Страницы

10.02.2014

Bakılılara böhtan atanlara cavab gəldi!

Şeyx Fədai: "Yalan ayaq tutar yeriməz!"

Bismillahirrəhmanirrəhim. Son illərdə ölkə daxili və xaricində gedən proseslər hamıya məlumdur. İstər iqtisadi, istər siyasi sahədə keçid dövrü tamamlanmışdır. Hal-hazırda bu sahələrdə proseslərin görünməyən tərəfi öz əsli-zati ilə görsənməkdədir. Çünki zaman bunu belə tələb edir. 
Bakı və ətraf kəndləri tarixən öz millətinə, mənəvi dəyərlərinə sadiq qalmışdır. Hələ Çar Rusiyası Azərbaycan Xanlıqlarının arasına ixtilaf salmaqla ərazilərimizi hissə-hissə işğal edərkən, işğalçı Çar Rusiyasının ordu generalı General Sisianovun meyiti Bakı şəhərinin qala divarları qarşısında qurd-quşa yem oldu(1805).
Çünki Bakı xanı Hüseynqulu xan nəinki Sisiyanovun təbəəçiliyini qəbul etmədi, əksinə işğalçı generalı öldürüb qoşununu da dağıtmağı bacarmışdı.
Bu bir tarixi faktdır. 1918-ci ildə də Çar Rusiyasından qalma dağınıq məmurlar Bakını ermənilərə təhvil verən zaman ermənilərin Bakıda törətdiyi soyqırım bu gündə xalqımızın yaddaşından silinməyib. O zamanlar Bakı və ətraf kəndlərindən olan adlı-sanlı nüfuzlu insanlar bir araya gəlib Bakının ətrafında yerləşən Bülbülə gölü kənarında ermənilərin qarşısını kəsmiş, 3 gün 3 gecə gedən şiddətli atışma nəticəsində erməniləri geri oturmağa məcbur etmişlər. O insanların bəzilərinin adını da sizə açıqlaya bilərik. Keşləli Haman, Qoçu Teymurbəy, Maştağadan Əşrəfbəy, Qoçu Nəcəfqulu,Nardarandan Qaçaq Aslan,Axund Əbdüləli, Kərbəlayi Nəğdəli, Məşədi ƏbdülXaliq, Qaçaq Həsən, Qoçu Məmmədəli və başqaları o ağır gündə Vətənin müdafiəsinə qalxmışdılar.
Və nəhayət 1990-cı il Yanvar hadisələrində bütün Bakı şəhəri və ətraf kəndləri müqəddəs azadlıq şüarı altında ayağa qalxıb Sovet imperiyasının işğalçı qandallarını bu millətin əl-qolundan öz qanlar və canları bahasına qırıb atdılar. "Eşq olsun Azadlıq sevər millətə!"
Yalnız Sovet imperiyasının çöküşündən sonra bir sıra yalançı etiqadlar istər siyasi və istərsədə məzhəbi cəhətdən bir sıra dünyapərəstlərin gözyumması ilə vətənimizə sızdırıldı. Siyasi cəhətdən onlarla faktlardan birini demək elə bilirəm ki kifayət edər. O da bundan ibarətdir ki,  26 ildir (1988-dən) qonşu Ermənistan soydaşlarımızı öz yurdlarından didərgin salıb və torpaqlarımızın 20 faizdən çoxunu işğal edib minlərlə günahsız insanlarımızın qanını töküb. Malıbəyli,Kərkicahan, Xocalıda və bütünlüklə Qarabağda misli görünməmiş cinayətlər törədib və törətdiyi cinayətləri, terrorları dünya birliyinin gözü qarşısında törədib. Dünya birliyi isə bütün bunları susmaqla qarşılayıb. Ara-sıra danışanda da, bizdən bir azda siyasi iradə göstərməyi təvəqqə eləyib. Başa düşə bilmirik bütün bunlardan sonra "siyasi iradədən məqsəd yəni nə???"
