Страницы

19.09.2013

Mətləb Ağa - Küçədə bir payız var


 Nə var mənim üzümdə
 ah çəkmə baxıb-baxıb.
 İndi ki, ayrılırıq,
 neyləməliyəm axı...

 Bir az danış, eybi yox,
 vaxt özü haqlayacaq…
 Otur bir xatirə yaz,
 hərdən varaqlayacam.

 Sən ki, ağıllı qızsan,
 daha nə desəm, yalan.
 Yolumuz buracanmış,
 salamat qal, vəssəlam.


***
 Necə qaçım, hara qaçım,
 bir kimsəni sevməyim...
 heç olmasa, ağıllanım, 
 dəli kimi sevməyim...

 Vaxtıdımı, yeridimi,
 boşlayım bu ümidimi...
 qırıb atım kilidimi,
 qəfəsimi sevməyim...

 Susum-sözümə iş tapım,
 dözüm-gözümə iş tapım,
 gedib özümə iş tapım,
 daha səni sevməyim...

***
Bizə niyə zülm eləyir? 
Bizi yaradan, gəl gedək.
Onsuz da keçibdi daha, 
ömür yarıdan, gəl gedək.

Nə təzədən gün doğacaq,
 nə başına gül yağacaq.
Birazdan sönər bu ocaq, 
küldən, qaradan gəl gedək.

Dərddən, acıdan yan keçib, 
bu tapmacadan yan keçib.
Mən o qocadan yan keçim, 
sən o qarıdan, gəl gedək.
       
***
 Küçədə bir payız var,
 ilin-günün bu vaxtı...
 bu payız olmasaydı
 guya nə olacaqdı?!..

 bir payız yarpağında
 özümə bir də baxdım...
 hardadı indi Mətləb?
 görmədim və darıxdım...

 ürəyimdə heç nə yox,
 olanlar olub keçib...
 doğrular olub keçib,
 yalanlar olub keçib..

 səni də düşünmərəm,
 nə olsa, barışaram...
 harda rastıma çıxsan,
 payızı soruşaram...

***
 Darıxıram deyəsən,
 hava da bulanığdı...
 yorulmuşam, sən Allah,
 durub qarğıma baxtı...

 Eyni nöqtəyə baxmaq
 səni də yəqin yorub...
 ikimiz günahkarıq,
 neynək, nə olub, olub...

 Niyə sən bircə şeyi
 başa düşmürsən açıq:
 daha bitib bizimki,
 çıçək açmayacağıq...

***
Getmisən,sağ-salamat,
başqa nə bacarırsan?!..
mən səninçün ölərdim,
kiminçün qocalırsan?!..

səndən bir istəyim yox,
bir məktub yaz, bacarsan...
şəklimi bir saatlıq
divardan as, bacarsan...

başını qat həyatla,
uşaq, iş-filan, yəni...
səninçün ən doğrusu;
ən böyük yalan, yəni... 

*** 
Kiməm, nəyəm burda mən,
sən orda kimsən, nəsən ?!..
bir “O” hərfi yerinə,
nə uzundu “mən və sən”...

qəsdi nəydi Tanrınin,
niyə bizi ayırdı?..
bir qitəni uçurdu,
bir dənizi ayırdı...

sənsiz nə olmuşam mən,
nə gündə yaşamışam...
sən məndə doğulmusan,
mən səndə yaşamışam...

...min il keçər aradan,
göydən enən mələklər,
mənim qəbrimi açıb,
Səni göstərəcəklər...

Комментариев нет:

Отправить комментарий