Страницы

04.04.2013

Mahirə Nərimanqızı. Məni alın ürəyimin əlindən...


İçi dolu qızıl qandır bu qəlbin,
Məni alın ürəyimin əlindən,
Çəkə bilmir canım dağ kimi dərdin,
Məni alın ürəyimin əlindən....

Ha yalvarıb-yaxarıram,eşitmir,
Dərdə dəva axtarıram,eşitmir,
Allahıma and verirəm,eşitmir–
Məni alın ürəyimin əlindən....

Dərd çəkməyə hər dəmi var qəlbimin,
Dünya boyda dərd-qəmi var qəlbimin,
Canım kimi həmdəmi var qəlbimin–
Məni alın ürəyimin əlindən....


Nə deyirəm,heç nə onu ovutmur,
Təsəllilər odun-közün soyutmur,
Vəfasızı bircə gün də unutmur –
Məni alın ürəyimin əlindən....

Bu qəlb məni elə günə saldı ki,
İllərimi məndən elə aldı ki,
Mahi,burda neçə günüm qaldı ki?–
Məni alın ürəyimin əlindən....
 
Yuyaq gecəni

Ataq başımızdan dumanı, çəni,
Bu gecə gəl düşək yağışa, dağlar,
Yusun bu şıdırğı yağış gecəni,
Yuyunub arına, saflaşa, dağlar.

Şikayət etməyək olub-keçəndən,
Bir daha gecələr dolmasın qəmdən,
Keçək bu tərtəmiz,qəmsiz gecəmdən,
Gözlər həsrət qalsın qan-yaşa, dağlar.

***
Gedə bir gün bu kədər, tapmaya döndükdə məni,
Ala gündüz çırağın, axtara bu kökdə məni.

Ola xoşbəxt ürəyim, qalmaya ondan bir əsər,
Aça güllər– bu kədər seçməyə güllükdə məni.

Uça quştək ürəyim, göydə buludlarla gəzəm,
Qədərim çəkməyə, artıq, bu ağır yükdə məni.

Aza yurdun-yuvasın, qoy buraxa qəm yaxamı,
Yaradan qoymaya bəxtim asa bir tükdə məni.

Mahi, xoşbəxt edəcək, istəsə Allah,bilirəm,
Bu imarət nə gərək, bir kiçik üskükdə məni.

Abdullayeva Mahirə Nəriman qızı Lənkəran rayonunda anadan olmuşdur. Yaradıcılığa məktəli yaşlarından başlamış,o dörün uşaq qəzet və jurnallarında şeirləri çap olunmuşdur. Azərbaycan poeziyasının həm heca, həm əruz, həm də sərbəst vənlərində şeirlər yazır. Məqalə və kiçik hekayələrin müəllifidir.2012-ci ildə “Ürəyimdən qaçıram mən” adlı kitabı işıq üzü görmüşdür. Yeni kitab üzərində çalışır.

Комментариев нет:

Отправить комментарий