Страницы

12.04.2014

Çağdaş tariximizi kimlər yazmaq istəyir?

Səhv düşəndə yerimiz və yaxud tarixi saxtalaşdırmaq istəyənlərin marağı nədir?

Elə günlər var ki, bizə qəm, kədər, xəcalət gətirsə də hər il xatırlamalı və həmin günlərdə  baş verənlərdən ibrət götürməyə çalışmalıyıq. Xüsusi ilə torpaqlarımızın erməni-rus birliyi tərəfindən işğal oluduğu günləri heç unutmamalı, həmin günlərdə düşmənlərimizdən qisasımızı necə alacağımız barədə ətraflı düşünməyi müqəddəs borcumuz bilməliyik.
Etiraf edirəm ki, ölkə telekanalları bu yönümdə müxtəlif təbliğat işləri aparmağa çalışırlar. İşləri həmişə təqdirəlayiq olmasa da...
ANS telekanalı çağdaş tariximizin bəzi gizli məqamlarını üzə çıxarmaqda kifayət qədər fəal görünür. Düzdür, bəzən çağdaş tariximiz barədə dialoqlara elə şəxslər dəvət edilir ki, həmin şəxslər nəinki tariximizin gizli məqamlarına aydınlıq gətirir, əksinə öz sərsəm, məntiqsiz açıqlamalarıyla düşmən “dəyirmanı”na su töküb onların beynəlxalq aləmdə səslərini ucaltmalarına yardım edirlər.
Əlbəttə, çağdaş tariximizin indiyə qədər doğru-dürüst yazılmamasında prezidentlik iddiasına düşmüş Cəmil Həsənli kimi tarixçilərimizin günahı kifayət qədərdir. Belələri yalnız “mükafat” aldıqları tərəflərin xeyrinə xidmət göstərdiklərini dəfələrlə təsdiq etdiklərindən, onların qələmə aldıqları tarixində millətimizə müsbət nə isə bəxş etməyəcəyini əminliklə söyləmək olar. Tarixi saxtalaşdırmağın ən böyük günah olduğunu yalnız öz millətini, dövlətini canından artıq sevənlər bilər ki, rastlaşdıqlarımın sırsında hələlik həmin hisslərlə yaşayıb yaradan təəssüf ki, çox az insan görmüşəm.
Kəlbəcərin işğalı ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi də, hələlik çağdaş tariximizin təmiz vicdanlı tarixçilərimiz tərəfindən yazılmamasıyla əlaqəlidir. Bəzi KİV-lər Kəlbəcərin işğalından öncə əskərlərimizin indi Silahlı Qüvvələrin baş qərargah rəisi olan general Nəcməddin Sadıqov tərəfindən çıxarıldığını yazdılar. Ancaq ANS-in arxivindən açıq-aşkar göründü ki, general N.Sadıqov nəinki əskərləri döyüş bölgəsindən çıxardıb, əksinə, onlardan zorla döyüşə atılmalarını tələb edir. Göstərilən epizodlardan birində isə bir şəxs onların Kəlbəcərdən çıxmasına İskəndər Həmidovun yardım etdiyinə görə ona minnətdarlıq edir. Həmin İ.Həmidova ki, Kəlbəcər işğal olunmamışdan bir neçə gün öncə, televiziya vasitəsilə pafosla xalqa müraciət edib: “gedirəm Kəlbəcərə, bir “Kamaz” erməni qulağı gətirəcəyəm”, demişdi. Məhz elə həmin pafoslar milləti arxayın salmışdı ki, düşmən bizə heç nə edə bilməz, bizim qulaq kəsən oğlanlarımız var. Təəssüf ki, həmin yalançı “pəhləvan”lar yenə ölkə siyasi gündəmini zəbt edib, millətimizə yeni faciələr yaşatmaq istəklərini biruzə verməkdədirlər. Onların siyasi meydandan çəkilmək istəməməkləri də məhz çağdaş tarixi həqiqətlərin üzə çıxarılmamasıdır.
Gəlin açıq danışaq, bir müddət ölkəmizdə qaçqınlıq,hətta qəhrəmanlıq səviyyəsinə qaldırıldı. Bunun səbəbi isə bəzi siyasətçilərin qaçqınlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmələri oldu. Müharibənin öz qanunları olub və bu gündə var. Döyüş meydanından qocalar, xəstələr, körpələr və qadınlar çıxarılır. Bizdə beləmi oldu? Arxiv materialları tamamilə bunun əksini söyləyir. Bir çox bölgələrdən ilk olaraq əli silahlı cavanlarımız qaçmağa başladı. Həmin cavanlar ki, döyüş bölgəsindən qaçmamışdan öncə, malik olduğu silahlarla öz həmyerlilərinin üstünə “kişi”lənməkdən çəkinməmişdilər. Cəbhə bölgəsindən qaçıb, özləriylə aradan çıxardıqları döyüş silahlarından bir çox kişiciyəzlər, sonradan ölkənin müxtəlif bölgələrində məskunlaşaraq öz həmyerlilərini bir neçə metr torpaq üstündə qətlə yetirməkdən utanıb qızarmadılar. Məskunlaşdığı digər bölgədə öz iki həmyerlisini avtomat silahdan atəş açmaqla qətlə yetirən Kəlbəcər sakinlərindən biri Qobustan həbsxanasında ömürlük cəza çəkməyə layiq görülüb. Davanın səbəbi isə müvəqqəti məskunlaşdığı yerdə onlara əkin üçün ayrılmış torpaq sahəsi olub.
