Страницы

07.04.2013

Badənin vaxtıdır, ey saqi...

Hacı Arif Buzovnalı

Badənin vaxtıdır, ey saqi, yetiş dadımıza,
Yenə o gözləri məstanə düşüb yadımıza.

O pəridir bizi ustad eləyən eşq içrə,
Hər nə əmr eyləsə biz talibik ustadımıza.

Onun eşqində necə dərd olur olsun dözərik,
Hərə bir daş atır atsın dili-bərbadımıza.

Şərh edib zülfünü hər teldə kədər kəşf edirik,
Bixəbərlərsə kənardan gülür icadımıza.

Anlayanlar tutub üz Xaliqə şükranlıq edir,
Anlamazlarsa əyir ağzını fəryadımıza.


Bizi həbs eyləmə, qafil, biz əsiri-eşqik,
Vermişik canqarışıq hər şeyi səyyadımıza.

Saxta eşq əhli verır can yara yüz yol, biz isə,
Canı təslim elədik bir dəfə cəlladımıza.

Yaxşı ki var elə hal əhli bizi dərk eləyir,
Qalsa biganəyə min söz çıxarar adımıza.

Mey kifayət eləmir, kəsmə arasın, saqi,
Səndən özgə hanı bir hay verən imdadımıza.

O qədər Arifə tərif elədik badəni ki,
Meypərəst oldu o da getdi bizim badımıza.

Комментариев нет:

Отправить комментарий