Страницы

10.03.2013

Sonsuzluğa səfər

Könül Səid

Sonsuzluqdan o yana yenə də sonsuzluqdur. – Bu sözləri kimdən və nə zaman eşitdiyimi bilmirəm. Bəlkə də heç kimsə deməyib sadəcə şüuraltında, gördüklərimdən bir görüntü kimi gizlənib. Bəlkə də yox... Bunu düşünmək və zaman itkisinə qərq olmaq istəməzdim, bəlkə də bunun üçün indi zamanım da yoxdur desəm daha doğru olardı.
Sonsuz ümmanlar, sonsuz buludlar, sonsuz yağışlar, sonsuz səhralar qədər səndən uzaq sonsuzluğa qərq olmuşam. Darıxıram, ağlayıram, səni düşünüb qısqanclıq krizinə də girirəm.
Sonra bütün bu sonsuz ayrılıqlar boşluğundan qurtulmaq üçün kədərin dərin qatlarında gizlənmiş toza qərq olan qalın bir kitabın qalın qatlarından birini açıb oxuyuram.
İlk başda oxuduqlarım mənə qarışıq və lillənmiş bir gölməçə kimi gəlir. Sonra nəm bir salfet götürüb vərəqləri silirəm və oxuduğum cümlələri yenidən oxumağa başlayıram...
...Dörd bir yanı qaynar qum və yandırıcı günəş istiliyi ilə çevrələnmişdi. O, isə hələ burada nə etdiyi, hansı günahına görə sürünüdüyünü anlamağa çalışırdı.
Bax, görürsən, o da mənim kimi sürünür, amma bircə fərqimiz odur ki, mən eşq oduna, o isə bəlirsiz bir səbəbə görə sürünür.
...Yorğunluq və illərin həsrəti günəşin yandırıcı şüalarından süzülüb onun beyninin ən xırda zərrəciklərinə kimi dolurdu. Getdikcə ayaqlarında da ağırlıq hiss edirdi. Gücü də tükənirdi... gözləri də tor görməyə başlamışdı.
Bax, yenə də oxşayırıq onunla. Onun kimi mənim də ayaqlarım ağır-ağır tərpənir, gözlərim tor olur, amma sənin eşqindən..! Onu isə bilmirəm.
...Bütün bu ağırlığı sümüklərində hiss edən və az qala sürülən bir heyvana bənzəyən insan bir anlıq dayanır. Günəşi tor görən gözləri ilə seyr etməyə çalışsa da bacarmır, yenidən yoluna davam edir, amma addımlarının sürətini artıraraq…
Bax, görürsən yenə də oxşar əlamətlər bizi bu sürünən heyvanla birləşdirir, mən eşqdən sürünürəm, onu isə bilmirəm...
...Sürünən insan istiqamətin hara olduğunu belə unutmuşdu. Sadəcə gedirdi. Yolun sonunda yəqin səbəbin nə oldugunu anlayacaqdı. Əlində də qəribə bir qutu daşıyırdı. Bu qutu arada yerə düşürdü . O da tor tutmuş gözləri ilə axtarıb tapa bilmirdi qutunu. Körpə uşaq kimi səhranın yandıran isti qumunda iməkləməyə məcbur olurdu. Əlləri isti qumdan yansa belə axtarırdı, axtarırdı. Tapanda da qutunu bağrına basıb opürdü...
Bax yenə də mən və o bənzəyirik! Mən də eşqimi iməkləyə-iməkləyə ovuclarımda sıxıb saxlamışam. Arada əlimdən düşür, amma yenə də axtarıb tapıb bağrıma basıb, öpüb qoruyuram. Bunlar eşqdəndi, onu isə bilmirəm...
...Bəlkə də getdiyi yolu bilirdi, amma isti beynini o qədər sarmışdı ki, xatırlaya bilmirdi. Arada gözündə qəribə olaylar canlanırdı, dayanırdı. Təhlil etməyə çalışırdı, amma bir sonuca gələ bilmirdi. Hətta sonunun hara varacağını belə bilmədiyindən yoluna davam edirdi...
Mən də bəzən bax beləcə sənsizliyə eşqdən, onun əsiri olduğumdan sürünürəm, onu isə bilmirəm...
...Yol bitmək bilmirdi. Neçə vaxtdı getdiyini belə xatırlaya bilmirdi. 1 il , 11 il , 111 il ... ...Yenə də gedirdi. Bəlkə də bu gedişin sonu yoxdu, yoxdu, yoxdu... Bəlkə də bu 1 rəqəminin sonsuzluğudu...
Mən sənsiz olduğum günlərin sonsuzluğunu özümlə sürüdüyüm üçün eşqim məni rahat buraxmır, amma onu bilmirəm...
...Bəs əlindəki qutunu niyə daşıyırdı, əzizləyirdi? Bəlkə bu qutu da yox idi, sadəcə bir görüntü idi? Düşündüyü qəribəliklərdən biri idi? Bəlkə də itirdiklərinin hamısını bu görüntü, bir ilğım kimi görünən qutuda yığıb yol edirdi? – Sonsuz bir dünyanın sonsuzluğuna...
Bax, görürsən… deyəsən elə mən də bu sürünən qəhrəman kimi artıq yolumu azmışam, artıq səni sevib ya da sevmədiyimi belə bilmirəm. Amma bircə süründüyümü dəqiq bilirəm, elə o sürünən insan kimi!.. Amma...

Комментариев нет:

Отправить комментарий