Страницы

20.05.2013

Əli Əmirov. Pıçıldaş mənimlə çiçək dilində!


Sən heç bilirsənmi mənim nəyimsən?
Köksümə sığınıb eşit, deyim: "Sən...
Sən mənim ətirli ağ çiçəyimsən!"
Qoxlayım, oxşayım, solma əlimdə,
Pıçıldaş mənimlə çiçək dilində!

Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!

Çiçəklər gör necə pıçıldaşırlar!
Əsirlər, coşurlar, qucaqlaşırlar,
Sevib bir-birinə nəğmə qoşurlar!
Nə böyük sevda var çiçək çölündə!
Pıçıldaş mənimlə çiçək dilində!


Ruhlar aləmindən toxun əlimə,
Bir az da yaxın gəl, yaxın əlimə!
Mələklər, həsədlə baxın əlimə!
Ayıra bilməzmiş bizi ölüm də!
Pıçıldaş mənimlə çiçək dilində!

Bilməzdim, doğrudan Cülyetta varmış!
Mənimçün özünü oda yaxarmış!
Keçibdir o anlar, uzaqda qalmış!
Gülümsə önümdə, çiçək telində!
Pıçıldaş mənimlə çiçək dilində!
Pıçıldaş, pıçıldaş... çiçək dilində!

Комментариев нет:

Отправить комментарий