Страницы

06.04.2013

Dostumun dostu – Əlixan Qaya

İbrahim Sel

(“Güney dəftəri” silsiləsindən)        


Elə bir sənət adamı ki, hər misranın mükəmməl olması, hekayənin hər abzasının rəngärang tablolar kimi parıldaması, muğamatın ən son naləsinə kimi iliyə işləməsi, sazın hər siminin insanı coşdurması, rəsmin hər naxışının zövq oxşaması üçün əldən gedir

 Güneyli yazar Əlixan Qaya həyatda tək-tük tanıdıım təmiz insanlardan biridir. Bu anadangəlmə dost insanda özünü fəda edən, həqiqətən özünü başqalarına həsr edən, yaşadığı dövrün mühüm dəyərlərinin təsirinə və yayılmasına kömək etməyi həyatının ən mühüm vəzifəsi olaraq görən, bunu edərkən də əsla onları kəşf etməsi və həvəsləndirməsi ilə öyünməyən birini tanımış oldum. Bu işə onu kimsə məcbur etmirdi, coşqunluqla, sevərək, istəyərək, bütün ürəyi ilə, əxlaqi məsliyyətliliklə və şüurlu şəkildə edirdi. Ehtiraslı millətpərvər olmasına rəğmən mehriban görünüşü ilə ətrafındakılarla səmimi, əsl dost kimi davranırdı.
Həmişə yardıma, məsləhət verməyə hazırdı. Sarsılmaz dərəcədə dürüst, saat kimi dəqiqdir. Heç vaxt öz mənafeyini düşünməz, ətrafında olan hər kəsin hər işiylə maraqlanar. Bir dostuna, yoldaşına nə isə lazım olduqda onunçün zamanın və pulun əhəmiyyəti olmaz. Onun Azərbaycanımızın hər yerində kiçik, amma seçilmiş dost ətrafı var. Şimali Azərbaycan yazarlarını cənublulara sevdirmək üçün əzmkarlıqla çalışır, bir çoxlarının şeirlərini fars şriftlərinə çevirir, ədəbi kitablarımızı, o cümlədən milli musiqimizi orda təbliğ edir.
 Azad və dünyanı sevən bu adam millətinin nəzər nöqtəsini sərhədlərdən aşırmağı və soydaşlarının daha qətiyyətli, daha dostcasına olmalarını həyatının hədəfi etmişdir. Qısa müddətdə onunla dost olduq. Çünki ikimiz də bəzi fərqli yanaşmalarımız olsa da, türkçülük təfəkkürü ilə bağlıydıq. İkimiz də hansısa mənafe gözləmədən ədəbiyyata bütün gücümüzlə xidmət etməyi sevir, yazı sənətini həyatın primum və ultimumu (latınca primum başlanğıc, ilk dəfə, öncə anlamına, ultimum isə sonuncu, ən qıraqdakı, ən pis olan, son anlamına gəlir; mətn içində həyatın ən vacib şeyləri mənasını bildirir) olaraq görürdük. Onun sayəsində ilk dəfə əsl Azərbaycan milliliyini kəşf etdim. Kolleksiyasında olan gözəl muğamlarımıza, aşıq musiqisinin ünlü nümunələrinə qulaq asdıqca az qala bütün yaşadıqlarım gözüm önündən ötür, genetik kodlarım tərpənirdi.
 Lakin bizim dostluğumuzun ən gözəl və mənim əsla unutmadığım cəhəti daim çətin və həssas nöqtəni aşmağa məcbur olması idi. Normal şəraitdə belə həssaslıqla, inadla müqavimət göstərmək iki yazar arasında dürüst və səmimi yaxınlığı əngəlləyirdi. Belə həssaslıq milliliyə yad olan hər şeyi o dönməz dürüstlüyü ilə bütünlüklə rədd etməsiylə bağlıydı. Bizim qrupu çox sevirdi, DAYAQ layihəsində sərf etdiyim əməyə görə mənə hörmətlə yanaşırdı. Bizim uşaqlardan Təbrizə, Tehrana kim nə vaxt gəlsə ilk qarşılayan şəxs o olurdı. Bütün önəmli məsələlərdə iki qardaşdan daha yaxşı anlaşırdıq. Amma söhbət mənim öz yazılarımdan gedəndə qətiyyətli şəkildə “yox” deyirdi. Postmodernist üslubda olan poeziyam onu qane etmirdi. Heç birinin mental köklərlə əlaqəsi olmadığını deyib murdarlıq olduğunu açıqca söyləyirdi. Mənim axına qoşulmağıma, belə şeylər yazdığıma görə çox hirslənirdi. Özünə qarşı da dürüst olmaq istədiyindən bu məsələdə nəzakət xatirinə belə olsa, güzəştə getmirdi.
