Страницы

14.02.2014

Məhərrəm Bayramov vətəndaşların pulunu mənimsəmişdir

Sakinlər sabiq ərazi nümayəndəsi Məhərrəm Bayramov ilə uzun illər əvvəl verdikləri pulun davasını çəkirlər

Cəlilabad rayonu Ocaqlı kənd sakini Murad Zamanov redaksiyaya yolladığı məktubda qeyd edir ki, rayonu Qarazəncir kənd İcra nümayəndəliyinin əvvəlki rəhbəri Məhərrəm Ağababa oğlu Bayramov 2000-ci ildə bizə həyətyanı torpaq vermək adı ilə ailəmizdən 300 dollar pul almışdı. Bu, kənddə ev tikmək üçün 12 sot torpaq sahəsinin pulu idi. Məhərrəm Bayramov bu pulu alarkən tez bir zamanda bizi ev tikmək üçün həyətyanı torpaqla təmin edəcəyini bildirdi. O bildirdi ki, bu torpağın dövlət köçürməsinin puludur və sənədləri verəndə qəbz də verəcəyəm. İndi üstündən 13 il keçməsinə baxmayaraq, hələ də vəd olunan torpağı ala bilməmişik. Məhərrəm Bayramov bizim pulumuzu mənimsəmişdir. Baş Prokurorluqdan üzü belə, o cümlədən ölkə başçısına da müraciət etmişik.
Bu uzun illər ərzində dəfələrlə qohumlarımızla, kənd ağsaqqalları ilə onun yanına, qapısına getmişik. Hər dəfə gedəndə deyir ki, düzələcək, torpağınızı verəcəm, darıxmayın. Artıq bir neçə ildir ki, Məhərrəm Bayramov işdən çıxarılmışdır, bizim ailə isə evsiz-eşiksiz qalmışdır. Biz iki uşaq və anam yaxın qohumumuzun uçub dağılmış evində kiçik bir otağa sığınmışıq. Yazıb sizdən xahiş edirəm ki, Məhərrəm Bayramovun bu əməlini işıqlandırasınız. Dövlət orqanları onun saysız-hesabsız fırıldaqlarına hüquqi müstəvidə qiymət verməlidir. Biz tək deyilik, Məhərrəm Bayramov Qarazəncir kənd icra nümayəndəsi işlədiyi müddətdə bizim kimi onlarla ailənin halal pullarını yemiş, onları da torpaq verəcəyi adı ilə aldatmışdır. 
Bu adam saysız-hesabsız kənd torpaqlarını qanunsuz olaraq ələ keçirərək yerli sakinləri torpaqsız qoymuşdur. Onun kəndin müxtəlif yerlərində böyük torpaq sahələri vardır. Məhərrəm Bayramov İcra nümayəndəsi işlədiyi vaxt həmin torpaqları ələ keçirib və indi dədə-baba mülkü kimi istifadə edir. Hansı ki bu torpaqların heç birinin sənədi yoxdur. Dövlət orqanlarından, konkret olaraq Torpaq və Xəritəçəkmə Komitəsindən və Ədliyyə Nazirliyindən xahiş edirəm ki, komissiya təşkil olunsun, keçmiş icra nümayəndəsi Məhərrəm Bayramovun ələ keçirdiyi sənədsiz torpaqlar araşdırılsın, ondan alınaraq kənd camaatına qaytarılsın. Kəndimizin Qarabağ veteranları, şəhid ailələri torpaq ala bilmir, bu adam isə Qarazəncir torpaqlarının yarısını mənimsəmişdir. Bu, açıq-aşkar dövlətə, eləcə də xalqa meydan oxumaqdır. 
