Страницы

04.05.2013

Mastopatiya

Arzu Abdulla

Türkiyəli həkim Hamdi Koçerin Azərbaycan səhiyyəsi ilə bağlı verdiyi müsahibələr geniş əks - səda doğurdu. O, iddia edir ki, Azərbaycanda işlədiyi müddətdə azərbaycanlı həmkarlarının qeyri-peşəkar fəaliyyətlərinin şahidi olub. Hamdi Koçer azərbaycanlı həkimlərin onkoloji xəstəliklər sahəsində lazımsız əməliyyatlar həyata keçirdiyini, yüzlərlə qadına yalandan mastopatiya  diaqnozu qoyulduğunu, özü müayinə etdikdə isə heç bir problem görmədiyini deyib. 
Respublikanın baş onkoloqu Azad Kərimli isə qəzetimizə verdiyi açıqlamada türkiyəli həkimi yalançı adlandırıb.  O, Azərbaycanda onkologiyanın yüksək inkişafından danışıb. 
Hər iki onkoloq mübahisə etməyində olsun, sizlərə digər türkiyəli həkimdən - qadın uzmanı olan Hakan Tanrıverdidən danışacam. Qəzetimizə verdiyi müsahibədə o, azərbaycanlı həkimlərin tibb elmindəki “yeniliyindən” danışıb . Adətən, bizdə hamiləliyin ilk günlərində həkim müayinəsindən keçən analara “tonus” diaqnozu qoyulur. Tibb elmində olmayan “tonus” xəstəliyini müalicə etmək və aradan qaldırmaq üçün “həkimlərimiz” o ki var firma dərmanları yazır və hamilə xanıma bu dərmanları alacağı aptekin ünvanını da göstərir. Üstəlik, yazdığı reseptin altına qoyduğu qara kağız bu uzun-uzadı dərman siyahısını alt qatdakı kağıza da köçürür. Bu isə həkimin əlində dəlildir. Bu dəlillə, bu “həkimcik” satdığı dərmanın faizini alır. Ana və onun bətnindəki o dölün gələcəyi necə olacaq olsun. Bunu düşünməyə vicdan gərəkdir, bu isə hər adamda olmur. 
Sonda müsahibim onu da deyib ki, tonus deyilən bir termin yoxdur tibb elmində, bu, sadəcə azərbaycanlı həkimlərin firma dərmanı satmaq üçün uydurduqları “xəstəlikdir”.
Mastopatiya - süd vəzisində olan xoşxassəli törəmələrdir. Mastopatiya zamanı süd vəzisində ölçüsü noxud böyüklüyündən başlayaraq, qoz böyüklüyünə qədər kiçik düyünlər əmələ gəlir. Bu düyünlər vaxtaşırı yaranır, inkişaf edir, kiçilir və yox olur . 
O zaman bu savadsız və amansız “həkimləri” məmləkətimizin mastopatiyası hesab etmək olar. Amma nə yazıq ki, məmləkətimin mastopatiyası zaman-zaman böyüsə də, kiçilmir və yox olmur. Əksinə, daha da böyüyür. 
Ötən il qonşumuzun gəlininə Bakının məşhur xəstəxanalarından birində dəhşətli diaqnoz qoyulmuşdu. Xəstəxananın məşhur həkimi 20 yaşlı gəlinin qadınlıq orqanının tamamilə kəsilib götürüləcəyini demişdi. Zavallı qadın  bir-neçə günün içində saralıb-soldu. Nə yaxşı ki, vaxtında bu gəlinin harayına qardaşı çatdı. Onun analizlərini və rentgen şəkillərini özü ilə birgə Təbrizə apardı. Bu, bəlkə də, çox gülməlidir. Amma reallığımızdır və dəhşətlidir. Sən demə, ölkənin məşhur onkoloqlarından birinin xərçəng şişi dediyi o yumru döl imiş. Bəli, qonşumuzun gəlini hamilə idi. Bizim “onkoloq” isə onun qadınlıq orqanını tamamilə kəsməyə hazırlaşırdı. Hələ qiymət üstə dava etməsi, gənc bir xanıma qoyduğu diaqnozu ona çox saymazyana çatdırması başqa mövzudur. Buna həkim mədəniyyəti deyirlər. Biz o qədər bəxtəvər və problemsiz deyilik ki, həkimin savadıszlığını bir tərəfə qoyub, onun davranış etikasını müzakirə edək. Bilmirəm, kimdir müqəssir, kimdir haqlı? Bildiyim odur ki, qonşumuzun qarnından həkimlərin kəsib götürmək istədiyi o “xərçəng şişi” indi çox şirin, toppuş bir körpədir. 
Nədənsə bizim bəzi həkimlər hələ də dərk etmir ki, qadın üçün onun analıq orqanı beyni və ürəyi qədər vacibdir. Bunu isə mənə Təbrizdə bir terapevt dedi. O, mat qalmışdı. Deyirdi ki, Azərbaycandan bura gələn qadınların çoxunun uşaqlığı kəsilib götürülüb. Hətta 20-30 yaşlı qadınların artıq bu orqanı yoxdur. 
Bu çox dərin mövzudur. O qədər dərindir ki, girməyə qorxuram. Bilirəm, boğulacam.
Amma qadınlarımızdan bir xahişim var. Vaxtlarını düşük seriallara baxmağa sərf etməsinlər. Çünki vaxtdan qiymətli sərvət yoxdur dünyada. İndi internetdə sağlamlıqla bağlı hər şey var. Əlavə ana dilimizdə, rus, türk dillərində xeyli kitablar satılır. Sağlamlıqdan gözəl nemət yoxdur. Sağlam bədəndə sağlam ruh olar. Bir qadının sağlamlığı, sağlam ruhu təkcə bir ailənin deyil, bütünlükdə cəmiyyətin sağlam, rahat yaşamını təmin edir. 

teleqraf.com          yashilqafqaz@gmail.com

Комментариев нет:

Отправить комментарий