Страницы

05.03.2013

Yağış damlasındakı həyat

Taleh Eminoğlu

Külək

Külək əsir,
ağacların budaqları
həzin-həzin titrəyir.
Külək əsir,
iplərdəki nəm paltarlar
bayraq kimi yellənir.
Göy üzündə buludlar,
şahmat daşları kimi
yerlərini dəyişir.
Hamı qıyıb gözünü,
toz-torpaqdan qaçaraq
harayasa tələsir.
Qəlbimdə də külək əsir
tənhalıq küləkləri.

Bir zamanlar əsdiyi kimi.
Qəlbim antik qəbristanlıq,
min illərin məzarları
ardarda sıralanıb.
Məzar şəkilləri,
bir-birinin ardından
uzaqlara boylanıb.
Külək əsir.
Toxunduqca məzarlara,
xəfif-xəfif uğuldayır.
Hər məzarın üzərində,
gözlərini bərk-bərk sıxıb
yetim uşaqlar ağlayır.
Ata, ana əvəzinə
saçlarini sıxallayır
əsən külək,
Ata, ana əvəzinə
öpüb, öpüb qucaqlayır
əsən külək,
yetim, yalqız uşaqları,
doğmaları ola-ola
yetim qalmış məzarları.

Təsadüf

Bir it aldım,
karvan keçdi.
Çiyinlərdə tabutlar,
sonsuz, susuz səhraya.
Düşmədi o itin ayağı.
Dörd ayağın izi,
iki ayağın izini sildi.
Bir karvan gəldi,
bir karvan getdi.
O it öz dilində
bizlərə güldü,
düşmədi o itin ayağı.
Hər keçən karvana
bir ağız hürdü.
Düşmədi o itn ayağı.

Həqiqət

Şərqin insanı,
qurbani oldu.
Qərbın beynindən,
çıxan fikirin.
         
Yağış damlasındakı həyat

Yağış yağır,
göy üzündən yer üzünə
nur axır.
Insanların üz gözündən,
küçələrdən kir axır.
Daşlara, yarpaqlara
dəyən damlalar
şüşə kimi çiliklənir.
Mirvariyə bənzəyən bu damlalar,
qizlarin boğazında daha da bəzəklənir.
Süzülür evlərin pəncərəsindən,
qiz yanağından göz yaşı
süzülən kimi.
Düzülür pəncərə qıraqlarında,
qiz boğazında mirvari
düzülən kimi.
Quru çörək parçasını,
isladaraq yumşaldır.
Yer üzünə çatanadək,
göyüzündə durulanır.
Yağış yağan zaman,
göy qübbəsi aralanır.
Yaradana doğru,
sonsuz dəhliz uzanır.
Dualar daha tez çatır,
yer üzündən göy  üzünə.
Yağış Allahın göz yaşı,
Yolun azan bəndəsinə.

Yaxın uzaq

Kiminə gəmi uzaq, kiminə gəmi yaxın,
Kiminə qayıq uzaq, kiminə qayıq yaxın.
Bir pərvanə bədbəxt, bir pərvanə xoşbəxt,
Birinə şəmi uzaq, birinə şəmi yaxın.

Telefon zəngi

Yarım işıqlı bir otaq,
yanımda telefon,
qarşımda sönmüş siqaretlə dolu
kül qabı...
Ondan bir zəng gözləyirəm.
Birinci zəngdə;
“əlvida gedirəm”-dedi,
bu zəngdə;
“bağışla gəlirəm”-deməsin
Istəyirəm.

Ürək dərmanı

Bir ürək həkimi
həyatın ürəyini yaraladığı
qızına resept yazır;
“bu yaranın dərmanı
zamandır”

Şairlər peyğəmbərdi!

Şairlər peyğəmbərdi
şeirlər surə
misralar ayə.
Şairlər ALLAHın elçisi
CƏBRAYIL ilham mələyi.

Sadalanan bir neçə ədalətsizlik

Mənim bircə qorxumvar-
əqidəmi uduzmaq
bu həyat qumarında.
Düşündükcə bədənim
qarış-qarış ürpəşir
qan donur damarımda.

Həyat kiminə “Valent”
kiminəsə “Tuz”verir
kim ağlayır,kim gülür.
Toruna salmaq üçün
yeni-yeni qurbanlar
İblis pusquda güdür.

İnsanların üzləri
çoxalır yavaş-yavaş
rəngbərəng divar kimi.
Bu əqidə alveri
hopubdu canımıza
sağalmaz azar kimi.

Şəhid məzarlıqları
durmadan çoxalmaqda
bu qazi Vətənimdə.
Bu dünya ədalətsiz
məndəndir ölənimdə
göz yaşın silənimdə.

Güvəndiyim dağlara
qar yağır lopa-lopa
qalmayıbdır güvənim.
Hər zaman ölən mənəm
Uğrumda yox ölənim.

Комментариев нет:

Отправить комментарий