Страницы

20.04.2013

Xatirə Xatun - BU EŞQİ

Bərəkalllah ilqarına, əhdinə,
Buza yazdın, günə qoydun bu eşqi.
Sən kiminin ilqarı nə, əhdi nə,
Yaman bərbad günə qoydun bu eşqi.

Könül sevər sevənlərin mərdini,
Xoş üzünü, bəd üzünü, sərtini.
Çəkəmmədin cəfasını, dərdini,
Axır yenə mənə qoydun bu eşqi.

And içmişdik bu sevgini qoruyaq,
Küllənməsin, soyumasın bu ocaq.
Hardan gəldi sevgimizə bu sazaq?
Qar-borana, çənə qoydun bu eşqi.


Nə təhərəm, bir yadına salmadın,
Nələr çəkdim, heç vecinə almadın.
Qorumadın, qayğısına qalmadın,
Getdin dönə-dönə, qoydun bu eşqi.

Elə vurdun, yarasından dağladın,
Sənə gələn yollarını bağladın.
Qəlbisınıq, gözü yaşlı saxladın,
Yalqız, tənha yenə qoydun bu eşqi.

Xatun deyər saçlarıma düşdü dən,
Təqsirkarı zamanmıdır, yoxsa sən?
Gözün aydın, bitdi daha, bu gündən,
Ağlın töhmətinə qoydun bu eşqi.

Комментариев нет:

Отправить комментарий