Страницы

16.02.2014

Ölüm başqadır

Ramilə Qardaşxanqızı

Saat gecənin birinci yarısına doğru addımlayırdı, mən isə həmişəki kimi ona yol yoldaşı idim. Əqrəblər elə bərk çırpınırdı  sanki bütün yatanları oyatmaq iddiasına girmişdi. Gecənin qoynunda öz yuxusunu görən və oyanmağa ehtiyyac duyan bir mən vardım. Oyaq gözlərimdə mürgüləyən taleyim həmişəki kimi təkcə anamı narahat edirdi.  “elə bil əlin bu dünyanın ətəyindən sən doğulmamışdan çəkilib qızım” “yatanlarla yatıb, oyananlarla oyanmırsan” “artıq gecədir, sənə görə mən də yata bilmirəm” Demək olar ki, anamın dilindən çıxan bu cümlələr hər gecə mənə uğur diləyirdi.
Düz deyirsən anam, məni bağışla! Bağışla ki, qurduğum bu yalançı dünyanın ətəyindən beşəlli yapışaraq sizin dünyanızdan üzmüşəm ümidi. Beləcə, söhbətimiz çox çəkmədi ki anam da yuxuya getdi.
O isə yenə başımın üstündən asılan çılçırağın işığı ilə yağırdı üstümə. Əlim qolunun üstündə, hərdən susub oturduğum kresloda duyurdum istisini. Oxuduğum kitablarda səsini, yazdığım yazılarda nəfəsini pıçıldayırdı qulağıma. Sadəcə bir məyusluq yetirdi özündən razı halını əzməyə, hündür boyunu cılızlaşdırıb qarşımda aciz göstərməyə. İmkansızlıq duyğusu, zalım "olmazlar" onu yenə verilən suala cavab tapmayan uşaq kimi qarşımda günahkar görsənməyə məcbur edirdi. Baxışları kədər saçırdı, gözləri bağışla məni deyirdi. Nafilə, mən ondan inciməmişəm ki, bağışlamağa nə hacət? Onsuz da zaman
tez keçirdi, onla da... Getdikcə ətrafında hər şey dəyişirdi, başkalaşırdı. Hadisələr ya keçmişi xatırladırdı, ya da gələcəyin özətini keçirdi. Fəqət heç nə içimdə gizlənən onu, onun mənsiz yaşatdığı sevgini öldürə bilmirdi. Biz bütün ölümsüz sevgilər kimi, bir-birimizi ayrılıqda yaşadırdıq.
Daldığım xəyaldan Kayahanın “üç yüz altmış beş gün” mahnısı oyatdı məni. Saat 02:50 telefonumun zəngi çalırdı. Ayrılığımızdan bir il keçməsinə baxmayaraq adını telefon kitabçasından silə bilməmişdim. “Koca Bəbəyim” Zil səsi- Kayahan 365 gün. Bir də axı nə mənası var idi, adı ürəyimdə yazılı qalan birinin... 
Öncə cavab vermək istəmədim, sonra təkrar zəng gəldi. Və israrla çalınan üçüncü zəngdə sakit dayana bilməyib cavab verdim. 
-Alo, balam, eşidirsən, ordasan? – Sözləri bir birinin ardınca düzsə də, səsi çox sakit gəlirdi. 
-Bəli, burdayam! – Hər səsini eşidəndə kövrəlirdim. Yenə...
-Sənin üçün darıxmışdım. Dedim görüm necəsən, neynirsən?
-Necə təsəvvür edirsənsə eləyəm.  Sən?- "Quru" olmağa çalışdım.
-Mənəm də, pis sayılmıram, bir təhər başımı iş-güclə qatıram arada zəng edib halımı soruşsan daha da yaxşı olaram, bilərəm ki yaşayıb yaşamadığımla maraqlanırsan. – Səsi elə küskün idi ki...
-Yaxşı olduğunu bilirəm Ceyhun. Dözümlüsən, güclüsən, iradənə də söz ola bilməz. Başqa nə istəyirsən ki?
-Yaxşıyam, çox yaxşıyam hə, başqa da heç nə istəyə bilmərəm! Səni tanıya bilmirəm, blmirəm hardandır bu əminlik səndə, özündən Amerika kəşv edirsən. Dünən az qala ölmüşdüm, bunu da bilirsənmi?! – Danışmağa davam etdikcə səsini ucaldır, qayğı uman uşaq kimi cırnayırdı.
-Niyə, nə olmuşdu ki? – Əslində ona görə həmişə narahat oluram, ancaq bu dəfə soyuqqanlı davranmağa çalışırdım. Onu daha sevmədiyimi, düşünmədiyimi hiss etdirmək fikrinə düşmüşdüm. Buna görə etinasız danışırdım.
-Dünən işdən təftiş üçün Neftçalaya gedirdim, yolda maşın aşdı. Bilmirəm Allahın mənə rəhmi gəldi yoxsa anama, bəlkə də sənə görə öldürmədi, qorxuyla cəzalandırdı. Yoxsa...
-Allahın nəzəri üstündə olsun, səni həmişə qorusun. Çox yaşa, yenidən sev, sevil və xoşbəxt ol! Ancaq mən səni niyə axtarım, yox olduğum halda niyə varlığımı hiss etdirim sənə? Sən dünən az qala ölmüşdün, mən isə, mən çoxdan ölmüşəm Ceyhun, ölmüşəm!
-Yenə gic-gic danışma, ölüm başkadır! O ki, qaldı mənə dilədiyin arzulara... Narahat olma, bu yaxınlarda sevindirərəm səni! – Bu sözləri deyəndə məni yaralamaq, bununla onu hələ də çox sevdiyimi dilimdən almaq istədiyini, rahat şəkildə anladım ancaq özümü o yerə qoymadım.
-inşAllah! Biləsən, həqiqətən sənin üçün hər şeyin yaxşı olmasını istəyirəm. Hətta əla olmasını...
-Qulaq as, bəsdir boş-boş danışdığın! Bilirsən ki, mən səndən başkasını sevən, sən məndən özgəsini istəyən deyilsən! Dünənə qədər səndən gələn bütün zəngləri qeyd eləmişəm telefonuma. Birdən nə vaxtsa öz nömrənə zəng çatmaz, ürəyim həmən dəqiqə partlayar. Zəng edib yaxınlarından, dost-doğmalarından səni soruşaram deyə...
-Niyə, ölüb-ölmədiyimi öyrənmək üçün? Yoxsa aramızdaki bu boyda məsafəyə yaşamaq,  saydığım mənasız günlərə ömür sürmək deyirsən? Bəlkə dəyərimi anlaya bilmən üçün mütləq ölməliyəm?!
Səsimin titrədiyindən ağladığımı hiss etdi. Daha hisslərimi gizləyə bilmirdim, çünki onun üçün çox darıxırdım. Ona da, özümə də kəsdiyim bu ayrılıq cəzasından bezmişdim, başka yolum day ox idi. O, da mənim üçün ağlasın, bu dünyada tutduğum yer gözləri baxa-baxa boşalsın, yoxluğumu hiss etsin deyə həqiqətən ölmək istəyirdim. Bilirdim ki, özünü ölü sayan adam üçün ölüm çarə deyil, ancaq yenə də, ən azından elə ölmək istəyirdim ki, onun təsəvvüründə, xəyallarında da ölüm. İstəyirdim məni düşünəndə sağ olmadığımı, artıq onun üçün nəfəs almadığımı hiss etsin. Baxdığı hər yerdə yoxluğumu duysun deyə, onun gözlərində ölmək, ürəyinə əbədi gömülmək istəyirdim. Həmçinin, bir yandan da sevgi üçün ölənləri, intihar edən aşiqləri düşünürdüm. Onların ölümündən savayı nə qalmışdı keçmişdə, nə dəyişməmişdi həyatda? Ölüb torpağa qarışmadan sevdikləri düyün-dərnək qurub başqasına yar olmamışdımı? Olmuşdu, həyat da həmişə belə davam etmişdi. Ölənlər unudulmuş, öldürənlər necə olsa da yaşamışdı. Bütün bunları düşünərək yastığımın bir üzünü göz yaşımla islatmışdım, telefonu da bərk-bərk sıxmışdım sinəmə, səsi uzaqdan gəlirdi.
-Ağlama, yanında da deyiləm ki...  – Deyəsən həqiqətən sonluğu hiss edirdi, getdikcə də uzaqlaşan səsi titrəyirdi.
-Demək ölüm başkadır, mən ölsəm... Öləcəm Ceyhun, mütləq öləcəm!
Qəti qərara almışdım, telefonu söndürüb ölmək üçün bir şeylər etməliydim.
Gözlərim çox uzağa dikilmişdi. Onunla xəyal etdiyimiz dağətəyi, böyük kəndə, təmiz havası, buz bulaqları, yaşıl təbiəti, mehriban camahatı olan obaya tərəf baxırdım. Kəndin kənarında tənha görünən balaca daxmaya sataşdı gözüm, ürəyim cızıldadı. Naləm qızmış qazana tökülən su kimi sıçradı, əllərimi yandırdı hisslərim. Üzümə toxuna bilmədim, gözlərimi açmağa cəsarətim çatmadı. Divarları kərpic, qapı-pəncərəsi, damı meşə ağaclarından tikilən o daxmanın içinə doldu ürəyim. İsindim bir anlıq, amma içimə dolan kin məni tez atdı evdən bayıra. Yenə uzaqdan tamaşa elədim onun yaşıl çəmənli, gül-çiçəkli həyətinə. Meşə ağaclarından düzəldilmiş hasar komanı köhnə rus evlərinə bənzədirdi. Dənlənən toyuqlara yaylığını öndən bağlayan bir qadın nəzarət eləsəydi, bir az o tərəfində də bir kişi odun yarsaydı hər şey tamam olardı. Kənddə ona bənzər başqa bi rev yox idi. Hasarın çölündə körpə palıd ağacı ucalmışdı, dibində isə, dərin həmdə məzarvari quyu qazılmışdı. Görünür sahibi incə bədənli, uca boylu idi. Yanında taxtadan yonulmuş hündür baş daşı da var idi. Üstündə bir cümlə "qadınımsan" yazılmışdı. Bir neçə addım o tərəfdə isə, iki uşaq, biri oğlan biri də qız, əl-ələ verib məzara doğru qaçırdılar. Bir yanda qazılmış məzar, digər yanda gül parçası kimi uşaqlar. Körpə palıd ağacı danışmağa başladı, səni sevirəm… Ürpəndim, oyanmaq istədim. Danışan ağacın sevgisindən qorxmurdum. Uşaqların o dərin quyuya yıxılacaqlarından qorxurdum, ancaq qışqırmağa səsim çatmırdı, bir əlim isə ölümün əlində idi. Məzara bircə addım qalmışdı ki, sübh əzanı oxundu!

Комментариев нет:

Отправить комментарий