Страницы

01.06.2013

Ədalət Əsgəroğlu - Könlüm, deyirsən yalqızam


Şahə qalxar ağ yalanlar
Nəfəs dərməz, dil-dil ötər.
Yeddi aləm pozuq düşər,
Nəfis gələr insaf itər.

Dibsiz quyular dolursa,
Zülm dərya, dağ olursa
Dərddən də dərd doğulursa
Bu həngamə necə bitər?

Əsgəroğlum çox halsızam,
Amanım yox qərarsızam.
Könlüm, deyirsən yalqızam
Dost istərsən Allah yetər.


***
Deyilənlər gerçəkdimi
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək saysın…

Alqışam söz qarasında
Haqq qaşla göz arasında
Düz düzdümü sırasında
Sonrasını fələk saysın.

Əsgəroğlum halım duysun
Boy verin boylanıb dursun
Qanadlanan eşqim olsun
O da özün mələk saysın.

Комментариев нет:

Отправить комментарий