Məhərrəm Bayramov Qarazəncirdə keçmiş toyuq fermasının 3 hektar yarım ərazisini qanunsuz zəbt edərək üzüm bağı salmışdır. Həmin üzüm bağının yanında nə az, nə çox, özünə 3 həyət yeri götürmüşdür. O, Qarazəncir kəndindən keçən trasın üstündə keçmiş çörək bişirmə sexinin yerini də qanunsuz mənimsəmişdir, indi ona müxtəlif yollarla saxta sənəd düzəltməyə çalışır. Kəndin rayona tərəf olan hissəsində “Qolden Palas” şadlıq evinin yanında 35 sot yeri aptek adı ilə zəbt etmişdir, hansı ki orda heç bir aptek-zad fəaliyyət göstərmir. Həmin yerə görə ordakı qonum-qonşuların da başını mütəmadi ağrıya salır. O, bir evin yerini elə vaxt 4-5 adama satıb, hamısından da pul alıb, buna görə tez-tez mübahisələr düşür. İndi tez-tez kənd sakinləri onun qapısına hücum çəkirlər, dava-dalaş düşsə də, Məhərrəm Bayramov müxtəlif yollarla mənimsədiyi pulları verməkdən imtina edir.
Ən dəhşətlisi budur ki, İcra nümayəndəsi işlədiyi vaxt Ocaqlı kənd 1 saylı orta məktəbinin həyətində 3 həyət yerini qanunsuz olaraq satmışdır. Ona kim ixtiyar verib ki, məktəbin ərazisini satsın? İndi qəribəsi odur ki, məktəbin içində evlər var. 
Kənd camaatı adından xahiş edirik ki, komissiya yaradılsın, Məhərrəm Bayramovun ələ keçirdiyi saxta torpaqlar geri alınsın. Onun ələ keçirdiyi 10 hektara yaxın yer haqqında həm kənd icra nümayəndəsi başçısı, həm də bələdiyyə başçısı tam məlumatlıdırlar, amma nədənsə heç bir reaksiya verilmir. Hamı Məhərrəmin zəbt etdiyi torpaqların yerini gözəl bilir.
Neçə dəfə qapısına getmişik, hər dəfə bir söz deyir, axırıncı dəfə isə çox gülməli bir söz dedi. Dedi ki, sizin mənə verdiyiniz pulu silaha vermişəm. Guya ki, Məhərrəm Bayramov Qarabağ müharibəsi vaxtı mənim puluma silah alıb, orduya göndərib! O vaxtkı Müdafiə Naziri Rəhim Qazıyevdən soruşuruq: “M. Bayramov adlı adam müharibə vaxtı sənə silah göndəribmi?!” Bu söz indi kənd camaatının dilinə lətifə kimi düşüb. Çünki kənddə hamı bilir ki, Məhərrəm müharibə vaxtı orduya heç bir köməklik etməyib, əksinə hərbi bilet alveri edib. 
Qapısına gedirik ki, dərdimizi deyək, pulumuzu geri istəyək, polisdə serjant işləyən oğlu Ramin Bayramov üstümüzə cumur. Axırıncı dəfə Məhərrəmin oğlu, polis çavuşu Ramin Bayramov məni atasından pulumu istədiyimə görə yumruq ilə vurdu, üz-gözümə arvad kimi cırnaq atmışdır. Halbuki mən xəstəyəm, zəif bədənli adamam, iki dəfə əməliyyat olunmuşam. Bayramov Məhərrəm oğlu Bayramov Raminə saxta, “neqodnı” hərbi bilet aldığı halda, onu saxta yollarla da polisə düzəldib. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, Cəlilabad rayon Polis Şöbəsində işləyən çavuş Ramin Məhərrəm oğlu Bayramov barəsində araşdırma aparılsın. Bu adam öz çavuş rütbəsindən istifadə edərək məni döymüş və ailəmizi təhqir etmişdir. Ramin Bayramov öz hərəkətləri ilə atasının fırıldaq əməllərini ört-basdır etmək istəyir, atasına pulumuzu mənimsəməkdə kömək edir, amma bu alınmayacaq. Haqq var, öz yerini tapar! 

Zamanov Murad, Cəlilabad rayonu Ocaqlı kəndi

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий