Страницы

26.06.2013

Ziba Xəlil - Yetməz mənə

Pəncərələr önündə

Ömrüm pəncərələr önündə keçdi.
Dünyanı  gördüm ordan
Beynimdəki  xəyallardan,
Payızdan,  bahardan , qardan
Tablo oldu pəncərəmdə.
Yağışla, leysanla ağladım.
İlk  baharda çırtladı
Arzularım.
Pəncərəmdən seyr etdim insanları
Pəncərəmdən sevdim
Dünyanı, həyatı, yaşamağı.
Könül  pəncərəmdən.
İçimdə bir ümid,
Bir şübhə daşımağı...

Və uzaqdan, yasaqdan
İlğım kimi
Bir yelkən göründü hər zaman
Gəlib  yetməyən gəmi.
O arzular gəmisi ,
O ümidlər gəmisi.
O xəyallar gəmisi.
Yükü bitməyən gəmi,
Gəlib çatmayan gəmi.
Boşaldar bir gün yükün
Bitəndə umu-küsü.
Əmr verəndə qədər.
Ya qaranlıq bir gecə.
Ya bir günəşli  səhər.
Bəklə də o yük hədər...

Pəncərələr önündə keçdi ömrüm.
Hələ də pəncərə önündə.
İndi də...
Bu monitira dikili gözlərim.
Klavitaurada barmaqlarım.
Dünya burdan başlar indi
Burda bitər.
İnsanlar  tanıyıram burdan,
Xarakterlər, xislətlər.
Həzin, kövrək  ürəklər.
Pəncərə dostlarıyıq biz
Ağılsız, bivec  başlar.
İşarələr, gülüşlər,
İndi  virtualda partlar.
Göz  yaşları
Virtualda  axar.
Beyin yenə düşünməkdə.
Göz  yenə baxa-baxa...
Pəncərələrdə keçdi ömür.
Pəncərələrdə.
Xana-xana..
Birər-birər.
Dünya ...
Qosqoca dünya
Pəncərəmdən başlar,
Pəncərəmdə bitər.
Heç bilimirəm ki...
Nərəyə qədər
Bu ömür
Nərəyə qədər...

Məni belə xatırla

Məni  belə xatırla.
Dənizin sahilində.
Əynimdə qara paltar.
Əllərimdə incilər.
Ruhuma heç çökməmiş
Sənsiz, sevgisiz  illər...

Məni  belə xatırla.
İçimdə sonsuz acı.
Gözlərimdə suallar.
O məsum, küçük qızı.
Bir zamanlar nədənsə
Diqqətini çəkməyən.
Kövrək , zərif  ulduzu.

Məni  belə xatırla.
Duyğuları qarışıq.
İçində, içində...
Kimsənin görmədiyi.
Kimsənin duymadığı
Kainata yetəcək
Sönməyən  parlaq işıq.

Məni  belə xatırla.
Bir sahilin qumunda.
Üstündə əlvan çətir
Dəniz, qırçın, ləpələr.
Gəlib sakit, gizlicə
Ayağımı  öpələr...

Məni  belə xatırla.
Xatırlamaq istəsən.
Qocalıq yetəndə də.
Başımızda hüzünlü
Ağ saçlar bitəndə də.

Məni belə xatırla.
Bir isti  yay günündə.
Günəşin  şəfəqində.
Qar dənəciklərində.
 Yağışın damcısında.
Bir payız səhəriində
Ruzgarın nəfəsində.
Küləkli , tozlu, ögey.
Bu Bakı şəhərində...

Getmə

Yuxum  göy üzündə, içimdə əzab.
Mən bir də nə zaman gülərəm, eşqim?!
Bu sevgini  necə yazmışdı  yazan?
Gəlib qollarında ölərəm , eşqim!

Nə zaman , nə məkan vecimə gəlmir.
Qəlbimdə tək sənsən, beynimdə  tək sən.
Mən nələr  çəkirəm, bir  kimsə bilmir.
Sən də əzabını  göndər-çəkərəm!

Demə heç  kiminəm, özümün belə.
Səni  sevirəmsə, o mənim canım.
Ruhunu ruhumda hiss  edirəmsə.
O canı, o ruhu qorumaq borcun.

Elə uzaqsan ki, çata bilmirəm.
Min il yürüsəm də bu yollar bitmir.
Elə içimdəsən, ata bilmirəm.
Getmir,  bu sevdanın acısı getmir.

Əlacı zamandı, son həddi - ölüm.
Sağalmaq istəyən varmı bu dərddən?!
Getməsi, bitməsi, qalması  zülüm.
Qurtulmaq mümkünmü acı həsrətdən?!

Bağla qapılarını qoca Dünyanın.
Getmə, Yer üzündən heç  yerə getmə!
Harada  olsan da  Sən mənim canım.
Məni  sənsiz  qoyub,  tarimar etmə!!!

***
Elə darıxıram ki,
Çıxıb ulayacağam.
Deyəsən  tənha, küskün
Bu şəhər olacağam.
Yenə düşüb yollara
Fənərləri  sayacam.
Bəlkə ulduz sayacam
Bu şəhərdən  Ayacan
Salam verə bilərsəm
Bəlkə yoldan keçənə.
Heç nə edə bilmirəm
Boğzımda qəhərə.
Sanki  heç gecə deyil
Kabus çöküb şəhərə.
Dünya gəlir üstümə
Yer, Ay, bulud, asiman.
Bəs indi hara gedim.
Mən nə edim, ay aman?!

Arzular, xəyallar, ümidlər .
Bir sevgidə yüklənibmiş,
Bu nə işdi,
Ömür keçdi.
Səssiz, Sənsiz,
Nəşəsiz, kədərdə...
Sənsiz, dözmədim,
Dözə bilmədim dərdə,
Sənsizlik  dərdinə.
Apardın
Apardın özünlə şən nəğmələri.
Acı  verən nəğmələr
Doldurdu yerini.
Səni, səni unutamq olsaydı əlimdə,
Bəs sevgini.
Bəs sevgini necə .
Damarımdan axan.
Yuxumu qaçıran,
Həyata bağım,
Duyğularım...
Onları necə silim yaşamdan?!
Ölümmü?
Onsuz ölü kimiyəm.
Sənsiz.
Səssiz bir dünyada,
Yeyirəm,  içirəm.
Sən gəlmədin.
Əzrayılı  gözləyirəm...

***
Sənsizləmişəm...
 Bəlkə də belə yaxşıdı.
 Səni unutmaq üçün.
 Nə dünəndən bir imdad.
 Nə bir ümid sabaha.
 Buraxdım səni tozlu küləylərə.
 Xəıyalını-neftlə bulanıq Xəzərə.
 Bu bir necə sətri vərəqə
 Güclə dəlmişəm.
 İnan yazılmırsan daha.
 Sənsizləmişəm...

***
Öyrəşmək sevməkdən daha ağırmış.
Səni  sevib əzab çəkməmişdim,
Öyrəşincə başladı əzablı anlarım, günlərim.
Gəl də indi səniz sənlə yaşa.
Səndən uzaq.
Sən adlı bir xəyalla baş-başa..

***
Sözlərimi  həbs etmişəm.
Fikirlərim zəncirlərdə.
Xəyalımda bu yaz günü
Çox uzaqlara getmişəm.
Sözlər dözməz əsirlikdə.
Çıxsalar tufan qopcaq.
Qopsalar  vulkan fışqırar.
Hayqırtım lavalar kimi
Kimləri  yaxıb qasırar.
Düşüncəmin öz içmdə
Üsyan etdiyi yerdəyəm.
Nə haldısa anlamıram.
Qəlbim sözlər məzarlığı.
Lal bağırtı boğazımda.
Sözün  bitdiyi  yerdəyəm...

Gecənin bu

Gecənin bu
Hərkəsin  yuxuda,
Dərdlərin –
Oyaq vaxtı...

Rüzgarın gümrah,
Xəzəlin şaqraq
Ocağın soyuq
Əfkarın sıcaq vaxtı...

Sözlərin yorğun,
Gözlərin dolğun
 Hisslərin oğrun                                                              
Şəhvətin  maraq  vaxtı..

Qurular divanın
Məhkəmə zamanı
Müttəhim özün.
İttihamçı özün
Şahidlər, qınaq vaxtı...

Düşüncə qatarı,
Haqq-hesab vaqonu.
Bəyazın qapanmış,
Siyahın çıraq vaxtı.

İfritələr ocaq başında,
Qocalar cavan yaşında.
Ağılın süstləşmiş , donuq,
Ürəyin  sınaq vaxtı...

Yetməz məncə

Getdiyin  şəhərdə hava necədi?
Yağış yağırmı ora?
Külək əsirmi?
Payız gəlibmi qəfil?
Üşüyürsənmi?
Bulud alıbmı göy üzünü Bakı səması kimi?
Nə hiss edirsən bu an bilmək istəyirəm.
Əllərin titrəyirmi küçəyə çıxanda?
Ya mənsiz ürəyin?
Yadına düşürəmmi?
Ya özgə şəhər çıxara bilmiş qəlbindən məni?!
Xəzri  uçururmu yarpaqları-xəyalın kimi?
Yox  Xəzri  yox ki , oralarda...
İsmi  başqa rüzgarın da.
İnternetdən xəbər tutdum bu gün .
O şəhərdə havalar necə.
Çox məlumat aldım ordan.
Səndən xəbər  yox  təkcə.
Buludlu, yağmursızmış hava.
+11 dərəcə.
Ürəyim  sakitləşdi  azacıq.
Unutdurmağa  yetməz məncə...

Комментариев нет:

Отправить комментарий