Страницы

14.03.2014

KAPİTALİZM: BÖHRANDAN SÜQUTA DOĞRU

Azərbaycan Kommunist Partiyasının üzvü Ədalət Abdinovun fikrincə, sovet dövlətinin əsas əlaməti onun suverenliyi idi. SSRİ ərazisinin bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə müdaxilə edilməməsi kimi fundamental prinsiplər onun dövlət suverenliyində öz təsdiqini tapırdı. Bu dövlət hüquqi, siyasi, iqtisadi, social, mədəni – tərbiyəvi və xarici funksiyaları müvəffəqiyyətlə yerinə yetirirdi. Çünki tam, mükəmməl, bitgin elm olan marksizm-leninizm təlimi onun hərəkətverici qüvvəsi idi. 

XXI əsrin əvvəli xalq əmlakını qeyri-qanuni özəlləşdirən saxta burjuaziya titulu qazanan dələduz iri mülkiyyətçilər əsri kimi tarixə düşdü. Bu əsrin əvvəlinin müxtəlif bic adı olsa da, ancaq onun familiyası birdir: iyrənc kapitalizm. 
SSRİ-nin ərazisində yaşayan sadə insanlar sinfi və milli zülmün bütün növlərinə son qoymağı, ictimai münasibətləri ədalət prinsipləri üzərində yenidən qurmağı, ölkələrində Sülhün, Əməyin, Azadlığın, xalqlar üçün Bərabərliyin, Qardaşlığın Səadətin nəcib ideallarının bərqərar edilməsini tələb edirlər.
Kapitalizmdən sosializmə keçmək – dövrümüzün başlıca mənasını, əsas məzmununu təşkil edir. 
Russo deyirdi: “Azadlıq – bərabərlik olmadan yaşaya bilməz”. Dövlət büdcəsini fırıldaq yollarla gəmirmək, dağıtmaq, zəifin mülkünü ələ keçirib özünküləşdirmək, hətta xalqı öz təbii sərvətlərindən (meşələr, göllər, dəniz çimərlikləri və s.) məhrum edib xüsusiləşdirmək saxta burjua Azərbaycanında cərəyan edən ictimai prosesin mənasını ifadə edir. Xüsusi mülkiyyət sahiblərinin əxlaqsız davranışı cəmiyyətdə yeni ictimai münasibətləri bərqərar etməyi tələbata çevirir. Cəmiyyətin yenidən qurulması kimi çox mühüm tarixi prosesdə Azərbaycan kommunistləri xüsusi yer tutur, işıqlı sosializmə doğru gedən yolda uğurlu addımlar atırlar. 
Bu yolda onlar marksizm-leninizm təlimini rəhbər tuturlar. Bəs marksizm – leninizmin gücü nədədir? Ondadır ki, bu təlim gerçəkliyi əks etdirir, adamları dünyanın inkiışaf qanunlarını bilmək və fəaliyyətlərində obyektiv şəraiti nəzrə almaqla onları tətbiq etmək silahı ilə silahlandırır, insanlara onların həyat, əmək və mübarizəsinin mənasını aydın göstərir. Səadətə və tərəqqiyə doğru gedən yeganə düzgün yolu göstərən marksizm-leninizm təlimi kommunizmin nəzəri təməlidir. Xilas yolumuz olan marksizim-leninizm həm də son dərəcə yaradıcı bir elmdir. 
Proletariatın dahi rəhbəri V.İ.Lenin yazırdı ki, marksizm ehkam deyil, hərəkət üçün rəhbərlikdir. Bu təlimin tərəfdarları ildən-ilə çoxalır, bütün zəhmətkeş bəşəriyyət bu təlimin mübariz bayraqları altında toplaşır. Vəzifə isə bu qalib nəzəriyyənin mahiyyətini dərin dərk etməkdən, yaradıcılıqla düşünməyi öyrənməkdən, əldə edilmiş bilikləri ictimai fəaliyyətdə tətbiq etməyi bacarmaqdan ibarətdir. Bu qüdrətli elmin nəzəri biliklərini əməli fəaliyyətimizlə əlaqələndirməyin vaxtıdır. 
Marksizim – leninizm fəlsəfəsinin və siyasi iqtisadının əsas müddəaları: aləmin maddiliyi və onun dərk edilə biləcəyi haqqında, cəmiyyət və onun dərk edilə biləcəyi haqqında müddəalar bu gün zəruriyyətə çevrilib. Ölkədə çoxluq təşkil edən yoxsullar, işsizlər, səfillər, varlılara nökərçilik edənlər bilməlidirlər ki, bizim sosialist inqilabı və proletariat diktaturası haqqında, Kommunist Partiyasının rəhbər rolu haqqında mükəmməl təlimimiz, sovet sosialist cəmiyyətində və dünya sosializm sistemində mövcud olmuş uğulu təcrübəmiz var. Marksizm baniləri ictimai fikirdə inqilab etdilər və dünyanı yenidən qurub dəyişdirmək üçün zəhmətkeşləri qüdrətli ideya silahı ilə silahlandırdılar. Bu gün hər kəs düşmənimiz burjuaziyaya qarşı həmin silahdan sərrast istifadə etməyi bacarmalıdır. 
Amansız istismar boyunduruğu altında inləyən xalqın böyük hissəsi mütərəqqi ictimai qurluş olan sovet dönəmindəki xoş günlərini şirin arzularla xatırlayır və cəmiyyət tarixinin bu günkü məkrli mərhələsi ilə barışmır. Xalq sovet dönəmində faydasını gördüyü fəlsəfi sistemlərə, iqtisadi nəzəriyyələrə qayıtmaq istəyir və ədalətin gələcək təntənəsini bunlarda görür. 
Kapitalizmin asılı olduğu iqtisadiyyat ictimai həyatda həlledici rol oynayır. İqtisadiyyatdakı amansız rəqabət istismar qurluşu olan kapitalizmin Marksın təbirincə desək, qəbirqazanını – mülkiyyətdən məhrum edilmiş işçi sinifini yaradıb. Qabaqcıl ictimai fikir praktikasının tələbatını ifadə edən və yeni dünyagörüşə malik olan bu sinif, indi açıq mübarızəyə başlayıb. Kapitalizm məhvə məhkumdur. Marksizm-leninizm bizə istismardan azad olan ideal cəmiyyət qurmagın yollarını aydın göstərir. İstismarçılara son qoymaq üçün cəmiyyət, həm də maariflənməlidir. 
Təbiətin, cəmiyyətin və idrakın ümumu inkiışaf qanunları haqqında elmə – marksizm fəlsəfəsinə bu gün böyük ehtiyac yaranıb. Çünki marksizm nəzəriyyəsi cəmiyyətin sosializm prinsipləri əsasında yenidən qurmaq yollarını göstərərkən aləmin elmi surətdə başa düşülməsini əsas götürür. 
İstismarçı burjuaziyanın hazırda digər mütərəqqi ictimai quruluşa – xalq hakimiyyəti olan sosiailizmə məğlub olma prosesi başlanmışdır. Təbii ki, bu prosesdə ən mühüm yeri ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin ərazisində qeyri-təbii yollarla meydana gələn iqtisadi münasibətlər tutur. Bu münasibətlərin zəhmətkeşlərin mənafeyinə uyğun dəyişdirməkdə marksizmin çox mühüm tərkib hissəsi olan siyasi iqtisad elmi misilsiz rol oynayır. 
İstehsal vasitələrindən məhrum edilmiş proletariat və onunla birlikdə burıuaziyanın istismar və əsarətinə məruz qalan cəmiyyətin digər sinif və təbəqələri onlara xidmət edən ədalətli sosializm cəmiyyətinin meydana gəlməsi və inkişaf etməsi yollarını göstərən marksizm fəlsəfəsinə və marksist siyasi iqtisadına əsaslanan mükəmməl elmi kommunizm nəzəriyyəsinə malikdirlər. Bir sözlə, zəhmətkeşlər sinifi mübarizə yolunda əbədi məşəl oan marksizm – təbiət və cəmiyyətin ümumi inkişaf qanunları haqqında, sosialist inqilabının qələbəsi haqqında, sosializm və kommunizm qurmaq yolları haqqında elmi baxışların mükəmməl sistemdir. 
Marksizm yaradıcı, daim inkişaf edən təlimdir. Bu günün ictimai inkişaf təcrübəsi, elmin yeni nailiyyətləri marksizm nəzəriyyəsinin prinsiplərini daha da zənginləşdirir. Marksizm yaradıcı, daim inkişaf edən təlimdir. Müasir kommunist hərəkatı ictimai fikir xəzinəsində köhnəlmiş müddəaları və formulaları cəsarətlə kənara ataraq, marksizm-leninizm təlimini, yeni tarixi şəraiti özündə əks etdirən yeni ideyalarla zənginləşdirirlər. 
Sosializm ilə kapitalizm arasında qüvvələr nisbəti birincinin xeyrinə dəyişir. Sosializmin qələbəsi labüddür. Bunun üçün beynəlxalq və yerli kommunist hərəkatı zəngin təcrübəyə malikdir. Kommunist hərəkatı ictimai həyatın saysız-hesabsız hadisələri və faktları arasındakı qanunauyğun əlaqəni müəyyən etməyə və ictimai hadisələrin mürəkkəb kələfini açıb, bu hadisələrin ən mühümünü və ən vacibini göstərməyə imkan verən tarixi materializm kimi marksizm təliminə malikdir. 
Burjua cəmiyyətində kapitalistlər proletariatı və əhalinin digər yoxsul təbəqələrini istismar edirlər, hakimiyyət zahirən mədəni görünən bu quldurların əlindədir, onlar həyatın bütün nümətlərindən feyz alırlar. Əlbəttə ki, kapitalistlər mövcud qurluşdan pazı olacaqlar, bu quruluşu yüksək ədalət nümunəsi hesab edəcəklər. Belə dözülməz şəraitdə mülkiyyətdən məhrum edilmiş işçi sinifinin vəziyyəti isə ağırdır. Onlar yaşamaq naminə qan-tər içində kapitalistlərə işləməyə məcburdurlar. İctimai inkişafın əsası insanların şürunda deyil, onların ictimai varlığında, maddi nemətlər istehsalının inkişafındadır. 
Deməli, cəmiyyətin maddi həyatı, ictimai varlıq birincidir, ictimai şüur isə ikincidir, törəmədir. Digər tərəfdən də ictimai varlığın cəmiyyətdə hansı ideyaların və nəzəriyyələrin movcud olmasından asılı olmayaraq, öz obyektiv qanunları vardır. Təbii ki, adamların həyat tərzi necədirsə, düşüncə tərzi də elədir. Bu da o deməkdir ki, kapitalistlər ilə proletariat və digər zəhmətkeşlərin baxışları arasında ziddiyyətlər onların cəmiyyətdəki mənafelərinin müxtəlifliyi ilə, onların maddi həyat şəraiti ilə izah edilir. 
İstehsal vasitələri üzərində xüsusi mülkiyyət istismar münasibətləri törədir. Bu günkü istismar cəmiyyətində istehsal vasitələri cüzi azlıq təşkil edən istismarçıların əlindədir. Sosializmə keçərkən istehsal prosesində adamların qarşılıqlı münasibəti dəyişiləcək: onların arasında əməkdaşlıq münasibəti yaranacaq, maddi nemətlər isə əməyə görə bölüşdürüləcək. Çünki sosializmdə əsas istehsal vasitələri bütün cəmiyyətindir və bu təcrübə bir dəfə öz uğurlu nəticəsini göstərmişdir. Bununla da istehsal münasibətləri istehsal vasitələrinin kimə məxsus olması ilə, yəni mülkiyyət münasibətləri ilə aydın müəyyənləşir. Qeyd etdiyim kimi kapitalizmdə istehsal vasitələri kapitalistlərin əlindədir. İşçisi hüquqi cəhətdən azad olmasına baxmayaraq o, istehsal vasitələrindən məhpum edilmişdir və buna görə də öz iş qüvvəsini kapitalistə satmaq məcburiyyətindədir.
İstismar olunan sinif bu haqsızlıqla barışmır və Kommunist Partiyaların sıralarında birləşərək hüquqları uğrunda mübarizə aparırlar. Bununla yanaşı kapitalizmin doğurduğu kəskin ziddiyyətlər özünü böhranlarda, işsizliyin artmasında, müharibələrdə, məhsuldar qüvvələrin dağılmasında göstərir. Buna görə də sosialist istehsal üsuluna keçməyin labüdlüyü meydana gəlir. Bunu kapitalizmin beşiyi olan ABŞ-da da anlayırlar. Çünki qlobal iqtisadi böhranın məngənəsində sıxılan kapitalizm social partlayışlar və inqilablar ərəfəsindədir. Kapitalist ölkələrində iqtisadiyyata sərt dövlət müdaxiləsini nəzərdə tutan tədbirlər də effekt vermir. 
ABŞ prezidenti Barak Obamanın iqtisadiyyat üzrə müşaviri, Nobel mükafatı laureatı Pol Volker Nyu-Yorkdakı Kolumbiya universitetində təşkil edilən yarıqapalı konfransda səmimi şəkildə etiraf edib ki, böhrandan necə çıxmaq barədə bütün nəzəriyyələr şübhəldir və şəxsən o özü necə hərəkət etmək lazım gəldiyini bilmir. Bəzi ekspertlər isə deyiblər ki, kapitalizm sisteminin çökməsi artıq qaçılmazdır və vəziyyətdən çıxış yolu kimi sosializm, idarə olunan iqtisadiyyat nəzəriyyələri kara gələ bilər.
Konfrans zamanı kommunizmin banisi Karl Marksdan dəfələrlə sitatlar gətirilib. Çıxış edənlərin əksəriyyəti Qərb ölkələrini iri bankları milliləşdirməyə çağırıblar. “Kapitalizm və cəmiyyət” mərkəzinin direktoru Edmund Felps deyib ki, bunu etmədən bank sisteminə etimadı heç cür bərpa etmək mümkün olmayacaq. Göründüyü kimi artıq burıyaziya da iqtisadi böhrandan çıxş yolunu planlı təsərrüfat sistemində – sosializmdə görür. Gələcək sosializmindir. Bəşəriyyətin başqa inkişaf yolu yoxdur.

Ədalət Abdinov, Azərbaycan Kommunist Partiyasının üzvü           realtv.az

Комментариев нет:

Отправить комментарий