Страницы

17.04.2014

Ağ adamın qara günə saldığı qitə

İlkin Məmmədov

Bu dəfəki araşdırma yazım Qərb ölkələrinin müstəmləkə siyasətinə məruz qalmış Afrika barədədir. Afrikanın hansı səbəblərdən müstəmləkəyə çevrilməsi, siyasi, ekoloji, iqtisadi vəziyyət və quldarlıq mövzusuna toxunacağam.
Müstəmləkəçilik tarixinin bariz nümunəsi Afrika qitəsidir. Bu qitə uzun müddət daxili qarşıdurmaların, etnik çaxnaşmaların, irqçiliyin, iqtisadi və ekoloji problemlərin girdabında qərq olmuşdur. Bu gün dünyada Afrika qitəsi barədə hazırlanan teleproqramlar və araşdırmaların çoxu müstəmləkəçilərin xeyrinə hazırlanmışdır.
Təbii resurslar cəhətdən zəngin olmasına baxmayaraq, imperialist siyasi oyunlar və iqtisadi böhranlar nəticəsində bu təbii resursları istifadəyə yararsız hala gəlmiş Afrika ölkələri sənayeləşmə prosesində müvəffəq ola bilməmiş, ölkədaxili sərmayə dövriyyəsini tam şəkildə reallaşdırmamış və bununla da təhsil və səhiyyə sahəsində təməl sektorlara investisiya qoya bilməmişdir.

