Страницы

03.07.2013

AX, ZAVALLI ŞAİR, SƏN DƏ SINDIN...

Rəfael Həbiboğlu

Şair, yenə də tökdülər
şeirlərini qabağına,
baxmadılar qarasına, ağına.
Dedilər:-Bu nədir?
Sən yazdıqların hamısı əfsanədir.
Elə hey dərddən, vərəmdən yazırsan,
kəndindən- kəsəyindən,
dağından- dərəndən yazırsan,
bədbəxt Məcnundan,
yanan Kərəmdən yazırsan,
qəmdən-kədərdən yazırsan,
qəza-qədərdən yazırsan,
gəldi-gedərdən yazırsan,
fanıdən, hədərdən yazırsan.
Bəsdir! Yetər!

Bundan sonra mövzunu
sənə biz verəcəyik.
Necə yazmağın yolunu
Biz göstərəcəyik.
Güldən- çiçəkdən,
Üzü göyçəkdən,
Şeyda bülbüldən,
Sarı sünbüldən yazacaqsan.
Bax ha...
qurddan-quşdan,
dağdan-daşdan,
torpaq uğrunda gedən savaşdan
yazma,
Nəbadə yazasan
ağıllı başlardan,
vəfalı dostlardan,
müdrik qardaşlardan.
Mənfur keçmişdən,
Keçid dövrü olan indidən yazma,
“Əcnəbilər istismar edir”-demə,
“Var-dövlətimiz əldən gedir”-demə,
“Bu kasıblıq, yoxsulluq,
dilənçilik nədir?”-demə,
De:-“Biz yaxşı yaşayırıq”,
“De:-“Yeni həyata başlayırıq”.
“Məmləkətin qızıl-gümüşü
hanı?”- deyib sorma,
Boynunu məlul-məlul burma,
Qəddini dik tut,
qamətini şax saxla,
az sarsaqla.
Sən elə qıraqdan seyr elə bizi,
Doyacaqsan süfrəmizə
uzaqdan-uzağa baxmaqla,
az axmaqla.
Qoru bizim şərəfimizi,
Saxla bizim tərəfimizi,
Elə bizim tərifimizi.
Qələmini götürüb biz tərəfə keçsən,,
Bizləri tərifə keçsən,
Görəcəksən yaxşı yaşamaq necə olur,
Görəcəksən ciblərin hər gün dolur.
Sənə də çatacaq
süfrəmizdən qalan artıq-urtuq,
bir az üzlü ol, bir az da sırtıq.
Bizdən yaz, bizdən,
Qazımızdan, neftimizdən,
Qırxmərtəbə evimizdən,
Ala buludda cövlan vuran kefimizdən,
100 il sonraya qədər sürəcək
şahlıq, sultanlıq hədəfimizdən...
Belə-belə şeylərdən yaz, deyim, hə.
Mən deyənləri eləsən,
qabağa gedəcəksən,
nə istəsən, edəcəksən.
Yaxşı günlərin başlayacaq,
Səni hamı xoşlayacaq,
Xaşal qarnın hər gün
xaşlayacaq, bozbaşlayacaq.
Düzdür, vicdanın bir müddət
ağrıyacaq,
vərdiş edənəcən çətin olacaq,
Əski əqidə yoldaşların
kölgəni qılınclayacaq, səni qınayacaqlar.
Darıxma, zamanı gələndə
onlar da bizi
yaxşı-yaxşı tanıyacaqlar,
özləri də bir-bir sınacaqlar.
Amma sən onları bir az qabaqla,
Onların çörəyə gedən yollarını bağla,
Yalandan sızla, ağla,
qoy onlar inansın sənə.
əskiyin çıxmaz ki,
yalan uydursana, gop eləsənə.
Əvəzində
ciblərin oynayacaq qızılla, pulla,
Boş inaddan əl çək,
qüruru, vüqarı tulla,
İlhamını çulla,
başla bizdən yazmağa.
Başla müxalifətin
ayağının altını qazmağa.
Indiyəcən yazdıqlarını başla pozmağa.
Görəcəksən-
Dönüş yaranacaq həyatında,
Görəcəksən oturmusan şöhrət atında.
əhvalın düzələcək,
özünü hiss edəcəksən
göyün yeddinci qatında.
Indi özün bil.
Sənin bu çağacan yazdıqların
heç kəsə, heç kimə gərək deyil...
...Belə, şair, belə...
Tökdülər şeirlərini qabağına,
Baxmadılar qarasına, ağına,
Baxmadılar ürəyinin yağına,
Baxmadılar köksünün
çalın-çarpaz dağına,
Gözünün yaşına baxmadılar,
yaşına-başına baxmadılar,
Sındırdılar səni, zavallı şair...
Sən də belə yenildin
bir tikə zəhərə.
Hərə bir cür satılır,
Sən də belə...
Bundan sonra gərək yox
indiyə qədərki sözlərinə,
Bağışla onların hamısını-
onları sənə gətirən
üzü nurlu mələklərin özlərinə...

Комментариев нет:

Отправить комментарий