Страницы

15.04.2014

Qida terroru – Xərçəng

Günel Eyvazlı

Son zamanlar gənclər arasında üzdəniraq xərçəngin genişlənməsi məni bu yöndə axtarışlar etməyə məcbur etdi. Nəzərə alaq ki, artıq xəstəliklər çox gəncləşib. Və bunun kökünün haradan gəldiyini bilmək üçün qüvvələr səfərbər olunmalıdır. Həkimlərin ağızdolusu danışıqları, səhərdən axşamadək təbabət verilişlərinin efirlərdə çağırışı, xəstələnmiş xalqı yeni biznesmenin ciblərini doldurmaqdan başqa bir şey deyil.
Bəs kökü nədir? Yolda, izdə hamımız oluruq. Şirniyyat dükanlarının qarşısından keçəndə ətrafa yayılan dadlı qoxu məni dükanın içinə keçməyə sövq edirdi. Kənardan gələn dadlı qoxu ilə, içəridəki məhsul çatışmazlığı qəribə paradoks yaradırdı. Belə baxanda piştaxta arxasında həmin qoxu ilə üst-üstə düşən qida yox idi. Məni bihuş edən o ətrin obyekti hanı? Mən sonra anladım ki, bu qoxu ətrafa səpələnmiş ətir aromatizatorlarından başqa bir şey deyil.
Demək, bizim ağzımızı sulandıran kimyəvi tərkibli preparat imiş.
Bəs “fast-food”? “Fast-food”-lar bizi hər yerdə izləyir. Məktəblərdə, xəstəxanalarda və səyahətlərdə. Bizim ondan qaçmağımız çox çətindir. Nəzərə alaq ki, gənclərin çoxunun buradakı “qida” məhsulları ciblərinə uyğun olduğundan onlar daimi müştəriyə çevrilirlər. Uşaqların gözünü qamaşdıran cizgi filmi qəhrəmanları, şən musiqi dayıların cibinin doldurulmasına xidmət edir. Bütün “fast-food” industriyası uşaqlara hesablanıb.
Jurnalist Erik Şlosserin “Fast-food milləti” adlı kitabını oxusanız, çox şeydən xəbərdar olarsınız. Bəh-bəhlə yediyiniz McDonalds buterbrodlarının hazırlanmasında istifadə edilən ətin haradan alınmasını öyrənsəniz, yəqin ki ümumiyyətlə, ətdən imtina edib vegetariana çevrilə bilərsiniz.
Məgər yalnız “fast-food”-larmı? Son zamanlar qida texnologiyasının inkişafı tez hazırlanan qidaları, sup və bulyonları da piştaxta arxasına gətirib. Məşhur "Qalina Blanka"ların hazırlanmasında istifadə olunan maddələr belə insan orqanizminə ciddi ziyan vurur. Hələ 20-ci əsrdə yapon alimi Kikunae İkida soyanın tərkibini araşdırmağa başlayır. Uzun sürən araşdırmadan sonra Kikunae soyanın tərkibində qlutamina turşusunun olmasını aşkarlayır. Böyük qida şirkətləri Kikunae cənablarına 1909 –cu ildə, bu turşunun istehsalı üçün patent verdi. İlk dəfə bu turşu Yaponiyada “Adzi-nomato”, yəni “ruhun dadı” (zəhər üçün çox poetik bir ifadədir) adı altında istehsal olunmağa başladı. Bir çimdik qlutamata duzu yetər ki, donmuş, iylənmiş əti belə dada gətirsin.
Uzun sözün qısası, respublikamız daxilində geni dəyişdirilmiş qidalardan tutmuş, “fast-food”-lara qədər öz arealını genişləndirməkdədir. Və nəzərə alsaq ki, torpaq  sahibkarlarının belə istehsal etdiyi məhsula nəzarət olmadığından, məhsuldarlığı artırmaq üçün kimyəvi maddələrin istifadəsindən geninə-boluna istifadə edilir. Onların cibləri dolur, biz isə sağlamlıq durumumuzdan əziyyət çəkirik. Günü-gündən tənbəlləşən və istehsal etdiyi məhsulun bəhrəsini yerli bazarda görməyən Azərbaycan kəndlisi, yalnız və yalnız xarici bazara işləyir. Keyfiyyətsiz xarici məhsullar isə bizim bazarlara yersiz adamlar kimi daxil olur. Əlbəttə, dövlət öz nəzarətini genişləndirməlidir. Vəzifə başında oturan məmurlar öz işlərini layiqincə yerinə yetirməlidirlər. Bilməlidirlər ki, böyüyən xəstə gənclik nə zamansa onların yaxasından yapışacaq.

birlik.az

Комментариев нет:

Отправить комментарий