Məzhəbi cəhətdən (istər xristian istər islam) din aləminə məlum olan və olmayan bütün firqələri tolerantlıq (dini dözümlülük) adı ilə 1990-ci ildən bu tərəfə bu ölkəyə istiqamətləndirirlər. Nəsə bu haqda çox danışmaq istəməzdim. Amma bunu söyləməyi bir Azərbaycanın inamlı vətəndaşı kimi özümə borc bilirəm ki, Azərbaycanda tarixən sünni və şiə məzhəbləri yaşayıblar, qardaşdılar, bu Vətənin milli,dini övladlarıdır. O ki, qaldı Vəhabi (sələfi,təkfirçi) Xəvaric, Nurçu nə bilim nəçi və nə bilim daha nəçi ümumiyyətlə bu xalqa yaddır. Bu saydıqlarım avam camaatı "sünniyəm" adı ilə nə qədər aldatsalarda xarici olkələrdə gedən  siyasi proseslər və döyüşlər, o cümlədən Vətəndən aldadılıb "müqəddəs müharibə" adı ilə dünya birliyinin siyasətinin qurbanına çevrilənlərin meyitləri bunların iç üzünü aşkar elədi.
Bakı və ətraf kəndlərinin yerli əhalisi isə heç vaxt yalançı siyasətin qurbanı olmamışdır.Bunu Bakı əhalisi  Hüseynqulu xanın General Sisianovla etdiyi rəftarından ta 1990-ci ilin 20 Yanvar hadisələrinə qədər dəfələrlə sübut etmişdir. Bakı və ətarf kəndlərinin  əhalisinə yeni firqəçilik və məzhəbçilik lazım deyil.Çünki biz əslən,zatən,qədimdən Əhli-beyt sevərlərik. Atalar demişkən: "Əslini danan haramzadədir". Biz halalzadə olaraq heç vaxt  razı olmarıq ki, Vətənimizin və dinimizin düşmənlərinin əlində alətə çevrilək.Nə qədər ki, bizim Qarabağ adlı gözəl məmləkətimiz düşmənin murdar ayağı altindadır və murdar işğal dünya birliyinin gözləri qarşısında davam edir heç vaxt öz qeyrətimizə özgə yerdə savaşmağı sığışdırmarıq.    
Amma  namaz qılmağı belə özgə məmkəkətdə (o məmləkət ki dünya birliyinin əlində bir nömrəli alətdir) öyrənən kəslər  sonda gəlib elə namaz qılan olarlar ki, Peyğəmbərin din qardaşı və canişini, əmisioğlu, kürəkəni, Səhabənin ən fəzilətlisi Həzrət Əli (ə)-ın mübarək başını səcdə halında zərbətləməkdən belə utanmazlar. Necə ki, soydaşlarımızı aldadıb "Ən Nusra" adlı terror təşkilatına sövq edənlər Həzrəti Peyğəmbərin (s) səhabəsi olan Hücr ibni Udey kimi möhtərəm bir səhabənin qəbrin qazıb cənazəsini çölə çıxartıb ehtiramsızlıq edənlərlə bir cərgədə dayanmağa utanmadılar. Əlbətdə ki bu cür utancdan və həyadan uzaq olanlar üçün Bakı və ətraf kəndlərinə şər-böhtan atmaq su içmək qədər asandır.
Şükürlər olsun ki, xalqımız istər ölkə rəhbərliyi tərəfindən, istər ziyalılar tərəfindən, istərsə də dindarlar tərəfindən bu üfunət saçan yaranın təhlükəsini hiss etmək və müalicəsinə əzm göstərmək məqamındadır.  
Və sonda Bakı və ətraf kəndlərinə, xüsusən Nardaran və Maştağa dindarlarına "qaça-qaça" böhtan atanlara sözümüz budur ki, "Yalan ayaq tutar amma yeriməz" deyib ulularımız. Ulularımızın yoluna dönüklük etməyin!

Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahını axundu, İlahiyyatçı alim, Hüccətul islam vəl  muslimin Hacı Nuhbala Rəhimov (Şeyx Fədai). nardaranpiri.com

Комментариев нет:

Отправить комментарий