 Gecələr yatmayıb ədəbiyyatla bağlı uzun-uzadı söhbətlər etdik. Üstü-üstə düşdüyümüz məqamlar da olurdu, fikir ayrılıqlarımızı da bir-birimizə müxtəlif dəlillərlə əsaslandırmağa çalışırdıq. Bizim postmodernist yazarlardan ən çox sevdiyi Rasim Qaraca idi. Onun İranda dərc olunmuş “Ölüm haqqında günəş” kitabını arada polkadan çıxarıb vərəqləyir, misralar oxuyur, sonra yenidən səliqəylə ehtiyatla, sanki düşüb sınacaqmış kimi yerinə qoyurdu. Səid Muğanlının “şeirdən qan iyi gəlməlidir” fikrini qəzəblə xatırlayır, mənim də andeqraund cərəyana qoşulmağıma təssüfləndiyini bildirirdi. Bəzi qəribəliklər qardaşca münasibətimizə heç bir xələl gətirmir, dostluğumuzu gözümdə daha dəyərli, daha səmimi edirdi. Posmodernizm onsuz da gəncliyimin ötəri bir elementi idi, yəqin ki gələcəkdə bu istiqamətdən vaz keçsəm, özümə xas rahat bir üslüba nail olduqda ən çox Əlixanın təqdirinə sevinəcəm.
 Amma hamısından gözəli Əlixan ilə Tehranı gəzməkdi. Çünki bu, ən adi şeylərə belə önəmli və görən gözlərlə baxmaq deməkdi. Hər kiçik təfərrüatı, hətta iş yeri lövhələrini belə adları melodikdirsə, yüksək səslə oxuyurdı. 15 milyonluq əhalisi olan şəhəri küçə-küçə tanımaq onun üçün bir ehtiras idi. Demək olar ki, onda gördüyüm yeganə normal maraqdı.
 Cənubi Azərbaycan şairlərindən ən çox onun şəxsi məziyyətlərindən söhbət salmağımın səbəbi içərisindən ən çox onunla ünsiyyətdə olmağım və güneyə gedəndə ən çox onunla görüşməyimdir. Onun vətən, torpaq, xalq, poeziya, sənət haqqında dediyi qızıldan qiymətli sözləri xatırladıqca, əlçatmaz ulduzlar kimi ictimai həyatımızı işıqlandıran bu cür qiymətli patriotları düşündükcə ağlıma istər-istəməz belə kədərli sual gəlir: dövrümüzün bu narahat və qarışıq dünyasına onlar kimi saf, özünü sadəcə vətənə, onun poeziyasına, mədəniyyətinin inkişafına həsr etmiş sənət adamları görəsən bir daha gələcəkmi? О sənət adamları ki, hər bir misranın mükəmməl olması, hekayənin hər abzasının rəngärang tablolar kimi parıldaması, muğamatın ən son naləsinə kimi iliyə işləməsi, sazın hər siminin insanı coşdurması, rəsmin hər naxışının zövq oxşaması üçün əldən gedir. Səssiz, lakin böyük bir ehtirasla çabalayan, geniş kütlələrin marağını ranqa, şan-şöhrət və pula etibar etməyən, yüksək zövqə malik bu adamlar sonuncu mogikanlar deyilmi? Taleyin bütün firtınaları və qasırğalarıyla alt-üst etdiyi dövrümüzdə davamını görə bilməyəcəyimiz üçün çox kədərləndiyim bu sənət adamları artıq itirilmiş nəsil deyilmi? Gurultulu dünyamızın düz ortasında sanki təriqət kimidirlər. Gündəlik həyata bilərəkdən arxa çevirirlər. Bütün kainatda önəm verdikləri yeganə şey qafiyələr bir-birini təqib edəndə külək vaxtı düşən yarpağın cıxardığı səsdən daha yumşaq olan canlılığıyla ən uzaqdakı könülləri belə fəth edərək inanılmaz duyğular oyandıran о yumşaq, ancaq yumşaqlığına rəğmən zamanın gurultusuna üstün gələn ahəngdir. Düşünürəm ki, sənətə belə sadiq insanlarla bir dövrdə yaşamaq müasir gənclik üçün necə ali bir şey olmalıdır.
 Bütün sevgilərini dövrün və qəzetlərin deyil, sadəcə misraların ahənginə, sonsuz və ölümsüz sözlərə verən, böyük bir intizamla dilə xidmət edən, onu qoruyan bu insanlar necə də nümunə götürüləsi şəxslərdir. Onların həyatını araşdırmaq insanı utandırır da. Çünki necə də sakit, adi və sadə həyat sürürlər. Kimisi kəndli kimi yaşayar, kımisi kiçik bir peşə ilə məşğul olar, kimisi də səyyah kimi dolaşan görünür. Hamısı da çox az adam tərəfindən tanınır. Amma çox böyük ehtirasla da sevilirlər. Belələrinə həm Təbrizdə, həm Tehranda, həm Ərdəbildə, həm Qaradağda rast gələrsən. Amma bizdəki kimi bölücülük yoxdu, hamısı üçün vətən eynidi. Bizlərdə olan yerlibazlıq, tayfabazlıq, traybalizm anlayışları onlara yaddı. Hamısı üçün vətən eynidi, soydaşdan başqa anlayış tanımırlar. Şimali Azərbaycanımızın başının üstünü təhlükələr alarsa yenə bizdən də çox onlar təhlükəyə can atarlar, uşaqdan böyüyə kimi vətən uğrunda döyüşməyə hazır durarlar. Çünki təbiətləri belədir. Necə ki 90-cı illərdə Təbriz və Ərdəbildən olan 300 igid soydaşımız bizi qorumaq üçün bu üzə keçib həyatını təhlükəyə atıb döyüşməkdəydi. Türkdilli xalqlar içində ən yüksək hərbi döyüşkənliyə malik qüvvə də məhz elə onlardır. Güneylilər türk dünyasının samuraylarıdır.
 Bütün tanıdığım şairlərin içində Əlixan qədər səssiz, sirli yə gözlərdən uzaq yaşayan şəxs bəlkə də yoxdu. Lakin bu yalqızlıq nə özünün seçimı, nə məcburi bir şey, nə bizim şimal şairlərində olan “Babaxanlıdakı dağları mən yaratmışam” eqosu, nə də yalançı fədailiyə meyillilik deyil. Haraya gedərsə-getsin bu tənhalıq onu bürüyürdü. Нər cür gurultudan, hətta adıyla bağlı yanlış anlaşılmaların hamısından kənar durmağa çalışır. Hətta bu yazıya da “ehtiyac yox idi” fikri ilə yanaşacağını bilirəm. Üzünə vuran dəyərsiz maraq dalğaları sadəcə adında hədəfə dəyər, özünə çatmaz. Bu adam hər cür şöhrətdən qaçan adamdır. Dönüşü olmayan qərarlar vermək, planlı-proqramlı iş görmək, kitabını buraxmaq üçün vaxt ayırıb əldən-ayaqdan getmək hədsiz duyğulu və hər cür təzyiqə həssas ruhunu sıxırdı. Bizim onun kitabını çap etməyə hazırlaşdığımızi eşidib “lazım deyil, əsas odur ki mən sizi oxuyuram, mənə Alatoran və yeni nəşrlər gətirin bəsdir” deyirdi. Hamısı belədir- Əlixanlar minlərlə, on minlərlə tipik cənub şairlərindən biridir. Onunla Təbrizdə keçirilən saz musiqisi gecəsində, ya da Ərdəbildə muğam konsertində rastlaşa bilərsiniz. Sizin şimaldan olduğunuzu bilib sakit və dostca gülümsəyişi ilə qabağınıza gələr. İçinin işığının aydınlatdığı nəzərə çarpmayan üzündə, sizə çevrilmiş qonur gözlərində xoş niyyət duyarsınız, başqa heç nə.
 Onu dinləmək çox xoş olurdu. Ən adi mövzu belə Əlixanın danışığıyla canlılıq və əhəmiyyət qazanırdı. Gəzib görmüşdü, dünyanın ağlı-qaralı bütün üzündən xəbəri vardı. Amma xeyli adamın diqqətini sezən kimi dərhal sözünü kəsir, səssizliyinə gömülür, dinləməyə başlayardı. Hər hərəkətındə, hər davranışında səssizlik hakimdi. Güləndə belə səsinin tonu ölçülü olurdu. Səssizlik onun üçün bir ehtiyacdı. Minillik türk poeziyası ruhunda şeirlər yazır, sərbəst şeirlərində belə klassik ənənələrə söykənir, əxlaqdan kənara çıxmır, postmodern əllaməçiliyi dediyim kimi, qəbul etmirdi. İtalyan futuristlərinin “Rədd olsun ay işığı!” şüarını qeyzlə qarşılayırdı. Bayağı olan heç bir şeyə dözə bilməzdi. Davranışındakı ölçülülük qədər nizam və təmizlik onun üçün fiziki ehtiyacdı. Maddi imkanları məhdud olmasına rəğmən geyimində xüsusi həvəs, təmizlik və zövq nəzərə çarpardı. Gözəl əl qabiliyyəti vardı. Yaşadığı evi ancaq özü bildiyi xüsusi üslübla dizanlayır həmişə. Oturduğu otaq da incə və həssaslıqla düşünülmüş sadələyin usta əsəri idi və diqqət çəkməyən ona xas gümüş üzük kimi xırda, amma onu xoşbəxt edən təfərrüatlarla tamamlanırdı. Kolleksiyasından bizə mədəndən çıxarılmış təbii duz parçası verdi ki, aparın evdə servanta qoyarsız, əsəb ab-havasını aradan götürəcək, ailədə sakitlik yaradacaq. Ən şəxsi əşyalarında belə mükəməllik və ahəng olaraq gördüyü estetik anlayışını ortaya qoyurdu. Öz otağında sanki mozaika düzəltmişdi, divar rəsmlərindən tutmuş, boş içki butulkalarından düzəltdiyi balaca bara kimi hər bir əşyanı səliqəylə ayırdığı yerə üsulluca yerləşdirmişdi. Dostum Zaur Ağalaroğlu indi də onun evində divardan asılmış Dədə Qorqud dövrü üslübunda düzəldilmiş sazı, ox və yayı heyranlıqla xatırlayır. Əlixan hətta saman çöplərindən belə milli mozaika düzətməyə qadir insandı. Bəzi məşhur aşpazlarda deyilən “əl tamı” olduğu kimi, onun da təsərrüfat işlərində Tanrıdan bir əl qabiliyyəti vardı. O əsas göz oxşama anlayışını ən önəmsiz işlərdə belə tətbiq edirdi. Şeirlərinin qaralamalarını ən gözəl kağızlara düzgün və yuvarlaq hərflərlə, sanki cədvəl tuturmuş kimi səliqəylə yazar, adi telefon nömrəsi yazmaq üçün belə gözəl kağız çıxarar, sətirlərdən kənara çıxmayan düzgün xətlə yazardı. Zaura yazdığı ən təcili dərman zapiskalarında belə sözlərin üstündən xətt çəkməz, yazdığı bir cümlə, ya da ifadə yetərincə mükəmməl olmadıqda təzə kağıza yazardı. Bu tip adamlar mükəmməl hesab etmədiyi heç bir şeyi əlindən çıxarmaz.
 Orda din uzun illər insanlara bir saflıq, məsumluq verib desəm, məni qınamayın. Bizdə qaynata haqda heç vaxt deməzlər ki, “o mərd adamdır”. Əlixan dedi))) Lakin varlığının ən sirli cəhəti də onun bu adiliyi idi. Bəmbəyaz üzü, azca hüznlü, slavyanı xatırladan cizgiləriylə diqqətçəkici gözləri onun müsbət aurasını tamamlayır. Bu cavan oğlanın önündən keçib gedən minlərcə insan onun bir şair, hətta əsrimizin ən səlis, duyğulu şairlərindən biri olduğunu heç vaxt sezməz. Əlixanın özəlliyini ancaq onunla yoldaşlıq edənlər anlaya bilər, arxa planda qalma, dıqqət çəkməmək məsələsindəki hədsiz həssas xüsusiyyətində görə bilərlər. Yerişi, danışığı sözlərlə çatdırılmayacaq dərəcədə səssizdi. İnsanların olduğu məkana girişini heç kim hiss etməz. Səssizcə bir tərəfə çəkilib əyləşər, fikrini bir şeylə məşğul etdikdə özü də bilmədən qaşlarını yuxarı dartar, alnını qırışdırardı. Danışmağa başladıqda bizim şairlərdən fərqli olaraq hər cür saxta rəftar və vurğulardan çəkinər. Söz açdığı mövzulardan sadə və məhəbbətlə danışar.
 Sonda onu da əlavə edim ki, belə bir dostla tanış olmağıma çox şadam. Fəxr edirəm ki, belə bir soydaşım var. Vətənimizin gücü məhz bu cür xırda görünən, amma mənən böyük insanlardan formalaşmırmı? Qoy Ulu Yaradan özü belələrinə kömək olsun!

Комментариев нет:

Отправить комментарий