Mən qaçqınlıq həyatı yaşayan hər hansı bölgənin nümayəndəsini günahlandırmaq  fikrindən çox uzağam. Ancaq etiraf edək ki, bir çoxları zamanında onlara verilmiş statusdan qanunsuzluq, özbaşınalıq etmək üçün gen-bol istifadə etdi.
Bakı ölkəmizin həm paytaxtı, həm də güzgüsüdür. Ölkəmizə səfər edən istənilən xarici qonaq Bakını tanımaqla Millətimizə, Dövlətimizə qiymət verir. Bakını nümunəvi mədəni şəhər kimi qonaqlara təqdim etmək hər bir ölkə vətəndaşının müqəddəs borcu hesab edilməlidir. Bu hər kəsin- Bakıda bahalı avtomobilə əyləşib avtoşluq edən papa balalarının, işləmək üçün paytaxta gələnlərin və eləcə də Bakıda müvəqqəti məskunlaşmış qaçqınların borcu olmalıdır. Haqlı tənqidlərdən, iradlardan narahat olmağa dəyməz.
ANS-in “Ən yeni tarix”ində razılaşmadığım məqamların olduğunu yuxarıda qeyd etmişdim. İradım xüsusi ilə bu yaxınlarda Naxçıvanın blokadası ilə bağlı təkrar verilmiş “Ən yeni tarix”ədir. Əvvəla ona görə ki, həmin dialoqa bir nəfər də olsun hadisənin birbaşa iştirakçısı dəvət olunmamışdı. Əlbəttə, hörmətli millət vəkillərimiz Eldar İbrahimov və Qüdrət Həsənquliyev dəyərli faktlar söyləyib, öz obyektiv mövqeləriylə bir çox tarixi həqiqətlərə aydınlıq gətirə bildilər. Ancaq çağdaş tariximizdən bəlli olduğu kimi ermənilərin Bakıdan Naxçıvana hərəkət edən qatarlara Mehri rayonunda atəş açmalarına etiraz olaraq Culfa lokomotiv deposunun maşinistləri SSRİ rəhbərliyin narahat edən tətillərə başlamışdılar. Yaxşı olardı ki, həmin verilişə Culfa lokomotiv deposunun maşinistlərindən biri dəvət ediləydi. Və yaxud İranla sərhədlərin açılmasına mövqe bildirən millət vəkili Siyavuş Novruzovla razılaşmaq qeyri mümkündür. “Sərhəd Hərəkatı”na ulu öndərimiz Heydər Əliyev elə böyük tarixi qiymət verib ki, gərək S.Novruzov bunu nəzərə alaydı. Çünki ümummilli liderimiz bir hadisəyə qiymət verərkən, onu o qədər zərgər dəqiqliyi ilə araşdırardı ki, bunu böyük lideri yaxından tanıyan hər kəs yaxşı bilir.
S.Novruzovun İranla sərhədlərin guya Naxçıvan camaatının qaçmasına hazırlıq olaraq açıldığını söyləməsi isə tamamilə məntiqsiz görünür. Həmin hərəkatın lideri Ramiz Tağıyev öz çıxışlarında dəfələrlə faktlarla təsdiq edib ki, sərhədlərin açılması tarixin bizə verdiyi şans olub. O, sərhədlərin qaçmaq üçün deyil, Naxçıvanın müdafiəsinin təşkil edilməsi məqsədinə böyük xidmət göstərdiyini faktlarla sübut edib. Belə ki, ov silahları da əllərindən alınmış Naxçıvan camaatı yalnız Araz vasitəsi ilə İrandan gizli daşınan silahlarla erməni hücumlarının qarşısını ala bilmişdi. Təbii ki, qışın soyuğunda özünü Arazın soyuq sularına vurub, Naxçıvanın müdafiəsində iştirak etməyənlər həmin anları qiymətləndirə bilməzlər. Ramiz bəy bir maraqlı faktı da qeyd edib ki, onu da daima dəyərləndirmək lazımdır. O, söyləyir ki, “İranda bizi silahla təmin edənlərin böyük əksəriyyəti kürd xalqının nümayəndələri olub. Düzdür, biz onların əməyinin qarşılığını ödəyirdik, ancaq həmin işin İran kimi dövlətdə görülməsi böyük risk tələb edirdi”.
Bəli, tarixin qaranlıq məqamlarına aydınlıq gətirmək, tarixi obyektiv qələmə almaq ən savab işlərdəndir. Bunu edən şəxslər daima vicdanları qarşısında hesabat verməyi bacarmalıdırlar. Yoxs tarix saxtakarlıq edənləri,  tariximizi öz mənafelərinə uyğun saxtalaşdırmaq istəyənləri daima lənətləyəcək.

Turan Türk          "Millətim" qəzeti

Комментариев нет:

Отправить комментарий