19-cu əsrdə “Qaranlıq qitə” olaraq adlandırılan Afrika qitəsi, xüsusilə daxili bölgələrin gec kəşf olunması səbəbi ilə inkişaf etmiş cəmiyyətlərin zehnində bu terminlə yad edilmişdir. Ucuz işçi qüvvəsi, bol təbii resursları və məhsuldar torpaqları olmasına görə Afrika qitəsi 19-cu əsrdə müstəmləkəçi dövlətlərin diqqətini cəlb etmişdir. Başda İngiltərə olmaqla, Fransa, İspaniya, Niderland, Almaniya, İtaliya və Belçika kimi Avropa ölkələrinin siyasi, iqtisadi və yaxud sosial həyata müdaxilələri müstəmləkəçilik dövrünün bünövrəsini meydana gətirməkdə idi.
Bunu da qeyd edim ki, "qul ticarəti" ingilislər tərəfindən müstəmləkəçilik dövründən də əvvəl qurulmuşdur. Avropada orta əsrlər dövrü bitdiyi zaman, Afrikada “qul ticarəti” dövrü fəaliyyətə başlamışdır. Beynəlxalq kölə ticarətinin rəhbərliyini edən İngiltərə, Amerika Birləşmiş Ştatlarında kölə ticarəti qurmağı bacarmış və orada qullara olan tələbatı ödəməyə müvəffəq olmuşdur. Ən çox da feodal sistemin üstünlük təşkil etdiyi və böyük torpaqlara sahib olan, yalnız əkinçi problemi yaşayan cənubda yerləşən ştatlarda buna müvəffəq olmuşdur.
Bu, ötən əsrdəki kak-klus-klançılığın və bu gün də ABŞ-da hökm sürən qara dərili insanlara qarşı irqçiliyin bünövrəsi sayılır.
Eyni zamanda ABŞ-dan qovulan və Afrika qitəsinə qayıdan kölələr yerli əhali tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Onların bir çoxunun ölkələrinə daxil olmasına icazə verilməyib. Bu hadisə Afrika qitəsində daxili qarşıdurmalara səbəb olmuşdur.
Daxili qarışıqlıq və ayrı-seçkiliklərin başqa bir səbəbi də afrikalı yerli tacirlərin kölə ticarətinin gətirdiyi maddi qazancın nə dərəcə böyük olduğunu görmələri və nəticədə öz insanlarını xaricilərə satışa çıxarmağa başlamalarıdır.
Afrikanın ən əhəmiyyətli xüsusiyyəti olan, altmışıncı illərdə belə "Qara qitə" termini ilə adlandırılmasına gətirib çıxaran vətəndaş müharibələri, etnik, dini ayrı-seçkiliklər, iqtisadi, sosial və siyasi problemlər, avropalı missionerlərin Afrikanın daxilinə nüfuzu və qul ticarəti ilə müstəmləkəçiliyi başlatmaları nəticəsində ortaya çıxmışdır. XIX əsrə qədər üstünlüyünü davam etdirən kölə ticarəti, sonradan sərmayəsi olan işçi qüvvəsini itirən, sərmayəni pula çevirə bilməyən və kapitalizm qədər məhsuldar ola bilməyən bir sistemə çevrilmişdir.
Sənaye inqilabının da yaşanması ilə xammal axtarışına yönələn Avropa, təbii resurs üçün Afrikaya missioner göndərməyə əhəmiyyət vermişdir.
Hər nə qədər missionerlərin Afrikaya göndərilmə məqsədi bölgənin coğrafiyasının, mədəniyyətinin, ictimai və iqtisadi həyatının istismara açıq olub-olmadığının araşdırılması olsa da, bu axın bütün dünyaya "qara irqi öyrətmək və əhlilləşdirmək üçün buradayıq" şəklində tanıdılmışdır.
Keniyanın ilk dövlət başçısı Como Kenyattanın avropalı missionerlər haqda dediyi bu tarixi ifadələr məsələnin dəqiq təsbitinə kömək edir: “Avropalılar gələndə bizim əlimizdə torpaqlarımız, onların əlində isə İncil var idi. Bizə gözlərimizi yumub dua etməyi öyrətdilər. Gözümüzü açdıqda isə İncil bizim əlimizdə, torpaqlarımız isə onlarda idi”.
Müstəmləkəçiliyin təməllərini meydana gətirən bu hadisələr nəticəsində Avropa ölkələri məhsuldar torpaqlara, xammal baxımından zəngin və ticarət limanı üçün əlverişli sahələrə sahib olan Afrika qitəsi üzərində bir müddət rəqabət etdikdən sonra, bu torpaqları öz mənfəətləri istiqamətində, qitənin daxili dini, etnik, mədəni cəhətlərini və ya sosial quruluşunu gözardı edəcək şəkildə paylaşma qərarı alır və prioriteti iqtisadi istismar olan öz şirkətlərini qurmağa başlayırlar.
Avropalıların qurduğu şirkətlər xammalı mənimsəyərək ticarətlə məşğul olurdu. Hökumət boşluğu yaşayan, güclü bir idarəçiliyin olmadığı Afrika ölkələrində rəqabətdə olan xarici şirkətlər işçilərinə nə iqtisadi, nə də səhiyyə cəhətdən heç bir zəmanət vədi vermirdilər.
Kölə ticarətindən bu günə qədər vətəndaş müharibəsi, dini və etnik ayrı seçkiliklə öz daxilində ixtilaflarla mübarizə, Afrika cəmiyyətində özünüdərkin, kollektiv müqavimətçiliyin inkişaf etməməsi, Avropa müstəmləkəçiliyinə etirazın yalnız lokal, regional mənada olmasına gətirib çıxarmışdı.
Kölə ticarətinin xərclərinin artması, texniki inkişaf nəticəsində tələbatın azalması, Fransız qiyamının təsirləri və köləliyə qarşı mənfi fikirlər bu ticarətin sonunu gətirir. Amma bu, sadəcə olaraq müstəmləkəçiliyin bir formadan başqa formaya keçməsi idi. Yəni qanuni müstəmləkəçilik Afrikada daha da dərin kök atmaqla avropalıların buradakı istismarını asanlaşdırmalı idi.
Yerli müqavimət hərəkatları ilə qarşı-qarşıya qalan Avropa, onsuz da öz içində bölünmüş olan bir qitəni 1884-cü ildə Berlin Konfransı ilə kağız üzərində də bölərək iqtisadi istismarı siyasi səhnədə də reallaşdırmışdır.
Kəndləri elə bölürdülər ki, hətta bəzən bir evin yarısı ingilis, digər yarısı isə fransız müstəmləkəsi ərazisi olurdu. Qəbilə həyatını, dini, etnik quruluşu heçə sayaraq, qitə üzərində çəkilən yeni sərhədlər, əsrlərdən bəri ortaq bir mədəniyyəti paylaşan insanları bölmüş, bu insanların fərqli mədəniyyətlərə adaptasiya olmalarına (daha doğrusu assimilyasiya olmasına) səbəb olmuş və beləcə daxili münaqişələri alovlandırmış, Avropa müstəmləkəçiliyinə qarşı yaranan birlik cəhdlərini də zədələmişdir.
Berlin Konfransı ilə həyata keçirilən siyasi istismar anlayışı, yerli nüfuz boşluğunda olan Afrika ölkələrində siyasi rəhbərliyin də ələ keçirilməsinə kömək etmişdir. Xüsusilə, Hollandiyadan köç edən mühacirlər, iqtisadi fəaliyyətdən əlavə, yerləşdikləri ölkələrin rəhbərliyində də hegemon olmuşdular. Onlar “afrikaner” adlandırılırdılar və Flamandriya ləhcəsində danışırdılar.
Məsələn, XVI əsrin sonları - XVII əsrin əvvəllərində Cənubi Afrikaya köç etməyə başlayan avropalı mühacirlər, iqtisadiyyatı inkişaf etdirmək adı ilə öz siyasi fəaliyyətlərini də genişləndirmiş və əldə edilən iqtisadi gücün də köməyi ilə bölgə siyasəti üzərində üstünlük təşkil etmişdilər. Bu üstünlük irəliləyən zamanda irqçiliyin artmasına da gətirib çıxarmışdı. Cənubi Afrikada ağ mühacirlər o qədər təsirli bir mövqe tuturdular ki, qara əhali siyasət sahələrindən tutmuş səhiyyə və təhsil xidmətlərinə qədər təcrid olunmuşdular.
İrqçiliyi daha da alovlandıran bir başqa hadisə isə, ağdərili sakinlər arasında az sayda qadının olması idi. Beləliklə, yerli xalqla edilən evliliklər artmağa başlamışdı. Bu evliliklər nəticəsində ortaya çıxan mulat irqi, ağ və qara əhali arasında davam edən irqçilik problemində yerini almışdır. Belə ki, hökumət siyasətinə görə bəzən ağ, bəzən də qara əhaliyə daxil edilən mulatlar Cənubi Afrikadakı irqçiliyin ən bariz nümunəsidir. Ağ mühacirlərin istismar və ayrı-seçkiliyi "Aperteid" rejimi adı verilən irqçi bir sistemi meydana gətirmişdi. Həyatın hər sahəsində ağ dərili əhalinin qaydalarına uyğunlaşmağa məcbur edilən yerli xalq, müstəqilliyini 1994-cü ildə Nelson Mandelanın liderliyində əldə etmiş olsa da, indiki vaxtda belə iqtisadiyyatın mühüm sahələrində - bankçılıqda, sənayedə ağ irqə qarşı üstünlüyünü əldə edə bilməmişdir. Cənubi Afrikada meydana gələn müstəqillik mübarizəsi bütün qitəyə yayılmış, lakin avropalıların və ABŞ-ın müdaxiləsi ilə birləşmiş müqavimət cəbhəsi meydana gəlməmiş, zədələnmişdir.
Fransız müstəmləkəsi halına gətirilən Afrika ölkələrində Fransız milliyyətçiliyi, dini, dili, təhsili və ictimai həyatı təlqin edilmiş və bu yolla yerli xalqın milli, mədəni mənliyinə zərbə vurulmuşdur.
Digər tərəfdən, Fransanın bu mövqe ilə uzun zaman müvəffəq ola bilməyəcəyini düşünən İngiltərə, müstəmləkələrində daha mülayim bir rəhbərlik formasını tətbiq etmiş və xalqın dəstəyini ala bilmək üçün yerli liderləri öz tərəfinə çəkmişdir.
Bu yolla yerli xalq ilə əməkdaşlığa gedən İngiltərə, bölgədə uzun müddətli bir siyasi və iqtisadi fəaliyyətə başlamışdır. İngilis müstəmləkəsi halına gələn bir çox Afrika ölkəsi müstəqilliyini əldə etməsinə baxmayaraq, incə, dəqiq və hiyləgər siyasət nəticəsində Birləşmiş Krallığa sadiq qalmışdır. 
Millət anlayışının inkişaf etmədiyi Afrikada, vətəndaş müharibələrinin artımı hərbi çevrilişləri, ya da avtoritar tək partiya rejimlərini meydana gətirmişdir. Bu illər ərzində dövlətçiliyin, elmi və mədəni nailiyyətlərin güclənməsi əvəzinə, rüşvət və korrupsiya daha ön plana çıxmışdır. 
Avropanın istismarı nəticəsində nə iqtisadi, nə də siyasi mənada özlərini inkişaf etdirmək şansını əldə edə bilməyən Afrika ölkələri, soyuq müharibə zamanında isə ABŞ və SSRİ tərəfindən mənfi istiqamətdə təsirlərə məruz qalmışdır. 
Gerçək demokratiya təcrübəsi yaşaya bilməyən Afrika xalqları, XX əsrin sonlarında etnik, dini ayrı-seçkilikdən, maddi mənimsəmə və istismardan yorulmuş, azadlıq, ədalət, sabitlik və rifah axtarışına yönəlmişdir. 
Beləcə, qitənin bir neçə ölkəsində güclü xalq hərəkatları həmin ölkələrin rəhbərliklərini bəzi hallarda devirmiş, bəzi hallarda isə onları yumşalmaya, islahatlara, güzəştlərə getməyə məcbur etmişdir.

islamazeri.az




Комментариев нет:

Отправить комментарий