Страницы

10.06.2013

Küçə musiqiçiləri

Tural Balabəyli

Küçə musiqisi hər dövrdə olub. Avropa ölkələrində küçə musiqisi bir janr olaraq daha geniş yayılıb. Orada küçə musiqiçilərinin sayı həddən artıq çoxdur. Çoxu da bu peşə ilə pul qazanır. Özü də onlara nəinki heç kim dəyib-dolaşmır, hətta əksinə, bu adamlara şəhər bələdiyyələri tərəfindən ayrıca yerlər də verilir, lazım olanda dəstək də.
Bəs bizim ölkədə vəziyyət necədir? Bizimkilər də bu işə qazanc mənbəyi kimi baxırmı? Onları incidən varmı? Bu suallara cavab almaq üçün küçə musiqiçilərinin məskəni olan “Torqovı” (Nizami) küçəsinə üz tutub bir neçə küçə musiqiçisi ilə həmsöhbət olduq.

İlk müsahibimiz - 17 yaşlı Nərmin deyir ki, musiqi savadı yoxdur, amma eşitdiyi bütün mahnıları özünəməxsus şəkildə ifa etməyə çalışır. Nərmin bu işdən pul qazanmağı heç ağlının ucundan da keçirmir. Deyir ki, buna yalnız xobbi kimi baxır. Nərmin hələ indiyə qədər heç bir təzyiqlə üzləşməyib. “Ətrafdan laqeyd-laqeyd ötüb keçən insanlardan da, dayanıb ifama qulaq asanlardan da, polislərdən də razıyam. Mənə dəyib-toxunan yoxdur” - deyib gülümsünür.
“Ceka” ləqəbi ilə tanınan Cavid isə tamam başqa fikirdədir. O, ölkəmizdə küçə musiqisini inkişafına mane olanlardan şikayətləndi: “Mənim 15 yaşım var. Musiqiçiyəm. Gitara ifaçısı olduğum üçün dırnaqlarım uzundur. Amma polislər, post-patrul xidmətinin əməkdaşları mənim cinsi azlıqlardan olduğumu deyərək hər addımbaşı təhqir edirlər. Amma mən normal insanam. Polislər bizə qarşı çox kobuddur.
Onlar iki dəfə bahalı akustik gitaramı alıb sındırıblar, məni maşına basaraq şöbəyə aparmaq istəyiblər. Yarı yolda məndən 10 manat alaraq “sən öz adamımızsan, kef elə, amma kişinin uzun saçı, uzun dırnağı olmaz” deyərək maşında da ələ salıblar. Həm pulumu alırlar, həm də məni təhqir edirlər. Etiraz edəndə də yalnız bir söz deyirlər: “Küçük, get böyüyün gəlsin”. Polislərin əlindən təkcə mən cana gəlməmişəm. Dostum Orxan da boğaza yığılıb. Vaxtınız varsa, ona da zəng edim, gəlsin, onu da danışdırın”.
Zəngdən 15 dəqiqə keçmişdi ki, Cavidin dostu Orxan “McDonalds”a gəldi. Orxanın hələ 17 yaşı olsa da İsveçdə təşkil olunmuş festivalda 24 ölkənin küçə musiqiçiləri arasında ikinci olub.
Orxan deyir ki, Bakıda küçə musiqisini çoxu sevmir: “Amma küçə musiqiçiləri çoxlarının heç bilmədikləri o qədər yetənəyə, qabiliyyətə sahibdirlər ki... Amma çoxlarının gözü kordur. Kor olmaları təpələrinə dəysin. Bizi təhqir etmələri adama ağır gəlir. Bizə gah mavi deyirlər, gah da tərbiyəsiz. Polis də bir yandan. O da bizə əxlaq dərsi keçməyə çalışır. Bizi açıq-aşkar soyurlar. Elə bilirlər biz küçədə musiqi ifa edib pul qazanırıq. Belə deyil. Biz sadəcə özümüzü ifadə edirik. Bir də düşünürük ki, ifamız bəlkə kiminsə zövqünü oxşadı, könlünü açdı. Bunu da bizə çox görürlər...”

virtualaz.org

Комментариев нет:

Отправить комментарий