Страницы

06.04.2014

Əliağa Kürçaylı poeziyasında tersina

Elnur Rəsuloğlu

 Avropa lirik janrlarından olan tersetin xüsusi şəkli – “tersina” italyan mənşəli “terzina”, “terzarima” sözləri ilə bağlı olub “üçüncü qafiyə” mənasını bildirir (Литературный энциклопедический словар. Москва, «Советская энциклопедия», 1987, стр.439). Tersinanın bütün üçlükləri bir-biri ilə xüsusi qafiyə bağlılığına malikdir. Belə ki, ilk bənddən başlayaraq hər bəndin ikinci misrası sonrakı bəndin birinci və üçüncü misraları ilə həmqafiyə olur. Axırıncı üçlükdən sonra ayrıca verilən tamamlayıcı xarakterli bir misra isə həmin üçlüyün orta misrası ilə qafiyələnir. Hər üçlük daxilində ilk və son misraların qafiyələnməsi də qeydə alınır. Məsələn, on üç misradan ibarət tersinanın qafiyələnmə modeli belədir: aba bcb cçc çdç d.
Məşhur italyan ədibi Aligyeri Dantenin (1265-1321) “İlahi komediya” (1306-1321) əsəri tersina formasında yazıldıqdan sonra Avropada böyük əks-səda oyatmış, tersina geniş yayılmışdır. Bir çox Avropa xalqlarının ədəbiyyatında maraqlı tersina nümunələri yaradılmışdır.
 Poeziyamızda mükəmməl, bitkin tersina yaratmaq isə Əliağa Kürçaylıya (1928-1980) nəsib olmuşdur. Dünya poeziyasının yaradıcılıq təcrübəsinə, janr və üslub axtarışlarına yaxından bələd olan bu istedadlı şairin qələmindən bir sıra diqqətəlayiq sonetlər və tersetlər də çıxmışdır. Ə.Kürçaylı yaradıcılığında poeziyamız üçün çox nadir olan tersina ilə də rastlaşırıq. Elə buradaca xatırladaq ki, Ə.Kürçaylı özü tersina yazana qədər bu şeir şəklində qələmə alınmış ən irihəcmli və qiymətli əsərlərdən birini – A.Dantenin “İlahi komediya”sını həmin formada tərcümə etmişdir. O, bu tərcümənin müəyyən parçalarını hələ o vaxtkı Azərbaycan Dövlət Universitetinin - indiki Bakı Dövlət Universitetinin 1955-ci ildə çap etmiş olduğu müntəxabat vasitəsilə oxuculara çatdırmış, sonra “İlahi komediya”nın tersina formasında tərcüməsi üzərində gərgin yaradıcılıq axtarışlarını davam etdirmiş, əsər Azərbaycan dilində tam halda 1973-cü ildə işıq üzü görmüş (Aligyeri Dante. İlahi komediya. Bakı, “Azərnəşr”, 1973), 1988-ci ildə 100 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasının 20-ci cildi kimi ikinci dəfə nəşr edilmişdir (Aligyeri Dante. İlahi komediya. Bakı, “Yazıçı”, 1988). 1973-cü ildəki birinci nəşri əsasında təkrar çapa hazırlanmış poema Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin (1961) “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Dünya ədəbiyyatı” seriyasından üçüncü dəfə işıq üzü görüb 25000 nüsxə həcmində ölkə kitabxanalarına hədiyyə edilmişdir (Aligyeri Dante. İlahi komediya. Bakı, “Öndər”, 2004). “İlahi komediya”nın uğurlu tərcüməsindən ilhamlanan Ə.Kürçaylı original tersina da qələmə almışdır. Onun böyük italyan şairinə həsr