Страницы

08.05.2013

Qara eynəkli adamam

Arzu Hümbətova

Qara eynəkli adamam,
gözlərimdə min illərin
ağır dünya əzabı var.
Çox haqsızlıqlar görmüşəm,
bu gözlərin səndən başqa
yüz adama qəzəbi var.
Səni sevməm həyata bağlılığımdır,
gündüzlər səssiz dayanıb,
gecələr ağlamağımdır.
Daim axtarır gözlərim,
özümə vəfa, sədaqət,
sonsuz bir sevgi gəzirəm.
Bəlkə də bu axtarışla

məni sevən min insanın
sevən qəlbini əzirəm.
Məndən nə böyük məhəbbət,
nə də sonsuz eşq gözləmə.
Arxamca kölgə tək düşüb
getdiyim yolu izləmə.

Qara eynəkli adamam,
yox, yox, çıxarma eynəyi.
Dözülməz ayrılıqların
ölüm olur tək gərəyi.
Gözlərimdə məna yoxdur,
sevgim kimi o məna da artıq ölüb.
Sözlərimdə məna çoxdur,
yaşına görə gözlərim
bu dünyada çox şey görüb.
Az vaxt sərf et mənə, mələk,
dəyməz bunca əziyyətə,
qorxuram ki, gəlim sonda sənə kələk.
Bir az biganə qal mənə,
sözlərimə laqeyid ol,
dözə bilməz mənə ürək.

Комментариев нет:

Отправить комментарий