Страницы

02.06.2013

Hamı tənqid istəyir

Zahir Əmənov

Ermənilərdən soruşurlar ki, xalqlar dostluğu nədir? Onlar da cavabında bildirir: - Xalqlar dostluğu o deməkdir ki, dünyanın bütün xalqları yığışıb, gedir türkləri döyməyə.

Əksər oxucular tənqid istəyir. Bəziləri, konkret olaraq nəyin tənqid olunmasını özləri üçün aydınlaşdıra bilməsələr də, keçmişdə “davalı kinolar” axtaran uşaqlar kimi, sanki macəra həsrətindədirlər. Kimi ərklə tələb edir, kim xahiş edir - tənqid yaz, tənqid, döşə bunlardan. Bu saxtakarlıqlar, yalanlar bizi bezdirdi, həyatımızı çürütdü və sair.
Bəs kimi, nəyə görə tənqid edək? Bax, bu sualla diktofonu həmin haray çəkənlərə uzadan kimi nitqləri batır. Məcbur olub izah etməli oluruq ki, artıq əksər nöqsanlar nəinki adiləşib, az qala “rəsmiləşib”. Tutaq ki, bir nəfəri işə götürüblər və ondan 200 manat alıblar. Bu xəbərlə kimi təəccübləndirmək olur.
Səhiyyədə, təhsildə, polisdə və sair yerlərdə hansı işçiyə, hansı şöbəyə hansı “tas”ı müəyyənləşdiriblər? Bu, sizin üçün təzə xəbərdirmi? Əksinə. Xəbər yayılsa ki, filankəsi vəzifəyə verdilər, amma pul almadılar, bax, bu olar maraqlı xəbər. Məşhurlar demişkən, itin adam tutması təəccüblü deyil, təəccüblü odur ki, adam iti qapa.
Həm də nəzərə alaq ki, əksəriyyət danışmaq istəmir - iqtidarlı, müxalifətli. İcra başçılarının 1 illiyi ilə bağlı 2 dəfə anons verdik ki, kimin təklifi, tənqidi qeydi var, yazsın, çap edək. Daşdan səs çıxdı, çoxlarından, hətta bəzi müxalifət funksionerlərindən belə səs çıxmadı.
İndi haray salsaq ki, istirahət yerinə göndəriş var, kim əsl yazardır, ziyalıdır, ağsaqqaldır, irəli gəlsin. Yüzlərlə insan deyər, mən. Desək ki, işlədiyin kollektivdə, rayonda haqsızlığa etiraz olaraq müraciət hazırlamışıq, kim imza atar, heç 5-10 nəfər də tapmazsan.
Bu gün çıraqla axtarsaq da, rayonda layiqli söz deyə bilən, kənd təsərrüfatına, tikintiyə, sosial və digər sahələrə aid layiqli, amma mətbuata danışa bilən ekspert yoxdur. Tək-tük danışa bilənlər də bir küncə çəkilib, hərdənbir “mız” qoymağa daha çox üstünlük verirlər.
Hamıya bəlli olan daşlaşmış nöqsanlar var - hər yerdə rüşvət, saxtakarlıq, səriştəsiz insanların vəzifəyə gətirilməsi, hər yerdə alıb-aldatma, yaltaqlıq, riyakarlıq...və cəzasızlıq.
Nəinki hər hansı rayon, hətta hər hansı kənd bu nöqsanlardan xali deyil. Bəs nədən yazmalı? Kim isə razılaşdırılmış nöqsanlar çərçivəsindən kənara çıxırsa, yaxud həmin rüşvəti daha kobud, razılaşdırılmış qaydalardan kənar formada alırsa, onda yazmağa nə isə detallar olur.
Bütün hallarda isə insanlar icra başçılarının tənqid olunmasını daha çox istəyir. Bu məqamda yadıma bir erməni lətifəsi düşür. Belə ki, ermənilərdən soruşurlar: “ Xalqlar dostluğu nədir?” Onlar da cavabında bildirir: “ Xalqlar dostluğu o deməkdir ki, dünyanın bütün xalqları yığışıb, gedir türkləri döyməyə”.
İndiki məqama bu rakursdan yanaşsaq, hamı gedir icra başçısını “döyməyə”. Belə düşünənləri qınamalı da deyil. Çünki əksər icra başçıları rəhbərlik etdiyi rayonun həm prezidentidir, həm nazirlər kabineti, həm ali məhkəməsi, həm bələdiyyəsi, həm sahibkarı, həm xeyriyyə fondu...
Amma orası da sirr deyil ki, icra başçılarının da səlahiyyəti müəyyən çərçivələrdən kənara çıxa bilmir (Qanuni yox, qeyri-rəsmi qanunlara görə).
Bu gün tariximizdən, mədəniyyətimizdən, unudulmuş dəyərli şəxsiyyətlərimizdən... kifayət qədər tutarlı yazılar çap edirik. Lakin bu, həmin tənqid istəyənlərin gözündə deyil. Hamının fikrində bir tələb var “Leyli adın söylə, yoxsa xamuş” (Açması: Məcnunun atası oğlunu bu sevdadan qaytarmaq üçün çox dillər tökür. Məcnun isə cavabında ancaq bir kəlmə deyir-Leyli adını söylə, yoxsa lal ol).
Əslinə qalanda bizim üçün də çox çətindir. Hamı susur, ən yaxşı halda pıçıltı ilə danışır, amma bizdən qəhrəmanlıq tələb edir. Amma belələri biz tənqidi yazılarımıza görə məhkəmələrə düşəndə, gəlib həmin zalda yarım saat oturmağa belə özlərində cəsarət tapmırlar. Belə vəziyyətlə isə uzağa getmək olmaz. Siz futbolu nə qədər sevsəniz də, meydanda oynamağa futbolçu olmasa, siz bu istəyinizin canlı təzahürünü görə bilməzsiniz.
İş o yerə çatıb ki, müxalifət də bəzən ümidi bizdən gözləyir. Astaradan Biləsuvaradək əhatə etdiyimiz 7 rayondan bir-iki nəfərdən başqa normal bir siyasətçi, iqtisadçı, tarixçi tapa bilərsinizmi, günün reallıqları barədə araşdırıcı bir yazı yazsın. İqtidar müxalifətin, müxalifət iqtidarın “kitabını” oxumur. Bu azmış kimi cəbhəçilər müsavatçıların, onlar da cəbhəçilərin qəzetini normal izləmir. Hələ də evində kompüter, internet imkanı olduğu halda bu sahəyə ilan-qurbağa kimi baxan müxalifətçilər var.
Məhz bunun nəticəsidir ki, Azərbaycanın bölgələrində müstəqil qəzetlər barmaqla sayılacaq qədər azdır.
Hamının əlində bəhanəsi var - bir balaca vəzifəm var, itirərəm, bir balaca çörək yerim var, əlimdən alarlar, övladlarım var və s. Bəs biz qəzetçilərə bir tikə çörək lazım deyil, bizim balalarımız yoxdur? Bəlkə, nurdan yaranmışıq və nurdan qidalanırıq?
Adi bir misal çəkim. Minlərlə müəllimdən abunə pulu yığırlar. Razılaşaq, normaldır. Həmin pulun bir qismini çırpışdırır, bir qisminə də onlara
görüm-baxım edən qəzetlərin redaktorlarının arzusunu reallaşdırırlar. (Yəni müəllimi “Azərbaycan müəlliminə”, dövlət qulluqçusunu dövlət qəzetinə abunə yazmağa normal şərait yaratmırlar). Heç olmasa, adını ziyalı qoyan bu müəllim bir kəlmə soruşmur ki, məndən aldığın 20-30 manata məni hansı qəzetə abunə etdin? Yay aylarında mənim qəzetimi kim gətirəcək? Bu abunə dilənçiliyinə sən, mən etiraz etməyincə, hər rayonda 1-ci şəxsdən tutmuş bu işdə rolu olan sonuncu şəxsə kimi hamı utanıb-qızarmadan qidalanacaqsa, hansı haqla bizdən cəsarət umursunuz?!
Ötən sayımızda Nizam Bağırovun çalışdığı kollektivdə Səməd Abıyevə etiraz məktubu çap olunmuşdu. Təkcə bizim saytda bu yazını 2400-ə yaxın şəxs oxumuşdu. Demək bəyəniblər. Lakin bircə nəfərin belə şərhi yox idi. Lallar məmləkətində yaşayırıq? Bəlkə, başqa təşkilatlarda toy-bayramdır? Niyə susursan? Ay belə “qəhrəman xalqıq”, “Koroğlular nəsliyik”, “mənə filankəsin oğlu deyərlər”, “Allahdan başqa bir kimsədən qorxum yoxdur”- deyənlər, buyurun “sahilə” gəlin. Nə vaxt ki, bir dükanınızı alırlar, bir az “çörəyinizi” kəsirlər, onda qəhrəman olursunuz. İsmayıl Şıxlı demişkən, mənə aslanım deyənlər sizə pişiyim desə, yəni mənə təklif olunanlar sizə təklif olunsa, bəlkə də qanad açıb uçardınız.
Bəs nə vaxt dillənib, haqqınızı tələb edəcəksiniz? JAM.AZ saytı yazır ki, “Xan Lənkəranda” hətta ayaqyolunda da “nisyə dəftəri” var, insanlar təbii ehtiyaclarının ödənməsi haqqını pensiya pullarını alanda ödəyirlər.
Dəfələrlə yazdığımız və indi də təkrar etməyə məcbur olduğumuz bir el məsələni unutmayın -“Haqqını it yeyər məğmun millətin”.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий