Страницы

11.04.2014

ZEYNƏL-ABİDİN ŞİRVANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 18-ci əsrin dahi alimlərindən və ariflərindən olan Mirzə Zeynəl-abidin Şirvani (atası Molla İskəndər Şamaxı şəhərinin adlı-sanlı alimlərindən idi) 1759-cu ildə ruhani ailəsində dünyaya gəlmişdir. Altı yaşında ikən atası və ailəsi ilə birlikdə dini elmlərə yiyələnmək üçün Kərbəla şəhərinə yola düşür.
Orada atasından, habelə ali savadlı müəllimlərdən istifadə edərək on iki il fasiləsiz təhsil alır və dini elmlərə sahib olur. Elm və fəzilət əldə edib islam alimləri sırasında yüksək məqama çatır. O, cavanlığının ilk çağlarından dərs oxumağa başlayarkən başa düşür ki, təkcə elm oxumaq məqsədə çatmaqda kifayət etmir. Ruhu, nəfsi saflaşdırmadan, pak etmədən, gözəl, bəyənilən əxlaq sahibi olmadan heç bir mənəvi məqama yetişmək olmaz. Buna görə də təhsilinin ilk günlərindən xeyirxah işlər və ehsan etmək dalınca düşürdü ki, Allah qarşısında pak ürəklə dayana bilsin. Vaxtının çox hissəsini qanuni şəriət yolu ilə, ruhunu pak etməklə məşğul olurdu.
 Çoxlu axtarışdan və çalışdıqdan sonra Kərbəla şəhərində iki nəfər ariflər Seyyid Məsuməlişah Dəxni və Nurəlişah İsfahani ilə əlaqə yaradır. Bu iki şəxsiyyət İran, Hind və İraq ariflərinin böyüklərindən hesab olunurdu. Şirvani Nurəlişahın müridinə çevrilir və irfani məsələlərdə bəhrələnmək üçün onunla birlikdə Bağdad şəhərinə gedir. Orada bu alimdən son dərəcədə bəhrələnir. Çox çəkmir ki, “dünyanı seyr etmək” arzusu alimin qəlbində özünə yer açır. 25 il ərzində yaxın və uzaqdakı müxtəlif islam ölkələrinə səyahət edir. İlk səfərini Bağdaddakı Kermanşah məntəqəsindən başlayır və 1789-cu ildə bu səfərini başa vurur. Bu səfərdə dörd il müddətində məhşur arif Hüseynəlişah İsfahaninin dərslərindən layiqincə istifadə edir. Onun vəfatından sonra, təxminən 1804-cü ildə Hindistan, Türküstan, Yəmən, Hicaz, Misir, Fələstin, Şam, Türkiyə, Azərbaycan və İrana səfər edir. Bu uzun səfərlərdə hər bir şəhərə çatanda oranın arifləri, alimləri və adlı-sanlı şəxsiyyətləri ilə görüşür, onlardan elmi bəhrələr aparırdı. Hər bir məntəqədə alimlər və ariflər onu təntənə ilə qarşılayır və xahiş edirdilər ki, bu məntəqədə bir dəfəlik qalsın ki, onun dolğun mənəviyyat və biliyindən istifad etsinlər. Lakin alimin İrana olan məhəbbəti bu xahişlərin hamısını kölgədə qoyur, nəhayət təzədən İrana qayıdır. Əvvəlcə Tehrana gəlir. Amma bəzi xainlər və paxıllar bu alimin gəlişindən şaha şikayət edirlər. Şah ona əmr edir ki, Tehranı tərk etsin. Bundan sonra o Kerman şəhərinə gedir. Orada da bu şəhərin hakiminin çoxlu zülm və işgəncələrinə məruz qalır. Bu hadisədən sonra Fars məntəqəsinə gəlir və orada sakin olur, bu məntəqədə bir müddət qalıb tədris və bəhslə məşğul olur. Amma çox çəkmir ki, müxaliflərin həsəd və kin atəşi təzədən şölələnir, paxıllar üzə çıxır. Şəhərin hakimi onun Şiraz şəhərindən çıxmasına dair hökm verir. Çox çəkmir ki, bu şəhəri vəba xəstəliyi tutur və nəticədə 8 min nəfər kütləvi şəkildə qırılır. Bundan sonra bir müddət qaçqın şəklində bu şəhərdən o şəhərə köçür. Dostları onu Şiraza dəvət edirlər, alim bu dəvəti qəbul edib təzədən Şiraza gəlir. Lakin çox çəkmir ki, həsədçilər təzədən hərəkətə gəlirlər. Şəhərin hakimi yenə də onun şəhərdən çıxması və sürgün olunmasına dair hökm verir. Bu dəfə ağsaqqal alim və arifin qəlbini elə sındırırlar ki, o bu şəhərə qarğış edib şəhərdən çıxır. Az müddət keçmir ki, (1824-cü il şəvvalın 27-də) güclü bir zəlzələ Şiraz şəhərini lərzəyə gətirir. Şəhərə ağır xəsarət dəyir, əhalinin çox hissəsi torpağın altında canını tapşırır. Bundan sonra həmişə zalım hökumətin, paxılların əlindən əzab-əziyyət çəkən alim o şəhərdən bu şəhərə, o kənddən bu kəndə hərəkət edir, öz müxalifləri və hakimlərlə həmişə mübarizə aparır. Bir müddət Kaşanda, sonra Bağdadda və bəzi ziyarətgahlarda qalmalı olur.
 1834-cü ildə ariflər və mənəviyyatı yüksək olan insanlarla çox da yaşxı münasibəti olmayan Fətəli şah dünyadan gedir və səltənət taxtına nəvəsi Məhəmməd şah Qacar sahib olur. Qacar şahın ariflərə qarşı yaxşı münasibəti olduğu üçün, səltənət taxt-tacına sahib durduqdan sonra bir fərmanla Zeynəl-Abidin Şirvanini hörmət və izzətlə Şiraz şəhərinə dəvət edir. Alim bu dəvəti qəbul edib təzədən Şirazda məskən salır və haqq yolunda çalışanlara yol göstərib onlara rəhbərlik edir. Xalq arasında söhbətlər edib mədrəsədə dərs verməyə başlayır. Amma bu sakitlik çox çəkmir. 1838-ci ildə arif Şirvani həccə gedərkən Cəddə məntəqəsində dünyasını dəyişir.
 Qacar zamanının ariflərindən və yazıçılarından biri olan Rzaquluxan Hidayət Zeynəl-Abidin Şirvaninin həyatı barəsində özünün “Üsulül-füsul” kitabında yazır: “Fəqir (Şirvani) cavanlığının əvvəllərində otuz il Şiraz şəhərində sakin olmuş, bu müddətdə şəhərin alimləri, görkəmli şəxsiyyətləri və fəqihləri ilə söhbətlər etmiş və görüşlər keçirmişdir. Öz zamanının arifləri ilə daim dostluq edərdi”. Şirvani özündən sonra üç tarixi əsər yadigar qoymuşdur. Bu əsərlər uzun illər ərzindəki səfər və təcrübələrin nəticəsi olub “Səfərnamə” şəklindədir. 1.“Bastani səyahət”. İndiyə qədər üç dəfə İranda çap olunub. 2.“Hədaiqüs-səyahət” (İndiyə qədər çap olunmayıb). 3.“Riyaziüs-səyahət” (İndiyə qədər iki dəfə çap olunub).
 Şirvaninin o cür gözəl əxlaqda, habelə fəqirlikdə olduğu halda xalqa etdiyi xidmətlər misilsiz idi. Çox az insan tapılar ki, özü yoxsul olduğu, hətta libas, yemək tapmadığı bir vaxtda, öz fəqirliyini nəzərə almadan son dərəcədə səxavət göstərib qənaətçilik etsin. Onun məclislərində ağa-nökər və vəzifəli-vəzifəsiz kimi fərqlər olmazdı. Həmişə şirindilli və xoşüzlü olardı. Bəziləri kimi şahlar və vəzirlər sarayını tanımazdı. Dünya düşgünü olanların görüşünə getməzdi. Hər nəyi olsaydı, əliaçıqlıqla, səxavətlə fəqirlər və qonaqlar süfrəsinə qoyardı. Həmişə üzü qibləyə əyləşərək özünü Allah qarşısında tam miskin hesab edərdi. Həmişə sübh oyaq qalar, gün çıxana qədər namaz qılar, dua və zikr deməklə məşğul olardı. Hər gün namazın təqibatından sonra Quran oxuyar, sonra dostlarla görüşə gedərdi. Rəcəb, şəban və ramazan aylarını həmişə oruc tutar, yeməkdən çəkinib Allaha zikr etməklə məşğul olardı.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий