Страницы

14.07.2013

Yeni insan gəlir… əsəblə, qanla…

Rövşən Novruzoğlu

Azərbaycan MEA-nın Prezidenti Akademik Akif Əlizadə cənablarına açıq məktub

Hörmətli Akif müəllim!
O həqiqət ki, dərk olunmur,.. o dərdə çevrilir. Buna təbii baxıram. O həqiqət ki, dərk olunmur, o dərd olaraq qalır. Görən neçə həqiqəti biz dərd eləmişik? Hələ də anlamıram. Araşdırma materiallarından yadımda-yaddaşımda ilişib, qalan bir məsələ məni həmişə düşündürüb. Məsələ Rusiya Federasiyası ilə bağlı olduğundan, onu asanlıqla Azərbaycana, eləcə də, keçmiş ittifaqdan qopub, ayrılan digər respublikalara da şamil etmək mümkündür. Çünki keçmiş ittifaqdan ayrılıb müstəqillik qazanan respublikalar bu gün eyni problemi yaşayır. Məsələn RF-nın Milli Elmlər Akademiyasında gedən islahatlar maraqlıdır.

Məlumata görə Rusiya Federasiyasının MEA-nın keçmiş, yaxın günlərdə vəfat edən (daha dəqiq Akademik Marçuk Azərbaycan MEA-nın Prezidenti Mahmud Kərimovla eyni gündə vəfat edib) Prezidenti Marçuk ölüm ayağında ölkəsinin başçısı, Prezident V.V.Putin cənabları üçün məktub qoyub və dönə-dönə tapşırıb ki, mən ölən günü məktubu ölkə başçısına çatdırın… Başqa bir məlumatda bildirilir ki, akademikin həkimi professor Vasilyev “Vəsiyyətnamə”ni yerinə çatdırır, Prezident Putinə şəxsən təqdim edir.
Rusiya Federasiyasının Prezidenti məktubu elə bir vaxt alır ki, həmin gün Rusiyanın elm adamları özlərinin yeni prezidentlərini seçirdilər… Məlumata görə V.V.Putin kürsüyə qalxarkən, vəfat etmiş Akademiyanın mərhum prezidenti Marçukun möhürlü məktubunu başı üstünə qaldırır. “…Vəsiyyətə uyğun olaraq, mən çox hörmət etdiyim, ehtiram bəslədiyim Akademik Marçukun ölüm qabağı mənə ünvanladığı məktubu açıram və qarşınızda onu oxuyuram…” Prezident Akademikin məktubunu açır və asta-asta oradakı cümlələri oxuyur: “…Rusiya Federasiyasının Prezidenti V.V.Putin cənablarına.
Cənab Prezident! Vladimir Vladimiroviç, Siz Böyük Rusiyanın hakimiyyətinə elm ölən vaxt gəldiniz… İtirilmiş şöhrəti, şərəf və ləyaqətimizi (elm nəzərdə tutulur – R.N.) reanimasiyadan çıxarın… Ölməkdə olan elmi, ölməkdə olan Rusiyanı… xilas edin… Şərəfli və müqəddəs Rus elmini, zəngin milli dəyərlərimizi yeni doğulanlardan xilas etmək üçün… onlar üçün öz qanunlarını yazın. Çünki Rusiyaya yeni insan gəlir… O isə köhnə qanunlarla yaşamaq istəməyəcək… Yeni qanunlar yazılanadək, onlar qarşılarına çıxan nə varsa, vurub… məhv edəcək…”
Hörmətli Akademik!
Fikrimcə bu məktubu Azərbaycan elminə, ölkənin ictimai-siyasi mühitinə də şamil etmək mümkündür. Şübhəsiz, Azərbaycan MEA-nın mərhum prezidenti Mahmud Kərimov cənablarından nə Akademiya ictimaiyyətinə, nə də ölkə başçısına elə bir məktub qalmayıb.
Araşdırma materiallarına görə yaşadığımız Azərbaycan mühitində də eyni abu-hava var. Fikrimcə Azərbaycan elminin inkişafı üçün Dövlət Başçısı tərəfindən xeyli addımlar atılıb. Lakin dünya praktikasına nəzər salsaq, bütün bunların nüvəsi Yeni Qanunlardır.
Məlumata görə köhnə qanunlar çərçivəsində ilişib, qalan… dünyanın yüz minlərlə elm adamı artıq könüllü olaraq sıradan çıxıb, müxtəlif biznes sahələrinə qoşulublar. Kimisi də yeni qanunları olmayan və yaxud bərkiməyən həyata uyuşa bilmədiyindən, sakit bir küncə çəkilib, qalırlar. Məsələn ABŞ-ın strateji araşdırma mərkəzlərindən on üç min altı yüz elm adamı istefa verərək, elmi tərk edib. Almaniyada bu rəqəm on bir milyonu keçib. Rusiyada bu rəqəm on altı min nəfəri keçib. Çünki hamı elmə, eləcə də həyatın başqa sahələrində işləmək üçün doğulan, böyüyən və sürətlə gələn yeni insanla üz-üzə dayanmaqda aciz qalıb.
Azərbaycana yeni insan gəlir. Getdikcə çoxalıb, artan yeni insan cəmiyyəti… köhnədən qalma heç bir qanunu qəbul etmək istəmir. Araşdırma materiallarına görə onların öz qanunları var. O qanunlar ki, bu günkü və sabahkı taleyimizi və yolumuzu müəyyən edəcək. Yeni Azərbaycan insanı bu vaxtadək ölkə Parlamentinin Elm… Təhsil… Ədəbiyyat… İncəsənət… Səhiyyə… Hüquq… İqtisadiyyat… istiqamətində ratifikasiya olunmuş qanunları çoxdan saf-çürük edib və bir kənara atıb. Bu gün cəmiyyətimizdə yüzlərlə ciddi və həllini gözləyən məsələlər var ki, heç bir qanunla onları tənzimləmək olmur. Yeni düşünən beyinlərə ehtiyacımız var. Maraqlıdır, Təl-Əviv hərbi Strateji Araşdırmalar Mərkəzinin aparıcı direktorlarından olan O.Qoleriya iddia edir ki, biz çox dil bilənin dalınca düşmüşük. Biz az müddət ərzində bir neçə istiqamətdə strateji düşüncəsi olan adamların arxasınca düşürük. Dil sonuncu problemdir. Biz beyinlər uğrunda mübarizə aparırıq… Bizə düşünən və düşündürən beyin lazımdır…
Bu yaxınlarda MEA-da keçirilən Beynəlxalq Forumda səslənən çıxışlara, fikir və düşüncələrə diqqətlə qulaq asdım… və gördüm ki, hər bir düşüncə davamlı olması üçün yeni qanun tələb edir. Çünki yeni düşüncənin sahibi yeni insandır… Onları cilalamaq, onlarda getdikcə formalaşmaqda olan gərəksiz və cəmiyyətə lazım olmayan… nə vardısa islah etmək əsas faktorlardan biridir.
Hörmətli Akif müəllim!
Araşdırma materiallarına görə artıq dünyanın bir sıra aparıcı, nəhəng dövlətləri üzləşdikləri bəlaları dəf etmək üçün… Yeni İnsan İnstitutları yaradırlar.
Fikrimcə Müstəqil Azərbaycanın da belə bir elmi tədqiqatlar aparan, yeni formalaşmaqda olan cəmiyyət üçün strategiya və taktika işləyən, qanunlar hazırlayan,.. yeni insanın yetişməsində və formalaşmasında vacib və gərəkli sayılan, Yeni İnsan üçün Elmi Tədqiqat və strateji tədbirlər planı hazırlayan… Yeni İnsan İnstitutuna ehtiyacı var. Onsuz da belə bir institut yaranacaq. Çünki belə bir institutun yaranması arzu ilə deyil, zərurətdən doğacaq. Mən istərdim bu institutu məhz Siz yaradasınız.
Cənab Akademik!
Sizin Azərbaycanın MEA-na Prezident seçilməniz zərurətdən yaranmış bir məsələdir. Etiraf edim ki, cəmiyyət MEA-da gedən yeni proseslərdən hələlik tam mənada xəbərsizdir. Orada nə baş verir?.. Orada ancaq yubileylərmi keçirilir? Şübhəsiz, bütün bunlar bizi və yetişən yeni insan cəmiyyətini çox düşündürür. Son iyirmi ildə nə elmdə, nə təhsildə, nə ədəbiyyatda, nə incəsənətdə, nə rəssamlıqda, nə heykəltaraşlıqda, nə musiqidə, nə kinoda… dünyanı heyrətə gətirən bir iş görmüşük. Korifeylərimiz özgə torpaqlarda ölüb, orada dəfn olunmalarını bu torpaqdan üstün tutdular. Düşünürəm bu məsələ də gələcəkdə ola bilsin, ənənə şəklini alsın. Onda vay bizim halımıza…
Azərbaycanın Yeni İnsan İnstitutuna ehtiyacı var. Bunu isə hökmən yaratmaq vacibdir. Yeni insan gəlir. Özüdə əsəblə, qanla-qada ilə, hikkə və hökmlə…

ayna.az

Комментариев нет:

Отправить комментарий