Страницы

14.02.2014

Nizami kinoteatrı, Yunus Əmrə, çaxır qonaqlığı və aşk!

Kamal Yaşar

“HU HU – VƏ ÇAXIR...” 1 saatdan artıq müddətdə filmi izləməyə toplaşan hər kəs istədiyi qədər yeyib içdi. Ən çox içilən də təbii ki, pulsuz paylanılan çaxır oldu. Hətta, əlində çaxır bakalı ilə Yunus Əmrənin sözləri yazılan stendin qarşısında şəkil çəkdirənləri də gördüm.
 
Mövzu ilə maraqlandığıma görə buna müvafiq filmin də necə olacağı mənə maraqlı idi. Dəvət olunduğumuz kimi, deyilən saatda Nizami kino mərkəzində idik. Hər kəs bu gün türkiyəli rejissor Kürşat Kızbaşın “Yunus Əmrə – eşqin səsi” adlı filminin qala gecəsinə yığışmışdı. Filmdə Yunus Əmrə obrazını Devrim Evin canlandırır. Teatr aktyoru olan bu sənətçi 2012-ci ildə tamaşaçılara təqdim olunan “Fetih1453”filmi ilə daha da məşhurluq qazanıb. İnsaf naminə deyim ki, bura dəfələrlə gələn Özcandan, filandan qat-qat təvazökar bir sənətçi idi. Bunu həm onunla olan ayrıca müsahibəmdə, həm də tamaşaçılarla davranışında, münasibətində gördüm. Rejissor haqqında da eyni şeyləri demək olar.
İndi isə keçək əsas məsələyə, filmə. Filmin ikinci kadrında, ilk kütləvi səhnəsində (Monqolların alaçıqlara hücum səhnəsi) görülən iş barədə ümidlənməyə başlasam da, sona qədər murazım gözümdə qaldı. Sonda məlum olacaqdı ki, film boyu rejissorun bir rejissor kimi zəhmət çəkdiyi yeganə səhnə elə nübarlıq olaraq həmin səhnə olub. Ardınca tamaşaçıya yatağında uzanan kəndli Yunus təqdim olunur. Sonra onun qapısına gələn bir qarı və onun Yunusdan buğda istəməyi. Elə buradanca hadisələr sürətlənir və Yunusun səfərləri başlayır. Qarı Yunusa deyir ki, bəs filan yerdə bir Hacı Bektaş Vəli həzrətləri var, get onun yanına və bizim acından qırılan camaat üçün buğda istə, o, gələnləri boş qaytarmır. Yunus da sırf bu məqsədlə yola düzəlir və hadisələr düzümü sıralanır. 
Tamaşaçını bezdirən “eşq”. Rejissor mövzudan, şəxsiyyətdən tamam təsirlənərək filmi filanı qoyub bir kənara və demək olar ki, 80 faiz dialoqlar nəzm-poema və fraza-deyimlər formasındadır. Ümumiyyətlə, bu film konkret olaraq söz üzərində qurulub. Yunusun qabağına çıxan adamlar (ustadlar) frazanın biri bir qəpikdən, nə qədər gəldi, deyirlər. Yunus da eləmə tənbəllik bunlardan, ustadlardan bu üslubu öyrənib qabağına çıxana şeir, ya da fraza tipli xitablar edir, danışır. Filmdə tamaşaçının qulağını deşən bir söz var – aşk. Bu söz, yeri gəldi-gəlmədi, o qədər işlənir ki, artıq tamaşaçı bu sözə elə ilk yarım saatda tam doyur. Filmin sonuna qədər də bu söz dildən düşmür. Ancaq rejissor bu 80 dəfə səsləndirdiyi aşkı (eşqi) bircə dəfə də olsun rejissor yozumu ilə, hansısa ifadə vasitələri ilə tamaşaçıya anlatmaq istəmir və tamaşaçı  Yunusun nəyi və niyə axtardığını belə bilmir. Nəzərə alsaq ki, filmə Yunus Əmrə haqqında heç bir bilgisi olmayan adam baxacaq, o zaman deyə bilərik ki, o bu filmdən heç nə anlamayacaq. Çünki qəhrəman, varlığı, mövcudluğu və eyni zamanda labüdlüyü, lazımlılığı tamaşaçıya aydın olmayan, əsaslandırılmayan mücərrəd bir şeyin axtarışına çıxır. Hətta Hacı Bektaş Vəli ilə ilk dialoqundaca Yunus artıq “dərinə getməyə” başlayır. Əvvəlcə Hacı Beşiktaş ona deyir ki, bəs sənə ya buğda verək, ya da gətirdiyin ( Yunus da gələrkən Hacıya bir ovuc zoğal gətirmişdi) hər zoğalın əvəzində on nəfəs. Yunus da deyir ki, yox, buğda verin. Qayıdıb gedərkən buğdalar yerə düşür, hər tərəf anidən taxıl zəmisinə çevrilir və Yunus səhv etdiyini anlayraq dərhal geriyə, ustaddan “nəfəs” almağa qayıdır. İkinci dialoqda isə artıq fraza fraza ardınca gəlir. Yenə də onun dərhal hansısa bir yola uyması, bu istəyi tamaşaçı üçün aydın deyil. Film sanki avtobioqrafiyadır, ya sənədli filmdir və burada heç bir yaradıcı element duyulmur.
Filmdəki yumorsuzluq. Tamaşaçının gərginliyini azaltmaq üçün bircə dənə belə olsun yumor-oyun gözə dəymir. Bu hətta dialoqlarda da yoxdur. Sıralama ilə kamilləşmək üçün 4 övliya (Hacı Bektaş Vəli, Tapdıq Əmrə, Mövlana, Sarı Saltıq) ilə görüşən Yunus bu arada vaxt ayırıb ondan 300 il əvvəl yaşamış Həllac Mənsurun ruhu ilə də “görüşməyə”  macal tapır. Filmdə hansısa nəzərəçarpan bir iş, aktyor oyunu filan da yoxdu. Onsuz da rejissorun qurduğu bu səhnə və dialoqları nəzərə alsaq, burada aktyordan heç bir xüsusi oyun bacarığı tələb olunmur ki, o özünü realizə edə bilsin. Ondan tələb olunan sadəcə bir şey var. Daim düşüncəli kimi görünmək, danışmaq. Bunlar azmış kimi, rejissor adi səhnələrə də “rəng” qatmaq istəyir. Məsələn, Yunusun meşədə odun qırma səhnəsində musiqi və kadrlarla sanki bir mistik aura yaratmaq istəyir. Ancaq bu yamaq kimi görünür. Burada heç bir mistikaya ehtiyac duyulmur. Çünki o, sadəcə, odun doğramaqla məşğuldur və bunun üçün normalda heç bir fəlsəfə açmağa gərək yoxdur. O hətta balta ilə zərbələri də sanki düşünərək, gərgin şəkildə endirir. (?) Bir də onu qeyd edim ki, Yunus odun doğramağa getsə də və odun doğrayırmış kimi təqdim olunsa da, o odun yox, sadəcə, budaq doğrayır. Həmçinin odunu doğrayıb çiyninə alandan sonra meşədən çıxmaq üçün musiqi sədaları altında uzun bir yol gedir. Rejissor hətta umumi planda onun qarşıda qət edəcəyi məsafəni də göstərir. Və burada sual yaranır ki,  niyə Yunus odunu  qırıb yenidən dönüb qayıtdığı istiqamətdəki məkanlarda yox, düz gəlib meşənin ortasında axtarır həmişə (?) . Digər aktyorlardan (övliyaları canlandıranlar) isə, ümumiyyətlə, bir şey gözləmək yersizdir. Çünki onlar heç biri otağından kənara çıxmır və elə hey əbalarına bürünüb taxtlarında əyləşərək davamlı məsləhətlər verirlər. Beləcə, film boyu Yunusun o boyda həyatı ancaq bu dörd adamın arasında yol ölçməkdən ibarət olur və hər görüşmədə bir az şeir deyib ayrılırlar. Rejissor filmi bir az da maraqlı etmək üçün bir qadın-kişi münasibətinə də toxunub. Onun xidmət etdiyi dərgahın sahibinin, ustadının bir qızı var. Qız Yunusa, Yunus da qıza vurulur. Ancaq qız evlənək deyə təklif etsə də, Yunus ona deyir ki, bəs olmaz, sən mənim ustadımın qızısan və mən sənə toxunmağa həya edirəm, filan. Rejissorun guya şirinlik qatmaq və Yunusun şəxsiyyətini qaldırmaq üçün ortaya atdığı bu faktor tamamilə yersizdir. Hansı məntiqlə bir Allah dostu qadına toxunmağa, bir qadınla evlənməyə sanki pis bir şeymiş kimi baxar? Oturub-durub eşq deyən adam bu məsələdəmi ilişdi?!! İnsanın, qadının ən ali varlıq olduğunu bilən bir eşq adamı başqalarına toxunmaq olar, ancaq ustadımın qızına toxunmaq olmaz qadağasını özünə qoymaqla insanlıq arasında sərhəddmi qoydu? Bəyəm qadınla evlənmək, ona toxunmaq həyasızlıq və ədəbszilkdirmi ki, ustad qızına “toxunmaq” bu qədər ədəbsizlik sayılsın? Eşqin ən yüksək zirvəsində dayanan İmam Əli (ə) ilə Məhəmməd peyğəmbərin (s) münasibətlərinə nəzər salaq. İmam Əli ona illərlə ustadlıq və böyüklük edən bir insanın, peyğəmbərin qızı ilə evlənmədimi? O ədəbsizlikmi etmişdi? Demək ki, rejissorun bu “tapıntı”sı da uğursuz alındı. Hətta tarixə belə nəzər salsaq, əslində, Yunus Əmrənin elə filmdə təqdim olunan həmin qızla evləndiyi yazılır. Bunu inkar edənlər də var. Elə rejissor da bunu əsas götürərək “özünəməxsus” bir yozum vermək istəyib. Sonda da ustadının qızı ölən Yunus elə ustadı tərəfindən təlimatlandırılb halallıq alaraq yola düzəlir. Ustadı deyir ki, düş küçələrə və qabağına çıxana aşkı anlat. Yunus qaragün də gedir. Son kadrda isə o, artıq özünün filmin əvvəlindəki ilk dialoq səhnəsində, Hacı Bektaşın yanında olduğu zamandakının eynisi, onun (Hacı Bektaşın) statusunda, yetişmiş bir adam kimi təqdim olunur. Qısası məqsəd, mövzu, ideya nə qədər maraqlı, gözəl və təqdirəlayiq olsa da, nəticə alınmayıb və bu film bir çox  film qanunauyğunluqlarına cavab vermədiyinə görə ancaq müəyyən bir qrup üçün maraqlı ola bilər.
Hu, hu, xorrr. Keçək ikinci əsas məsələyə, yazının başlığının məqsədinə. İstənilən bir işin (xüsusilə də filmin) , məhsulun daxili strukturu, ideyası olduğu kimi, onun ümumilikdə də bir məqsədi, marağı var. Bu işdə, sözügedən filmin çəkilməsində də  və Azərbaycandakı dördüncü qala gecəsinin təşkilində də təbii ki, bir məqsəd mövcuddur. Tədbir təsadüfi yerə Türkiyə Səfirliyi Mədəniyyət və Tanıtma müşavirliyinin və TİKA-nın ( Türk İşbirliyi və Koordinasiya Ajansı) dəstəyi ilə keçirilmir. Məqsəd haqlı olaraq Türkiyə mədəniyyətinin, Türkiyə əxlaq-humanizm kodekslərinin, Türkiyə insanının düşüncəsinin dünyaya təqdim olunmasıdır. (Film eyni zamanda ingilis dilində alt yazı ilə təqdim olunur) Bu məqsəd də gözəldir. Hər şeyi, dostluğu, qardaşlığı belə kənara qoysaq da, fərq etməz, istənilən düşüncə, əxlaq, mənəviyyat adamının, övliyanın milləti olmur, o hamınındır, bütün bəşərindir və bu baxımdan belə bir şəxsiyyət haqqında film çəkilməsi onun dəyərlərinin, ideallarının insanlığa təqdimatı olduqca gözəl nümunədir. Ancaq necəliyindən asılı olmayaraq, istənilən bir ideyanı irəli sürən və onu yaymağa təşəbbüs edən(lər) əvvəlcə özü ona riayət etməlidir. Əks- halda bütün bu olanlar, sadəcə, vaxt itkisi və özünü aldatmaq, gözə pərdə asmaqdan başqa bir şey deyil. Gəlin gecəyə nəzər salaq. Həmişəki kimi (adətən qala gecələri və təqdimatlarda belə olur), elan olunduğu vaxtdan da düz bir saatdan da artıq keçəndən sonra başlayan filmöncəsi qonaqlar, gələn bütün nümayişçilər üçün İsveç masası (şirniyyat, təbii şirələr, meyvələr, spirtli içkilər və.s) da təqdim olundu və 1 saatdan artıq müddətdə filmi izləməyə toplaşan hər kəs istədiyi qədər yeyib içdi. Ən çox içilən də təbii ki, pulsuz paylanılan çaxır oldu. Hətta, əlində çaxır bakalı ilə Yunus Əmrənin sözləri yazılan stendin qarşısında şəkil çəkdirənləri də gördüm. Ən əsas da nümayiş zamanı bir hadisə baş verdi. Filmdə belə bir səhnə var ki, dərvişlər dairə şəklində yığışıblar və özlərinəməxsus hansısa bir ayini icra edirlər. Ayin zamanı hamısı da bir ağızdan “hu, hu” deyirlər. Elə bu əsnada bu huların ardınca yaxınlıqdakı sıraların birindən xorrr səsi gəldi. Düşündüm ki, yəqin kimdirsə, konkret ekstazdadır və ekranla birbaşa rabitəyə girib oradakı hulara bizim milli variantda xorrrla cvab verir. Ancaq təxminən bir dəqiqə o  xorrrun müəllifini izləyəndən sonra gördüm ki, bu, bayaq nümayiş öncəsi gördüyüm həmin qırmızıyanaq, qalstuklu ağsaqqaldır ki, təkcə mənim yadımda qalan düz 3 bakal çaxır içmişdi və indi də onun heç ekranla işi yoxuydu. O, mışıl-mışıl yatır və arada da xorna çəkirdi. Bir-iki xorultudan sonra yanındakı tanışı onu ayıltdı. Bəli, əgər bu hadisə hansısa rejissorun “müəllif filmi”nin nümayişi zamanı yaşansaydı, onu normal qarşılamaq olardı. O zaman nəinki çaxır, hətta köpük şou də təşkil etsələr, kimsə bir söz deyəsi deyil. Ancaq bu və ya digər formada dövlət xətti ilə, dövlət təşkilatlarının yardımı ilə çəkilən və yayımlanan bu filmdə ideyanı təklif edənlər özləri camaata çaxır qonaqlığı verib ardınca Allah eşqindən danışmağa iddialanırlarsa, bax bu gülünc və yolverilməzdir…
Məlumat üçün deyim ki, mən təxminən bir il öncə İran Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən İran kino həftəsində də iştirak etmişdim və orada buradakılardan fərqli olaraq həm də Azərbaycanın kino mütəxəssisləri (Ayaz Salayev, Ənvər Əbluc, Həmidə Ömərova və.s)  də varıydı. Ancaq o tədbirdə hətta mövzu buradakından fərqli olaraq dini film olmasa belə, yenə də hansısa bir spirtli içkidən söhbət belə getməmişdi. Məsələni bir az da dərinləşdirib söhbəti siyasi məcraya yönəltmək istəmirəm. Ancaq bir reallıq var ki, istənilən söz, fikir ancaq öz sahibi tərəfindən əməl olunduğu təqdirdə qarşı tərəflər üçün keçərli olur. Mövzuya uyğun olaraq hər iki dövlətin də müsəlman ölkələrinin ən güclü iki ölkəsi olmasını nəzərə alsaq, durum bir az da həssaslaşır. Bu gün “modern İslam”ın yaşandığı etalon ölkə kimi təqdim olunan Türkiyənin başqa bir ölkədəki nümayəndəlik və birliklərinin təşkil etdiyi hansısa bir tədbirdə camaata çaxırdan içirdib ardınca da Allah eşqindən danışmağa cəhd etməkləri elə də xoş və səmimi, həqiqi görünmür. Mövzunu yayındırmamaq şərtilə bir  daha deyirəm ki, bu, zahirən kiçik görünən, ancaq, əslində, olduqca ciddi bir faktordur.
Yox deyən şəxs. Onu da qeyd edim ki, nümayiş öncəsi qonaqlar arasında İranın ölkəmizdəki səfiri ilə də rastlaşdım. Səfirə yaxınlaşıb sual vermək istəyirdim ki, siz də Azərbaycanda hansısa razılaşma və mədəni layihə çərçivəsində öz filminizi nümayiş etdirmək istərdinizmi. Məlumdur ki, İran kino sənayesinə görə hansı mərhələdədir və İranın kinosu, kino məktəbi Türkiyə ilə müqayisədə kifayət qədər güclüdür. Xüsusilə də dini-mənəvi mövzulu filmlərdə. Həmçinin dünyada baş verən kino yenilikləri ilə daim maraqlanan tamaşaçılar bilir ki, hazırda İran 5 ildir çəkilişləri davam edən bir filmi artıq bitirib və film bu günlərdə İranda davam edən Fəcr festivalında artıq nümayiş olunub. Həmçinin bu film dünya bazarı üçün də olduqca iddialıdır.  “Qiyamət” və ya ikinci adıyla “Yox deyən şəxs” adlanan bu film də təxminən sözügedən Türkiyə filmi kmi tarixi bir mənəviyyat adamı, övliya olan İmam Hüseyn və onun həyatı, mübarizəsi haqqındadır və bu baxımdan bugünkü tədbirdə olduğu kimi hansısa layihə çərçivəsində bu filmin nümayişi üçün Azərbaycanda da belə qala gecəsi təşkil oluna bilərmi – deyə sual vermək istəyirdim. Ancaq səfir, sadəcə, fars və ingilis dillərində bildiyi üçün (tərcüməçisi yoxuydu) dialoqumuz baş tutmadı. Bu arada bir şeyi nəzərinizə çatdırım. O filmin əvvəlində Yunusdan buğda istəyən və onu buğda üçün Hacı Bektaşın yanına göndərən qarı varıydı ha, bax Yunus elə o çıxan çıxdı və o zavallı qarı ilə bir daha rastlaşmadı. Beləcə, buğda da yaddan çıxdı, onu gözləyən qarı da… Filmin sonunda da Yunus yenə şeir deməyə getdi…
P S Yazıya ümumi “rejissor yozumu”nu isə elə filmdən bir dialoqla bildirəcəm. “Əgər odun daşımaq kəramət olsaydı, o zaman uzunqulaqlar çoxdan övliya sayılardı.”

birlik.az

Комментариев нет:

Отправить комментарий