etdiyi “Dante” şeiri yüksək mövzu-ideya məziyyətlərinə malik mükəmməl tersinadır. Şeir on səkkiz üçlükdən və təkmisralı sonluqdan ibarətdir. Hər üçlüyün ikinci misrası sonrakı üçlüyün birinci və üçüncü misraları ilə həmqafiyədir. Sondakı tək misra da axırıncı üçlüyün orta misrası ilə qafiyələnmişdir. Beləliklə, bütün bəndlər zəncirvari qaydada bir-biri ilə bağlanmış, tersinanın bütün poetik forma xüsusiyyətlərinə əməl olunmuşdur. Onu da deyək ki, bu tersinanın ilk üçlüyünün birinci misrası axırıncı üçlüyün son misrası ilə, axırıncı üçlüyün əvvəlinci misrası isə ilk üçlüyün sonuncu misrası ilə eyni olmaqla sanki poetik zəncirin daha da tamlanmasına yönəlmişdir: aba bcb cçc çdç ded eəe əfə fgf gğg ğhğ hxh xıx ıiı iji jkj kqk qaq ala l. Şeirdə Dantenin keşməkeşli taleyi, məşəqqətli həyat yolu, narahat sənət axtarışları barədə dolğun bədii səviyyədə söz açılmış, dahi italyan ədibinin ömür və sənət dünyası barədə bitkin təsəvvür yaradılmışdır. Bu şeir həm də Ə.Kürçaylının Dantenin həyat və yaradıcılığına dərindən bələd olduğunu göstərir. Şeirin on ikinci üçlüyünün ortasındakı İtaliyanın klassik bədii söz ustadı Françesko Petrarkanın (1304-1374) sonetindən götürülmüş misra (“İstidən donardı o, soyuqdan yanardı o!”) da yerinə düşmüşdür.
 Ə.Kürçaylı “Dante” tersinasını 1972-ci ildə yazmış, ilk dəfə “Ulduz” jurnalında 1973-cü ildə (№ 5 (77), səh.39) oxuculara çatdırmış, bu şeir onun “Həyatın dolayları” (Bakı, “Azərnəşr”, 1973,səh.95-97), “Bütövlük” (Bakı, “Yazıçı”, 1978, səh.314-316), “Seçilmiş əsərlər” (Bakı, “Azərnəşr”, 1989, səh.321-323), “Seçilmiş əsərləri” (Bakı, “Şərq-Qərb”, 2004, səh.373-375) kitablarına daxil edilmişdir. Şeirin ilk və sonrakı nəşrini tutuşdurarkən aydın olur ki, Ə.Kürçaylı 1973-cü ildən sonra əsərə bir daha nəzər yetirmiş, bəzi redaktələr aparmışdır. Məsələn, beşinci üçlüyün ilk misrasındakı “kəslər” sözü “şəxslər” sözü ilə, altıncı üçlüyün əvvəlindəki “ancaq” sözü “lakin” sözüylə əvəzlənmişdir. On beşinci üçlüyün son misrası ilk variantda belədir: “Hayqırdı: İtaliya, ya qalx, ucal, ya dağıl!”. Şair həmin misranı sonra bu cür işlətməklə Dante sənətinin və şəxsiyyətinin tək bir ölkə ilə məhdudlaşmadığını nəzərə çatdırmış, onun ümumən zəmanəyə və dövrə müxalif olduğunu vurğulamışdır: “Hayqırdı var səsiylə: Ey həyat, uçul, dağıl!”.
 Şeirimizin nadir poetik quruluşa malik dəyərli nümunələrindən olduğunu nəzərə alıb Ə.Kürçaylının “Dante” tersinasını bütünlükdə verməyi məqsədəuyğun saydıq. Bu, həm də doğumunun 86 illiyi tamamlanan istedadlı şairin, “son mənzili, son dayanacağı həmişə oxucuların könül aləmi olan” (B.Nəbiyev. Səfərdən qalmayan ömür. Ə.Kürçaylının “Seçilmiş əsərləri”nə ön söz. Bakı, “Azərnəşr”, 1989, səh.14) ölməz sənətkarın ruhuna ehtiramın ifadəsi kimi yerinə düşər.

