Düşünə  bilib  düşünməyənlər, ölü  qəlblərini  diriltmək istəməyənlər, vəhyin dirildici  gücünə  inanmayanlar  isə əzaba  düçar olacaqlar! 
Quran  bir  qissəni, bir hekayəni, bir  misalı  verdikdən  sonra bir  də  sual  verir: "Heç düşünməzmisiniz?",  "Heç ibrət almazmısınız?"  "Dünyanı  dolaşaraq  gəzib inkar  edənlərin  aqibətini görmədinizmi?"
Müəllifə  cavab: Bu  yazdıqlarınıza  heç  bir  iradım  yoxdur. 
Müəllifin  yazısının  son  hissəsini  oxuyaq: “Kor olmaqdan, korlar kimi davranmaqdan, vəhyin aydınladıcı işığına  göz  yummaqdan  Allaha  sığınaq. Bizə  "OXU!"  deyə   əmr  etdiyi  kitabı  oxuyaq. Nicat yalnız bundadır.”
Müəllifə  cavab: “Allahın  ayələrini  görməməzlikdən  gələrək  kor  olmaqdan, Allaha  və  Onun  Rəsuluna (s) böhtan  atmaqdan  və  beləcə  də  Allaha  qarşı  kafir  olmaqdan  Allaha  pənah  aparırıq. Ay  müəllif, biz  Allahın “OXU” əmrinə  tabe  olaraq, onun bizə  nazil  etdiyi  kitabı  oxuyur  və  bacardığımız  qədər əməl  etməyə  çalışırıq. Siz  özünüz  də  bu əmrə  tabeçilik   göstərərək   bu  ilahi  kəlamları  oxusanız, dünya  və  axirətiniz  üçün  daha   xeyirli  olar. Salam  olsun  doğru  yola  tabe  olan  hər  bir  kəsə! (Taha 47)

Комментариев нет:

Отправить комментарий