Страницы

20.02.2014

Eks prezident Ayaz Mütəllibov ilə müsahibədən

-Konkret olaraq, Xocalı soyqırımının baş vermə səbəbləri haqqında nə deyə bilərsiniz?
-Mən buna bənzər suala bir neçə dəfə cavab vermişəm. Səbəblərdən danışarkən, mən bəzilərinin üzərində dayanmaq istəyirəm. Mən yuxarıda Qarabağ amilinin geosiyasi əhəmiyyəti haqqında dedim. Siyasi kataklizmlərin bütün səbəblərini məhz bununla, həm də Xocalıda baş verən hadisələrlə əlaqəli izah etmək lazımdır. Fövqəladə vəziyyət rejimini həyata keçirən SSRİ daxili qoşunlarının məhdud kontingentinin Respublika və Dağlıq Qarabağ ərazisindən çıxarılması haqqında Milli Məclisin AXC-nin təzyiqi altında 1991-ci ilin payızında qəbul etdiyi qərarını dəlillərdən biri kimi göstərə bilərəm.
Respublikanın öz gücü olsaydı, bununla razılaşmaq olardı. 
Amma o vaxt XTMD batalyonundan başqa güc yox idi. Onun isə bütün Qarabağ bölgəsini nəzarətə götürmək imkanı yox idi. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan Daxili İşlər Nazirliyinin XTMD batalyonu 1991-ci ilin aprel-may aylarında ermənilərin kompakt yaşadığı yerlərdə pasport rejiminin həyata keçirilməsi üzrə vəzifənin öhdəsindən uğurla gəlmişdi ki, bu barədə mən yuxarıda qeyd etmişəm. Ancaq daha böyük işlərin görülməsi üçün onun şəxsi heyəti və silahları çatmırdı. 
Bununla belə, AXC bilərəkdən o vaxtkı SSRİ DİN-nin daxili qoşunları kontingentinin çıxarılması və Dağlıq Qarabağ üzrə respublika komitəsinin fəaliyyətinə xitam verilməsi haqqında qərarın qəbuluna nail oldu. Əgər belə bir qərar qəbul olunmasaydı, öz silahlı qüvvələrimizin yaradılmasına qədər məhdud kontingentin qalma müddətinin uzadılması barədə Rusiya rəhbərliyi ilə razılıq əldə edə bilərdik və onların ermənilərlə qarşıdurma xəttində yerləşdirilməsinə nail olardıq.
Amma bizim “romantik” müxalifət özünü əhalinin təhlükəsizliyini təmin etməyə qadir hesab etməyə tələsdi. Bu isə Xocalı hadisəsinin baş vermə səbəblərindən biri oldu. Digər geosiyasi səbəb yenicə yaradılmış Azərbaycan silahlı qüvvələrinin Quru Qoşunları Baş Komandanlığının tərkibinə daxil olmaq barədə sazişi Milli Məclisin mənə imzalamağa razılıq verməməsi oldu. Baş Komandanlıq və onun nəzdində MDB ölkələrinin müdafiə nazirləri şurası Birliyin kollektiv təhlükəsizlik sistemində idarəetmə orqanı kimi yaradılmışdı.
O zaman sistem yenicə yaranırdı və onun tərkibinə daxil olan MDB üzvləri ölkələrinin öz silahlı qüvvələri yox idi. Bu səbəbdən də razılaşma müəyyən mənada formal xarakter daşıyırdı. Əgər öz silahlı qüvvələrimizin olmadığı həmin şəraitdə və Baş Komandanlığın yaranacağı həmin dövrdə saziş imzalasaydıq, bizə qarşı heç nə baş verməyəcəkdi. O zaman biz, Dağlıq Qarabağda yaşayış məskənlərimizi qorumaq imkanlarımızın olmadığı şəraitdə MDB-dən, o cümlədən komanda heyətindən, hərbi mütəxəssislərdən dəstək alardıq. 
Hələ sovet dövründə Dağlıq Qarabağda yerləşdirilmiş 366 sovet ordusunun motoatıcı alayı isə bu vaxt bilmirəm kim tərəfindən və hansı ağılla Xankəndidə yerləşdirilmişdi. Beləliklə, sazişin imzalanmasından imtina etməyimiz nəticəsində Rusiya generaliteti bizdən üz çevirdi. Ermənistan isə öz ərazisində Rusiya hərbi bazasının dislokasiya olunmasını elan etdi. Məsuliyyət hissini itirən bizim o vaxtkı müxalif siyasətçilər SSRİ dağıldıqdan sonra qorunmayan sərhədlər boyu yeni qoruyucu kəmər yaradılmasında maraqlı olan həmin Rusiya ilə ikitərəfli münasibətlərin formalaşmasında Azərbaycanı kifayət qədər müstəqil hesab edirdilər. 
Kollektiv təhlükəsizlik sisteminin yaradılması zərurətdən irəli gəlirdi. Bu, ilk növbədə, Rusiya Federasiyasının özünün təhlükəsizliyinin möhkəmləndirilməsi idi. Bu mənada, kollektiv təhlükəsizlik sistemində iştirakdan imtina edən Birlik üzvü olan hər bir ölkə avtomatik olaraq Rusiyanın şərti düşməni sırasına daxil edilirdi. Xocalı faciəsinə gətirib çıxaran daxili amillərə gəldikdə, fikrimcə əsas məqam həmin dövrün mövcud çətinliklərinin siyasiləşdirilməsi, hakimiyyətlə münasibətlərdə müxalifətin seçdiyi mövqe barışmazlığının irrasionallığı, daha dəqiq desək, düşmənçiliyidir.

Комментариев нет:

Отправить комментарий