                                                          Dante

                                    Oldu cüdayi-vətən ömrünün gənc yaşında,
                                    Nə rütbəsi, nə böyük şan-şöhrəti var idi,
                                    Nə dəfnə yarpağından çələng vardı başında.

                                    Xəyalında dolaşan şirin arzular idi:
                                    Çıxar Florensiya rəzalət caynağından...
                                    İstəyi bir uğurlu, çiçəkli bahar idi.

                                    Bonifatsi o zaman kəlisa bayrağından
                                    Tutmuşdu ikiəlli, əməlində fitnə, şər.
                                    Əxlaqsızlıq yağırdı kilsənin qucağından.

                                    Nadan ikiüzlülər, rüşvətxorlar, əyrilər
                                    Kilsədə vaiz idi, təxti-tacda hökmran.
                                    Keşiş hakimdən alçaq, hakim keşişdən betər.

                                    O şəxslər ki ömrünü verə bilərdi qurban
                                    Gülsün Florensiya, çatsın şana-şöhrətə -
                                    Onlar zindan küncündə çürüyürdü haçaqdan.

                                    Lakin İtaliyanı bir parça yağlı ətə,
                                    Ya bir boyun xaçına, bir rütbəyə satanlar
                                    Qurşanırdı sarayda keyfə, eyşü-işrətə.

                                    El malını xəlvəti öz malına qatanlar,
                                    Özlərinə seçərək şit məddahlıq peşəsi,
                                    Bu yolla da yüksəlib ada-sana çatanlar.

                                    Göz dolu, könül dolu çəkib həyat nəşəsi,
                                    Hər cür alçaqlığı da çevirirdi qanuna...
                                    İtaliya – dünyanın şeir, sənət guşəsi.

                                    Elə bu vaxt Danteni bəxş elədi cahana,
                                    Demək, mərd övladını dar gündə verir vətən,
                                    Taleyini oğluna belə tapşırır ana!
                                     Fəqət o nə keşişdi, nə də hökmlər verən,
                                     Yalnız qələm-kağızı, təbi, ilhamı vardı.
                                     Arno sahillərini seyrə çıxardı hərdən.

                                     Gözəlliyə, saflığa xoş sonetlər yazardı.
                                     Bir gün gəldi rastına Beatriçe – gözəl qız,
                                     Varlığını sönməyən məhəbbət odu sardı.

                                     Bəlkə də olmasaydı həyat belə amansız
                                    “İstidən donardı o, soyuqdan yanardı o!”
                                     Bir məhəbbət şairi olub qalardı yalnız.

                                     Köhnə nəğmələrin də zəncirini qırdı o,
                                     Keçə-keçə “Əraf”ı, “Cəhənnəm”i, “Cənnət”i
                                     İtaliya ellərinə sanki bir-bir vardı o.

                                     Buna görə özünə vətən etdi qürbəti,
                                     Beatriçe – gözəllik, Vegili – zəka, ağıl
                                     Oldu ilk müsafiri, həyanı, həmsöhbəti.

                                     Həyatda gördükləri nə əfsanə, nə nağıl,
                                     Nə xəyal məhsuluydu – acı həqiqət idi.
                                     Hayqırdı var səsiylə: ey həyat, uçul, dağıl!

                                     Bunu deyən nə kilsə, nə də səltənət idi.
                                     Adi şair deyirdi bu atəşli sözləri –
                                     Əsrlərə, xalqlara bu bir xitabət idi.

                                     Onunçün də əbədi sürgünlər oldu yeri,
                                     Yer tapmadı yurdunun torpağında, daşında.
                                     Arzusu xoş gələcək, azad vətən səhəri.

                                     Nə dəfnə yarpağından çələng vardı başında.
                                     Nə ad-sanı; ilhamı güntək saçsa da ziya.
                                     Oldu cüdayi-vətən ömrünün gənc yaşında.

                                     Bax, beləcə yarandı “İlahi komediya” 

(Ə.Kürçaylı. Bütövlük. Bakı, “Yazıçı”, 1978, səh.314-316).

 Göründüyü kimi, səmərəli yaradıcılıq axtarışları yolu ilə Ə.Kürçaylı yüksək ideya-bədii məziyyətlərə malik tersina nümunəsi qələmə almışdır. Bu isə poeziyamızda üçlük şeir şəklinin xüsusi bir forması kimi mühüm əhəmiyyətə malikdir.
 Qeyd: Bu yazı hazırlanarkən əlavə və dəyişikliklər edilməklə filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi Hüseyn Məmməd oğlu Həşimlinin (1965) “Azərbaycan poeziyasında sonnet və terset” (Bakı, “Elm”, 2003, səh.271-272, 277-282) monoqrafiyasından geniş şəkildə istifadə edilmişdir.

Комментариев нет:

Отправить комментарий