Страницы

17.02.2014

Namərd körpüsündən keçməyə dəyməz


İlqar Türkoğlu

DƏYMƏZ

Aldatma sevdanı, keç, zaman belə
Həsrət şərabını içməyə dəyməz.
Sevsəydi getməzdi, heç zaman belə
Qayıdan yolları biçməyə dəyməz.

Örtüb Ay üzünü, xalları bağlı,
Qaldım yar yanında qolları bağlı,
A mətin eşqimin yolları bağlı,
Namərd körpüsündən keçməyə dəyməz.


Ay gülüzlüm, güllər alar könlünü,
Şirin-şəkər dillər alar könlünü,
Həsrət bitər, illər alar könlünü,
Yazıyı, qədəri seçməyə dəyməz.

Gözümün üstə

Yaxşının önündə pis dayanmasın,
Qurunun oduna yaş da yanmasın,
Nəyimə gərəkdi, qaş dayanmasın,
Dostları qoymuşam gözümün üstə!

Yetər nağıl,çalış təzə deyəsən,
Şərdən qaçıb,düzü-düzə deyəsən,
Gərək əyrini də üzə deyəsən,
Öldürsələr məni sözümün üstə!

Gedəni gözləmə, azıb-itsə də,
Xəyallarım xəyal olub bitsə də,
Tükənməzdi eşqim, illər ötsə də,
Qoy dayansın üzün üzümün üstə!

Saxta zər-qızıla qaş axtarma sən,
Yeldöyən səhrada daş axtarma sən,
Hər çiyin ustündə baş axtarma sən,
Ağla məni,gülüm, dizinin üstə!

Dostu, sirdaşıdır, hər düz İlqara,
Toxunmasın xəta, nə göz İlqara,
Ümid olub gecə, gündüz İlqara,
Gəl qala, odunu közümün ustə!

Комментариев нет:

Отправить комментарий