Страницы

16.04.2014

Muğan muzeyi

Burada təkcə Masallının Muğan ərazilərinə aid yox, bütün Muğan torpağına aid maraqlı məlumatlar toplanır

Son vaxtlar oxucularımızın yurdumuzun qədim tarixinin öyrənilməsinə aid materiallara maraqlarının xeyli yüksəlməsi barədə bir neçə dəfə yazmış və həmin arzulara uyğun tarixi yazıların miqdarını və çəkisini xeyli artırmışıq. Hazırda Masallı şəhərində Tarix-Diyarşünaslıq muzeyinin inşasına başlanması artıq ondan xəbər verir ki, tariximizlə bağlı heç bir detal hardasa itib-batmayacaq.
Bu günlərdə isə Masallı rayonunun Xırmandalı kəndindən maraqlı soraq almışıq. Belə ki, kənd ziyalıları Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Muğan torpağının tarixini əbədiləşdirmək üçün xeyli eksponatlar toplayıblar.
Muzey üçün məkan kənd mədəniyyət evi seçilib.
Ziyalılarımızın yəqin yadındadır ki, qədim Muğan şəhəri - Şəhriyar bu ərazidə yerləşib. Dünyanın nəhəng sərkərdələrindən sayılan Nadir şah möhtəşəm Muğan qurultayını bu torpaqda keçirib. Hansı ki, həmin qurultayda ... nəfər iştirak etmiş, bu qurultaya görə Muğanda .... çadır qurulmuş, ..... olmuşdur.
Masallıda ilk sənaye müəssisəsi “Mayılovların balıq vətəgələri” də ilk dəfə Muğanda - Masallının indiki Xırmandalı kəndinin yaxınlığında qurulub. 3500 nəfər insanın, o cümlədən 500 qadının çalışdığı bu zavod haqqında “Cənub xəbərləri” qəzetinin ..... sayında ətraflı məlumat verilmişdir.
Rayonun ən ucqar kəndlərindən olmasına baxmayaraq, Xırmandalı xüsusi tarixi keçmişə malik olan bir kənddir. İstər bolşevik siyasi fikrinin yarandığı ilk illərdə, istər Sovet hökumətinin bərqərar olduğu illərdə, istərsə də müstəqillik qazandığımız son dövrdə bu kənd baş verən ictimai-siyasi hadisələrlə, həm adlı-sanl ziyalıları ilə başqa kəndlərdən fərqlənmişdir. Bəlkə də bütün bunları yaşatmaq, gələcək nəsillərə çatdırmaq istəyi kənd mədəniyyət evinin müdiri Əmirəli Yaqubovu bu kənddə muzey yaratmağa həvəsləndirmişdir. Yaranmasından çox az vaxt keçməsinə baxmayaraq, muzey bura gələn ziyarətçilərdə yüksək maraq oyatmışdır. Qısa müddətdə muzeyə xeyli eksponat toplanmışdır. Planlaşdırılır ki, yaxın vaxtlarda muzeydə Muğan torpağının tarixi ilə bağlı daha qədim şəkillər toplansın, onun haqqında yazılmış kitablardan parçalar iri şriftlərlə hazırlanmış lövhələrdə divarlara vurulsun. Burada Muğanın tanınmışları ilə görüşlər keçirilsin və sairə. Həmçinin, Muğan haqqında qısametrajlı filmin çəkilməsi də planlaşdıırılır.
Muzey Xırmandalıdakı keçmiş mədəniyyət evinin dəhlizində yaradılmışdır. Vaxtilə öz dövrü üçün müasir bina kimi fərqlənən bu tikili indi çox köhnəlmişdir. Buna baxmayaraq, Əmirəli müəllim bu dəhlizi öz səyi ilə bir qədər abadlaşdıraraq muzey eksponatlarını çox səliqəli şəkildə yerləşdirə bilmişdir. Burada müxtəlif əmək işləri zamanı ərazidə tapılmış qədim tarixi əşyalar – mis camlar, saxsı qablar, silahlar vardır. Bundan başqa əhalinin işlətdikləri məişət əşyalarından tutmuş əmək alətlərinə qədər müxtəlif eksponatlar da tamaşaçılara tarixin yaddaşlarından çox şeylər haqqında xatirələri canlandırır.
Muzeyin maraqlı guşələrindən biri XX əsrin əvvəllərindən bu günə kimi ərazidə yaşayıb-yaratmış ziyalılara – yazıçı, şair, alim, müəllim və digər elm adamlarına həsr olunmuş məlumatlardır. Onların portretləri və haqlarında yazılan məlumatlar tamaşaçılarda böyük maraq doğurur.
1970-80-ci illərdə Respublikanın görkəmli əmək adamlarından olan Sosialist Əməyi Qəhrəmanı Mir Məhəmməd Hüseynova aid eksponatlar və verilmiş məlumatlar da diqqəti cəlb edir.
II Dünya və I Qarabağ müharibələrinə həsr edilmiş məlumatlar bölməsinə həyəcansız baxmaq olmur. Doğma Vətən uğrunda canından keçmiş qəhrəman insanlar tamaşaçıda vətənpərvərlik hissləri oyatmaya bilməz. Gənc nəslin tərbiyəsində bunun böyük əhəmiyəti var. Bu günlərdə Hacıtəpə kənd tam orta məktəbin müəllimi Xanım Fərzullayeva öz şagirdlərini bu muzeyə ekskursiyaya aparmışdı. Şagirdlər muzeyi böyük həvəslə seyr etdilər. Onlar kitablarda oxuduqları bir çox hadisələr, əşyalar haqqında məlumatları daha dərindən öyrəndilər, biliklərini zənginləşdirdilər.
Muzeyə ekskursiya Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəblilər muzeyə bayram xonçaları ilə gəlmişdilər. Onlar Novruza aid səhnəciklər göstərdilər, şeirlər və mahnılar ifa etdilər, boyanmış yumurtaları döyüşdürdülər. Bayram xonçalarından muzey tamaşaçılarına sovqatlar paylandı.
Muzey haqqında təəssüratlar xoş idi. Lakin muzeyin problemləri də var. Yer darısqaldır, təmirsizdir. Eksponatlar bəzi yerlərdə üst-üstə qoyulub, toz basır. Əmirəli müəllim deyir ki, burada muzeyi genişləndirmək üçün imkan var, amma təmirsiz olmaz: “Bu kiçik məkanı oz qüvvəmlə birtəhər səliqə-sahmana salmışam. Amma ürəyimcə deyil. Əlaqədar təşkilatların yardımına ehtiyacım var. Təkəm, hər işi özüm edirəm, bəzən çatdıra bilmirəm, köməksiz olmur”.
Biz muzeydən ayrılanda bu kənd, kəndin belə işgüzar adamları haqqında ürəyimizdə çox böyük razılıq hissləri yaranmışdı. Axı onlar xalqımızın tarixini, adət-ənənəsini yaşatmaq üçün çalışırlar.
İnanırııq ki, Muğan muzeyinin yaranması Masallı şəhərində inşa ediləcək Tarix-Diyarşünaslıq muzeyinə layiqli töhvələr verəcək və digər kəndlər də bundan layiqli nümunə götürəcək.

Zahir Əmənov      "Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий