Страницы

10.02.2014

Postmodern nağıl

Cavid Şükürov

Bu yazını Sənə yazıb özümə ağlamışam, Pamuk Prenses…
Salam, rüzgar saçlı qız, saçların bahar mehidi; ürəyimi titrədən. Sənin tufanlarla nə işin?! Üşüdər Səni, qarşını kəsib yolundan elər, yıxar... Tufanlardan qorun, Pamuk Prenses...
***
Sən mənim nağılımsan – yenidən yazacağım... 
Biri var idi, biri... Hamı vardı, Pamuk Prenses, hamı... Nağılımızda qaranlıq meşələr var, qaranlıq meşələrdə bilinməyən təhlükələr... Qorxulu cadugərlər, yalançı cırtdanlar... Var, Pamuk  Prenses, var...

Qaranlıq meşələrdə, qaranlıq gecələrdə dolaşma. Ay işığı yalançıdır, buludlara satar Sənin kölgəni. Ayı da boş ver, gözlərimə bax. Mayakın olar qaranlıqda. Bircə istə, bircə inan, Pamuk Prenses. Çıxma sarayından sən, pəncərələri ört üzü çölə, qaapıları qapa, küsülü uşaqlar kimi üz çevirsinlər səndən çölə tərəf. Hikkələrini pis adamlara çırpsınlar tappıltılarıyla.
Hər tac qoyan qadın kraliça deyil (hər ağ at minən şahzadə), aldanma tacının parıltısına, üzünün mehribanlığına inanma, gözlər yalan deyir, Pamuk Prenses. Sözlərə inan, sözlər aldatmaz – ilk sözlər səmimi olur. Adamların ilk təəssüratı həmişə doğruçudu, yaddan çıxarma... Qala bildiyincə sarayında qal. Sözlərinə inandığın adamlara  aç qapıları – ilk sözlərinə... 
Sarayından çıxdınsa, qaranlıq meşəyə üz tutdunsa, gizli daxmaya rast oldunsa ehtiyatlan bir az, cırtdanlara bel bağlama. Eləcə dilləri var özlərindən uzun. Qoruya bilməzlər Səni... Meşənin qalınlığı, cırtdanların çoxluğu əfsanədi həyatın yanında. Yox, əşi, həyatdan qorxub gizlənmə. Bacarmazsan heç. Həyatla mübarizə apar, onunla döyüş.  Ədalətə bel bağlama. O, yoxdu, heç olmayıb, ya da çoxdan ölüb özündən də xəbərsiz. Sən də ədalətli olma həyatla, Pamuk Prenses. Məsələn, həyatın üzünə gülüb kürəyinə xəncər sapla. Ölməyəcək, canı it canıdı. Amma yıxılacaq. Diz çökəcək qarşında. Həyata gülümsə, gülümsədiyin qədər döyüş, döyüşdüyün qədər ciddiyə alma. Həyat uzanan dırnaq qədər qeyri-ciddi bir şeydi. Dırnağı vaxtaşırı kəsirsən  ki, maneçilik törətməsin. Həyatı da eləcə, vaxtaşırı döyəcləməlisən...
Nağıla dönək, Pamuk  Prenses; həyat Səni yuxuya verən zəhərli almadı. Gözəldi, ətirlidi, şirəlidi, amma qəti yeməli deyil (xatırla Həvva da Adəmi almayla yoldan çıxarmışdı). Qoxlaya, oxşaya bilərsən, amma yeyə bilməzsən. Həyat həmişə boğazda qalan yağlı tikədi. Həyatı sev, həyatdan zövq al, amma qapdırma...
Həyat bankdan götürülən kreditdi, Pamuk Prenses. Nə qədər çox alsan, bir o qədər çox qaytararsan: həyatı əzizlə, oxşa, tamaşa elə, amma ələ götürmə. Bədəli ağırdı, Pamuk Prenses. 
Həyat leysandı. Sevdiyin yağış deyil. Bunun şimşəyi, göy gurultusu, Günəşi örtən buludları var... 
Həyat dəryadı, sakit durar. Amma coşsa, dünyanı qaraldar, Pamuk Prenses, kənar dayan.
Həyat nağıldı, Pamuk Prenses. Sonunda üç alma düşər. Amma şərtlər başqadı. Almaların bircəciyi də Sənə çatmaz. Gəl öz nağılımıza dönək. Nağıldakı saraya, saraydakı qülləyə qayıdaq. Hüzur olsun, sevgi olsun, ən əsası Sən ol. Nağıllarda hər şey yaxşı bitir. Xoşbəxt sonluqlar var. Heç olmasa, sonda düşən üç almadan biri dinləyənə, biri danışana çatır: dinləyən Sən, danışan mən... Bu qalan sonuncu alma da BİZİM olsun, yarısı Sənin, yarısı mənim, Pamuk Prenses...

Комментариев нет:

Отправить комментарий