Страницы

15.02.2014

Qarışıq mətləblər

Günel Eyvazlı

Dünyada hörmət edilən, öz statusu ilə diqqət çəkən xalqlar var. Bir Yapon adı kifayət edər ki, bir Alman adı kifayət edər ki, özü-özlüyündə anlam və informasiya daşıyacaq. Kənar izahata, xəritəyə, Kaspian Sea, Oil, Republic of the Soviet Union deməyə ehtiyac qalmayacaq. 

Demək, zurna-balabanla, dəflə, nağara ilə vəsf etdiyimiz yeraltı və yerüstü sərvətlər, bir xalqı xarakterizə etmək üçün çox acizdir. İşdə məsələdə burasındadır.
Türkiyədə mağaza qapılarına iri şriflərlə, hətta kirayə, əməkdaşlıq, satıcılıq arzusunda olan bir sahibkar, satıcı və ya nəbilim nə “Lütfən Azəri olmasın” yazır. Nədən əcaba?
Nədən bütün Qafqaz xalqları Rusiyada rahat alver etdikləri halda, biz Azərbaycanlıları gözüm-çıxdıya salırlar? Niyə balaca bir məqam yetir ki, oğrudur, yalançıdır, dələduzdur deyib qazamata salırlar? Nədir səbəb?
Nə oldu, bütün dünyanın gözü bizləri götürmürmü? Nə veriblər ki, ala bilmirlər?
Səbəb çox aydındır. Biz millət olaraq bir-birimizə hörmət etmirik. Biz əslində bir-birimizi sevmirik. Məhz bu səbəbdən kollektivçilik, qrup anlayışı, birləşmək, birgə hərəkət etmək, bir hədəfə vurmaq kimi anlayışlar yaddaş kartımızda yoxdur. İdeologiyalara, müxtəlif fikirlərə parçalanma göz qabağındadır. Əhalisi 9 milyona çatan balaca bir ölkənin bu qədər partiyası, bu qədər qrupları kimə lazımdır? Nəyə lazımdır? Çünki hər kəs öz odasında, öz kreslosunda əyləşmək istəyir. Çünki hər kəs ayrılıqda lider olmaq istəyir. Mən, mən... 
Bir neçə gün öncə Sumqayt şəhərində yanan Ticarət Mərkəzinin səhəri günü küçələrə tökülən, ticarət mərkəzi ilə heç bir əlaqəsi olmayan göyərti satanının, göyərtini qızıl qiymətinə qaldırması. Alıcılarla, xonza kimi danışması, hansı mədəniyyətə, hansı mənəviyyata sığır? Lap elə mağazalardan söz düşmüşkən, satıcıların, alıcılarla “Alırsan al, almırsan alma” kimi mədəniyyətsiz ifadələri, hansı mədəniyyətə sığır? Toylarda yeməyi, qalaq-qalaq israf edən  kəslərin mədəniyyəti hansı çərçivəyə sığışır? Maaş zamanı məhdud, (qeyd edim ki, ziyalılar da belədir) tez-tez xarab olan bankomatlar önündə növbə gözləməyən, bir-birlərinə ağızlarına gələni deyənlərin mədəniyyəti hansı çərçivəyə sığır? Haralısan deyib, sonra sözə başlayan bizik, biz.
Nədən ziyalılarımız, alimlərimiz olduğu halda dünya bizi  alverçi kimi tanıdı?
Hətta Rusiya səhnələrində də bazar adamı obrazını yaradıb, özümüzə güldük. Həmdə necə bazar adamı. Yalançı, kobud, fırıldaqçı və.s. Deməyin ki, erməni, gürcünün dini xristian olduğundan Rusiya onları öpüb gözünün üstündə saxlayır. Əsla. Bəs tatarı, türkməni, özbəyi necə? Demək ki, hardasa bir boşluq var, nədənsə biz kənarda özümüzü doğru, dürüst tanıtmamışıq. (qeyd edim ki, hər bir fərd Azərbaycandır).
Yeni orfoepiya kitablarında, məktəb sözünün deyilişi Məytəfdir deyibən dilimizi zibilxanaya döndərdik. Ədəbiyyatımızı - yataq səhnələrini, ədəbi çərçivədə deyil, öz yaşadıqları əxlaqsız həyat tərzini nümayiş etdirməklə ləkələdik. Benzinin içirisinə qatqı  qataraq, öz millətimizi satdıq. İranda küçəyə tökülən, vaxtı keçmiş ərzaq məhsullarının son istehsal tarixini dəyişərək vitrinlərə gətirməklə, özümüzü zəhərlədik. Kəsmik yemə, təbaşirdi, ət yemə, su içmə, daha nə, nə... Bunu biz özümüz, özümüzə etdik. Heç acımadıq millətimizin halına.
Sözlərimdən inciməsinlər, 20 ildən çoxdur ki, qaçqınlıq, məcburi köçgünlük statusu ilə yaşayan, dövlət tərəfindən imtiyazlar alan, çörək pulu alan Azərbaycanlıların, niyə yükünü qaçqın olmayan kütlə çəkməlidir? Axı bu statusu daşıyanlar da işləyir. Məgər dövlət tərəfindən imtiyazlara layiq görülmək üçün qaçqınmı olmaq gərəkdir?(Niyə yeni doğulan Azərbaycanlılar uşaq pulu ilə təmin edilmir?) Məncə 20 il qaçqınlıq olmaz. Məncə qanun hamıya şamil edilməlidir. (Əlbəttə onlar arasında ehtiyacı olanlara müavinətlər verilməlidir, iş-güc adamlarına, mağaza, post sahiblərinə deyil). O zaman kommunal xidmətlərin qiyməti də aşağı düşəcək. Şəhid və əlil ailələrinə bu imtiyazların verilməsi haradasa başa düşüləndir, amma, müəyyən postlarda oturan məcburi köçkünlərin və qaçqınların bu statusa yiyələnməsi, imtiyazlardan istifadəsi nə dərəcədə doğrudur? (Mən xalqı iki qismə bölmürəm. Sadəcə söhbət konkret olaraq qaçqınlara verilən imtiyazlardan gedirsə).
Bir qrup şəxsə bu üstünlüklərin verilməsindənsə, pensionerlərə, onları ay boyunca dolandıra biləcək, dərmanına, səhhətinə, can sağlığına yetəcək qədər pensiya kəsilsin.
Tərəzinin bir qolu yüngül olduqda, ağırlıq digər qoluna düşür. Belə olduğu halda tarazlıqdan, bərabərlikdən söz gedə bilməz! Belə olduğu halda Azərbaycan birliyindən danışmaq belə əbəsdir.
Demək, özümüzü tərbiyə etməsək, bir-birimizlə anlayışlı olmasaq, heç kənar dövlətlər də bizə hörmət etməyəcək. 
Hardan başlayır anlayışlı olmaq? Bax elə təhsildən, ailədən, dindən.
Niyə məscid dedikdə, yalnız kimsə ölərkən yumağa apardığımız məkan yada düşür? Niyə kilsələrdə dindarlar əhali ilə müəyyən zamanlarda toplaşıb mənəvi söhbətlər etdiyi halda, Azərbaycan dindarı ölüyə yer satmaqla məşğuldur?
Abilər, ablalar, biz elementar olaraq bir-birimizlə söhbət etməyi bacarmırıq.
Azərbaycanda ünsiyyət problemi var. Məscidə yalnız namaz qılanlar getməməlidir.( Getməməlidir dedikdə, vəziyyət elə olmalıdır ki, xalq məscidə getməyə lüzum bilməlidir. Amma, bu vaxta qədər kitaba sevgi yarada bilməmişiksə, məsələnin bərbad olması göz qabağındadır) Mollalarımız ziyalı olmalıdır. İki kəlmə sözlə əxlaqı, mənəvi zənginliyi aşılamalıdır. Mollalar yalnız saqqal uzatmağı, baş bağlamağı öyrətməməlidir. (Qeyd edim ki, bu boşluqdan şarlatanlar çox yaxşı istifadə edirlər. Hələ TV kanallarda gedən şeytan reklamlarından danışmıram)
Eh, bir məqaləyə sığmayan o qədər mətləblər var ki, dilənçi müəllim, dilənçi həkim misalında...
Demək, hündür binalar, yeraltı, yerüstü körpülər, qara neft, mərmər döşəmələr, fontanlar, ən uca bayraq dirəyi, peyk -  Azərbaycanlı adına, dünya xalqlarının nəzərində layiqli qiymətini vermək üçün çox acizdir. Çox aciz.
Alman dedikdə - dəqiqlik. Yapon dedikdə - dürüstlük nəzərdə tutulur. 
(Qeyd: Türk dedikdə, pis-yaxşı yaradılan Polad Alemdar obrazı göz önünə gəlir. Hər xalq qonradma olsa da özü üçün qəhrəman yaradıb. Azərbaycanın qəhrəmanı hələ də Nəsimi, Babəkdirmi? Yoxsa “Həm ziyarət, həm ticarət” filmində yazıq müəllimi aldadan, Türkiyədə çalışan biznesmen obrazımı? Yenə də alverçi...)
Əcabə Azərbaycanlı dedikdə ilk öncə ağlınıza nə gəldi?

Комментариев нет:

Отправить комментарий