Страницы

20.02.2014

Facebook camaatı

Arzu Abdulla

Bu günlərdə tanınmış ilahiyyatçı alim Elşən Mustafayev haqqında əvvəl “Facebook”da, sonra isə özünü müstəqil və qərəzsiz informasiya agentliyi hesab edən saytlarda təhqir və böhtan xarakterli yazıların getməsi məni xeyli düşündürdü. Hiss etdim ki,  Elşən Mustafayev kimi bizim hər birimizin də təhlükəsizliyi sual altındadır. İstənilən birimiz haqqında elə iftiralar və təhqirlər yazıla bilər ki, susmaqdan başqa çarəmiz qalmaz.    
Sovet dönəmində hamımız qəzet materiallarına yaman inanırdıq. Hesab edirdik ki, qəzetlərdə və ya televiziyada deyilən xəbərlər hökumətin rəsmi xəbərlərdir. O zaman “qlavlit” deyilən bir dövlət orqanı da varmış ki, çap edilən elmi əsərlərdən tutmuş, bədii əsərlərə və rəsm əsərlərinə qədər nəzarət edirmiş. Bu senzuranın mənası da ondan ibarət imiş ki, nə dövlətin əleyhinə, nə də insanların şərəf və ləyaqətinə toxunan ifadələr işlədilməsin. Qeyd edim ki, “Qlavlit” deyilən bu orqanın nə qədər dövlət təhlükəsizliyi üçün vacib olduğunu dəqiq bilməsəm də, dəqiq bildiyim başqa bir məqam var. O məqam da ondan ibarətdir ki, bu orqanın bəzi “baş bilənləri” onlara verilən səlahiyyətlərdən bəzən sui-istifadə edə bilərdilər. Yəni xoşlarına gəlməyən adamlara bu orqan vasitəsilə badalaq da gələ bilərdilər. Amma hər halda  bir nəfərin deyil, böyük bir kollektivin nəzarətində olan “senzura” informasiya, elm, incəsənət, mədəniyyət məkanını müəyyən qədər qoruya bilirdi.
Bunu da qeyd edim ki, mən insana, və yaradıcı adama kənardan yönələn hər cür senzuranın əleyhinəyəm, o cümlədən Sovet dönəmindəki “Qlavlit” tipli senzuranın da. Digər tərəfdən, vacib hesab edirəm ki, insanın hər bir sahədəki fəaliyyətində “senzura”, amma “daxili senzura” olmalıdır. İnsan dərk etməlidir ki, “o vətəndaşdır!”. Vətəndaşın “daxili senzurası” onun hüquq və azadlıqları çərçivəsindən kənara çıxmamalıdır. O dərk etməlidir ki, onun “azadlığı sonsuz deyil və digərlərinin azadlığı başlayan nöqtədə sona çatır”. O dərk etməlidir ki, “o həm də insandır!” İstəkləri, arzuları, hissləri olan insan! Onun “daxili senzurası” digər insanların arzularını, istəklərini, hisslərini zorlamamalıdır.
Sovet dövləti dağıldığı kimi, onun senzurası da, “Qlavliti” də dağıldı. Bəzi “işbazlar” xalqın media xəbərlərinə olan inamından hələ neçə-neçə illər sui-istifadə etdilər. Minlərlə insan “yalançı” biznesmenlərin sözü ilə var-yoxundan məhrum oldu. Milyonlarla insan siyasi avantüristlərin tələsinə düşdü. Bu minvalla insanların fikirlərini, yaradıcılıqlarını “buxovlayan” qadağalar aradan qalxdı, amma qəzetlərə, televiziyaya olan inam da əriməyə başladı. “Qlavlit” dağılanda “daxili senzura” da dağıldı. Dedilər, “azadlıq buxov tanımadığı kimi sərhəd də tanımır”! Amma unutdular ki, sərhədi olmayan azadlıq digərlərinin qapısını “icazəsiz” açır və evinə girir.  Media  şərləmələri və iftiraları kimi, “facebook” şərhləri və təhqirləri kimi. “Qlavlit” yoxdur, yazanların azadlığı var! “Daxili senzurası” olmayan yazarların azadlığı genişləndikcə, insanlar küncə sıxılırlar elə bil!
Son illər “facebook camaatı” da formalaşıb. Mən qəsdən “cəmiyyət” demədim, “camaat” dedim. Əlbəttə, hər ikisinin kökü eyni olsa da onlar bir qədər fərqli görsəndi mənə. “Facebook camaatı” virtualdır, amma  “real camaatlarda” olduğu kimi qohum-əqrəbalıdır. Burda kiminsə “üç dostu, beş düşməni” də ola bilər. Burada qızını ərə vermək istəyənlərdən tutmuş, arvadı ilə dalaşanlara qədər hamıya rast gəlmək olur. Kimi inəyini tərifləyir, kimi nəvəsini. Kimi gəlinindən şikayət edir, kimi də müdirindən. Amma “Qlavlitsiz” və “daxili senzurasız” bu “facebook camaatının” real camaatdan əsas fərqi odur ki, burda “gözə görünməzlər” və “daxili” olmayanlar yaman çoxdur.
“Facebook camaatı” təsadüfən yaradılmayıb dünya üçün. Bu da bir silahdır! Virtual silah! İnsanları şərləmək, mənəviyyatsızlaşdırmaq və “əzmək” üçün. Belə “daxilsiz”, mənəviyyatsız, Allah sevgisi və qorxusu olmayan “saxta insanlar” bəla gətirəcək real camaata!

azadxeber.net

Комментариев нет:

Отправить комментарий